Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və Mübarizə

Zeynəb xanım (ə) körpə uşaqlıq anlarını Mədinə divarları arxasında və cəddi Peyğəmbərin (s) yaninda keçirdiyi anlarda bəlkə ağlına belə gəlmirdi ki, nə zamansa tarixdə zahirən bir-birinə uyğun gəlməyən qadın və mübarizə sözlərini özündə birləşdirəcək, ölmüş müqəddəs qadın simalarına təzə nəfəs verəcək, qadın olmasına baxmayaraq, Kərbala meydanında öz övladları ilə birgə İslam düşmənlərinə qarşı mübarizəyə qalxacaq, özünün müqəddəs dini və hədəfi uğrunda hər şeyindən keçməyə hazır olacaq, Adəmdən Xatəmə nümunəsi olmayan Kərbəla karvanının sarbanına, qadın olmasına baxmayaraq, bu hadisədə yetim qalmışların pənahqahına çevriləcək. Bəzən keçmişə nəzər saldıqda bu üstün xüxusiyyətləri bir kişidə tapmaq çox çətin olur. Amma Zeynəb xanım, bunları özündə birləşdirərək mübarizə qəhrəmanı olan bir qadın simvolunu yaratdı, qadına olan baxışları və kor zehinlərdə formalaşan tilsimləri sındırdı, öz mübarizəsi ilə qadını ev dustaqlığından azad edərək tarixin onlara da ehtiyacı olduğunu göstərdi. O, bu mübarizəsi ilə bir daha sübüt etdi ki, Kərbəla səhnəsində misilsiz qəhrəmanları da böyüdən bu zərif varlıqdır. Şamda Yezidin sarayında etdiyi söhbətləri ilə bir daha sübut etdi ki, mübarizə təkcə kişilərə aid deyil. Yezid kimiləri xəlifə olarsa, imanlı və mübariz qadınlar yaralı aslana çevrilib dünyanın cisminə öldürücü zərbə vurmağa qadirdirlər. İman və təqvaları zülmün sərhədlərini aşaraq Allaha görə mübarizəyə qalxarlar, bütün dağ yüklü müsibətlərə baxmayaraq gözəllikdən başqa heç nə görmədiklərini qəlbən etiraf edərlər. Bununla göstərirlər ki, Allah onları yaradanda, məqsədi müqəddəs və uca olmuşdur. Allahın hikməti haqqında şəkk edən yalnız kor fitrətli Yezid kimilərdir. Onları yaratmamışdir ki, səhnədə həmişə zəif və mənfi tərəfi ifa etsinlər. Bəlkə Allah qadını yaradanda ona elə bir ruh bağışlamışdi ki, hətta Kərbəla şahının şəhidlik tacını başına qoymağa kömək etsin. Allahın xırda bir sərhədini belə aşmadan onlarda olan qabiliyyət və məharətlərini dünyaya çatdırsın.
Zeynəb xanım vəfasız Kərbəla çölündə əlinə qılınc və qalxan alıb döyüşmədi. Onun qılınc və qalxanı sahib olduğu mübarizə üslubu idi. Əgər o, müqəddəs qadın təcəssümü olmasaydı, nizə başında Quran oxuyan insandan bizə bir xəbər belə yetişməzdı. Susardı və sönərdi o başın nurundan can alan İslam dininin qurumuş bədəni. Abbasın adı Fərat çayının kənarında dəfn olunardı, Kərbəla adını tarixin qədim eksponatlar saxlanılan muzeylərində də tapmaq olmazdı. Amma indi Kərbəlanın və Zeynəb xanımın bütün həyatımızın yaşam tərzində təsiri var. Nə qədər ümidsiz olsaq da, dünya bizə arxa çevirsə, susuz çöldə tənha qoysa və dünya dosları bizi düşmənə təslim etsələr də, bu səhnə bizə həmişə Allaha görə yaşamaq dərsini öyrədir. Bizlər üçün Zeynəbsiz (ə) Kərbəlanı, Abbassız (ə) Hüseyni (ə), Səccadsız (ə) isə heç birini təsəvvür etmək mümkün deyil. Bu ilahi ilham sahibləri, Kərbəla çölünü gülüstana çevirən cənnətdən qopmuş gül ləçəkləri idilər. Bir müddət bu dünyada yaşadıqdan sonra Ondan gəldikləri üçün Ona da qayıtdılar.


Tarix: 03.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar
loading...