Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3 dostun bəladan qurtulması

Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi: "İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi. Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona dedim: "Bu inək sürüsü sənin muzdundur. Mənim səy və təlaşım sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi. Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol açıldı.
İkincisi dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-anam var idi. Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan nalə edirdilər. Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi, onlara yemək verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim, digər tərəfdən də qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim ki, səhər açıldı. Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin qorxundan yerinə yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri getdi və asiman göründü.
Üçüncüsü dedi: "İlahi sən bilirsən, bir əmim qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə) kam almaq istədim. O, qəbul etmədi. Yalnız yüz dinar ödəyəcəyim təqdirdə buna razı olduğunu bildirdi. Min bir zəhmətlə həmin miqdar pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün ona yaxınlaşanda dedi: "Allahdan qorx və mənim mehriyyəmi rəva olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz dinardan da gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi yol açıldı və onlar mağaradan çıxdılar.


Tarix: 01.12.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqli Hekayeler
loading...