Ən vacib məsələlərdən biri də insanları bir-birinə isindirəcək şeylərin nələr olduğunu araşdırmaqdır. Çünki, bu əlaqələrin vəziyyətinə əsasən cəmiyyətlərin sağlam və ya çürük olması ortaya çıxır. İslam qardaşlığı dünyadakı müsəlmanları bir-birinə bağlayan ən uca vasitədir.
Bu gün dünya vəhşətdən və döyüşdən təmizlənmiş, insanların bir-birinə gözəl bir şəkildə davrandığı xoş bir həyatın bütün imkanlarını təmin edən, əminamanlıq içində yaşanılan xoşbəxt bir həyat axtarışındadı. Bu və buna bənzər bütün məsələlər ancaq və ancaq iyrənc cahiliyyə təəsübünə boyun əyməkdən, zalımlıqdan və düşmənlikdən tamamilə uzaq olan İslam əqidəsinin yayılması, yer üzündə əsas götürülməsi və İslam qardaşlığının ortaya çıxmasıyla mümkündür.
İslam Kölgəsində Hərtərfli Qardaşlıq
İslam günəşi doğunca İslam kölgəsi altında hərtərəfli qardaşlıq başladı. Quran bizə bu anlayışı öyrədən və ona çağıran bir üslubla nazil oldu. Quran sadəcə bir milləti həmsöhbət etmədi. Əksinə iman kimi uca mənəvi ünsürlərə xidmət edən ortaq ifadələrlə mümkün olduqca bütün insanlığın onun sancağı altında toplanmalaını istəyərək səsləndi. ”Ey iman gətirənlər! Allahdan layiqincə qorxun.” (Ali- İmran,102 )
“Ey iman gətirənlər! Əgər doğurdan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan (faizdən) vaz keçin!”
Və ya “Ey insanlar” ifadəsi kimi ümumi bir ləfzlə, ancaq dilə dəlalət edən məsələnin bütün insanlara işarət etdiyi bir üslubla səsləndi:
“Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı (quranı) gətirdi” (Nisa / 170)
“Ey insanlar !(Bu Məhəmməd ) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir.” ( Nisa / 174)
“Ey insanlar! biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan ) yaratdıq. (Hucurat / 13)
Quran dil, cins fərqliliklərinə baxmayaraq bütün insanlara səslənməkdə, onları Allaha iman etməyə dəvət etməkdə, sonra da iman ifadəsiylə də onlar içərisindən mömin olanlara səslənməkdədir. Bax bu gözəl nida bütün insanları tək simvol altında bir-birinə bağlamaqda və onları tək bir hədəfə yönəltməkdədir. Bu ipdən tutmaqla digər kiçik iplər və kinlərin, döyüşlərin səbəbi olan təbəqəçilik anlayışı ortadan qalxar.
Həqiqətən də, “Həqiqətən, möminlər (dində) qardaşdırlar.” (Hucurat / 10) ayəsində olduğu kimi quranda yer alan açıqlamalara görə dil və cins fərqliliklərinə baxmayaraq bütün möminlər qardaşdırlar. İman qardaşlığı bütün möminləri bir-birinə bağlayan bir səbəbdir. Ayrıca, bu səbəb qan, rəng, dil və başqa digər cahiliyyə dövrünün səbəblərindən daha güclü bir səbəbdir. Çünki, bu iman qardaşlığı, dini inancdan qaynaqlanan bir şeydir. Bu inanc isə könüllərdə cahilliyyə dövrünün xəyallarda canlana biləcək qardaşlıq əlaqələrindən daha sağlam bir şəkildə qurulmuş və kök atmışdır. Çünki, bu inanc, özünə bağlananların bu dünyadan daha gözəl olan başqa bir dünyanı təsəvvür etmələrini təmin edir. Beləcə, mənsubları əzabdan qorxaraq və savab umaraq hesab vermək şüuruna sahib olurlar.
