-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür...
-Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..
-Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi?
-Bu necə sualdır,əlbəttə edirik.
-Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü?
-Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.
Aygün orta məktəbin onuncu sinifində oxuyur.Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir.Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir.Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir.Bir tərəfdən yeniyetməlik problemləri,bir tərəfdən də stress onu rahat buraxmır.Tez-tez əsəbiləşir,bəzən də yoldaşlarının təsiri altına düşür.Atası onu kursa göndərdiyi üçün çox sevinir.Ancaq atası bir ata kimi öz işini yalnız kursun pulunu ödəməkdə görür.
Artıq üç həftədir ki,nə məktəbdəki,nə də kursdakı dərsləri ilə məşğul ola bilir.Sevginin nə olduğunu bilməsə də,rəfiqələri tez-tez bu mövzudan danışırlar.Özünü yelkəni qopmiş bir qayıq kimi hiss edir.Dənizdə təkbaşına “dalğalarla mübarizə aparır”. “Nə etməliyəm?” sualına heç cür cavab tapa bilmir...
Birdən Aygünün qapısı döyüldü.Bir anlıq çaşıb qaldı.Uzun müddət idi ki,heç kim onun qapısını döyməmişdir.Tez qalxıb qapını açdı:
-Doğrusu çox təəccübləndim.Bizim evdə qapını heç kim döymür.
-Yenə nə olub,dərin xəyallara qərq olmusan?
-Hansını deyim ki?Ürəyim sıxılır.Özünü uşaq kimi hiss edirəm.Həyata nikbin baxa bilmirəm...
Sevinc Aygündən 5 yaş böyük idi.Bir anlıq beş il əvvəl yaşadıqları ağlına gəldi:
-Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım.Odur ki,səni yaxşı başa düşürəm.Məktəb,universitet mənə boş şey kimi gəlirdi.Bir neçə il sonra evlənəvək,oğul-uşaq sahibi olacaqdım.Həyat mənim üçün dörd divardan ibarət bir otaq idi.Ancaq bir yaz günü pəncərədən həyətə baxanda harada səhv etdiyimi anladım.O avxt evimiz dördüncü mərtəbədə idi.Otağımdan salona qaçdım.Salonun pəncərəsini açıb küçəyə boylandım.İnsanlar hara isə axışır,hər tərəfdə həyat qaynayırdı.Halbuki mənim otağımın pəncərəsi kiçik bir daşlığa açılırdı.Mətbəxə qaçdım.Eyvana çıxıb pəncərələri açdım.Uzaqdan dənizin mavi ləpələri parıldayırdı.Bir az uzaqda isə adalar var idi.Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə təəssüfləndim.Hər şey çox gözəl idi,ancaq mən bu gözəlliyi ilk dəfə idi ki, “kəşf etdim”.Düşündüm ki,evimiz bir olsa da,pəncərələrinin hərəsi bir tərəfə açılır.Deməli,biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq...
Həmin gün Aygünlə Sevinc evin otaqlarını gəzib pəncərələrdən çölə baxanda Nərgiz xala heç nə başa düşmədi.Ancaq bildiyi bir şey var idi ki,o gündən Aygün tamam başqa bir qız oldu...
Tarix: 01.12.2014 / 14:46 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Hekayeler