İqtisadiyyat ilə sosiologiya elmləri üzrə bilgin olmayan birisinin sosializmdən danışmağının yeridirmi? Bunun olasılığını gündəmə gətirən bir neçə nədənlər vardır.
Gəlin bu konuya, öncə, elmi baxımdan yanaşmağa çalışaq. İlk baxışdan, astronomiya ilə iqtisadiyyat elmləri üzrə aparılan araşdırmalarda yararlandığımız metodların arasında, sən deyən elə də bir ayrılığın olmadığı düşünülə bilər. Bu elmlərin ikisində də, alimlər bəlli olaylar çoxluğu üçün hamılıqla doğru olacaq qanunları tapmağa çalışırlar, beləliklə də bu olaylar arasındakı ilişkilərin necə olduğunu aydınlaşdırmaq istəyirlər. Özlüyündə isə, bu elmlər üzrə aparılan araşdırmalarda işlənilən metodlar biri-birindən ayrıdırlar. İqtisad ortamında baş verən olaylar üçün, hamılıqla doğru olan qanunların tapılması, baxılan iqtisadi olayların çoxlu faktorların təsiri ilə aşınmasına görə, olduqca ağır başa gəlir. Ayrılıqda götürülmüş bu faktorların, araşdırılan olaya necə təsir göstərdiyini dəyərləndirmək, baş çatladan bir işdir.
Bundan başqa da, insanlığın sivilizasiya dönəmi deyilən çağlarında, iqtisadiyyatla bağlı apardığı sınaqlarından toplanmış bilikləri də, ən çox iqtisadiyyatla ilişkisi olmayan faktorların aşınmaları ilə biçimlənərək, özünə qapanıb qalmışdır. Örnək üçün, iqtisadi baxımdan güclü olan böyük dövlətlərin çoxusu, ancaq başqa ölkələrə basqın edərək, öz torpaqlarını genişləndirə bilməyin gücünə, ortaya çıxa bilmişlər. Basqınçı xalqlar isə, basqı altında saxladıqları ölkələrdə özlərini, istər hüquqi, istərsə də iqtisadi baxımdan ağalıq eləyən sinifə çevirirdilər. Onlar torpağa yiyəlik üzrə monopoliyanı öz əllərinə keçirir, dini ayinləri yerinə yetirən kahinləri də öz sıralarından seçirdilər. Bu kahinlər isə, əllərində toplayaraq yönətdikləri təhsil sisteminə arxalanaraq, toplumdakı sinfi ayrıseçkiliklərin pozulmaz olaraq qalması üçün çalışır, bundan başqa da, insanların özlərinin də anlamadan, yarıinstiktiv-yarıanlaqla yerinə yetirdikləri mənəvi-ruhani dəyərlər sistemini də, onlar yaradırdılar.
Biz elə bu gün də, minillər boyu insan toplumunda özünə yer eləmiş bu, geridə qalmış dəyərlərlə yaşamaqdayıq. Biz elə indiyəcən də, Torsten Veblenin dediyi,–insanlığın bügünəcən ilişib qaldığı—o, “yırtıcılıq fazasını” adlaya bilməmişik. Ortalıqda olan iqtisadi gerçəkliklər də, ancaq elə bu fazaya ən çox uyğun gəlir, bununla yanaşı, elə bu gerçəkliyə uyğun olaraq ortaya çıxan qanunlar da, başqa bir yeni, üstün fazayla uyuşmazdır. Sosializmin amacı, insanlığın öz gəlişməsinin gedişində dolaşıb qaldığı, bu yırtıcı fazanı adlamaq, sonra gələn yüksək fazaya keçməkdir, ancaq, sözün doğrusu, bugünkü iqtisad elmi özünün indiki nəzəri yanaşmaları ilə gələcək sosialist toplumunun necə olacağını anlada bilmək gücündə də deyildir.
İkincisi, sosializm öz qarşısına, sosial-etik amaclar da qoymuşdur. Ancaq hansısa amac yaradıb, onu insanlığın qarşısında qoymaq elmin görəcəyi iş deyildir. Nə də elm, insanı mənəvi-ruani baxımdan yaxşılaşdıra, onda bu dəyərləri becərə də bilməz. Elm olsa-olsa, bəlli bir amaca çata bilmək üçün araclar(vasitələr) göstərə bilər. Toplumun inanıb arxasınca getdiyi amacları isə yalnız, böyük əxlaqi ideallarla yaşayan insanlar yarada bilirlər. Bu amaclar ölü doğulmayıblarsa, onların yaşamaq üçün gücü varsa, onda toplumun olduqca yavaş, az qala gözə çarpmadan gedən təkamülünün daşıyıcıları olan insanlar, bu amaca qulluq eləyirlər, belə demək olarsa, onların böyük çoxluğu, yarımşüurlu şəkildə qarşıda qoyulmuş bu amacın ardınca getməyə başlayırlar.
Ona görə də, insanla bağlı problemlərdən danışanda, buna ölçü-biçili yanaşmalı, burada elmin, onun metodlarının rolunu yersiz şişirtməkdən qaçmağa çalışmalıyıq. Bununla yanaşı olaraq, toplumun quruluşu ilə bağlı önəmli konuların araşdırılmasının ancaq bu işin bilicilərinin bacarıb görə biləcəyi bir iş olduğunu düşünmək də, kökündən yanlışdır.
Baxın, lap çoxdandır, toplumda səslərinə önəm verilməyən çoxlu kimsələr, insan toplumunun böhran içində olduğundan, onun başını itirdiyindən danışmaqdadırlar. Belə durumlarda isə insanlar, içində olduqları toplumun istər böyük, istərsə kiçik qatlarında olmağından asılı olmayaraq, yan-yörəsində olan kimsələri özlərinə yad saymağa, az qala onlara yağı gözü ilə baxmağa başlayırlar. Özümün qarşılaşdığım bir yaşam örnəyini sizlərə danışmaqla dediklərimə aydınlıq gətirmək istəyirəm. Bu yaxınlarda mən, çox ağıllı, yaxşılıqsevər bir insanla, getgedə artmaqda olan yeni müharibə qorxusundan, onun artıq insanlığın varlığını qorxu altına salmasından danışırdım. Ancaq hansısa, milli birliklərdən üstün olan bir qurum yaratmaqla, bu qorxunu sovuşdurmağın gerçəkləşə biləcəyinə, onu inandırmağa çalışırdım. Birdən mənimlə danışan bu kimsə, gözləmədiyim bir soyuqqanlılıqla, üzünü mənə tutub dedi: “Siz nə üçün, insanlığın yox ola biləcəyinə görə, özünüzü belə darıxdırırsınız?”
Sözün düzü, yüz il bundan qabaq, kiminsə, insanın ölüm-dirim probleminə bu sayaq soyuqqanlıqla yanaşa biləcəyinə, mən inana bilmirəm. Bu sözləri, öz içində toxdaqlıq axtarıb onu tapa bilməyən, yaşamda uğur qazana biləcəyinə azacıq da olsa inamı olmayan bir adam demişdi. Belə duyğular isə ancaq, təkliyə qapılmaqdan doğan ağrı-acılardan, dünya ilə özü arasında dərin bir uçurum olduğunu düşünməkdən yarana bilər, özü də bu günümüzdə, çoxları beləcə acı dadan bir ömür yaşamaqdadırlar. İnsanlar nədən, bu günə düşürlər? Bundan çıxış yolu varmı?
Belə sorğuları ortaya atmaq qolay olsa da, ancaq onları düzgün yanıtlamaq(cavab vermək) çox da qolay deyildir. Mən bu sorğuları, öz gücüm çatan kimi, yanıtlamaq istəyirəm, ancaq, bizim duyğularımızla istəklərimizin sürəkli olaraq biri-biri ilə yola getmədiyini bildiyimdən, onlar arasında arasıkəsilməz bir anlaşılmazlıq olduğundan, düşündüklərimi qolay anlaşılan, saya formullarla anlatmağın, necə ağır bir iş olduğunu da, çox yaxşı bilirəm.
İnsan öz ömrünün bir kəsimini təklikdə, yerdə qalan kəsimini isə toplumda yaşamalı olur. Təklikdə yaşamağa çalışan varlıq kimi o, özünün, bir də ona çox yaxın olan kimsələrin yaşamını qurmağa çalışır, özəl istəklərinə çatmaq, anadangəlmə bacarıqlarını gerçəkləşdirmək üçün əlləşir. Toplumsal (ictimai) varlıq kimi o, başqa insanlardan özünə qarşı sevgilər, sayqılar gözləyir, bununla yanaşı özü də, onların sevincinə, kədərinə ortaq olmaq, onların qat-qat yaxşı yaşamasına yardım etmək, istəyir.
Bu sayaq, biri-birindən seçilən, biri-biri ilə uyşmayan istəklərinin olması, insanın özəl xarakterini ortaya çıxarır, bu istəklərin ayrı-ayrı kombinasiyaları insanın içində bir toxdaqlıq duyğusu yaradır, onu toplumun işinə yarayacaq işlər görməyə yönəldir. Çox da ola bilsin, elə insanın içində olan bu ikili motiv ona irsən verilmişdir. Ancaq, insan kimliyinin yetişməsi, sonucda, onun yaşadığı ortamın təsiri ilə yaranır, insanın bir kimlik olaraq necə gəlişəcəyi, onun boya-başa çatdığı toplumun quruluşundan, oturuşmuş gələnəklərindən(ənənələrindən), bir də, bu toplumun insancasına davranışlara verdiyi dəyərlərdən asılı olur.
Ayrıca götürülmüş insan üçün, toplumun abstrakt anlamı, onun öz çağdaşlarından tutmuş, keçmişdə yaşamış bütün insanlaracan, birbaşa da, dolayısı ilə də olan, bütün ilişgilərinin toplusu deməkdir. İnsan təklikdə düşünməyi, duymağı, ummağı, işləməyi bacarır. Ancaq insan özünün fiziki gerçəkliyi, anlağı, duyğuları ilə, toplumla büsbütün qaynayıb qarışmışdır, toplumdan ayrılıqda götürülmüş insanın kimliyini, nə düşünmək, nə də anlamaq olur. “Toplum”, insana azuq, paltar, ev, əmək aracları, dil, düşünmək biçimləri, bir sözlə onun ömrünü anlamlı eləyən nə varsa, hamısını verir. İnsanın yaşaya bilməsi, onacan yaşamış, bir də, indi onunla çağdaş olan milyonların əməyinin, qazana bildikləri uğurların gücünə olmuşdur, bu isə elə “toplumun” özü deməkdir.
İnsanın toplumdan asılılığı anadangəlmə, aradan qaldırıla bilməyən bir gerçəklikdir, bu haradasa arıların, qarışqaların birgəyaşıyaşına çox oxşardır. Ancaq burası da vardır, qarışqalarla arıların birgəyaçayış problemləri, ən kiçik detallarına kimi, öncədən onlara verilmiş, dəyişilməzliyi ölüm qorxusu ilə qorunan, irsi instinktlərlə yönətilir, insanın isə toplumdakı davranışlarını, başqaları ilə ilişkilərini qurmasında, dəyişikliyə yol qoyulmuşdur, burada insan üçün seçim özgürlüyü vardır.
Yaddaşlı olması, ortalıqda olan gercəklərdən yeni kombinasiyalar yaratmağı bacarması, başqaları ilə danışa bilməklə ilişkilər qura bilməsi, insanı bioloji gərəklərdən doğmayan yaşam örnəkləri yaratmağa da gətirib çıxarmışdır. Bunlar isə özünü, gələnəklərdə(ənənələrdə), toplumiçi, toplumüstü qurumlarla, quruluşların yaradılmasında; ədəbiyyatda; elmlə, mühəndisliklə bağlı olan uğurlu çalışmalarda; incəsəsnət örnəklərinin yaradılmasında göstərməkdədir. Bu isə insanın, anlağına, düşüncələrinə, diləklərinə arxalanan çalışmaları ilə, öz yaşamını dəyişə bilməsindən soraq verməkdədir.
İnsan anadan olanda artıq, oturuşmuş, dəyişməz olan bir bioloji quruluşu irsi olaraq almış olur, insan soyunu təbiətdəki bütün başqa türlü varlıqlardan seçib ayıran, insanca yaşayışın yönümləri(motivləri) də bunun içində olur. Bundan başqa, insan öz ömrü boyunca, yaşadığı toplumda qurduğu ilişkilərdən, qapıldığı çoxlu başqa təsirlərdən doğan, bəlli bir mədəni quruluşu da mənimsəyir. Elə bu mədəni quruluşlar da, uzun illər boyunca baş verən olayların aşılayıcılıq nədənləri ilə, dəyişikliyə uğrayır, buna uyğun olaraq da, insanla toplum arasındakı ilişkilərin özəlliyi də dəyişir.
Çağdaş insançılıq elmi, yer üzündə indiyəcən də qalmaqda olan cılız(primitiv) mədəniyyətlərin tutuşdurularaq, öyrənilməsi yolu ilə, bizə bunları öyrətməkdədir: insanların cosial davranışları dəyişilə biləndir, bunun baş verməsi isə, onun yaşadığı toplumda aparıcı olan quruluşdan, burada özünə yer tutan mədəni modeldən asılıdır. İnsanın alın yazısını dəyişmək üçün çalışan kimsələri gördükləri işlərin uğurla bitəcəyinə inandıran da, elə budur. İnsanlar bir bioloji varlıq olaraq, biri-birini qırıb qurtarmaq üçün doğulmayıblar, nə də onlara acımasız yanaşan alın yazısının buyuruqlarına boyun əyməli deyillər, başına gələnlərin çoxunun nədəni, insanın özündən asılıdır.
Biz insanın özünə yaraşan bir ömür sürə bilməsi üçün, toplumun quruluşunu, insanın mədəniyyətini, necə dəyişməli olduğumuzu özümüzdən soruşanda, elə o andaca, dünyada bizdən asılı olmayan, dəyişmək gücündə olmadığımız durumların da olduğunu anmalı, bunu unutmamalıyıq.
Artıq deyildiyi kimi, insanın bioloji özəlliyi dəyişdirilə bilməz. Bundan başqa da, son yüzillərdə gedən texnoloji, demoqrafik proseslərin yaratdığı oturuşmuş, bizim artıq alışdığımız durum da, çox uzun bir sürədə bizimlə olacaqdır. İnsanların bu sayaq, elliklə bir yerə toparlanması, onların yaşamını da elliklə çalışmaqda olduqları istehsaldan çox asılı eləyir, əməyin bölgüsünü boiryolluq, yaşamın başlıca aracına çevirir, istehsalın çox yüksək mərkəzləşdirilmiş yönətimə düşməsini, bütün kəskinliyi ilə ortaya çıxarır. Bununla yanaşı olaraq, indi bizə idilliya kimi görünən, ayrıca kimsələrin, kiçik insan qruplarının, öz əllərinin əməyi ilə yaşaya bildikləri çağlar, biryolluq, əlçatmaz bir keçmişə çevrilmişdir. Mənə elə gəlir, artıq insanlığın—istehsalla istehlakdan asılığında, planetar bir topluma çevrildiyini desək, yanılmarıq.
İndi isə mən, çağdaş günümüzü qapsamış böhranla bağlı, öz düşüncələrimi qısaca olaraq bildirmək istəyirəm. Çağdaş insan, indi artıq keçmiş çağlardan qat-qat artıq olaraq, toplumdan asılı bir duruma düşdüyünü anlamaqdadır. Ancaq bu asılılığı o, nə yaxşı dolanışığa aparan bir yol, nə gərəkli bir üzvi bağlılıq, nə də onu qoruyacaq bir güc kimi dəyərləndirir, ən çox özünün təbii hüquqlarına, fiziki varlığına qarşı yönəlmiş bir qorxu sayır.
