Bir neçə ay bundan əvvəl Rusiya telekanallarından biri ilə maraqlı veriliş göstərirdilər. Veriliş, dəfn olunduqdan uzun əsrlər sonra cəsədi yaxud cəsədinin hissələri çürüməmiş halda aşkar edilmiş xristian müqəddəslərinə həsr olunmuşdu. Dünyanın müxtəlif kilsələrində sümükləri, qalıqları, damarları (mohi) saxlanılan müqəddəslərdən fərqli olaraq, verilişdə göstərilən şəxslərin cəsədi bütöv halda (amma qurumuş, zahirdə mumiyaya oxşar şəkildə) qalıb. Bəzi şəxslərin kəllə sümükləri isə hər ilin müəyyən bir günündə özündən ətirli maye xaric edir.
Həmin veriliş bəzi müsəlmanlar arasında müəyyən anlaşılmazlıqların yaranmasına da səbəb oldu. Bu anlaşılmazlıqları aradan qaldırmaq üçün məlumat verməyi özümüzə borc bildik ki, cəsədlərin çürüməməsi halları heç də yalnız xristianlıqda deyil, İslamda da vardır. Həm də, bəlkə də, xristianlıqdakından qat-qat çox...
* * * *
Torpağa basdırılan meyit normal şəraitdə bir müddətdən sonra çürüyüb-dağılır və nəhayət, torpağa qarışır. Bu, təbiətin qanunudur: torpaq, onun qoynunda basdırılan cəsədləri "yeyir". Amma bəzi hallarda, istisna kimi, Allah təbiətin qanunlarını dəyişdirir. Yəni bəzən müəyyən bir şəxsin cəsədi illər, əsrlər və hətta min illər boyunca torpağın "həzmindən" amanda qalır.
Bu yerdə belə bir iradın irəli sürülmə ehtimalı mümkündür. Deyilə bilər ki, bəlkə bəzi şəhərlərdə torpağın kimyəvi-mineroloci tərkibi fərqlidir və bu tərkib, torpağın canlı orqanizmləri çürütməsinə mane olur? Cavab olaraq deyirik ki, aşağıda sadalanan halların heç birində həmin ərazidə basdırılmış bütün cəsədlər salamat qalmamışdır. Müəyyən qəbiristanlıqdakı cəsədlərin hamısı normal qaydada çürüyərək torpağa qarışmış, yalnız bir və ya bir neçə cəsəd salamat qalmışdır. Deməli, məhz həmin cəsədlərin çürümədən qorunmasında bir hikmət vardır.
Kiminsə cəsədinin çürüməməsinin səbəbini onun öz imanında və əməlində axtarmaq lazımdır. Belə adamların şəxsiyyətini araşdırarkən müəyyən qanunauyğunluqlarla rastlaşırıq. Məsələn, haqqında aşaqıda məlumat veriləcək şəxslərin hamısı ya peyğəmbər, ya övliya, ya da böyük din alimi olmuşdur. Ümumilikdə götürsək, onların hamısı Allah dostu, nümunəvi insanlardır.
Amma tək-tək hallarda Allah ən böyük kafirlərin də cəsədini çürütmədən, gələcək nəsillərə ibrət kimi saxlaya bilər. Vaxtilə, Musanın (ə) başçılıqı altında Misirdən qaçıb-gedən Bəni-İsraili təqib etmək üçün qoşun toplamış, axırda peyğəmbərin bəd duası ilə dənizdə batıb ölmüş Fironun da cəsədini Allah bütöv halda quruya çıxarmışdı.
Bayaq dediyimiz xristian müqəddəslərinə gəlincə, onların öz həyatları boyu üç tanrıya inanan xristianmı, yoxsa vahid Allahı tanıyan hənifmi olduqlarını təyin etmək indi çətindir. Məlumdur ki, keçmiş ümmətlərdə bəzi adamlar nəinki öz zəmanəsindəki peyğəmbərə tabe olmuş, hətta İslam peyğəmbəri Həzrəti Muhəmmədin (s.ə.s.) doğulacağını qabaqcadan xəbər verərək, ona qiyabi olaraq iman gətirmişdilər. Bəlkə, cəsədi çürüməyən, indi "xristianlaşdırılan" şəxslər də əslində belələrindən imişlər?..
Hər şeyin ən düzünü Allah bilir...
* * * *
İslam müqəddəslərinin hədislərindən məlum olur ki, bəzi təbəqələrə mənsub şəxslərin cəsədləri dəfn edildikdən sonra çürüməz və torpağa qarışıb itməz. Hədislərin birində buyurulmuşdur: "Peyğəmbərlərin çəsədi çürüməz və torpaq onları yeməz" (Şeyx Səduq, "İləlu'ş-şəraye", c. 1, səh. 80). Peyğəmbərimiz Həzrəti Muhəmməddən (s.ə.s.) rəvayət olunan bir hədisdə belə buyurulur: "Şübhəsiz, Allah peyğəmbərin cəsədini çürütməyi torpağa haram edib" (İbn Macə, "Sünən", c. 1, səh. 345 və 524). Həmçinin, İslam peyğəmbərinin (s.ə.s.) Əhli-beytindən olan imamlar da bu cəhətdən peyğəmbərlərə bənzəyir, yəni onların da cəsədi qəbirdə çürümür və salamat qalır. İmam Cəfər Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Şübhəsiz, Allah bizim (imamların) sümüyümüzü çürütməyi torpağa, ətimizi yeməyi torpaqdakı həşəratlara haram edib" (Şeyx Səduq, "Mən la yəhzuruhu'l-fəqih'', c. 1, səh. 191).
Lakin Allah-Təala bu üstünlüyü yalnız peyğəmbər və imamlarla məhdudlaşdırmayıb. Möhkəm imana, yüksək əxlaqa, davamlı ibadətə malik bəzi şəxslər də bu ilahi nemətə sahib ola bilərlər. Hədislərin birində deyilir: "On təbəqədən olan şəxslərin cəsədi çürüməz: cihadda iştirak edən şəxs, azan deyən şəxs, alim, Quran bilicisi (hafiz), şəhid, peyğəmbər, doğum zamanı vəfat edən qadın, zülmlə öldürülən adam, cümə günü yaxud cümə gecəsi vəfat edən şəxs" (Şeyx Nuri, "Mustədrəku'l-vəsail", c. 2, səh. 50).
Alimlərin uca məqamını göstərən bir hədisdə isə Hz. Peyğəmbər (s.ə.s.) belə buyurur: "Hər kəs elm əhlinə ehtiram göstərsə, qəbirdə onun bədəninə həşəratlar əziyyət verməz" (Nəraqi, "Miracu's-səadə", səh 53). Başqa bir hədisdə isə buyurulur ki, Həzrəti Muhəmməd Peyğəmbər (ə) merac gecəsində behiştin altıncı qapısının üzərində bu yazını görüb: "Hər kim qəbrinin geniş və rahaq olmasını istəsə, məscid tikdirsin (yaxud məscid tikintisində iştirak etsin). Hər kəs cəsədinin qəbirdə həşəratlar tərəfindən yeyilməsini istəmirsə, məscidləri süpürüb xidmət etsin və çılpaq kasıbları geyindirsin. Hər kim cəsədinin qəbirdə çürüməmiş, salamat qalmasını istəyirsə, məscidləri xalça-palazla döşəsin..." ("Fəzaili-İbn Şazan", səh. 153).
Əlbəttə, belə düşünmək olmaz ki, Allah müəyyən bir əməli yerinə yetirən, yaxud müəyyən bir peşənin sahibi olan hər təsadüfi adamın cəsədini qəbirdə salamat saxlayır.
Bu kəramət insanın bütöv əxlaqi, elmi, dini səviyyəsindən asılıdır. Yəni əgər bir insan ömrü boyu ilahi əmrlərə etinasız yanaşıbsa, müxtəlif ağır günahlara bulaşıbsa, Quranı əzbər bilməsi, yaxud zülmlə öldürülməsi onun cəsədinin salamat qalmasına səbəb olmayacaq. Cəsədin çürüməməsi Allahın nemətidir və yalnız Allahın bəzi sevimli bəndələrinə şamil olar.
Nümunələr
Görkəmli İran alimi Əliəkbər Mehdipur "Əcsadi-cavidan" ("Diri meyitlər") adlı kitabda tarix boyu cəsədlərinin çürümədən salamat qalması məlum olan 136 nəfər haqqında ətraflı söhbət açmışdır. Bu 136 nəfərin cəsədi dəfn edildikdən uzun müddət sonra müxtəlif səbəblər üzündən (cəsədin başqa yerə köçürülməsi, qəbrin uçulub dağılması, qəbristanlığı sel aparması, bəzi suallara cavab tapmaq üçün qəsdən qəbrin açılması və s.) qəbirdən çıxarılmış və onlarda qətiyyən çürümə əlaməti müşahidə olunmamışdır. Həmin "diri meyitlər"in bəziləri haqqında aşağıda məlumat verilir:
1. Daniyal peyğəmbər (ə)
Həzrəti Daniyal (ə) (Bibliyada Daniil kimi göstərilib) e.ə. təqr. 600-cü illərdə yaşamış Bəni-İsrail peyğəmbərlərindəndir. Daniyal (ə) yuxuyozma, gələcək hadisələri qabaqcadan xəbər vermə sahələrində xüsusi bacarığa malik olmuşdur. Bibliyanın sayca 27-ci kitabı "Daniyal peyğəmbərin (ə) kitabı" adı ilə məşhurdur və 12 fəsildən ibarətdir. Bu kitabda peyğəmbərin öngörmələri təsvir edilir. Maraqlıdır ki, "Daniyalın (ə) kitabı"nda dünyanın sonu, imam Mehdinin (ə) zühüru barədə üstüörtülü şəkildə məlumatlar verilmişdir.
Daniyal peyğəmbər (ə) Bəni-İsrailin Babil əsarəti dövründə yaşamış və İranın Xuzistan vilayətində, Şuş şəhərində dəfn olunmuşdur. Tarixi xəbərlərdən məlum olur ki, Daniyal peyğəmbərin (ə) vəfatından müsəlmanların İranı fəth etməsinə kimi keçən müddət ərzində peyğəmbərin cəsədi məqbərənin içində, dəfn olunmamış halda saxlanılırmış. Zərrəcə çürüməyə məruz qalmamış bu cəsəd əhalinin ziyarət obyekti imiş. Belə ki, həmin ərazidə qıtlıq və susuzluq olduqda, camaat cəsədi məqbərədən çıxarıb açıq havada yerə qoyur, az keçmədən güclü yağış yağırmış.
Müsəlmanlar Şuş şəhərini fəth edərkən, qoşun sərkərdəsi Əbu Musa Əşari Həzrəti Daniyalın (ə) cəsədini ziyarət edir, sonra əhvalatı məktubla Xəlifə Ömərə xəbər verir. Ömər göstəriş verir ki, peyğəmbərin cəsədini qüsullayıb kəfənə büksünlər və məqbərənin içində torpağa tapşırsınlar. Müsəlmanlar əmri yerinə yetirib Həzrəti Daniyalın (ə) 1200 illik çürüməmiş cəsədini indiki yerdə dəfn edirlər (İbn Kəsir, "Əl-Bidəyətu və'n-nihəyə", c. 2, səh. 40-41).
2. Muhəmməd peyğəmbərin (ə) atası Abdullah ibn Əbdulmuttəlib
İslam peyğəmbərinin atası cənab Abdullah oğlunun doğulmasından qabaq, ticarət səfərindən qayıdarkən vəfat etmiş və Mədinədə, "Daru Nabiğə" adlı yerdə dəfn olunmuşdu. Hicri 1344-cü il şəvval ayının 8-də (miladi 1926) Səudiyyə Ərəbistanının hökuməti ölkə daxilindəki məscid və türbələri yerlə-yeksan etdi. Həmin il cənab Abdullahın türbəsini də uçurdular, amma qəbrin özü qaldı.
50 il sonra, hicri 1394-cü (miladi 1974) ildə vəhhabilər cənab Abdullahın məzarının yerləşdiyi küçəni genişləndirmək bəhanəsi ilə qazıntı işlərinə başladılar. Lakin qazıntı zamanı cənab Abdullahın məzarı açıldıqda onun cəsədi tamamilə bütöv halda göründü. Qısa müddət ərzində bu xəbər yayılaraq geniş əks-səda doğurdu. Səudiyyə dövləti müsəlmanların qəzəbindən qorxaraq cənab Abdullahın müqəddəs cəsədini Mədinədəki Bəqi qəbristanlığına köçürərək, orada torpağa tapşırmağa məcbur oldu. Hal-hazırda cənab Abdullahın məzarı Bəqi qəbristanlığındadır (amma başqa məzarlar kimi, onun da üzərində nə məscid, nə türbə, nə də başdaşı var).
3. Uhud şəhidləri
Məşhur hədis alimi və maliki məzhəbinin banisi Malik ibn Ənəs "Əl-Muvətta" kitabında yazır ki, hicri 3-cü ildə baş vermiş Uhud savaşında şəhid olmuş iki səhabə - Əmr ibn Cəmuh və Abdullah ibn Əmr (Cabir ibn Abdullahın atası) eyni qəbirdə dəfn edilmişdi. Bu hadisədən 46 il sonra Müaviyyənin hakimiyyəti dövründə güclü sel gəlib Uhuddakı qəbirləri dağıtdı. Camaat dağılmış qəbirlərdəki cəsədləri başqa yerə köçürməyi qərara aldı. Bu məqsədlə Əmr ibn Cəmuhla Abdullah ibn Əmrin qəbrini açanda onların çürüməmiş cəsədləri ilə qarşılaşdılar. Rəvayətə görə, Əmr ibn Cəmuh canını tapşırarkən əlini yarasının üstünə qoyubmuş; onu elə bu vəziyyətdəcə dəfn etmişdilər. Əmrin cəsədi aşkara çıxanda, onun əlini yarasının üstündən götürmək istədilər, amma yara yerindən təzə qan açıldı. Şəhidin əlini yaranın üstünə qaytaranda qan kəsildi (Malik ibn Ənəs, "Əl-Muvətta", c. 2, səh. 470; İbn Əsir, "Usudu'l-ğabə", c. 3, səh. 233).
4. Kərbəla şəhidi Hürr
Hürr ibn Yezid Riyahi İmam Hüseynə (ə) qarşı göndərilmiş min nəfərlik dəstənin sərkərdəsi idi. O, əvvəlcə İmam Hüseynə (ə) zidd mövqe tutmuş, onu mühasirəyə alaraq, Yezidin göndərdiyi qoşunun gəlişinə kimi saxlamışdı. Lakin aşura günündə Hürr peşman olub tövbə etdi, İmam Hüseynin (ə) tərəfinə keçərək vuruşdu və şəhid oldu. Rəvayətə görə, İmam Hüseyn (ə) ölümcül yaralanmış Hürrün başına öz əlləri ilə dəsmal sarımışdı.
Kərbəla faciəsindən 850 il sonra, hicri 914-cü (miladi 1508) ildə Şah İsmayıl Xətai İraqı fəth etdi. Onun əmri ilə İraqdakı müqəddəs ziyarətgahları təmir edib, üzərində yaraşıqlı məscidlər tikməyə başladılar. Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini inkar edib, guya onun tövbəsinin qəbul olmadığını bildirdilər. Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini açmağı əmr etdi. Bu zaman cəngavər Hürrün cəsədi başdan ayağa kimi təzə, bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Cənazənin başında İmam Hüseynin (ə) öz əli ilə bağladığı dəsmal da qalmışdı. Şah İsmayıl həmin dəsmalı təbərrük kimi saxlamaq niyyətilə cəsədin başından açmağa göstəriş verdi. Amma dəsmal açılan kimi yaradan al qan axmağa başladı. Cənazənin başını başqa dəsmalla bağlamaq istəsələr də, qan kəsilmədi. Axırda məcbur olub, həmin dəsmalı yenə öz yerinə bağladılar və qan kəsildi. Şah İsmayıl bu hadisədən sonra Hürrün qəbri üzərində də böyük məscidin tikilməsi üçün göstəriş verdi (Şeyx Abbas Qummi, "Nəfsu'l-məhmum").
Şah İsmayıl Xətainin qəzəllərinin birindəki bu beyt də həmin hadisənin düzgünlüyünü sübut edir:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Barilaha, əfv qıl ki, tövbəkaram doğrusu.
Qeyd etmək yerinə düşər ki, Kərbəla şəhidlərindən başqa birinin - Həbib ibn Müzahirin də qəbri XVIII əsrdə Nadir şah tərəfindən açılmış və cəsədin salamat qalması aşkara çıxmışdı. Qəbir açılan zaman elə güclü külək əsir ki, Nadir şah qorxudan huşunu itirir. Özünə gələndən sonra Nadir şah əmr verir ki, Həbibin məzarı üzərində böyük məscid tikilsin.
5. Elm dühaları
Tarix kitablarından və şahidlərin ifadələrindən məlum olur ki, onlarla müsəlman alimin cəsədi zamanın dağıdıcı təsirindən amanda qalaraq çürüməmişdir. Bu alimlərdən bəzilərinin məzarı bir neçə aydan, bəzilərinin isə yüzlərlə ildən sonra açıldıqda, müşahidəçilərin sonsuz heyrətinə səbəb olmuş, şahidlər vasitəsilə hadisə dildən-dilə keçərək, günümüzə qədər gəlib çatmışdır. Belə alimlərin siyahısında aşağıdakılar öndə gedirlər: məşhur hədis alimləri İbn Qövliveyh (IX əsr), Şeyx Kuleyni (X əsr), Şeyx Səduq (X əsr), fiqh alimi Seyyid Murtəza Ələmu'l-huda (XI əsr), təfsirçi Əllamə Təbrisi (XII əsr), Ağa Camal Xansari (XVII-XVIII əsrlər), Seyyid Muhəmməd Mehdi Bəhru'l-ulum (XVIII əsr), Şəhid Burğani (XIX əsr), Seyyid Hüseyn Kuhkəməri (XIX əsr), hədisçilər Mirzə Hüseyn Nuri (XIX əsr) və Şeyx Muhəmməd Həsən Maməqani (XIX əsr), məşhur müctəhidlər Axund Xorasani (XIX-XX əsrlər), Şəriət İsfəhani (XIX-XX əsrlər), Seyyid Həsən Sədr (XX əsr) və b.
Adları çəkilən böyük şəxsiyyətlərin hər birinin məzarının açılması və cəsədinin çürüməmiş halda müşahidə olunması barədə maraqlı və təkrarolunmaz məlumatlar mövcuddur. Məsələn, "Əl-Kafi" kitabının müəllifi, böyük hədisçi alim Şeyx Kuleyninin məzarının açılması əhvalatı bu baxımdan çox əhəmiyyətlidir. Şeyx Kuleyni Bağdad yaxınlığında yeddinci İmam Musa Kazimin (ə) məzarı yaxınlığında dəfn edilmişdir. Rəvayətə görə, Kuleyninin vəfatından onlarla il sonra Abbasi xəlifələrindən biri İmam Kazimin (ə) cəsədinin qəbirdə çürüməməsinə inanmayaraq, müqəddəs məzarı açıb yoxlamaq fikrinə düşür. Saray alimləri xəlifəyə məsləhət görürlər ki, İmamın məzarını açmazdan əvvəl, yaxınlıqda dəfn edilmiş böyük şəxsiyyətlərdən birinin qəbrini açdırıb baxsın. Xəlifə Şeyx Kuleyninin qəbrini açmağı əmr edir. Bu zaman Şeyxin cəsədi çürümədən tamamilə qorunmuş halda aşkar edilir. Xəlifə öz şübhələrinin tamamilə əsassız olduğunu anlayır, Şeyx Kuleyninin cəsədini ehtiramla əvvəlki yerində torpağa tapşırıb üzərində türbə tikdirir, İmam Kazimin (ə) qəbrini açmaq fikrindən də birdəfəlik əl çəkir.
Digər böyük alim Şeyx Səduqun da cəsədi vəfatından təqribən səkkiz əsr sonra çürüməmiş halda aşkara çıxmışdır. Məşhur hədis və fiqh alimlərindən sayılan, onlarla dəyərli kitab müəllifi Şeyx Səduqun qəbri İranın Rey şəhərində, ailəvi məqbərədə yerləşir. Hicri 1238-ci (miladi 1822) ildə güclü yağışlar yağaraq şəhəri sel basır. Su Şeyx Səduqun məzarına ziyan yetirir; məqbərədə uçuqlar əmələ gəlir. Camaat məqbərəni təmir etmək üçün işə başlayır. Təmir işləri zamanı Şeyxin qəbrinin bir tərəfi uçulur və cəsəd görünür. Şahidlərin ifadəsinə görə, cəsəd yenicə canını tapşırmış adam təsiri bağışlayırmış. Hətta Şeyxin saqqalında və dırnaqlarında hənanın rəngi də qalıbmış! Bu hadisə o zamanlar İranda böyük səs-küyə səbəb olur. Hətta şah sarayının bütün əyanları sərdabəyə düşərək Şeyxin cəsədini ziyarət edirlər.
Türk aləminin fəxri, böyük irfan şairi Yunus Əmrənin (1240-1320) cəsədi də dəfn olunduqdan 600 ildən artıq vaxt keçdiyinə baxmayaraq, zərrəcə çürüməmiş halda aşkara çıxmışdı. 1948-ci ildə Ankara-Əskişəhər dəmir yolu xətti çəkilirdi. Layihəyə əsasən, dəmir yolu xətti Yunus Əmrənin türbəsinin yerləşdiyi ərazidən keçməli idi. Bununla əlaqədar olaraq, əvvəlcə Yunus Əmrənin türbəsini tamamilə söküb, qəbrin üstündən dəmir yolu çəkmək istədilər. Lakin bu plan baş tutmadı, işlər möcüzəli şəkildə uğursuzluqla nəticələndi. Onda böyük şairin cəsədini türbədən çıxarıb başqa bir yerdə tikilən yeni türbədə dəfn etməyi qərara aldılar. Qəbrin açılma vaxtı hökumət tərəfindən əhaliyə elan olunmasa da, həmin gün türbənin ətrafına görünməmiş sayda camaat toplaşdı. Hamının gözü qarşısında baş verən qəbrin açılması prosesi heyrətli sonluqla başa çatdı: Yunus Əmrənin cəsədi tər-təzə şəkildə göründü. Şahidlərin ifadəsinə görə, şairin cəsədi yenicə məzara qoyulmuş cəsəd təsiri bağışlayırdı.
6. Həmvətənlərimiz
Maraqlıdır ki, cəsədi uzun illər ərzində Allah tərəfindən çürümədən qalmış şəxslər arasında həm Şimali, həm də Cənubi Azərbaycandan olan çoxlu həmvətənimiz də vardır. Biz bu məqalədə yalnız Şimali Azərbaycandan olan üç nəfər barəsində məlumat veririk.
Fazil Dərbəndi
Tarixin uzun bir dövründə Azərbaycan torpaqlarından hesab olunmuş Dərbənd şəhərinin yetirməsi olan Fazil Dərbəndi (Axund Mollaağa ibn Abid) öz dövründə böyük alim, bacarıqlı natiq və istedadlı şair kimi tanınırdı. Onun Kərbəla müsibətinə həsr olunmuş xütbə və mərsiyələri böyük şöhrət qazanmışdı. Fazil Dərbəndi təqribən 1868-ci ildə dünyasını dəyişmiş və Kərbəlada dəfn olunmasını vəsiyyət etmişdi. Onu əvvəlcə Tehranda əmanət kimi dəfn edirlər ki, imkan olan kimi cəsədini Kərbəlaya köçürsünlər.
