Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allaha və elçisinə itaət

Allaha və Rəsuluna (elçisinə) itaət edin.
Uca, şanlı, xeyir, bərəkət sahibi olan Allah təala buyurur: “(Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan” (Bəqərə, 119)

sonra buyurur: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar)” (Əl-Ənbiya, 107).

Allah təalanın Allaha və Rəsuluna itaət etməsi əmri haqqında nazil etdiyi Kitabında çoxlu ayələr vardır: “Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!”. Allahın elçisi və son peyğəmbəri Məhəmmədə (s.ə.s) itaət Allaha itaətdəndir: “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik” (Ən-Nisa (qadınlar) surəsi, 80).

Allaha və Rəsuluna itaət etmək və onların hökmünə təslim olmaq imanın şöbələrindən (növlərindən) biridir: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar” (ən-Nisa (Qadınlar) surəsi, 65)”, və Allahın rəhmət qapılarını açar: “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”( ən-Nisa (qadınlar), 64). ). Allahın peyğəmbərinin dəvətinə cavab vermək, Haqq olan Allahın dəvətinə cavab vermək kimi nəfslər və qəlblər üçün ən gözəl bir davranışdır. Bu hər bir nəfsin diri və sağlam olmasına təkan verir: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (əl-Ənfal (Qənimət) surəsi, 24)”. Allahın elçisi (s.ə.s) həqiqətin və bütün yaradılmışların xeyrini və gözəlliyini özündə cəmləmişdir: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab (Dəstələr) surəsi, 21)”.

Allah elçisinin (s.ə.s) bizə etdiyi əmrlərə və çəkindirdiyi qadağanlara itaət etmək vacibdir: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (Əl-Həşr (Toplanma) surəsi).

Əgər Məhəmməd peyğəmbər (s.ə.s) bir şeyi halal edirsə, o halaldır, əgər bir şeyi haram edirsə, o da haramdır. Onun haram etməsi, Allahın da haram etməsi deməkdir, halal etməsi də Allahın da halal etməsi deməkdir. Əgər Allah elçisi hansısa bir məsələyə peyğəmbərliyinin ilk vaxtlarında icazə vermişsə, sonra onu qadağan etmiş, yaxud da qadağan etdiyi bir şeyi sonradan əmr etmişdir. Bununla bağlı örnəklər çoxdur. Bu barədə Allahın izni ilə yazılarımızı davam etdirəcəyik.


Tarix: 12.04.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqlı melumatlar
loading...