Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırılmış qəlb

Tərəddüddə idim...Bir ağırlıq çökmüşdü ürəyimə. Unutmaq istəyirdim. Zamanın axışına buraxmaq istəyirdim özümü. Ancaq alınmırdı... Vicdan əzabı deyəsən bu idi. İştaham qaçmışdı. Yemək belə yeyə bilmirdim. Düşüncələr və xəyallar gedərək məni əsir etmişdi. Artıq ruhumun düz ortasında məhkəmə salonu qurulmuşdu.
Nəfsim vəkil, vicdanım hakim, müttəhim mən, zərərçəkən bir Qırıq Qəlb...
qırılmış qəlbin sağalmaz yaraları

Bir qəlb düz ortasından yarılıb iki yerə... Hər tərəfi yara içindədir. Əli ilə məni göstərir.
"Günahkar sənsən, məni qırdın" dedi.
Kimsə kənardan durmadan gülür, nəfsim isə məni müdafiə etməyə çalışır. Sən haqlı idin, haqlarını müdafiə etdin-deyir. Ancaq nəfsim nə qədər müdafiə etsə də, vicdanımın üzü gülmür. Nəfsimin səsi artıq batıb, ancaq məhkəmə salonunda hələ də məni müdafiə edir.
Qırıq Qəlb ortada dayanıb, gözlərindən yaş axır. Vicdanım məni günahkar bilir. Getdikcə böyüyən bir qayanı çiyinlərimə yükləyir. Daşıyacaqsan-deyir. Cəzam nə qədər davam edəcək deyə soruşuram. Qəlbi göstərir. "O qırıq olduğu müddətdə cəzalısan" deyir.
Bir qəlbə baxıram, bir də çiynimdəki qayaya.
Nə edəcəyəm-deyə düşünürəm. Bu zaman ağıl yanıma gəlib, qulağıma nəsə pıçıldayır. "Tək çarən var, get yanına, üzr istə, könlünü al" deyir.
Qürur çıxır qarşıma:
- Heç vaxt üzr istəmə, günahı var idi. Sən məni qırmamalısan.
- Bu daşı çiynimdən ala bilərsənmi? - deyə qışqırıram.
- Xeyr, əlimdən gəlməz - deyir.
- O zaman get!
Yenə qəlbə baxıram.O da küskün halda göz ucu ilə mənə baxır. Hafizəm qəlbin mənə etdiyi yaxşılıqları xatırladır. Getdikcə acım artır.
Səhər vaxtı iki ağ mələk yanıma gəlir. Biri təvazökarlıq, digəri mərhəmət. Qollarıma girirlər, vicdanım da arxadan itələyir, qəlbə doğru gedirəm. Yeridikcə ayağımıın altında səslər gəlir. Baxıram, qürurum və nəfsim ayaqlarımın altında parçalanır.
Qırıq Qəlbin yanına çatdım. Məsum gözləri yaşlar içində mənə baxır.
Peşmanlıq içində deyirəm:
- Əff et. Sən haqlı idin. Barışsan, söz verirəm, bir daha səni qırmayacağam.
Tərəddüdlə mənə baxır. Peşman olduğuma inanır.
Barışaq deyirəm, boynunu qucaqlayıram. Ağlayıram. O da məni qucaqlayır. Göz yaşlarım Qırıq Qəlbin üzərinə töküldükcə, çatlaqları bağlanır. Əvvəlki halına dönür. Ancaq diqqətlə baxdıqda hələ də izləri görünürdü.
- Zamanla onlar da sağalacaq-deyir.

P.S - görürsənmi, bir qəlb qırdıqda nələr baş verir? Əgər bu dəqiqə qırdığın bir qəlb varsa, əmin ol ki, təmir olunacağı anı gözləyir. Həm öz vicdanına, həm də qırdığın qəlbə bu qədər əzab vermə...


Tarix: 01.12.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Maraqli Hekayeler
loading...