Uca Allah isə iman qardaşlığını kamil bir imandan ibarət də saymır. Əksinə, geniş olan mərhəmətinə insan olmağın nəticəsi olaraq, tam itaət məsələsındə küfrə düşürməyəcək keyfiyyətlə günahlar işləmək surətiylə üst səviyyələrdən alt səviyyələrə düşən səxsləri də daxil etmişdir. Bax bu səbəblə Uca Allah yuxarıda keçən ayənin sonunda belə buyurmuşdur: ”Buna görə də qardaşlarınızın arasını düzəldin.” (Hucurat / 10)
Beləcə, hücüm edən və zülmə uğrayan qismi iman məsələsində bizə qardaş etmişdir və “Ancaq, hər kimin qardaşı (öldürülənin vəlisi) tərəfindən bir miqdar bağışlanarsa, artıq (tərəflər) ədalətlə hərəkət etməli və (öldürən) ona (gərəkən diyəti) gözəlliklə ödəməlidir” (Bəqərə / 78) ayəsində də öldürülənin vəlisini qatilə qardaş etmişdir.
Həqiqətən də, Məhəmməd (s.a.s)`in bu hədisində də döyuşən iki qrup da müsəlman hesab olunmuşdur.
“Mənim bu oğlum seyiddir.(1) Gözlənilir ki, Allah onun vəsiləsiylə (döyüşən) iki müsəlman qisminin arsını düzəltsin.” (2) Muaviyyə (r.a)`nin xəlifə olması üçün Həsən (r.a)'in xilafətdən çəkilməsi vəsiləsiylə Uca Allah, İraq və Şam xalqının arasını düzəltmişdir. (3)
Uca Allah, aralarındakı düşmənlikdən sonra könüllərini bir-birinə bağlamaq surətiylə onlara təqdim etdiyi ehsanla din qardaşlığını sağlamlaşdırmışdır. Bu məslədə uca Allah belə buyurmaqdadır: ”Hamınız birlikdə Allahın ipindən möhkəm yapışın; parçalanmayın. Allahın sizə olan nemətini xatırlayın. O zaman ki, siz bir-birinizə düşmən olarkən o sizin könüllərinizi birləşdirmişdi, onun neməti sayəsində qardaş kimsələr olmuşdunuz.” (Ali İmran / 103) Uca Allah, cahilliyyə dövründə qalan övladlığa götürmək işini qadağan etdikdə, (çünki, bu cür övladlığa götürülənlər əsl atalarına nisbət olunmurdular) övladlığa qəbul edilənlərin, ağalarına dindən dolayı qardaş olduqlarınıbəyan etmişdir. Bu məsələylə bağlı olaraq Allahın bu ayətində iman qardaşlığını qüvvətləndirmə vardır: Onları (övladlığa götürdüklərinizi) atalarına nisbət edərək çağırın. Allah yanında ən doğrusu budur. Əgər atalarının kim olduğunu bilmirsizsə, bu təqdirdə onları din qardaşlarınız və qoruduğunuz insanlar olaraq qəbul edin” (Əhzab 5) Kölənin öz ağasına qardaş olması səbəbiylə bu vəziyyət uca əxlaqın zirvəsi sayılmaqdadır. Bu İslamdan əvvəl insanlığın çata bilmədiyi bir səviyyədir. Güclü bir Allah inancı olmadan könüllərdəki yer üzündə üstünlük arzusunu və təkəbbürlüyü silib atmaq çox çətindir. Belə ki, bu iman ,könüllərdəki arzuları izləyir və nəfislərin həva və təmayülləriylə toqquşsa belə, onları Allaha boyun əyməyə yönəldir.
Həmçinin, Allah (c.c) qeyri müslimlərdən iman edib İslamın vacibatlarını yerinə yetirən şəxslər üçün də din qardaşlığı haqqını təmin etmişdir. ”Fəqət tövbə edər, namaz qılar və zəkat verərlərsə, artıq onlar sizin qardaşlarınızdır. (Tövbə / 11)
Bu şəxslərin daha əvvəllər bütləri müdafiə etmələri və İslama düşmənlikləri, onların qardaşlarımız olaraq qəbul edilmələrinə maneçilik törətmir. Çünki İslamiyyət özündən əvvəlkiləri silir. Bax bu da bu dinin əhatə etdiyi üstun əxlaqa və yolunun doğruluğuna dair bir nümunədir. İnkar edən insan inkar etdiyi müddət daxilində İslam və möminlər üçün düşmən olaraq qalır. Xüsusən də inkarında müqavimət göstərən şəxslər inadkar bir hal nümayiş etdirirlər. Bir çox belə şəxslər bəlkə də müsəlmanların bir çox əziyyət və sıxıntılara məruz qalmasına səbəb olmuşlar.
İslamiyyət də müsəlmanlara bu şəxslər üçün qəlblərində bəslədikləri kin və intiqam almaq hissini dərhal atmalarını, bunun yerinə onları Allah üçün sevməyi və onlara qarşı din qardaşlığının bütün vacibatlarını yerinə yetirməyi zəruri etməkdədir. Bu gözəl əxlaqın İslamın xaricində başqa bir dində, nizamda tam olaraq gerçəkləşməsi mümkün deyil. Çünki, qəlblərdəki qərəzləri silib təmizləyəcək və izini tamamilə siləcək, bunun yerinə mərhəmət duyğusunu qoyacaq yeganə varlıq Allahdır.
Allah Rəsulu (s.a.s) zamanında həyata keçən yaşayış da bu mənanı dəstəkləməkdədir. Bu məsələdəki ən gözəl örnəklərdən biri də Ümeyr bin Vəhb əl-Cumahinin müsəlman olmağına dair nəql edilən xəbərlərdir ki, bu şəxs müsəlmanların ən qatı düşmənlərindən olub, onun Peyğəmbərə (s.a.s.) düşməncə hərəkətləri olmuş, özünü Peyğəmbəri öldürməyə və bunun üçün planlar qurmağa sövq etmişdir.
İbni-İshaq bu məsələylə əlaqədar xəbərləri açıqlayərkən belə demişdir: ”Mənə Urvə ibni Zübeyrdən nəqlən Muhamməd ibni Cəfər ibni Əz-Zübeyr belə rəvəyət etmişdir: Bədr döyüşündə Qureyşlilərin başına gələnlərdən qısa bir müddət sonra Ümeyr ibni Vəhb əl-Cumahi Safvan ibni Ümeyyə ilə birlikdəHicr deyilən yerdə oturdular. Ümeyr ibni Vəhb Qureyşin "şeytan tükü" daşıyanlarından biri olub Məkkə dönəmində müsəlmanların özündən çox sıxıntı çəkdiyi və Peyğəmbərə çoxlu əziyyət verən bir şəxs idi. Həmçinin, oğlu da Bədr döyüşünün əsirləri arasında idi .
Bədr döyuşündə iştirak edənlər və onların başlarına gələnlərdən söhbət edilərkən, Safvan: ”Vallahi onlardan sonra həyatın heç bir mənası yoxdur”dedi.
Ümeyr: ”Vallahi doğru deyirsən. And içirəm ki, ödəməyim gərəkən bir borcum və məndən sonra pərişan olmaqlarından qorxduğum bir ailəm olmasaydı, miniyimə minib düz Məhəmmədi öldürməyə gedərdim. Çünki, oğlumun əllərində əsir olmasından dolayı onlardan almalı olduğum bir qisasım var.”
Bunu fürsət bilən Safvan: ”Borcunu mən ödəyərəm, ailən həyatda olduğu müddətcə də ailəmlə birlikdə onlara mən baxaram və köməklik göstərərəm. Heç bir şey mənim onları himayə etməyimə mane ola bilməz, çəkindirə bilməz.
Ümeyr: ”O halda bu iş aramızda bir sirr olaraq qalsın.” Safvan: ”Dediyini olduğu kimi edəcəyəm.”
İbni İshaqın nəql etdiyinə görə; Ümeyr bundan sonra qılıncının gətirilməsini istədi. Qılıncı yaxşıca itiləyib zəhərlədikdən sonra yola çıxıb Mədinəyə çatdı. Hz. Ömər (r.a) bir qrup müsəlmanla birlikdə Bədr döyüşündə Allahın onlara və düşmənlərinə göstərdiklərindən bəhs edərkən, birdən qılıncını qurşanmış, narahat bir halda məscidin qapısında dəvəsini çökdürən Ümeyr ibni Vəhbi gördü və dedi: ” Bu it, Allahın düşməni Ümeyr ibni Vəhbdir. Vallahi, pislik etməkdən başqa bir şey üçün gəlməmişdir.
