Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanın son 10 günü.

Əziz və hörmətli müsəlmanlar, dəyərli oxucularımız! Ramazan ayının son 10 günü Ramazan ayının ən əsas və ən əhəmiyyətli günləri sayılır. Necə ki, Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər.

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki:“Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı” .Buxari
Müslimin başqa bir rəvayətində də deyilirz ki: “Rəsulullah son 10 gündə o qədər çalışardı ki, başqa heç bir vaxt belə çalışmazdı” Bir başqa hədisdə də Buxari və Müslim rəvayət edir ki: “Peyğəmbər Ramazan ayının son 10 günündə həmişə etikaf (məsciddə qalmaq) edərdi, vəfat edənə qədər belə etmişdir.”
Yuxarıdakı hədislərdən belə nəticəyə gəlirik ki;
1. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) ailəsini də bu son 10 gündə oyadardı. Ailəsinə olan rəhmətinə və məhəbbətinə görə, istəmirdi ki, bu 10 gündə olan xeyir və bərəkət onlara nəsib olmasın.
2. Gecələri oyaq keçirərdi. Ramazanın başqa gecələrini oyanıb namaz qılsa da, sonra bir müddətini də yatardı. Amma son 10 gündə gecəni səhərə kimi oyaq qalardı.
3. Paltarını, yəni əyninə geydiyini (tuman və ya şalvar) bərkidərdi. Alimlərin təfsirində belə gəlir ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) bu son 10 gündə qadınları ilə yaxınlıq etməzdi.
4. Etikaf edərdi. Yəni ki, bütün günü məsciddə qalardı, ordan ayrılmazdı, heç bir yerə çıxmazdı. Bu müddətdə O (Allahın ona salavat və salamı olsun) yalnız ibadət edərdi və qəlbini hər şeydən təmizləyərək ancaq Allah üçün çalışardı. Heç nəyin fikrini etməzdi.
Sevimli oxucularımız, görəsən niyə Rəsulullah (Allahın ona salavat və salamı olsun) bütün bunları edərdi?! Niyə O (Allahın ona salavat və salamı olsun) məhz Ramazan ayının son 10 günündə belə edərdi?!
Çünki O, (Allahın ona salavat və salamı olsun) mübarək və xeyirli olan gecəni, Quran nazil olan və min aydan faydalı olan gecəni, Qədr gecəsini istəyirdi, Onun (Allahın ona salavat və salamı olsun) məqsədi Qədr gecəsini keçirməmək idi.
Bəli məhz Qədr gecəsini keçirməmək üçün Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə edərdi. O gecə ki, həmin gecəni ibadət edərək və mükafatını Allahdan istəyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar. O gecə ki, həmin gecə edilən ibadət Allahu Təala yanında 83 il edilən ibadət kimi yazılır.
Bu mübarək gecəni keçirmək olarmı?! Bu gecəni boşuna keçirmək necə də böyük ziyandır! İnsan, 83 il ibadətə bərabər olan 1 gecəlik ibadəti necə əldən verə bilər?! Bu gecəni ibadətlə keçirməkdən məhrum olan adam necə həsrət çəkməsin, yanmasın?
Ey müsəlmanlar, sadəcə 10 gecə oyanmaq lazımdır. Şirin yuxunu tərk edərək, əziyyətə qatlanaraq 10 gecə oyaq qalacaqsınız. Amma qəbirdə yeriniz elə rahat olacaqki, 10 gecə gözünüzə görünməyəcək.
Allah bizə Qədr gecəsini ibadətlə keçirməyi nəsib etsin! Allah bizim günahlarımızı bağışlasın!
Səid İsrafilov


Tarix: 03.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...