Bütün məxluqat Allaha möhtacdır. Allahın isə onlara ehtiyacı yoxdur. Uca Allah dua etməyi bəndələrinə vacib buyuraraq demişdir: Mənə dua edin Mən də sizin duanızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar alçaldılmış halda cəhənnəmə daxil olacaqlar. (Ğafir (Mumin): 60).
Dua etməyi öz təkəbbürünə sığışdırmayanların cəzası budur.
Peyğəmbər (s.a.v) demişdir: "Kim Allahdan istəməzsə, Allahın ona qəzəbi tutar". Uca Allah Ondan istəməkdən əlavə bəndəsinin duasına sevinir. Dua edib yalvaranları daha çox sevir və onlara daha yaxın olur.
Peyğəmbərin (s.a.v) səhabələri bunu hiss edib, ən kiçik bir şeyi Allahdan istəməyə utanmazdılar. Onlar Allaha o qədər bağlanmışdılar ki, hətta başqa insanlardan da heç nə istəməzdilər. Bu, onların Allaha, Allahın da onlara olan yaxınlığının nəticəsi idi. Örnək isə uca Allahın bu ayəsidir: {Bəndələrim səndən Mənim barəmdə soruşsalar de ki, Mən yaxınam.} (əl-Bəqərə: 186). Duanın Allah yanında çox yüksək məqamı vardır. Dua Allahın ən çox dəyər verdiyi ibadətdir. Dua qəza-qədəri də dəyişə bilər. Müsəlmanın duası məqbuldur. Təbii ki, səbəblərdən düzgün istifadə olunduqda və maneələr götürüldükdə dua məqbul olar. Peyğəmbərin r dediyinə görə, dua edən insana bunlar verilər: "Bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah bu duası ilə ona üç şeydən birini bəxş edər: Ya duası tez qəbul olunar, ya axirətə savab kimi saxlanılar, ya da duasının mislində bir pisliyi ondan uzaq edər." Səhabələr dedilər: "Əgər belədirsə, biz daha çox dua edək?" Peyğəmbər (s.a.v) dedi: "Allah da sizə daha çoxunu verər!" (Əhməd və Tirmizi).
Duanın növləri: Dua iki növdür; 1. İbadət olan dua: Məsələn, namaz, oruc və s. 2. İstəmək və tələb etmək duası:
Əməllərin bir-birindən üstünlüyü:
Quran oxumaq daha üstündür, yoxsa zikr və ya dua? Quran oxumaq mütləq mənada əməllərin ən üstünüdür. Sonra zikr və tərif, sonra isə dua və tələb. Bu ümumi baxımdan deyilən sözdür. Amma bəzən üstünlüyü az olan əməl kənar səbəblərə görə, digər əməldən daha üstün ola bilir. Məsələn, ərəfa günü dua etmək Quran oxumaqdan daha üstündür. Fərz namaz qurtardıqda namazdan sonra oxunan zikləri oxumaq Quran oxumaqdan daha üstündür.
Duanın qəbul olunması üçün səbəblər:
Duanın qəbul olunması üçün zahiri və batini səbəblər vardır:
1.Zahiri səbəblər:
Dua etmədən öncə sədəqə, dəstəmaz, namaz, qibləyə tərəf yönəlmək, əlləri qaldırmaq, Allaha Ona layiq olan tərzdə tərif demək, dua edib, istədiyinə uyğun olaraq, Allahın ad və sifətləri ilə istəmək kimi saleh əməllər etmək lazımdır. Əgər duada cənnət istənilirsə, bu zaman Allahın lütf və rəhmətini dilinə gətirəcək. Əgər zalıma qarşı dua edirsə, duasında ər-Rəhman, əl-Kərim adlarını deyil, əl-Cəbbar, əl-Qahhar adlarını çəkməlidir. Digər saleh əməl duanın əvvəlində, ortasında və sonunda Peyğəmbərə salavat demək, öz günahlarını etiraf etmək, Allahın nemətlərinə şükr etmək, şəriət dəlillərində duaların qəbul olunma ehtimalı qeyd olunan fəzilətli vaxtlarda dua etmək.
Belə vaxtlar çoxdur;
*Gün ərzində: Allahın dünya səmasına endiyi gecənin son üçdə birində, azan və iqamə arasında, dəstəmazdan sonra, səcdədə, namazda salamdan öncə, namazlardan dərhal sonra, Quranı xətm etdikdə, xoruz banlayanda, səfərdə, məzlumun duası, möhtacın duası, valideynin övladı üçün etdiyi dua, müsəlmanın digər müsəlman qardaşı üçün qeybən etdiyi dua, döyüş zamanı düşmənlə üz-üzə gəldikdə edilən dua.