Daha sonra Ömər (r.a) Rəsulullah (s.a.s)`ın hüzuruna gəlib: ”Bu Allahın düşməni Ümeyr b.Vəhb olub qılıncını qurşanmış narahat bir halda gəlmişdir.”- deyəndə Rəsullah (s.a.s): ”Onu yanıma gətirin”-dedi.
Ömər (r.a).Ümeyrin qılıncının kəmərini boğazına dolayıb yaxasına yapışdı və yanında olan Ənsara : ”Peyğəmbərin yanına daxil olun və onu bu pis adamdan qoruyun” – dedi. Daha sonra Ümeyri Peyğəmbər (s.a.s)`in hüzuruna gətirdi.
Allahın Rəsulu, Hz Ömər (r.a)`i Ümeyrin boğazına qılıncının kəmərini dolamış bir halda gördükdə: “Ey Ömər, onu burax, ey Ümeyr sən də yaxınlaş“ dedi.
Ümeyr yaxınlaşıb: ”Sabahınız xeyirli olsun” dedi.
Bu salamlama üsulu cahiliyyə dövründən qalma salamlama üsulu idi. Buna qarşılıq olaraq Allahın Rəsulu: ”Ey Ümeyr, Allah bizə sənin salamından daha gözəl olan Cənnət əhlinin salamını ehsan etdi.” deyə buyurdu.
Ümeyr: ”Vallahi,Sən bu salamı təzə çıxartmısan, elə deyilmi?!
Allahın Rəsulu (s.a.s): ”Səni buraya gətirən nədir?”
Ümeyr: "Bu əsir üçün gəldim. Mənə onun barəsində yaxşılıq edin."
Allahın Rəsulu (s.a.s): ”Madam ki, belədir, bəs boynundakı bu qılınc nədir belə?
Ümeyr: ”Allahın çirkin gördüyu qılınclardan bir qılıncdır. Bizə bir faydası olubmu ki?!”
Allahın Rəsulu (s.a.s): ”Ey Ümeyr, mənə qarşı dürüst ol, səni buraya gətirən nədir?”
Ümeyr: ”Mən bura sadəcə bunun üçün (əsir oğlunu göstərərək) gəldim.
Allahın Rəsulu (s.a.s): ”Əksinə, sən və Safvan ibni Ümeyyə Hicr deyilən yerdə oturmuşdunuz, Qureyşdən Bədr döyüşundə iştirak edənlərin vəziyyətindən şikayətləndiniz, sonra sən: ”Ödəməyim gərəkən bir borcum və məndən sonra onlar üçün narahat olacağım bir ailəm olmasaydı Məhəmmədi öldürmək üçün yola düşərdim” – dedin. Safvan da məni onun üçün öldürməyinin əvəzində borcunu və ailənin məsuliyyətini öz üzərinə götürdü. Vallahi, Allah mənimlə etmək istədiyiniz şey arasında əngəl olmaqdadır.
Ümeyr: ”Mən sənin Allahın Rəsulu olduğuna şəhadət edirəm. Ya Rəsulallah, biz səma ilə gətirdiyin xəbərləri və sənə enən vəhyləri yalan sayırdıq. Sənin anlatdığın bu hadisəni mən və Safvandan başqa heç kim bilmirdi. İndi bilirəm ki, sənə bunu ancaq Allah xəbər verdi. Məni İslam hidayətinə yetişdirən və bu axışa qovuşduran Allaha həmd olsun!
Sonra səmimi bir şəkildə kəlmeyi–şəhadət gətirdi. Bundan sonra Allahın Rəsulu (s.a.s)-“Qardaşınıza dinini öyrədin, ona quran oxudun və onun xətrinə əsirini sərbəst buraxın”- dedi.
Peyğəmbər (s.a.s)`in dedikləri eyniylə yerinə yetrildi. ”(4)
Müsəlman olmadan əvvəl İslamın və müsəlmanların ən amansız düşmənlərindən biri olaraq qarşımıza çıxan Ümeyr ibni Vəhb qısa bir müddətdə möminlər üçün bir qardaş oldu və ona qarşı müsəlmanların içindəki düşmənlik və kin tezliklə silinib getdi. Bax bu İslamın ucalığının bir göstəricisi və İslamın ilahi bir din olduğunun dəlillərindən bir dəlil sayılmaqdadır. Çünki, bəşəri səylərlə keçmişdən gələn qəlbdə kök salmış olan kinləri bu qədər tez bir şəkildə silib atmaq olduqca çətindir.
Peyğəmbər (s.a.s)`in, müsəlman olmadan əvvəlki dönəmlərində İslamın ən qatı düşmənlərindən və inkarçıların ən cəsur ürəklilərindən olan bu iki şəxsi İslam ordusuna rəhbər olaraq təyin etməsi isə, daha çox heyrət verici bir hadisədir.
Şübhəsiz ki, səhabələrin bu uca əxlaqı mənimsəmələri, Allaha iman yolunun Allahın metoduna uyğun bir şəkildə qəlblərə yerləşdiyi zaman qədər təsirli olduğunun sübutudur. Nöqsanlardan uzaq və uca olan Allah Qurani-kərimdə müsəlmanların özlərindən daha əvvəl olan səhabə qardaşlarına bağlı olaraq qəlblərində daşıdıqları hisləri izah etmiş və bu məsələyə dair belə buyurmuşdur: ” Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!" (Həşr /10) Burada hədəfi bir etmək və qəlbləri birləşdirmək nöqtəsində iman qardaşlığından daha üstün bir prinsip yoxdur. Bax bu rənglərin, dillərin və cinslərin fərqliliklərinə baxmayaraq, əsil insanların ətrafında həlqə qurduğu uca bir mövzudur və onlar bu uca mövzu ətrafında həlqə qurarkən naxoş cahiliyyə əlaqələrini həqir və lazımsız olaraq görürlər. Qaldı ki, bunlar daha əvvəllərdə müqəddəs, tənqiddən uzaq və təhrifi mümkün olmayan şeylər idi. ”Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla.” (Həşr / 10) ayəsindəki uca duada müsəlmanların keçmişləri ilə gələcəkləri arasında olması gərəkən ahəng və təkamüllə bağlı Allahın bir istiqamətləndirməsi vardır. Buna görə də keçmiş (tövhid üzrə olan) nəsillər din qardaşlarımızdırlar. Hər nə qədər aramızda fiziki bir qarşılaşma və tanışlıq gerçəkləşməyibsə də bütün ruhlar Allah vasitəsiylə bir–birinə qovuşmaqdadır.
Bu isə, insanların öyrəşdiyi bir vəziyyətin xaricinə çıxmaq deməkdir. Çünki, insan bərabər yaşadığı, qaynayıb-qarışdığı insanlara qarşı bir yaxınlıq hiss edir. Ancaq, özündən daha əvvəl yaşamış olan və aralarında hissi əlaqə (ünsiyyət) olmayan kəslərə qarşı bir yaxınlıq hiss etməz. Fəqət Allaha iman edib onun qoyduğu yolu izləyən möminlər eyni yol uzərində, eyni nizam üzərindədirlər. Bu səbəbdən, bu dövrdə yaşayan insan yüz illər keçməsinə baxmayaraq Adəm ilə onun nəslindən gələn bütün möminlərlə özü arasında bir könül bağlantısı daşıyır.
Eyni zamanda bu insan, özündən əvvəl bu dinə mənsub olan və Allahın özlərinə verdiyi iti zəkalarla və əqli səlimlərlə özünə xidmət edib bu dini özünə tam bir ixlasla və sağlam bir şəkildə axtaran mömin qardaşlarının daha fəzilətli olduqları düşüncəsini daşıyır. Bu səbəbdən, onların məğfirətə nail olması üçün dua edir. Onların axirət yurduna köçdükləri üçün sadəcə bu gözəl duaya ehtiyac duyurlar. Bu isə gözəl əxlaqı öz cəmiyyətlərində həyata keçirilmələri və bu dini anlayış nöqtəsindəki istiqamətləndirmələri surətiylə, özlərindən sonra gələn nəsillərə təqdim etdikləri xidmətlərə əvəz olaraq ən gözəl təşəkkür ifadəsidir.