Bundan başqa, toplumda üzləşdiyi gərgin durumlar, insanı tez-tez özündə olan anadangəlmə eqoizminə arxalanmağa sürükləyir, bu anlarda isə, istəmcə(iradəcə) gücsüz kimsələr çox dərin sarsıntılara qapılırlar. İnsanların hamısı, toplumda hansı yerdə dayanmalarından asılı olmayaraq, belə sarsıntılarla az-çox üzləşməli, onların ağrı-acısını dadmalı olurlar.
Öz içlərində gəzdirdikləri eqoizmlərinin dustaqlığında olduğunu anlamayan bu kimsələr, arası kəsilmədən, haradasansa üstlərinə gələcək bir qorxudan üşənirlər, özlərinin büsbütün təklikdə qaldıqlarını, köməksiz olduqlarını düşünürlər, beləliklə də, yaşamın gündəlik, böyüklü-kiçikli sevinclərindən uzaq düşürlər. İnsanın ömrü necə qısa olsa, qorxulu olaylar içində keçsə belə, o öz yaşamının gerçək anlamını, yalnız, topluma qulluq eləməklə tapa bilər.
İnsanı özlüyündən uzaqlaşdıran, onu aşağılayan yamanlıqların qaynağı, məncə, toplumdakı kapitalist iqtisadi sisteminin yaratdığı anarxiyadır. Bizim gözlərimizin önündə, hamının birgə qatıldığı çox böyük istehsalçı bir topluluq vardır, ancaq bu topluluqda hamı ucdantutma, biri-birinin əlindən kollektiv əməyin məhsulunu almaq üçün, var gücü ilə çarpışır. Özü də onlar bunu, qolugüclülüklə yox, toplumdakı işlək hüquqi qanunlara arxalanaraq eləməyə çalışırlar. İstehsal araclarının(vasitələrinin)—satlıq malları buraxmaq üçün gərəkən nə varsa, hamısının,–ayrı-ayrı adamların özəl mülkiyyətində olmasının da burada başlıca nədənlərdən biri olduğunu unutmaq olmaz.
Dediklərimin bir az da yaxşı anlaşılması üçün, mən burada, əllərində istehsal aracları-vasitələri olmayan adamların hamısını “işçi” adlandıracağam, sözsüzdür, gerçəklikdə bu termin büsbütün bu anlamda olmur. İstehsal araclarına yiyəlik eləyən kapitalistlər, öz üstünlüklərindən yararlanaraq, işçilərin əməyini satın ala bilirlər. İşçinin istehsal aracları ilə yaratdığı yeni məhsulun yiyəsi də kapitalist olur. Bu prosesdə ən başlıcası yeri isə, işçinin düzəltdiklərinə görə ona verilən əməkhaqqının hansı ölçüdə olması tutur, sözsüzdür, burada düzəldilən əmtəə ilə onun üçün verilməli olan əməkhaqqının, real dəyərlərinin uyğunluğu başlıca göstərici kimi gözdən keçirilməlidir. Əmək müqaviləsinin yazıla-pozula bilməsində başlıca söz yiyəsi kapitalist olduğundan, işçi düzəltdiyi əmtəənin gerçək dəyərində əməkhaqqı ala bilmir, əməkhaqqını ona—dolanışıq minimumlarına uyğunlaşdıraraq verirlər, bundan başqa da, işçi qüvvəsinin kapitalistə azmı-çoxmu gərək olması da, eləcə də boş iş yerləri uğurunda olan yarışma-çəkişmələr də, burada öz sözünü deyir. İşçinin əmək haqqqının onun düzəltdiyi əmtəənin dəyəri ilə ölçülməsinə, iqtisadi nəzəriyyələrin birində də, haçansa, gerçəkləşə bilən bir olay kimi baxılmamışdır.
Özəl kapitalın başlıca özgünlüklərindən biri də, onun getdikcə az əllərdə toplanmasıdır. Bunun bir nədəni kapitalistlər arasındakı çəkişmələrdirsə, başqa nədəni, getdikcə artan texniki proqreslə bağlı olaraq əmək bölgüsünün dərinləşməsi, sonucda isə, yenilikləri bacarıqla mənimsəyən istehsalçıların, bu işi bacarmayan kiçik müəsissələri sıradan çıxararaq, istehsalı öz əlində toparlaması, beləliklə də, get-gedə böyüməsidir. Bütün bunların sonucu olaraq, kapitalist oliqarxiyası yaranıb güclənir, sonradan da onların iqtisadiyyatda yaratdıqları bu, gücə arxalanan ağalığını toplumun maraqlarına uyğunlaşdırmaq, ən demokratik quruluşlu dövlətlər üçün belə, əlçatmaz bir işə çevrilir.
Qanunverici orqanların üzvləri siyasi partiyaların sıralarından seçilirsə, bu partiyaları isə, istər birbaşa, istərsə də dolayısı ilə, özəl kapital maliyyələşdirirsə, onda belə bir toplumda, iri kapital yiyələri gerçək olaraq seçicilərlə qanunvericilik orqanları arasında, özləri üçün çox əlverişli olan bir yer tutmuş olurlar. Bunun sonucu olaraq da, xalq nümayəndələri toplumun dolanışığı ağır olan qatlarının maraqlarını gərəyincə qorumurlar.
Bundan başqa da, gerçək durumda özəl kapital yiyələri birbaşa, ya da dolayısı ilə, ən başlıca informasiya qaynaqlarının üstündə, bütünlüklə göz ola bilirlər(bura qəzet-jurnallar, radio, təhsil sistemi daxildir). Bununla da, ayrı-ayrı vətəndaşlar öz siyasi hüquqlarından düzgün yararlana bilmək üçün obyektiv bilgilər almaqda olduqca əlverişsiz duruma düşürlər, bir yerlərdə isə, bu onlar üçün lap əlçatmaz olur.
Özəl kapitalist mülkiyyəti ilə qurulan iqtisadiyyatdakı durumun iki baçlıca özəlliyi olur: birincisi, istehsal aracı(kapital) özəl mülkiyyətdə olduğundan, ona yiyəliyi ələ keçirənlər, bu kapitalla öz istədikləri kimi davranırlar; ikincisi isə, kapital kimlərin əlindədirsə, əmək müqavilələrinin bağlanmasında başlıca söz yiyəsi də, elə onlar olurlar.
Sözsüzdür, bu sayaq araşdırmalar aparanda toplumda hansısa, arınmış-sırf bir kapitalizzmin olduğunu düşünməyin yeri yoxdur. Burası da vardır, çox uzun sürən barışmaz savaşların gücünə, indi, əməkçilərin bir sıra kateqoriyaları, əmək müqavilələrinin öz yararlarına uyğun bağlanması yönündə, bir sıra uğurlar qazana bilmişlər. Ancaq bütövlükdə götürülərsə, çağdaş iqtisadiyyat “sırf kapitalizm” dönəmindən çox da uzağa getməmişdir.
Kapitalist istehsalı üçün, toplumun istehlak gərəkləri önəmli deyildir, onun başlıca amacı qazanc götürməkdir. Bu istehsalın yer aldığı toplumda, işləmək bacarığı olub, əməyə qatlaşmaq istəyənlərin hamısının iş tapa biləcəyinə güvənlik yoxdur. Toplumda eyzən, bir “işsizlər ordusu” vardır. İşçi, gecə-gündüz, öz iş yerini itirəcəyi qorxusu altında yaşayır.
İşsizlərin, azmaaşlı işçilərin olması, satış bazarının gəlirlə işləməsini əngəlləyir, buna görə də, kapitalistlər istehlak mallarının istehsalını azaltmalı olurlar, deməli iş yerləri də azalır, bu da öz sırasında yoxsulluğu artırır.
Texniki tərəqqi, işçilərin hamılıqla əməyini yüngülləşdirmək yerinə, çox vaxt işsizliyin artmasına gətirib çıxarır. Biri qazanc dalınca qaçmaq, o birisi ayrı-ayrı kapitalistlərin öz aralarınada apardıqları barışmaz didişmələr olmaqla,–bu iki nədən birləşərək, kapitalın toplanması ilə işlədilməsində, çox kəskin qalxıb-enmələr yaradır, bu isə öz sırasında, güclü sarsıntılara gətirib çıxarıır.
