Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quran Qadına Münasibeti Nece Deyişdi?

İslama qədər Qədim Çin, Hindistan, Roma və ərəb cəmiyyətlərində qadına çox pis münasibət olub. Bu dövrdə qadının cəmiyyətdə heç bir fərdi və ictimai hüququ yox idi. Hətta qadınların yaşamaq hüququ da kişilərdən asılı idi. Qədim Hindistanda qadınları həyat yoldaşları ilə bir yerdə yandırırdılar. Hətta bəzi cəmiyyətlərdə qida çatışmayanda qadınların ətini yeyirdilər. Ərəblər isə qız uşağı doğulanda kədərlənir, hətta diri-diri torpağa basdırırdılar. Bu barədə Qurani-Kərimdə belə yazılır: “Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görəsən körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq. Necə də pis mühakimə edirlər! («Nəhl» surəsi, ayə 59). Cahillik dövründə qız uşaqları övlad sayılmır, nəslin davamı oğlanlar hesab olunurdu. Hətta anaya övladı bir müddət özündə saxlayıb sonra azad edən qab kimi baxırdılar. Müqəddəs kitabların təhrif olunmuş qanunlarına əsasən, yəhudi dinində də qadın, qız abırsızlıq və rüsvayçılıq mənbəyi hesab olunurdu. Atəşpərəstlik dinində isə qadın insan yox, əşya adlandırılırdı. Qadın o qədər dəyərsiz idi ki, hətta danışmaqda, fikirləşməkdə və hərəkətlərində belə heç bir ixtiyar sahibi deyildi. Qadın Adəmi Cənnətdən məhrum edən, hələ də şeytanın əlindəki silah olan Həvvanın təmsili, təcəssümü hesab edilirdi. Dinlərin ən humanisti olan İslam dininin yaranması və Quranın nazil olmasından sonra cəmiyyətdə qadına münasibət dəyişdi.


İslamın yaranması ilə qız uşaqlarına münasibət


İslam dininin yaranması ilə ilk olaraq qız uşaqlarına ərəb cəmiyyətində münasibət dəyişdi. Qurani-Kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bilir, köhnə adətləri kökündən sarsıdır. İslam dini oğlanla qız arasında heç bir fərq qoymur, qızın dünyaya gəlişini Allahın əta etdiyi hədiyyə hesab edir. Hətta Qurani-Kərimdə qızın doğuluşu bir hədiyyə kimi qeyd olunur. «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir». («Şura» surəsi, ayə 49). İslamda buyurulur ki, «Qız övladlarını böyüdüb, onlarla yaxşı rəftar edənlər üçün qızları Cəhənnəm atəşinin müqabilində sədd olacaq və valideynlərini qoruyacaqlar». İslam Peyğəmbəri (s.ə.s) qadınlara hörmət etməklə, xüsusilə də qızı Fatiməyə (ə) ehtiram göstərməklə cahiliyyət dövrünün xurafi adət-ənənələrini məhv etmişdir. Peyğəmbər (s.ə.s) buyurur: «Öz qızlarınızı yaramaz (xoşagəlməz) saymayın! Həqiqətən, qızlar insanın ən gözəl və qiymətli ünsiyyət simvoludur». İslam Peyğəmbəri (s.ə.s) qızı Fatiməyə (ə) ehtiram etməklə başqalarına nümunə olmuşdur. O, başqa bir yerdə də buyurur: «Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin! Oğlanlara, yaxud qızlara hədiyyə verməkdə tərəddüd edərsinizsə, bu zaman qızları tərcih edin!». Beləliklə, İslam dini qız uşaqlarına münasibəti dəyişdi, onların hüquq və vəzifələrini müəyyən etdi.

İslamın qadına verdiyi hüquqlar

İslamda qadın müqəddəslik və paklıq rəmzi, xeyir-bərəkət sahibi kimi tanındığı üçün misilsiz qiymət və hörmətə layiq görülür. Hər hansı bir qadının dəyəri, həmin cəmiyyətin dəyəri deməkdir. Qadına, onun saysız-hesabsız xidmətlərinə və kamalına dəyər vermək, əslində, cəmiyyətin bütün təbəqələrini qiymətləndirmək deməkdir. İslamın hüquq sistemində ailə ocağının dolanışığını təmin etmək məsuliyyəti kişiyə aiddir. Qadın isə dolanışığını təmin etmək dərdindən xilas olmuşdur. Qadın beləcə ailə vəzifələrini yerinə yetirmək və övladlarını tərbiyə etmək fürsətini əldə edir. Nikahın bağlanmasından sonra qadın kişinin üzərində maliyyə haqqı qazanır. Yəni evin kişisi yoldaşının dolanışığını və rifahını təmin etmək və ona aliment ödəmək vəzifəsini boynuna götürür. Kişi, həmçinin mehr adlı bir miqdar mal və mülkü qadının təşəbbüsünə və mülkiyyətinə buraxır. Kişi evlənərkən maddi imkanları çərçivəsində razılaşaraq qadına mehr verir. Cahiliyyət dövründə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müstəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır». Quran həm də kişilərlə yanaşı, qadına da irs hüququ verdi. «Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür».


İslamda boşanma

Qurani-Kərimdə nikah bağının kişinin əlində olması bəyan edilmişdir. Qadının sosial cəhətdən zəif, psixoloji baxımdan daha çılğın, tez qərar verən, ehtirasa daha tez qapılan və daha emosional olması nəzərə alınmışdır. İslam dini boşanmaq mövzusunda da onların hər ikisi üçün məxsusi hüquqlar müəyyənləşdirmişdir. İslam dini boşanmaq hüququnu kişilərə versə də, qadınlara da müəyyən yollar və üsullarla evliliyi ləğv etməyə haqq, hüquq verir. Əgər ərlə-arvad ayrılacaq olarlarsa, Allah hər birini fəzl və kərəmi ilə (təmizliyi, ləyaqəti ilə) ehtiyacdan azad edər. Allahın lütf və inayəti genişdir. O, tam bir hökm və hikmət sahibidir. («Nisa» surəsi , ayə130). Peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) boşanmaq haqqında belə demişdir: «Talaq Allah nəzdində ən sevimsiz halal və mübahdır», «Evlənin, amma boşanmayın. Çünki Allah zövqünə düşkün kişi və qadınları sevməz». İslam hüququ boşanmanın bütün hallarını nəzərə almış və qadınlara xırdalıqları ilə izah etmişdir. Boşanmaq İslam dinində evlilik davam etməzsə, baş vurulan son çarədir. Allah Quranın «Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın...» «Bəqərə» surəsinin 231-ci ayəsiylə, insanlara qadınları boşadıqları zaman gözəlliklə buraxmalarını bildirmişdir. Evlənərkən, ya da evləndikdən sonra bir-birlərinə qarşı necə sevgi və hörmət bəsləyirdilərsə, bu əxlaqlarını boşanma əsnasında da qoruyarlar. Boşanma aralarında mübahisəyə, ya da incikliyə səbəb olmur. Qarşı tərəfi çətinliyə salan, narahat edən hərəkətlər etməkdən çəkinirlər. Allah Quranın başqa bir ayəsində boşanılan qadınlara qarşı göstərilməli olan əxlaqı bu şəkildə bildirmişdi: «Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur. Belə olduqda onlara bir şey verib gözəl tərzdə sərbəst buraxın!» («Əhzab» surəsi, ayə 49).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 223 Bölmə: Maraqlı melumatlar
loading...