Bir çoxları suruşurlar ki, ölümdən sonrakı aləm də bu dünya kimidir? Yoxsa fərqlidir? Cavabında demək olar ki, bir çox şahidlərimiz vardır ki, o aləmin bu aləmlə çox fərqli olduğunu təsdiq edir. Yaxşı olar ki, bunu ana bətnində olan vəziyyətlə müqayisə edək. Ana bətnində olan uşaq bayırdakı həyat haqqında nə isə öyrənmək istəsə, Ayı, Günəşi, dalğaları və tufanı görmək istəsə, bunu edə bilməz. Çünki heç kim ana bətnində bu şeyləri görə bilməz. Bu dünyanın məhdudluğu başqa cahanın genişliyi ilə müqayisə edilə bilməz. Ona görə də biz heç bir zaman o biri aləmin nemətlərini dərk edə bilmərik, bu, mahal və qeyri-mümkündür.
Belə ki, Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Behiştdə elə nemətlər vardır ki, heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş və heç kimin ağlına gəlməmişdir”. Quran buyurur: “Heç kim bilməz ki, onlara etdikləri əməllərin əcri olaraq göz aydınlığı olan necə şeylər gizlədilib-saxlanmışdır”
(“Səcdə” 17)
O aləmin qanunları da bu aləmlə fərqlidir. Məsələn, Qiyamət günündə insanın əməlləri, əl və ayaqları, hətta dəriləri belə şahidlik edərlər. Quran buyurur: “Bu gün ağızlarını möhürlərik. Onların əlləri Bizimlə danışar, ayaqları da etdiklərinə şahidlik edər”.
(“Yasın” 65).
“Onlar öz dərilərinə deyərlər: “Nə üçün bizim əleyhimizə şahid keçdiniz?” Deyərlər: “Hər şeyi dilə gətirən Allah bizi dilə gətirirdi, O, sizi ilk dəfə yoxdan yaratdı və siz Ona tərəf qaytarılacaqsınız”.
(“Fussilət” 21).
Bəli, bunları təsəvvür etmək çox çətindir. Ancaq həqiqətdir. Biz bu həqiqətə bir xəyal kimi baxırıq, onun əhəmiyyət və xüsusiyyətini dərk edə bilmərik. Ancaq bu qədərini bilsək yaxşı olar ki, o dünyanın mükafat və cəzası həm maddi olacaqdır, həm də ruhi olacaqdır. Çünki məadın iki tərəfi vardır. Quran buyurur: “İman gətirən və saleh əməllər edən kimsələrə bəşarət (müjdə) ver ki, onlar üçün (ağaclarının) altından arxlar axan bağlar vardır. O bağların məhsullarından ruzi verildikləri zaman: “Bu daha bundan əvvəl bizə verilmiş olan ruzidir”, - deyəcəklər. Həm də onlara bir-birinə bənzəyən (nemətlər) gətirilər, orada onlar üçün (hər cəhətdən) pak-pakizə olan zövcələr də vardır. Onlar orada əbədi qalacaqlar”.
(“Bəqərə” 25).
“Allah mömin kişilərə və mömin qadınlara altından arxlar axan bağlar və (həmişəlik) cənnətlərdə gözəl məskənlər (verməyi) vədə vermişdir. Allahın razılığı daha böyükdür. Bu isə böyük səadətdir”.
(“Tövbə” 72).
Bəli, o biri dünya bizim üçün məchul olsa da Qurani-Kərim bizə onun haqqında yetərincə məlumat vermişdir. Ancaq onu təsəvvür etmək bizim imkanlarımızdan xaricdir. Qiyamət günü yaxşı əməllərimiz bizi sevindirsin, inşallah və biz vədə olunmuş behiştə daxil olaq.
Tarix: 05.06.2013 / 21:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar