Islam müqəddəslərinin tövsiyələrindən aydın olur ki, bəzi əməllər insanın ömrünün uzanmasına və əcəlin (ölümün) yubanmasına səbəb olur. Məsələn,
Ata-ana ilə mehriban davranmaq.
Həzrət Mühəmməd Peyğəmbər (s): “Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideynə yaxşılıq etsin” (ət-Tərğib vət-tərhib, I, 274, hədis 430).
“Valideynə yaxşılıq etmək ömrü uzadar, yalan ruzini azaldar, dua qəzavü-qədəri geri qaytarar” (yux. mənbə, hədis 429).
Imam Cəfər Sadiq (ə): “Ömrünün uzanmağını istəyirsənsə, valideynləri sevindir” (Mizanül-hikmə, III, 2116, hədis 14245).
Qohumlarla sıx əlaqə saxlamaq (sileyi-rəhim).
Həzrət Mühəmməd Peyğəmbər (s): ”Kim əcəlinin gecikməsini və ruzisinin artmasını istəyirsə, sileyi-rəhim etsin“ (Üsulül-Kafi, Iman və küfr kitabı, Sileyi-rəhim babı, hədis 16).
Imam Mühəmməd Baqir (ə): ”Sileyi-rəhim əməlləri saflaşdırar, sərvəti artırar, bəlanı uzaqladırar, (qiyamətdə) hesabı yüngülləşdirər və əcəli yubadar“ (yux. mənbə, hədis 4).
Imam Rza (ə) Imam Sadiqdən (ə) rəvayət edib: ”Sileyi-rəhim ömrü uzadar, ailədə məhəbbət yaradar“ (yux. mənbə, hədis 9).
Gözəl əxlaqlı və xoş xasiyyətli olmaq, camaatla mehriban davranmaq.
Imam Cəfər Sadiq (ə): ”Yaxşılıq və gözəl əxlaq evləri abad edər, ömürləri uzadar“ (Üsulül-Kafi, Iman və küfr kitabı, Gözəl əxlaq babı, hədis 8).
Insanlara yaxşılıq etmək.
Imam Cəfər Sadiq (ə): ”Insanlar öz yaxşılıqlarının hesabına daha çox yaşayırlar, nəinki öz ömürlərinin hesabına. Və öz günahlarına görə daha çox ölümə məruz qalırlar, nəinki öz əcəllərinə görə“ (Biharül-ənvar, V, 140). Yəni insanların ömrünü uzadan – öz yaxşı əməlləridir. Onları ölümün ağuşuna atan isə öz günahlarıdır.
Ailə üzvləri ilə yaxşı davranmaq.
Imam Cəfər Sadiq (ə): “Hər kim doğru danışsa, əməli paklaşar. Hər kim niyyətini gözəlləşdirsə, ruzisi artar. Hər kim öz ailə üzvləri ilə gözəl davransa, ömrü uzanar” (Əmaliyi-Tusi, IX məclis, hədis 17).
Həmişə dəstəmazlı olmaq.
Həzrət Mühəmməd Peyğəmbər (s) Ənəs ibn Malikə buyurub: “Ey Ənəs! Həmişə dəstəmazlı ol ki, Allah sənin ömrünü uzatsın. Əgər bacarsan, hər gecə-gündüz dəstəmazlı ol. Əgər dəstəmazlı halda ölsən, şəhid sayılarsan” (Əmaliyi-Müfid, VII məclis, hədis 5).
Çoxlu sədəqə vermək.
Imam Əli (ə): “Sədəqə verməklə əcəl uzanar (yubanar)” (Ğürərül-hikəm, 4239).
Həzrət Mühəmməd Peyğəmbər (s): ”Sədəqə verin və onunla xəstələrinizi sağaldın. Sədəqə xəstəlikləri və dərdləri uzaqlaşdırar, ömrünüzü və savablarınızı artırar“ (Kənzül-ümmal, VI, 371, hədis 16113).
Imam Mühəmməd Baqir (ə): ”Yaxşılıq və sədəqə kasıblığı aradan qaldırar, ömrü uzadar, yetmiş cür faciəli ölümü insandan uzaqlaşdırar“ (Mizanül-hikmə, II, 1596, hədis 10361).
Imam Hüseynin (ə) məzarını ziyarət etmək.
Imam Mühəmməd Baqir (ə): “Bizim tərəfdarlarımıza Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi tövsiyə edin. Bunu etmək ruzini artırar, ömrü uzadar, xoşagəlməz hadisələri insandan uzaqlaşdırar” (Biharül-ənvar, CI, 4).
Başqa əməllər.
Bunlardan əlavə, qocalara ehtiram göstərməyin, kamil şəkildə dəstəmaz almağın, namazda rüku və səcdələri uzatmağın, qonşularla xoş davranmağın, başqasına yemək (qonaqlıq) verərkən süfrə arxasında çox oturmağın da (qonaq utanmadan yeyib doysun deyə) ömrü uzatdığı və əcəli təxirə saldığı barədə mənbələrdə məlumatlar vardır.
Bəzi əməllər isə ömrün qısalmasına və qəfil ölümə səbəb olar. Məsələn,
Allahın əmrlərindən çıxmaq, günah etmək.
Imam Cəfər Sadiq (ə): “Pisliklərdən (günahlardan) uzaq olun ki, ömrünüz artsın” (Üyuni əxbarir-Riza, II, 36).
Zina etmək.
Imam Mühəmməd Baqir (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğunu rəvayət edib: ”Zina halları çoxalanda qəfil ölümlərin də sayı artar“ (Biharül-ənvar, LXXIX, 27).
Islam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) buyurmuşdu: ”Ya Əli! Zinada altı xüsusiyyət var ki, bunların üçü dünyada, üçü isə axirətdə zahir olar. Dünyada zahir olan xüsusiyyətlər bunlardır: insanın nurunu (təravətini) aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirətdə aşkara çıxacaq xüsusiyyətlər isə bunlardır: qiyamət günündə hesabın çətinliyi, mərhəmətli Allahın qəzəbi və cəhənnəm alovunun içində əbədi qalmaq“ (Məkarimül-əxlaq, səh. 400-401).
Qohumlarla rabitəni kəsmək (qəti-rəhim).
Həzrət Mühəmməd Peyğəmbər (s): ”Bəndə öz qohumları ilə sıx əlaqə saxlasa (sileyi-rəhim etsə), ömründən cəmi 3 il qalmış olsa belə, Allah bu müddəti artırıb 33 il edər. Yox, əgər bəndə qohumlarından uzaq gəzsə (qəti-rəhim etsə), hələ 33 il ömrü qalmış olsa belə, Allah bu müddəti kəsib 3 il və ya bundan da az edər“. Həzrət Imam Sadiq (ə) Peyğəmbərin bu hədisini xatırlatdıqdan sonra Qurani-kərimin aşağıdakı ayəsini oxudu: ”Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır“ (Rəd, 39) (Biharül-ənvar, V, 141).
Bundan əlavə, yalandan and içmək, namaza etinasız yanaşmaq, Allahın bəndələrinə zülm etmək, ehtiyac olmadan yaşıl ağacı kəsmək də ömrün qısalmasına səbəb olar.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar