(“Təfsiri-nümunə”yə əsasən)
Adətən, belə təsəvvür edirlər ki, ölüm - yox olmaq, fani olmaq mənasındadır. Ancaq bu fikir Qurani-Məcidin dedikləri və əqli dəlillərlə düz gəlmir.
Ölüm Quranın nəzərində vücudi bir məsələdir ki, bir aləmdən başqa bir aləmə keçidə səbəb olur. Belə ki, Quranın bir çox ayələrində ölüm - ruhun mələklər tərəfindən bədəndən çıxarılması kimi təsvir edilir. “Ölümün çətinlikləri haqq olaraq gələr. Bu, sənin qorxub qaçdığın şeydir”. (“Qaf” surəsi, 19).
Bəzi ayələrdə isə ölümü “Allahın məxluqu” adlandırmışdılar. (“Mülk” surəsi, 2).
Ölüm hədislərdə də müxtəlif cür izah edilir.
İmam Səccaddan (ə) soruşurlar ki, ölüm nədir? Həzrət belə cavab verir: “Möminlər üçün çirkli və həşəratlı paltarları çıxartmağa, ağır zəncirlərdən azad olmağa bənzəyir. Sanki onu təmtəraqlı paltar, ən gözəl qoxusu olan ətir, ən yaxşı minik və mənzil ilə əvəz edirik.
Kafir üçün isə gözəl paltarı çıxarıb, ən gözəl mənzildən dəhşətli və əzablı mənzilə köçmək və çirkli və həşəratlı paltara geyinməyə bənzəyər”.
İmam Muhəmməd Baqirdən (ə) də bu sualı soruşanda Həzrət belə cavab verir: “Ölüm, hər gecə sorağınıza gələn yuxudur. Ancaq müddəti uzundur. İnsan ondan Qiyamət gününə qədər ayılmır”.
Bərzəx aləmində yaşayan insanların vəziyyəti də fərqli olur. Bəziləri sanki yuxuya gediblər, bəziləri isə, məsələn, şəhidlər kimi müxtəlif növ nemətlərə qərq olublar, bəziləri isə İlahi əzaba düçar olublar.
İmam Hüseyn (ə) Aşura günü Kərbəlada döyüşün ən qızğın yerində ölüm haqqında buyurur: “Səbir edin, ey böyük insanların övladları! Ölüm körpüdür ki, sizi narahatlıqdan və əziyyətdən behiştin geniş bağlarına və cavidan nemətlərə aparar. Sizlərdən hansınız zindandan saraya getmək üçün narahatdır? Ancaq sizin düşmənləriniz üçün ölüm ona bənzəyir ki, saraydan zindana gedirlər. Atam Peyğəmbərdən (s) nəql edirdi ki, dünya möminlərin zindanı və kafirlərin behiştidir. Ölüm isə möminlərin behişt bağlarına və kafirlərin cəhənnəmə keçməsi üçün körpüdür”.
Başqa bir hədisdə oxuyuruq ki, İmam Musa ibni Cəfər (ə) ölüm yatağında olan insanın yanına gəlir. Orada olanlar Həzrətdən ölümün həqiqətinin izah etməyini istəyirlər. Həzrət belə cavab verir: “Ölüm bir növ hesablaşma vasitəsidir ki, möminləri günahdan pak edir. Bu aləmin axırıncı narahatlığıdır. Günahların axırıncı kəffarəsidir. Halbuki, kafirləri nemətlərdən ayırır. Bu can verən insan bütün günahlarından paklanıb, xalis olub. Çirkli paltarı yuyaraq, pak etməyə bənzəyir. O da hal-hazırda buna layiq görülmüşdür. Biz Əhli-Beytin (ə) cavidan saraylarındadır”.
Ölüm möminlər üçün daha geniş aləmlərə köçməkdir. Ancaq bu köçmək heç bir insan üçün asan deyildir. Çünki ruhu uzun illər onun bədəninə öyrəşmişdir. Bu ona bənzəyir ki, dişini çəkirlər, təbii ki, sonra rahatlaşırsan. Ancaq dişini çıxaran an ağrılı olur.
Bəzi hədislərdə oxuyuq: “İnsan üçün üç gün dəhşətli gündür. Biri dünyaya gələndə, biri öləndə ki, ölümdən sonrakı həyatı müşahidə edirsən, biri də məhşərə daxil olanda”.
Bu dünyaya xüsusi əlaqələri olan insanların başqa aləmə köçməsi çətin olur. Eyni zamanda o kəslər ki, dünyada çox sayda günahlar işlətmişdilər, ölüm anı onlar üçün dəhşətli və ağrılı olur.
Bəli, ölüm haqdır. Bir gün sənin də sorağına gələcəkdir. Belə ki, Quran buyurur: “Pərvərdigarına ibadət et ki, (ölüm) mütləq sorağına gələcəkdir”. (“Hicr” surəsi, 99).
İnsan öz həyatında nəyi inkar etsə də, ölümü inkar edə bilməz. Çünki, ölüm nəhayət bizim də qapımızı döyəcək və özü ilə aparacaqdır. Quran dəfələrlə bu məsələni vurgulamışdır ki, insanlar öz aqibətləri haqqında daha dərindən düşünsünlər. Özlərini bu yola hazırlasınlar.
Hazırladı: Məşhədi Xanım
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar