Bismilləhir-Rahmənir-Rahim!
Xanım Fatimeyi Zəhra (s.ə): «Əgər oruс tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?»
İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.»
İmam Əli (ə): «Daim Allahı yad etmək qəlbi və düşünсəni işıqlandırar.»
Mübarək Ramazan ayının iki gününü geridə qoyduq. Beləcə ilahi ziyafətdən bəhrələnmə şansımızın onbeşdə biri geridə qaldı. Nurani ayın ilk günlərinin həftəsonuna düşməsi iman daşıyıcılarının mənəvi və fiziki adaptasiya prosesini surətləndirdi.
Geridə qoyduğumuz günlərdə Rəbbimizdən öz süfrəsindən bizlərə gerçək oruc nəsib etməsini dilədik. Bir oruc ki, vücudumuzun orucuna gətirib çıxartsın. Bir oruc ki, fiziki proseslərlə yanaşı mahiyyətimizi kamilliyə doğru dəyişdirsin. Tək yemək, su, şəhvət orucu ilə deyil, dilimizin, gözümüzün və qulaqlarımızın orucuna yiyələnmiş olaq. Fikrimizin, düşüncəmizin orucunadək yetişmiş olaq. Qəlbimizin, ruhiyəmizin orucu vücudumuzu nuraniləşdirmiş olsun.
Gerçək namaz qılma səadətini dilədik. Bir namaz ki, bizləri göylərə qaldırsın.
Bağışlanma dilədik. Bu ayın adında hətta öz əksini tapmış günahyandırma imkanından bəhrələnmək istədik.
Onun razılığına yaxınlaşmaq və qəzəbindən uzaq olma dilədik. Təbii ki, onun razılığı və qəzəbi yemək yeməmizlə, su içməmizlə bağlı mövzularda kifayətlənməz ki. Rəftar və hərkətlərimizin vektorunu onun razılığı olmasını dilədik.
Neçə-çeçə əlavə də diləklərimiz oldu. Məgər ilahi süfrənin təamlarının sayı varmı ki, ona yönəlik diləklərində sayı-hesabı olsun.
*****
Mübarək Ramazan ayının 3-cü günündəyik. Günün duasında gəlmiş çalarlar mahiyyətcə keçən günün diləklərindən fərqlənmir. Əslində bütün dilənilənlər mübarək Ramazan ayının ana hədəfi olan təqvalılıq kimi iradəvi və şuurlu əldə olunan mənəvi fenomenin əldə olunması istiqamətindədir. Diqqəti çəkən budur ki, üçüncü gündə dilənilənlərin fikri və düşüncə mahiyyətli olmasıdır. Sanki mübarək Ramazan ayının üçüncü gününün süfrəsinin menüsunda düşünmə, təfəkkür kimi xeyr və nemətlərdən bəhərlənmə imkanına bir işarədir.
-Yaxşı düşüncə və ayıq fikir diləyirik Səndən, ey düşüncələri pisdən yaxşıya yönəldən və qapalı təfəkkürləri aydınlığa hidayət edən Rəbbimiz!
-Ağılsız, məntiqsiz, mənasız və səfeh işlərdən qurtuluş istəyirik Səndən, ey qaranlıq yollarmıza işıq salan Mərhəmətli Rəbbimiz.
-Mübarək ayın günlərinin özəl nemətlərindən və xeyrlərindən bəhrələnmə səadətini bizlərə nəsib et, ey Səxavətlilərin ən səxavətlisi!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar