Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kədər Də Yerində... Qəm Də Yerində...

Biz insanıq və demək ki, heç bir insani xüsusiyyət bizə yad deyil.
Biz sevinirik və qəmlənirik.
Allah heç birimizə kədər nəsib etməsin!
Amma kədəri ürəyə həddən ziyadə yaxın qoymaq nə dərəcədə düzgündür?

Qəmlə bağlı mübarək dinimizin ikili buyuruşu var.

Bir tərəfdən qəmli olmaq pislərir.
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “İnsan bütün gününü başqa dərd-qəm, qayğı ilə deyil yalnız Allah Sübhənahu və təalanı fikirləşməklə keçirərsə, Allah onun bütün ehtiyaclarının öhdəsindən gələr, qayğısına qalar və onu narahat edən hər bir şeyi həll edər. Allah təala həmin qulun qəlbini boşaldar ki, qəlbi yalnız Ona qarşı sevgi ilə dolsun, dilini azad edər ki, dili yalnız Allahı zikr etsin və onun bütün əzalarının Allaha itaət etmək üzrə çalışmasına səbəb olar.
Lakin qul bütün gününü başqa şey deyil yalnız dünyanı fikirləşməklə keçirərsə, Allah dünyanın sıxıntısı, qəm kədəri, təlaşı və ağrılarını daşımağa onu vadar edər; Allah təala onu öz başına tərk edər
Misal üçün, Həzrət İsa peyğəmbərdən (ə) nəql edirlər: «Çox qəmli olanın bədəni xəstə olar».
Yaxud, Həzrət Əlidən (ə) nəql edirlər: «Qəm-kədər qocalığın yarısıdır».
Digər hədisdə Həzrət Əlidən (ə) nəql edirlər: «Qəm bədəni əridər».
İmam Cəfər Sadiq (ə) buyurur: «Xəstəliklər bədənin naxoşluğu olduğu kimi, qəm-qüssələr də qəlbin naxoşluğudur».
Böyük İslam Peyğəmbərindən (s) nəql edirlər: «Nə çoxdur özündən sonra uzun qəm-qüssə qoyan bir anlıq, keçici istək və ləzzətlər».

Bu – həmin qüssələrdir ki, dinimiz onların mövcudluğunu pis hesab edir, onları insan üçün ziyanlı sayır. Müvəqqətiliklə bağlı, nəfsani məqamlarla bağlı məsələlərin törəməsi olan qəm-qüssəni dinimiz bəyənmir.

Bununla yanaşı, biz qəm, qüssə, kədərlə bağlı dinimizin digər baxış bucağını da görürük.
Qəmlənməli, kədərlənməli yerlərə aid baxışını görürük.

Əbu Bəsir nəql edir: «Əhli-beyt (ə) ardıcıllarından biri ilə İmam Cəfər Sadiqin (ə) yanına gəldik. O Həzrətə ərz etdim: «Sənə fəda olum, ey Allah Rəsulunun övladı! Mən (bəzən) səbəbini bilmədən qəmgin və qüssəli oluram». İmam Sadiq (ə) buyurdu: «O qəm və şadlıq bizdən sizə yetişir.
Əgər bizə bir qüssə və ya şadlıq üz verərsə, sizə də çatar. Çünki, biz (Əhli-beyt) və sizlər (ardıcıllarımız) Allahın nurundanıq»».
Burada qəm və kədərin, sevinc və şadlığın bir başqa açılışını görürük.
Bunun təbiəti mübarək olanda, insanı vücudi inkişafa aparır, Allaha yaxınlaşdırır.
İmam Sadiqdən (ə) nəql edirlər: «Bizdən ötrü narahatlıq keçirən və bizə edilən zülmə görə qəmli olan kimsənin nəfəs çəkməyi (Allaha) təsbih və ibadətdir».

Allahım!
Bizi həqiqi hüzn və həqiqi sevinc fəlsəfəsini dərk edib yaşadanlardan, ibadət və itaətlərində ixlaslı olanlardan, Sənin nəzər saldığın bəndələrdən, İmam Hüseyn (ə) əzadarlarından qərar ver!
Cəmi iman əhlinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən qərar ver! Qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Maraqlı melumatlar
loading...