Dəfndən altı ay sonra yaxınları Fazil Dərbəndinin cəsədini Kərbəlaya aparmaq niyyətilə qəbrini açanda, mərhumun çürüməmiş, təzə-tər bədənini görürlər.
Şeyx Sədra Badkubeyi
Nəcəf şəhərindəki elm mərkəzinin adlı-sanlı alimlərindən sayılan məşhur filosof və müctəhid Şeyx Sədra Badkubeyi əslən Bakı şəhərindən idi. O, uzun illər Nəcəfdə təhsil və tədrislə məşğul olmuş, Ayətullahu'l-uzma Xoyi kimi elm nəhəngindən dərs almışdı.
Nəhayət, hicri 1392-ci il şəban ayının 11-də (miladi 1972) Şeyx Sədra Nəcəf şəhərində vəfat edib, Vadiu's-Səlamda, bakılıların məqbərəsində dəfn olunur. Bir müddət sonra məqbərə xidmətçiləri arasında anlaşılmazlıq yaranır və Şeyx Sədranın cəsədini həmin məqbərədən çıxarıb başqa bir yerdə dəfn etmək qərarına gəlirlər. Qəbri açarkən, Şeyx Sədra Badkubeyinin cəsədi zərrəcə çürüntüyə məruz qalmamış halda aşkara çıxır və onu başqa bir məzarda dəfn edirlər.
Ayətullah Fazil Lənkərani
Mərhum Ayətullah Fazil Lənkərani (günümüzün məşhur müctəhidi Ayətullah Muhəmməd Fazil Lənkəraninin atası) hicri 1314-cü (miladi 1897) ildə Lənkəranda doğulmuş, yeniyetmə yaşlarında İrana köçmüş, Ərdəbil, Zəncan, Məşhəd və Qum şəhərlərində mükəmməl dini təhsil almışdı. Müasirləri onu savadlı ruhani və tələbələrin hər bir çətinliyini həll etməyə çalışan qayğıkeş müəllim kimi xatırlayırlar. Hicri təqvimlə 1392-ci il məhərrəm ayının 12-də (miladi 1972) Ayətullah Lənkərani vəfat edir və onu Qum şəhərində "Şeyxlər" qəbristanlığında basdırırlar. Səkkiz ildən sonra Ayətullah Lənkəraninin məzarının yaxınlığında növbəti qəbir qazılarkən, aradakı torpaq qatı uçur və alimin qətiyyən çürüməmiş cəsədi görünür.
Çürüməyən çəsədlərin siyahısını bir qədər də uzatmaq olar. Məqalə müəllifinə məlum olduğuna görə, bir çox xarici ölkələrdə bəzi böyük şəxslərin cəsədinin çürüməməsi faktları mövcuddur (məsələn, Türkiyədə bir neçə belə ziyarətgah vardır). Azərbaycan ərazisində də son onilliklərə qədər cəsədi çürüməmiş şəxslərin məzarı məlum imiş və camaat tərəfindən ziyarət olunurmuş. Məsələn, Sabirabadda 50-60-cı illərə kimi "Baba Səmid piri" adı ilə tanınan türbəşəkilli ziyarətgah belələrindən idi. Türbənin içərisində uzanmış vəziyyətdə cəsəd varmış. Özü də cəsəddə zərrəcə çürümə əlaməti görünmürmüş. Ziyarətə gələnlər türbənin kiçik pəncərəsindən boylanaraq, içəridəki şəxsin cəsədini görürmüşlər.
Allahın möcüzələri çoxdur. Bu möcüzələri görmək üçün göz, onlar barədə düşünmək üçün beyin, onlara inanmaq üçün qəlb tələb olunur... Allah bizə bu cür göz, beyin və qəlb versin! AMİN!..
Tarix: 03.01.2013 / 14:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1611 Bölmə: Maraqlı melumatlar