*Həftədə: Cümə günü, ələlxüsus cümə gününün son saatında.
*Ayda: Ramazan ayında iftar və suhur zamanı. Qədr gecəsi. Ərəfa günü.
*Müqəddəs məkanlarda: Bütün məscidlərdə, Kəbənin önündə, İbrahim Məqamında, Səfa və Mərva dağları üzərində, Ərəfatda, Müzdəlifədə, həcc günlərində Minada, zəmzəm suyu içəndə və s.
2.Batini səbəblər: Duadan öncə sadiq tövbə etmək, haqqını tapdaladığı adamın haqqını qaytarmaq, yemək, içmək, geyim və məskən işlərində paklığı və halallığı qorumaq, itaəti çoxaltmaq, haramlardan çəkinmək, şübhə və şəhvətlərdən uzaq olmaq, duanı ürəkdən etmək, Allaha tam inanmaq, güclü ümid və Allaha bağlılıq sahibi olmaq, təvazökarlıq, duanı təkrarlamaq, duanın qəbul olunub-olunmamaq ixtiyarını tam şəkildə Allahın öhdəliyinə buraxmaq, Ondan başqasına ümidli olmamaq.
Duanın qəbul olunmasına mane olan amillər:
Ola bilər insan dua etsin amma duası qəbul olunmasın, yaxud gec qəbul olunsun. Bunun bir çox səbəbləri ola bilər məsələn: Allah ilə yanaşı, başqasından istəmək. Duada təfsilata varmaq. Məsələn, cəhənnəmin istisindən, sıxıntısından, qaranlığından sığınmaq. Halbuki bu təfsilata ehtiyac yoxdur, təkcə cəhənnəmdən sığınmaq yetərlidir. Müsəlmanın özünə və ya başqasına qarşı etdiyi haqsız dua. Günah iş və ya qohumluq əlaqələrinin kəsilməsi üçün edilən dua. Duanı Allahın istəyi ilə bağlamaq. Məsələn, dua edərkən "Allahım istəyirsənsə, məni bağışla" – demək. Duanın qəbul olunması üçün tələsmək. Məsələn, "dua etdim amma duam qəbul olunmadı" – demək. Yorulub və ya həvəsdən düşüb duanı tərk etmək. Qeyri-ciddi və qafil qəlblə dua etmək. Allahın qarşısında ədəb-ərkana əməl etməmək. Peyğəmbər (s.a.v) bir kişinin namazda ona salavat demədən dua etdiyini eşitdi və dedi: "bu insan tələsdi". Sonra onu yanına çağırıb, həm ona həm də digərlərinə dedi: "biziniz dua edəndə ilk olaraq Allaha həmd-səna ilə başlasın, sonra Peyğəmbərə (s.a.v) salavat desin, sonra isə istədiyi duanı etsin." (Əbu Davud, Tirmizi).
Hökmü verilmiş bir iş üçün dua etmək. Məsələn, dünyada əbədi yaşamaq üçün dua etmək. Həmçinin duanın sözlərini çətin və məşəqqətli (hecaların bir-birinə uyğunluğunu tamamlayan) ifadələrlə edib, özünü çətinliyə salmaq. Uca Allah buyurur: (s.a.v) Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! (əl-Əraf: 55). İbn Abbas (r.a) deyir: "Məşəqqətli (hecaların bir-birinə uyğunluğunu tamamlayan) ifadələrlə edilən duadan uzaq olun. Çünki mən Peyğəmbərin və səhabələrinin belə etdiklərini görmüşəm. Yəni onlar, belə duadan yalnız uzaq durardılar." (Buxari). Həmçinin duanı çox yüksək səslə etmək. Uca Allah buyurur: Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! (əl-İsra: 110) Aişə (r.a) deyir: "Bu ayə dua haqqında nazil edilmişdir".
Dua edənin duasını bu tərtibatla qurması müstəhəbdir:
Birinci: Həmd-səna ilə başlamaq.
İkinci: Peyğəmbərə (s.a.v) salavat demək.
Üçüncü: Tövbə edib günahını etiraf etmək.
Dördüncü: Allahın nemətlərinə şükr etmək.
Beşinci: Duaya başlamaq. Duanı ümumi sözlərlə, xüsusən də Peyğəmbərdən (s.a.v)və ya sələfdən rəvayət olunan sözlərlə etmək.
Altıncı: Duanı Peyğəmbərə (s.a.v) salavatla bitirmək.
Tarix: 11.04.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 686 Bölmə: Maraqlı melumatlar