Hər tərəf insanla dolu idi. Kimi özü öz ayağı ilə dəhlizdə o yan, bu yana gedib gəlir, kimini isə də xərəkdə kimsə gəzdirirdi. Hamının üzündə bir narahatlıq, nigarançılıq hiss olunurdu – ayaqlının da, ayaqsızın da. Hamı narahat idi burda. Bəzi qapıların ardında ağ xalatlı həkimlə dayanıb, göz yaşı axıdan insanları da görmək olurdu. Kimisi anasına, kimisi atasına, kimisi bacı – qardaşına, kimisi də yoldaşına görə narahat idi burada. Bu narahatçılıq kədər dolu simalarda cığır açan göz yaşlarıyla əvəzlənirdi. Bu göz yaşları da kiminə təsəlliydi, kiminə dərd. Yeganə məkan bura idi ki, hamının başı özünə qarışmışdı. Buranın özünə məxsus bir qoxusu da varıydı. Dərmanların bir – birinə hopmuş iyləri dəhliz boyu ətrafa yayılırdı. Qapıdan içəri girən kimi həmin qoxu burnundan dolub, ciyərlərinə sovrulurdu. Elə bu üzdən də bura gələn böyüklərin əksəriyyəti özləri ilə uşaq gətirməzdilər. Nədənsə, hamı burdan qorxurdu.
İndi Həmidə xanım da həkimin otağından çıxıb, ölüm qoxusu verən divara söykənmişdi. Həkimin: - “Xanım, biz əlimizdən gələni əsirgəmədik. Nə yazıq ki, başqa əlimizdən bir şey gəlmir. Xəstəniz son aylarını, bəlkə də son günlərini yaşayır. Odur ki, evə götürməyiniz məsləhətdir. Burda qalamağının mənası yoxdur, - Sözləri qulaqlarında əks – səda verir, göz yaşlarının qarşısını ala bilmirdi. O, ərinin onu belə görməsini isəmirdi. Odur ki, dəhlizdə ürəyini boşaldandan sonra otağa daxil oldu. O, əli ilə göz yaşlarını silsə də, göz yaşlarının üzündə açdığı cığır onun yanaqlarında aydınca sezilirdi. Bunu görən oğlu Təhməz anasına yaxınlaşdı: - Ana, nə olub, ağlamısan?! – Dedi.
Həmidə xanım, Mahmud bir şey hiss etməsin deyə, gülümsədi:
- Nə ağlamağı, gözümdəki karandaşdır, yayılıb, sən elə bilirsən ağlamışam?
Həmidə xanım bu sözləri oğluna deyərkən, gözü ilə işarə etdi ki, daha bu barədə artıq sual verməsin. Daha sonra o, çapayıda oturaraq, başını yerə dikmiş, hər zaman qürurlu, nə olursa olsun, dik dayanan, lakin indi görkəmindən məzlumluq, fağırlıq sezilən həyat yoldaşı Mahmuda yaxınlaşdı:
- Mahmud, doktor deyir ki, sənin bir şeyin yoxdu. Sadəcə, beyin təzyiqin qalxdığına görə, başında kiçicik problemin yaranıb. Allaha şükürlər olsun ki, səni bizə çox görmədi. Artıq bu gündən evə çıxırsan. Hazırlaş, gedirik. Həkim burda qalmağın mənasız olduğunu deyir.
Mahmud, bir aya yaxındı ki, bu özəl xəstəxanadaydı. Bura ilk gəldiyi gündən həkimlərin onu müayinə edəndən sonra kənara çəkilib, pıçıldaşmaları Mahmudu çox qorxutmuşdu. Bu günə kimi Allahın, dinin, müsəlmançılığın və ölümün nə olduğunu belə bilməyən Mahmud gəlib buraları gördükdən sonra bütün bunların fərqinə vararaq, insanın həyatda müvəqqəti olduğunu anlamışdı. Sadəcə o, Tanrıya yalvararaq, xeyirli işlər görüb, bu günə qədər olan günahlarını yuyub, Allah dərgahına pak getsin deyə, möhlət istəmişdi. Məhz bu üzdən də xəstəxanda olduğu üçüncü gündə kiçik oğlu İlqardan Azərbaycan dilinə tərcümə olunan “Qurani- Kərim” və namaz öyrədən kitab istəmişdi. Atasının bu istəyinə təəccüblənən oğul, ona bir sual vermədən dərhal gedib, dediklərini alıb, gətirmişdi. Mahmud burdakı günlərini “Qurani – Kərim”i oxumaq, namazı öyrənməklə keçirmişdi. O, gecələri yatmır, səhərə qədər “Qurani – Kərim” oxuyur, gözlərindən süzülən yaşa əhəmiyyət vermirdi. Bu günə qədər işlədiyi günahlara görə Allah qarşısında tövbə etmiş, burdan qurtulub, evə dönəndən sonra namaz da qılacağına söz vermişdi. Onun yanında qulluq üçün qalan yoldaşı Həmidə xanım da Mahmuda məəttəl qalmışdı. Lakin o, xəstə olduğundan bir kəlmə də olsun, söz demirdi. Həmidə xanımın təəccübünün səbəbi o idi ki, onlar ailə qurduqları ərəfədə Həmidə xanım namaz qılır, Allaha ibadət edirdi. Gözünü açandan ailəsində nənə - babasını, ata – anasını belə görmüşdü. Lakin Mahmuda ərə gələndən Allaha olan ibadətlərini namazla yox, gecələr yerində yatarkən, gizli – gizli yalvarmaqla davam edirdi. Çünki Mahmud onunla ailə quran günün səhərsi: - Siz cahil insanlarsınız. Görmədiyiniz, boş – boş şeylərə inanırsınız. Nə varsa, hamısı bu dünyadadır, nə o dünya, nə də ki, Allah – filan yoxdu. Hamısı pulun əlindədir, – deyərək, onun namaz qılmasını yasaqlamışdı. Amma o, indi özü də həmin fikirlərinin yanlış olduğunu, həyatda can sağlığını heç bir vəchlə əldə etməyin mümkünsüz olduğunu anlamışdı. Hətta bir gün o zamanlar Həmidə xanıma qarşı haqsızlıq edərək, böyük günaha batdığını, həyat yoldaşına etiraf etdi. İlk dəfə ondan üzür də istədi.
Həmidə xanımın onun xəstəliyi ilə bağlı “xoş xəbər” verməsi onu sevindirmədi. Çünki o, həyatın müvəqqəti olduğunu artıq bilirdi. Ona sadəcə azacıq ömür günahlarını yumaq, haqq yoluna qayıtmaq üçün lazım idi.
Onlar hazırlaşıb, xəstəxananı tərk etdilər.
Tarix: 07.06.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar