Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran oxuyarkən qrammatik səhvlər buraxanın arxasında namaz qılmaq

1. Namaz qıldığım məscidin imamı Fatihə surəsini oxuyarkən səhvlər edir, hərəkələrdə (saitlərdə) səhvlərə yol verir. Bu da ayələrin mənasının dəyişməsinə gətirib çıxarır. Onun arxasında namaz qılmaq səhih sayılırmı?

. Tanıdığım bir məsciddə camaat hamısı birlikdə yüz dəfə Allahın adını zikr edərək 'Ya Lətif' kəliməsini 100 dəfə təkrar edirlər. Bu da bildiyim qədəriylə münkər bir bidətdir.


Cavab:

Həmdü-sənalar Allaha məxsusdur.

Əgər namazda camaata imamlıq edən və yaxud özü imamın arxasında namaz qılan bir şəxs Fatihəni oxuyarkən ayələrin mənasını dəyişəcək surətdə xətalar edərsə onun namazı etibarsız (batil) hesab edilir. Çünki, Fatihə surəsi namazın ərkanlarından bir ərkandır, deməli həmin kəs Fatihə surəsini doğru-düzgün oxumalı və düzgün qaydada oxumağı öyrənməlidir. Çox cəhd etdikdən sonra Fatihə surəsini düzgün oxumağı bacarmazsa, bilmək lazımdır ki, Allah Təala heç bir nəfsi bacardığından çox yükləməz. Lakin Fatihə surəsində xətalara yol verən həmin şəxs camaata imam durursa, onun arxasında yalnız özü kimi eyni, bənzər durumda olanlar durmalı, ya da Fatihə surəsini oxumaqda ondan daha az qabiliyyətli olan kəslərdən başqası durmamalıdır.

Ən-Nəvəvi, Allah ona rəhmət etsin, demişdir: “Quran oxuyarkən qrammatik xətalara yol verən şəxsin namazda imamlıq etməsi məkruhdur. Lakin məsələnin daha ətraflı şərhə ehtiyacı var. Əgər onun etdiyi xətalar ayələrin mənasını dəyişmirsə, məsələn “əl-həmdu lilləh” kəliməsində yanlış saitləri işlədirsə, bu halda onun namazı, eləcə də namazda ona tabe olanların namazı səhihdir, etibarlıdır. Lakin Quran oxuyarkən ayələrin mənasını dəyişirsə, məsələn “ən`amtə” (ikinci şəxs) əvəzinə “ən`amtu” (birinci şəxs) deyirsə, onun namazı etibarsızdır. Məsələn, “siratal mustəqim” əvəzinə “sıratal mustəqin” söyləyirsə namazı batildir. Əgər bunu lazımi şəkildə oxumağı öyrənməyə imkan varsa, bu halda mütləq bunu etməlidir, lakin bunu etməyə imkanı yoxdursa və bunun üçün vaxt çatmırsa, bu halda namazı qılmalı və sonradan qəzasını qılmalıdır, lakin bu cür şəxsə namazda tabe olmaq icazəli deyil.

Ancaq, öyrənə bilmirsə (dili ilə söyləyə bilmirsə) və yaxud öyrənmək üçün kifayət qədər vaxt yoxdursa, buraxdığı xətalar Fatihədə isə, bu halda onun kimi digərlərinin, yəni onun arxasında namaz qılanların namazı səhihdir, lakin düzgün qiraəti olan şəxslər onun arxasında namaz qılırsa, bu savadlı şəxsin savadsız şəxsin arxasında namaz qılmasına bənzəyir (yəni, namaz səhih deyil). Əgər bu xətalar Fatihədə deyil başqa surələrdə isə onun namazı səhihdir, eləcə də onun arxasında qılanların namazı səhihdir. Rəudat ət-Talibin (1/350)

İbn Qüdamə, Allah ona rəhmət etsin, demişdir: “Əgər savadsız bir şəxs digər savadsız bir şəxsə və savadlı şəxsə namazda imamlıq edirsə, savadlı şəxs namazını təkrar qılmalıdır”-savadsız şəxs Fatihə surəsini oxumağı bacarmayan, surənin digər hissəsini yaxşı oxusa belə Fatihə surəsinin bir hissəsini doğru oxumağı bacarmayan və ya Fatihə surəsinin bir hərfini yanlış tələffüz edən kəsə deyilir. Quranı yaxşı oxuyan kəs bu cür şəxsin arxasında namazda durmamalıdır, lakin özünün vəziyyətində olan digər şəxslər onun arxasında namaza dura bilərlər.

Sonra davam edərək deyir: “Fatihə surəsini tələffüz etməyi bacarmaması səbəbindən kimsə Fatihə surəsinin hərflərindən birini buraxırsa və yaxud bunun əvəzinə başqa hərf oxuyursa, məsələn nitqində qüsur səbəbindən “ğayn” hərfini “ra” ilə əvəz edən şəxsin misalında olduğu kimi; və ya bir hərfi digər hərfə ixtisar edirsə; və ya ayələrin mənasını dəyişəcək şəkildə qiraətində qrammatik səhvlərə yol verirsə, “iyyəkə” kəliməsində yanlış sait işlədərək bunun əvəzinə “iyyəki” söyləyirsə və yaxud “ən`amta” əvəzinə “ən`əmtu” deyirsə və bunu düzəltməyi bacarmırsa-bu cür şəxs savadsız şəxs timsalındadır və savadlı şəxs namazda onun arxasında durmamalıdır, lakin bənzər durumda olan şəxslər bir-birinə namazda imamlıq edə bilər. Çünki, onların hər ikisi savadsızdır, deməli biri digərinə namazda imamlıq edə bilər, müəyyən bir işi yaxşı bacarmayan iki nəfərin misalında olduğu kimi. Lakin qiraətdə müəyyən qədər düzəliş etməyi bacarırsa, bununla belə səhvləri düzəltmirsə, bu halda onun namazı səhih deyil və eləcə də, onun arxasında namaz qılanların namazı da etibarsız hesab edilir.

Həmçinin deyir: Quran oxuyarkən qrammatik səhvlər buraxıb bununla belə ayələrin mənasını dəyişməyən kəsin camaata namazda imamlıq etməsi məkruhdur. Bu barədə İmam Əhməd söyləmişdir, lakin Quran oxuyarkən səhvlərə yol verməyən şəxsə imamlıq edə bilər, çünki həmin şəxs qiraətin vaciblərini ödəmişdir. Fatihə surəsindən başqasında ayələrin mənasını dəyişirsə bu o demək deyil ki, onun namazı etibarsızdır və ya namazda digərlərinə imamlıq etməməlidir. Qəsdən etməsi halı bundan istisnadır, bu halda hər iki tərəfin namazı batil olur.

Əgər yol verilən xətalar ayələrin mənasını dəyişmirsə, onun arxasında namaz qılmaq icazəlidir, lakin doğru qiraəti ona öyrətmək vacibdir. Əgər onun yol verdiyi səhv Fatihə surəsindən başqa bir şeydə isə, onun namazından savablar azalır, lakin batil etmir, bununla belə sözsüz ki, düzgün qiraəti olanın arxasında namaz qılmaq daha yaxşıdır və səlahiyyət sahibləri camaata namazda imamlıq etmək üçün bu cür nadanları bu iş üçün təyin etməməlidirlər, əks halda onların qazandıqları günahlardan onların da payı olacaqdır. Bax. əl-Muğni, 3/29-32

Daimi Heyətin alimləri belə demişdir:

...Lakin, xəta edərsə, onun xətası qrammatik baxımdan olub ayələrin mənasını dəyişmirsə, bu halda əgər mümkün olarsa qrammatik xətalara yol verməyən bir kəsin arxasında namaz qılmaq daha yaxşıdır. Ancaq, onun Fatihə surəsində yol verdiyi xətalar ayənin mənasını dəyişirsə bu halda onun arxasında qılınan namaz batildir. Çünki, “iyyəkə nə`budu” əvəzinə “iyyəki nə`budu” və ya “ən`əmtə `aleyhim” əvəzinə “ən`əmtu `aleyhim” söyləyərək səhvlər edir. Ayələri lazımi şəkildə əzbərləməməsi səbəbindən səhvlər buraxırsa, bu halda Quranı əzbərdən daha yaxşı bilən kəs namazda camaata imamlıq etməyə daha layiqdir.

Elmi Tədqiqatlar və Fətvalar üzrə Daimi Heyət (2/527)

Şeyx Əbdüləziz ibn Bəzə, Allah ona rəhmət etsin, belə bir sual ilə müraciət edirlər:
Quran oxuyarkən qrammatik səhvlər buraxan bir imam var və bəzən Quran ayələrini oxuyarkən hərflər əlavə edir və yaxud naqis oxuyur. Onun arxasında namaz qılmağın hökmü nədir?

Cavab: Əgər onun buraxdığı xətalar ayələrin mənasını dəyişmirsə onun arxasında namaz qılmaqda heç bir yanlışlıq yoxdur. Misal üçün “əl-həmdu lilləhi Rabbil a`ləmin” kəliməsində “Rabbi” əvəzinə “Rabbə və yaxud Rabbu” söyləyirsə bunda bir xəta yoxdur. Və yaxud “Rəhmani” əvəzinə “Rəhmanu” söyləyirsə. Lakin onun yol verdiyi səhvlər mənanı dəyişirsə, ona öyrətdikdə faydalanmırsa insanlar onun arxasında namaz qılmasınlar. Məsələn, “iyyəkə nə`budu” əvəzinə “iyyəki nə`budu”, və ya “ən`əmtə `aleyhim” əvəzinə “ən`əmtu a`leyhim” söyləyirsə. Bununla belə ona öyrətdikdə bunları qəbul edib düzəliş etdikdə qiraətini düzəldirsə, onun arxasında namaz qılmaq səhihdir. Hər bir halda müsəlmanın üzərinə düşən vəzifə budur ki, həm namaz, həm də digər məsələlərdə qardaşına öyrətsin. Çünki, müsəlman müsəlmanın qardaşıdır, səhv edərsə ona yol göstərir, cahildirsə onu öyrədir, Quran oxuyarkən xəta edərsə onu düzəldir.

Məcmu Fətəvə “İbn Bəz” (12/98-99)

İkinci: Yüz dəfə Ya Lətif kəliməsini təkrarlamaq məsələsinə gəldikdə, sözsüz ki, müsəlman bir kəs bunu öz-özünə söyləyirsə bu bidətdir. Çünki, bu cür etdikdə bu kəlimə heç bir məna daşımır-bu Allaha çağırışdır- lakin yaxşı bundan sonra nə gəlir? Həmin kəs Rəbbindən bir şey istəyirmi? Bundan sonra Rəbbini tərif etmək istəyirmi? Xeyr, belə deyil. Əgər bunu camaat şəklində edirlərsə bu da başqa bir bidətdir.

Ən doğrusunu Allah bilir.


Tarix: 03.04.2013 / 22:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Maraqlı melumatlar
loading...