Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güzgü və insan

Gənc ər-arvad kəndin ucqarında, gözəl bir yerdə qayğısız ömür sürürdü. Onların yeganə qız uşağından başqa, heç bir övladı yox idi. Hər ikisi uşağı dünyalar qədər sevərdi. Qız lap körpə ikən atası əldən-ayaqdan uzaq bir şəhərə, kral paytaxtına səyahətə çıxmalı oldu. Çox uzaq olduğundan nə uşağı, nə də arvadını özü ilə apara bildi. Tək getdi. Yola düşərkən söz verdi ki, qayıdanda onlara nadir hədiyyələr gətirəcək. Öz körpəsi ilə tək qalmış ana yalqızlığın xofunu, qorxusunu özündən uzaqlaşdırmalı idi. Axı onun əri bu ətrafda ilk adam idi ki, uzaq bir ölkəyə səyahətə çıxmışdı. Doğma kənddən başqa, heç yeri görməyən gənc ananın qəlbində yaranan iftixar hissi qorxuya qalib gəldi.

Ərinin getdiyi möcüzələr və gözəlliklər şəhərini ana təsəvvüründə canlandırdıqca qəlbi həyəcanla vururdu.

Nəhayət, uzun səyahət başa çatdı. Ərinin gəlişindən xəbər tutan ana qızını bayramsayağı bəzədi, özü də qiymətli göy paltarını geyindi. Çünki o bilirdi ki, bu paltarda ərinə daha çox xoş gəlir və son dərəcə gözəl görünür.

Kişinin doğma yurda sağ-salamat qayıtması gözəl qadının sevincini birə-min artırmışdı. Qızcığaz atasının gətirdiyi oyuncaqlara baxır, əlini fərəhlə bir-birinə vurur, sevinir, gülürdü.

güzgüKişi səyahət zamanı paytaxtda gördüyü qeyri-adi möcüzələrdən danışmaqdan yorulmurdu. Xülasə, söz-söhbət sovuşandan sonra o, üzünü arvadına tutub dedi:

- Sənə də ləyaqətli bir hədiyyə gətirmişəm. Adı güzgüdür. Yaxşı bax, gör orda kimi görürsən?

Bu söhbətdən sonra o, ağ taxta qutunu arvadına verdi. Qutuda metaldan qayrılmış yastı

bir dairəcik vardı. Balaca dairənin bir üzü çoxlu gül və quş şəkli təsvir edilmiş, ağ gümüşü lövhə idi. O biri üzü isə gözəl ağ parıltılı şüşəyə oxşayırdı. Gənc qadın gözlərini şüşəyə zilləyəndə sevinc dolu təəccüb çöhrəsini işıqlandırdı. Parlaq lövhədən ona gözəl, yaraşıqlı, gülümsər bir qadın baxırdı.

- Hə, nə var, kimi görürsən?- deyə kişi lovğalana-lovğalana soruşdu.

Qadın valeh nəzərlərini güzgüdən ayırmadan diləndi:

- Əzizim, orada gözəl bir qız görürəm, dodaqları da tərpənir, elə bil danışır. Özü də düz mənə baxır. Möcüzədir. Əynində də mənim paltarıma oxşar paltar var.


- Ay ağılsız, bu gördüyün elə sən özünsən də,- deyə kişi özündən razı halda güldü və ərklə başdan-ayağa arvadını süzdü. – Əzizim, buna güzgü deyirlər. Şəhərdə elə adam tapa bilməzsən ki, güzgüsü olmasın. Biz isə indiyədək, əldən-ayaqdan uzaq bir yerdə, bu çölün düzündə güzgü nə olduğunu bilmirik.

Aldığı hədiyyədən çox razı qalan qadın güzgünü əlindən yerə qoymur, tez-tez özünə baxırdı. O, ömründə ilk dəfə idi ki, belə möcüzə görürdü. Buna görə də ərinin gətirdiyi bu qiymətli hədiyyəni ən bahalı daş-qaşı və bəzək şeyləri olan sandıqcasında ehtiyatla qoruyurdu.

İllər bir-birini qovur, ərlə-arvad mehriban və xoşbəxt ömür sürürdülər. Onların sevimli qızı da artıq böyümüş, boya-başa çatmışdı. Ana öz gözəlliyini doğma qızında gördükdə güzgünü gizlətdi. Ona elə gəlirdi ki, qızı güzgüyə baxsa, oz gözəlliyinə öyünər, xudpəsənd olar. Ona görə də o, güzgüdən söhbət açmazdı. Ata isə güzgü əhvalatını təmiz unutmuşdu. Qız da anası kimi öz gözəlliyindən xəbərsizdi, sakit və namusla böyüyürdü.

İllər ötdü...

Bir gün bədbəxtlik onların da qapısını döydü. Sevimli ailənin qayğısız yaşadığı xoş bir gündə gözəl və mehriban ana xəstələndi. Anasının əziyyətini çəkən, həssas qayğıkeş qız əlindən gələn qulluğu etsə də, onun halı getdikcə ağırlaşırdı. Artıq heç bir ümid yeri qalmamışdı.

Ərini və doğma balasını tezliklə, özü də həmişəlik itirəcəyini duyan ana qəm dəryasına batmışdı. Əzizlərini bu işıqlı dünyada yetim qoyub gedəcəyini bilən ananı dərd boğurdu. İçin-için sızıldayır, getdikcə haldan düşür, üzülürdü.

Daha bir ümid yeri qalmadığını yəqin edəndən sonra ana qızını yanına çağırıb, son vəsiyyətini söylədi:

-Mənim mehriban, gül balam, görürsən ki, halım xarabdır. Eh, görünür ki, sizi tərk... etməli... olacağam... özü də həmişəlik...- Qəhər ananı boğur, zəiflikdən onun gözündən yaş çıxmır, sözləri qırıq-qırıq eşidilirdi.- Sən... öz istəkli atanla qalırsan. Söz ver ki, mən olmayanda... hər gün... yuxudan duranda... güzgüyə baxarsan... Onda mən... uçub gələcəyəm ki, görüşək... Bir-birimizə baxaq!..

Ana bu sözləri deyib güzgünü gizlətdiyi yeri qızına göstərdi. Qız göz yaşları içərisində hıçqıra-hıçqıra anasının xahişini yerinə yetirəcəyinə söz verdi.

Kim öz xoşu ilə bu dünyadan köçmək, ətrafındakı hər şeylə birdəfəlik vidalaşmaq istər? Ana da istəmədiyi halda, yavaş-yavaş səssiz-səmirsiz çıraq kimi əbədi söndü.

Vəfalı qız onun müqəddəs vəsiyyətini unutmadı. O, səhər-axşam güzgünü götürüb uzun uzadı ona baxır, həmişəlik itirdiyi anasının gülümsər, gözəl sifətinə tamaşa edirdi. Burada o, son nəfəsində olduğu kimi xəstə və solğun deyildi. Gənc və sağlam idi. Öz borcunu yerinə yetirən qıza elə gəlirdi ki, axşamlar güzgüdə anasını yorğun və iztirablı çağlarını, səhərlər isə məğrur və mehriban üzünü görür.

Qız güzgüdə anasına baxır, sevinci yerə-göyə sığmırdı. O, hər dəfə saf və ləkəsiz güzgüdə anasına tamaşa edərək pıçıldayırdı:

-Bu gün sən istədiyin kimiyəm anacan. Kaş sən də mənimlə danışa idin, ana!

Nəhayət, atası qızının hər gün səhər-axşam güzgüyə baxmağından xəbər tutdu. Ona elə gəldi ki, qızı kiminləsə söhbət də edir. Ata bu barədə qızından xəbər aldıqda o dedi:

- Ata, mən sevimli anamı görmək üçün, onunla söhbət etmək üçün hər gün doyunca güzgüyə baxıram.


Qız ölmüş anasının vəsiyyətini atasına danışdı və dedi ki, həyatı boyu onun arzusunu həmişə yerinə yetirəcəkdir.

Ata, qızının təmiz ürəklə, səmimiyyətlə dediyi bu sözləri eşidəndə həyacanlandı, kövrəldi. Məhəbbət dolu isti göz yaşları onu boğdu. Xeyli danışa bilmədi. O, belə qərara gəldi ki, bu sirrin üstünü açmasın. Çünki ataya aydın oldu ki, qızı elə bilir, həmişə güzgüdə gördüyü öz anasıdır.

Eh, daha bilmirdi ki... Axı orada gördüyü incə bədən, şux görkəm, məhəbbət dolu qaynar gözlər mərhum anasına necə də oxşayırdı...


Tarix: 01.12.2014 / 15:57 Müəllif: Aziza Baxılıb: 246 Bölmə: Maraqli Hekayeler
loading...