Kapitalistlər arasındakı bu didişmələrin aradan qaldırıla bilməməsi, əməyin yersiz olaraq çox böyük ölçüdə, olduqca aşırı itkilərinə yol açır, bu da öz sırasında, yuxarıda dediyimiz kimi, çoxlu insanların könül qırıqlığına gətirib çıxarır. İnsanın kimliyini belə sındırmasını, mən kapitalizmin ən böyük yamanlığı sayıram. Kapitalizmin bu yamanlığı, bizim bütün təhsil sistemimizi də korlayıb, yaman günə qoymuşdur. Bizim öyrənçilərimizə də okullarda, öz aralarında çəkişib didişmək duyğusu aşılanır, bu okullrda onları, toplumda yüksək görəvlər tutmaq uğurunda çalışmağa, ancaq öz qazanclarını güdməyə, alışdırırlar.
Bu qorxunc yamanlıqlardan qurtulmağın tək yolunun, sosialist iqtisadiyyatının yaradılmasında, buna uyğun olan insanlıq amacları uğrunda çalışmağı aşılayan təhsil sisteminin qurulmasında olduğuna, mən ürəkdən inanmaqdayam. Bu sayaq qurulan iqtisadiyytada, istehsal aracları hamının olduğundan, onlardan planlı olaraq yararlanmağın yolları da tapılacaqdır.
Planlı iqtisadiyyat, istehsalı toplumun yaralarına uyğun qurmaqla, bu işlərin görülməsini də işçi qüvvələrinin arasında gərəkən kimi bölə bilərdi, toplumdakı bütün kişilərin, qadınların, uşaqların insana yaraşan bir ömür sürməsinə yol açmış olardı.
Bu baş verərsə, onda təhsil sistemi də insanların anadangəlmə bacarıqlarını üzə çıxarmaqdan başqa, bir də, onlara təkcə özləri üçün yox, toplumdakı başqa insanlar üçün də calışmaq duyğusunu aşılayardı, onda biz, indiki toplumdakı, uğur qazanmağın, görəv tutmağın elə ad-san qazanmaq demək olduğunu aşılayan yarıtmaz təhsil sistemindən yaxamızı qurtara bilərdik.
Planlı iqtisadiyyatın, hələ sosializm demək olmadığı bəllidir. Planlı iqtisadiyyata aşırı uymaq, toplumdakı insanların qul durumuna salınmasına gətirib çıxara bilər. Sosializmin qurulması, çox ağır sosial-siyasi problemlərin aradan qaldırılması ilə birbaşa bağlıdır: ən başlıcası, iqtisadiyyatla, siyasətin çox güclü mərkəzləşdiyi bir durumda, dövlət yönətiminin(idarəetmənin) bütünlüklə bürokratiyanın əlinə keçməsinin qarşısı alınmalıdır. İnsan mənliyini, onun hüquqlarını qoruyacaq, bununla yanaşı, bürokratiyanın yaratdığı yaramazlıqları aradan qaldıra biləcək, demokratik tarazlığı necə yaratmalı?
Sosializmin amaclarına, problemlərinə aydınlıq gətirilməsi, yaşadığımız bu keçid dönəmi üçün çox önəmlidir. İndiki çağımızda, bu problemlərin özgürcə, geniş çevrədə araşdırılmasına güclü yasaqların qoyulmasını ansaq, onda sizin bu dərginizin işıq üzü görməsini çox gərəkli, yerinə düşən bir olay sayıram.
*Bu esse ABŞ-da, 1949-cu ildə çıxmağa başlayan «Aylıq icmal» marksist dərgisinin baş redaktoru Pol Suizinin istəyi ilə yazılmışdır.
Rus dilindən Araz Gündüz çevirib
Tarix: 25.03.2013 / 00:59 Müəllif: [Ram] Baxılıb: 744 Bölmə: Maraqli Hekayeler