Allahın Rəsulu (s.a.s) isə bu qardaşlığa diqqətimizi çəkir və bununla əlaqədar olaraq belə buyurur: ”Ey Allahın qulları, qardaş olun!” (5). Bu isə, cəmiyyətdən uzaqlaşmaq və pis rəftarda olmaq kimi cəmiyyəti rəzilliyə aparan şeylərdən qoruyan sağlam bir əhddir.
Rəsulallah (s.a.s): ”Əgər rəbbimdən başqa dost (xəlil) seçsəydim, mütləq Əbu Bəkri seçərdim. Ancaq, onunla aramızda İslam qardaşlığı və onun sevgi bağlantısı vardır”.
"Bir başqa rəvayətdə isə "(bu ümmətdən ) Bir dost seçməli olsaydım, Əbu Bəkri dost seçərdim. Ancaq, İslam qardaşlığı dostluqdan daha çox üstündür".(6)
demək surətiylə bu qardaşlığın gücünü və dərinliyini izah etmişdir. Peyğəmbər (s.a.s) sağlam əlaqələrin və ünsiyyətin qurulmasını təmin etmək məsələsində din qardaşlığını özüylə (s.a.s) Əbu Bəkr (r.a) arasındakı münasibəti örnək verərək açıqlayır. İslamda Rəsulullah (s.a.s)`la Əbu Bəkr (r.a) arasındakı münasibətdən daha güclü bir münasibət yoxdur. İman qardaşlığının fərdin inkişafında məsuliyyətləri çox zaman “müsəlman müsəlmanın qardaşıdır” sözündə də olduğu kimi, bu cür təbirlərlə ifadə etmiş, sonra da bu İslam qardaşlığı üzərində tam düzgün gedişata bağlı bəzi uca istiqamətləndirmələr bina etmişdir. Bu məsələdə bunları demişdir: ”Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və onu həqir görməz.-Üç dəfə qəlbini işarət edərək –bax ,təqva burdadır. Müsəlmana pislik olaraq öz qardaşını təhqir etməsi bəs edər.Hər bir müsəlmanın digər müsəlmana qanı, malı və namusu haramdır”(7)
“Sizlərdən biri özü üçün istədiyini din qardaşı üçün də istəmədiyi müddətcə tam olaraq iman etmiş olmaz .”(8)
Yuxarıda keçən örnəklərdən Peyğəmbər (s.a.s)`in İslam qardaşlığına nə qədər yüksək əhəmiyyət verdiyini və buna nə qədər diqqət yetirdiyini anlayırıq. Necə ki, bu da İslam cəmiyyətinin gedişatının islahı və ortaq hədəf olan “ilayi-kəlimətullah” hədəfi istiqamətindəki idarəsində bəhrələrini vermişdir. Və nəhayət bu gerçəkləşmiş və bütün dünya cəmiyyəti adil İslam idarəsi altında ədalətin və mərhəmətin şahidi olmuşdur.
(1)Nəvəsi Həsən (r.a)`i nəzərdə tutmuşdur.
(2) Buxari, Kitabul-Fitən: 1 / 109.
(3)Əhli-sünnə vəl-Camaat inancına mənsub olan bir kəs işlədiyi günahlar səbəbiylə kafir sayılmır. Buna əks olaraq eyni qibləyə yönəldiyi halda böyük günah işləyəni kafir sayan Xaricilərlə, böyük günah işləyəni "əl-mənzilətu bəynəl-mənziləteyn" (cənnətlə cəhənnəm arasında) sayan mötəziləyə etibar etmərik. Əhli Sünnəyə görə; böyük günah işləyənin imanı əksikdir, ancaq qardaşdır
(4)Sirətu İbni Hişam cild 2, səh 337
(5)Buxari, Kitabul-Fəraiz 2; Müslim, Kitabul-Birr 23.
(6)Buxari, Kitabu Fədailus-Səhabə 3-5 s.
(7)Müslim, Kitabul-Birr 32.
(8)Buxari, Kitabul-İman 13.
Tarix: 11.04.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 614 Bölmə: Maraqlı melumatlar