Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan kişisi "peysər" olmamaq üçün qadın qohumunun vaginasına nəzarət etməlidirmi?

İndividual və kollektiv məsuliyyət anlayışları var. İndividual məsuliyyət aydındır və doğru olandır. Heç kəs qanunu pozmamalıdır. Ancaq kollektiv məsuliyyət bütün ədalət formalarından məhrumdur. Bu ən geridəqalmış, totalitar və avtoritar sistemlərdə tətbiq olunur.



Kollektiv məsuliyyət nə deməkdir? Sadə dillə desək, cinayət yerinə yaxın olan və ya cinayətkarla qohumluq əlaqəsi olan hər kəs onun etdiyi cinayətə görə məsuliyyət daşıyır. Qısası, əgər hansısa küçədə qətl hadisəsi baş veribsə, bu qətlə heç bir aidiyyatı olmayan küçənin bütün sakinləri məsuliyyətə cəlb olunmalıdırlar.

Azərbaycanda seksual münasibətlər sahəsində belə kollektiv məsuliyyət forması mövcuddur. Belə bir murdar və iyrənc sistem hər bir kəsin ləyaqətini alçalda bilir. "Peysər" anlayışı da elə budur. Nədir "peysər"? Bu, o kişidir ki, onun yaxın qadın qohumları rəsmi nikahda olmaya-olmaya başqa kişilərlə yatır. Bu o deməkdir ki, kişi öz anasının, bacısının, arvadının, nənəsinin, hətta əmisi/dayısı/bibisi/xalası qızının, əmisi/dayısı/bibisi/xalasının qız nəvəsinin vaginasına nəzarət etməlidir ki, ora yad adamın penisi girməsin. Yəni sən qadın qohumlarının vaginasına cavabdehsən.

Əgər kiminsə penisi ora girdisə, həmin kişi avtomatik olar "peysər" olur. Yəni bu o deməldir ki, həmin kişi yaxşı nəzarətçi deyil ki, ora penis girdi. Bu halda kişi günahkar olur və hamı onu "peysər" adlandırmağa başlayır.

Bəs əgər iş-işdən keçibsə, kiminsə penisi qohum qadının vaginasına artıq daxil olubsa, həmin kişi nə etməlidir? Bu biabırçı adı üstündən necə yumaq olar? Xalq arasında bunun ancaq bir yolu var. Bu həmin qadının öldürülməsidir. Başqa kişi ilə bu müstəvidə əlaqəsinə görə o qadını öldürən kişi qəhrəman olur, öldürməyən isə "peysər".

Bu yolla cəmiyyətimizdə qadının öldürülməsi təşviq edilir. Bunu etməyən isə "peysər" olur. Kişiləri təhqir etməklə, alçaltmaqla bunu etməyə onları məcbur edirlər və onları qatilə çevirirlər. Azərbaycanın kriminal xronikasına nəzər yetirsək, görərik ki, bir çox qətllər elə bu zəmində baş verir. Çox dəhşətli hadisələrə də rast gəlinir. Misal üçün, oğul anasını başqa kişi ilə telefonda danışdığına görə öldürüb, ər qohumlardan birindən arvadını başqa kişi ilə küçədə gördüyünə görə onu öldürüb və s.

Cəmiyyət və onun qaydaları ona gətirib çıxarıb ki, hansısa namusa görə adam öldürmək normal hala çevrilib. Buna görə həbsdə yatmaq isə şərəfli iş olub. Bunu etməyən isə alçaldılmış insan olur.

Ancaq həbsdə yatmaq xalq tərəfindən alqışlanmasına baxmayaraq, heç də hamı bunu edə bilmir. Bəziləri bunu avropalaşdığından etmir, bəzilərinə ana və bacılarını öldürmək maddi olaraq sərf etmir, bəziləri həbsdə yatmağa hazır deyil, bəziləri üçün ümumiyyətlə kimisə öldürmək yolverilməzdir və s. Yəni bunun üçün də az səbəb yoxdur.

Onda belə çıxır ki, onların hamısı "peysər"dir. Beləliklə də "peysər" anlayışı populyarlaşıb. Özlərinin "peysər" olub-olmadığı bilinmədiyi halda, hamı bir-birinin arxasınca digərinə "peysər" deməyə başlayıb. Yəni əminliklə deyə bilməzsən ki, kimsə "peysər" deyil. Çünki özünün "peysər" olub-olmadığı məlum deyil. Avropalaşma, qloballaşma, mobil telefonlar, internet kimi şərtlərin olduğu olduğu cəmiyyətdə isə hamının "peysər" olma şansı var. Namusdan daha çox danışan adamın da "peysər" çıxmaq şansları az deyil. O, hətta, özü də qadın qohumlarının onu nə ilə mükafatlandırdığından xəbərsiz ola bilər. Amma bilib, özünü bilməməzliyə də vura bilər. Hələ Bokkaççonun "Dekameron" -unda qadınların heç nədən şübhələnməyən ərləri ilə danışa-danışa arakəsmədən başqa kişilərə necə verdiyinə dair neçə-neçə hadisə göstərilib. Ona görə də, başqasını ittiham edəndə biraz özünüz barədə də düşünün. "Dekameron" hamı üçün ola bilər.

Bəs onda bu acı həqiqəti başa düşən kişilər nə etməlidir? Bundan çıxış yolu bu anlayışlara tüpürməkdə və normal sivil adam olmaqdadır. Sizi aldadan qadına buna görə çox sağol deməlisiniz. Çünki bu həmin qadından imtina etmək və özünə başqa qadın tapmaq imkanı yaradır. Bu ki əladır. Əgər bacınız başqa kişiylə yaşayırsa, bu ümumiyyətlə, onun şəxsi işidir. Heç kəsin başqasının şəxsi həyatına qarışmağa haqqı yoxdur! Qadın cinsindən olan qohumlar haqqında heç danışmağa belə dəyməz. Ümumiyyətlə, özünün çoxlu günahları olan kəsin bunu etməyə nə haqqı var? Əgər öldürülən qadınların və öldürənlərin günahlarını qarşı-qarşıya qoysaq, görərik ki, öldürülməli olan adamlar elə həmin qatillərin özləri imiş. Azərbaycan adətləri isə elə bir vəziyyət yaradıb ki, heç bir əhəmiyyəti olmayan, ən alçaq adam "namus"a görə qadın öldürüb, parlaq şəxsiyyət, hörmətli adam ola bilər. Əslində isə belə deyil. Heç nə dəyişmir, alçaq adam elə alçaq olaraq da qalır. Yüksəlmək üçün mənəviyyat, iradə və başqa keyfiyyətlər lazımdır. Qadını öldürmək yox!

Bəs kimdir bu "peysər"? Doğrudanmı, narkoman, rüşvətxor alkoqolik, korrupsioner, yalançı, sözlərinin üstündə dayanmayanlar "peysər" deyil, amma qadın qohumu kiməsə verən "peysər"dir? Hətta mən deyərdim ki, qohumu kiminləsə yatan kişi daha vicdanlı, daha düzgün, daha ciddi, daha mədəni bir şəxs ola bilər. Axı nəyə görə o, başqalarının hərəkətlərinə cavabdeh olmalıdır? Əlbəttə ki, hər kəs ancaq öz hərəkətlərinə görə cavab verməlidir. Bəs onda kimdir "peysər"? Həmin yalançılar, korrupsionerlər, küçədə dalaşan, söyüş söyən adamlar, yoxsa onların peysər adlandırdıqları? Məncə, "peysər" elə həmin adamlardır. "Peysər" adlandırdıqları isə ən namuslu olanlardır. Çünki həmin "peysər" mövcudluğu ilə cəmiyyəti korlamır, onlar isə korlayır.

Şüuraltı olaraq, bizim xalq bunu başa düşür. Ən pis söyüşlərlə elə həmin adamlar söyülür, qohum qadını başqa kişi ilə yatanlar yox. Və düz olan da elə budur.

Bəs çıxış yolu nədədir? Çıxış yolu bu məntiqsiz, qəddar ənənələrə fikir verməməkdə və normal, müasir, proqressiv adam olmaqdadır. "Peysər" cəmiyyəti korrupsiya və rüşvətxorluqla korlayan, ictimai nəqliyyatla adamları itələyən, başqa insanların şərəfini alçaltmaq istəyənlər və başqalarıdır. Hər kəsin seksual həyatı isə onun şəxsi işidir. Kiməsə buna görə hesabat vermək isə yolverilməzdir. Buna görə kimisə öldürmək isə namus-şərəf məsələsi deyil, vəhşilikdir. Daha doğrusu, əsil şərəfsizlik elə budur.


Tarix: 24.03.2013 / 22:42 Müəllif: [Ram] Baxılıb: 696 Bölmə: Maraqli Hekayeler
loading...