Qonşusu ac ikən özü tox yatan adam mömin deyil”.
Həzrət Mühəmməd Peyğəmbər (s).
Miladi XVIII əsrdə yaşamış məşhur din alimlərindən biri də Seyyid Mühəmməd Mehdi Bəhrül-ülum idi. Seyyid Bəhrül-ülum ruhani ailəsində doğulmuş, Kərbəlada məşhur şiə alimi Vəhid Bəhbəhanidən dərs almış, daha sonra Nəcəfə köçərək, bu şəhərdə tədris və təlimlə məşğul olmuşdu. Dərin elmi bilikdən əlavə, o, həm də dillər əzbəri olan gözəl əxlaq sahibi idi. Tələbəsi Şeyx Cəfər Kaşifül-ğita özü məşhur müctəhid olsa da, Seyyid Bəhrül-ülumla görüşərkən əyəilib öz əmmaməsinin ucu ilə onun çarıqlarının tozunu silirmiş.
Seyyid Bəhrül-ülum ulu əcdadları olan imamlar kimi gecələr ərzaqla dolu kisəni çiyninə alıb Nəcəfin kasıb alilələrinə aparır, özünü tanıtdırmadan ərzağı onlara təqdim edib qayıdırdı.
Seyyidin tələbələrindən biri, “Miftahül-kəramə” adlı məşhur şəriət kitabının müəllifi Seyyid Mühəmməd Cavad Amuli bir gün axşam öz evində şam yeməyi yeyirmiş. Bu zaman Seyyid Bəhrül-ülumun nökəri gəlib ona xəbər verir ki, ağam səni təcili olaraq çağırır. Amuli yeməyini yarımçıq buraxıb qalxır və ustadın evinə gəlir. Içəri girəndə görür ki, süfrə açılıb, amma yeməyə əl vurulmayıb. Bəhrül-ülum tələbəsini çox narazı və qəzəbli halda qarşılayır. Amuli bu münasibətin səbəbi ilə maraqlananda ustad deyir: “Sən necə möminsən ki, qonşun neçə vaxtdır dükandan nisyə ərzaq alıb yeyir. Bu gün də dükandan çörək almaq istəyib, satıcı borcunun çox olduğunu söyləyib onu əliboş qaytarıb. Indi qonşun ailəsi ilə birlikdə evində ac oturub”.
Amuli təəssüflə bildirir: “Ustad, vallahi, bundan xəbərim yox idi”. Seyyid Bəhrül-ülum deyir: “Əgər xəbərin ola-ola ona yardım etməsəydin və tox halda yatsaydın, müsəlman yox, kafir olardın! Bilirəm ki, bundan xəbərin yoxdur. Məni ağrıdan budur ki, niyə qonşunun vəziyyəti ilə maraqlanmırsan?”.
Sonra Seyyid Bəhrül-ülum ona bir miqdar pul və xörəklə dolu sini verib tapşırır: “Apar bunları qonşuna ver, amma mənim göndərdiyimi demə. Soruşsa de ki, bunları ona sən özün verirsən. Bu axşam qonşunla birlikdə şam et, sonra qayıdıb nəticəsini mənə xəbər ver. Sən gələnə kimi gözləyəcəyəm, yeməyə əl vurmayacağam”.
Amuli pulu və xörəyi götürüb qonşusunun evinə yollanır. Pulu verib tapşırır ki, dükana borcunu ödəsin. Sinini süfrəyə qoyur, birlikdə yeməyə başlayırlar. Ev sahibi Amulinin gətirdiyi xörəyə baxıb soruşur: “Mənə düzünü de, bu xörəyi sən hazırlamısan, yoxsa başqa adam sənə verib tapşırıb ki, öz adından mənə təqdim edəsən?”. Amuli həqiqəti boynuna alır, amma maraq içində qalır ki, qonşusu bunu haradan bilib? Qonşu deyir: “Bu, ərəb xörəyi deyil. Inanmıram ki, sən və ya ailə üzvlərin bu xörəyi bişirə biləsiniz. Bu, iranlıların xörəyidir”. (Seyyid Bəhrül-ülumun özü və ailə üzvləri əslən iranlı idilər, ona görə də milli mətbəxə aid xörəklərə üstünlük verirdilər).
Maraqlıdır ki, Amulinin qonşusu dükana borclu olduğunu və oradan nisyə ərzaq aldığını heç kimə deməyibmiş. Seyyid Bəhrül-ülumun göndərdiyi pulun məbləği də düz onun borcu qədər imiş
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar