Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (II hissə)

İslam dininin xüsusiyyətləri və digər özəllikləri haqda anlayış

Şəriət: Allahın, Peyğəmbəri Məhəmmədə nazil etdiyi əqidə və gündəlik həyatda zərüri olan hökmlərin adıdır.
Bu hökmlər doğruluğu və düzgünlüyünə görə saf su mənbəyinə bənzədilərək şəriət adlandırılmışdır. Həqiqətən, insan həyatı susuz mövcud ola bilməyəcəyi kimi, nəfslərin islah olunması və yaşayışı, ağılların qidası və sağlamlığı da bu şəriət qanunlarıdır.

İslam şəriətinin xüsusiyyətləri çox və müxtəlifdir. Bu, onun şərəfinin, mövqeyinin ucalığına və şəninin yüksəkliyinə dəlalət edir.
Bu xüsusiyyətləri çoxluğuna görə əhatə etmək mümkün deyil, amma bunların daha əhəmiyyətlilərini göstərmək olar və onlar aşağıdakılardan ibarətdir:

1)Rəbbaniyyə:

İslam şəriətinin ilk özəlliyi onun Rəbbani olmasıdır.
Burada Rəbbaniyyə dedikdə iki şey nəzərdə tutulur:
Birincisi: Həqiqətən, bu şəriət Rəbb (Allah) sübhənəhu və taala tərəfindən nazil edilmişdir. O, Allahın peyğəmbərlərinin sonuncusu Məhəmmədə vəhy etdiyi şəriətdir. Bu şəriət heç bir məxluqun uydurması deyildir. Allah taala bunu təsdiqləyərək buyurur:
(Əlif, Lam, Ra! Bu, ayələr hikmət sahibi və hər şeydən agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır.) (Hud: 1).
(Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!) (Yunus: 57).
Peyğəmbərin bu şəriətdəki rolu sadəcə olaraq onu əyrilikdən qorumaq, sonra isə onu təbliğ etmək və aydınlaşdırmaqdır. Bu haqda Allah taala buyurmuşdur:
(Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!) (əl-Maidə: 57)
Başqa bir ayədə isə belə buyurmuşdur:
(Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!) (ən-Nəhl: 44).
İslam şəriəti dünyada yeganə din və şəriətdir ki, onun mənbəyi yalnız Allahın vəhyidir. Bu din artırıb-əksiltmədən mühafizə edilən, tam və kamil olan, Allah kəlamıdır. Bu haqda Allah taala buyurmuşdur:
(Şübhəsiz ki, Quranı Biz nazil etdik və, sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əksiltmədən) qoruyub saxlayacağıq!) (əl-Hicr: 9).
Buna görə də İslam şəriəti ən yüksək kamillik, şamillik, rəhmət və ədalət kimi vəsf olunur. Çünki bu şəriəti nazil edən, məxluqatı yaradan və onların işlərinin sahibi, cəlal və kamal sifətləri ilə vəsf olunan Allahdır. O, hər bir naqislik, eyib, cahillik və nəfsinə uymaqdan pakdır. O, bəşər övladını tərbiyələndirən, onlar üçün əmin-amanlıq, rahatlıq və xoşbəxtlik yaradan nə varsa onu biləndir. Həqiqətən, Allah insanı müəyyən bir məqsəd üçün yaratmış, onlara şəriət göndərmiş, sayğı göstərmiş və yaratdıqlarının çoxundan üstün etmişdir. O, verdiyi əmrlərində mərhəmətli, Öz hökmündə hakim, yaratdıqları üzərində qadir, işində alim olan və bəndələrinə rəhm edəndir.
İnsanlardan ancaq bu şəriəti qəbul etmək və ona əməl etmək tələb olunur. Bununla onlar üçün bu dünyada xeyir, axirətdə səadət və dəhşətli qiyamət günündə aman hasil olar.
Bu şəriətin möminlər yanında müqəddəsliyi, nəfsləri üzərində hakimliyi və qəlblərində qorxusu vardır. Heç bir süni nizam və ya quruluş bu şəriətə bərabər ola bilməz.
İkincisi: Bu şəriətin yüksək məqsədi və gözəl hədəfi Allahın rəhməti və razılığını qazanmaqdır. Onun qayəsi və məqsədi Rəbbanidir. Bu haqda Allah taala buyurmuşdur:
"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”" (əl-Ənam: 162-163).
Heç şübhə yoxdur ki, İslam şəriətinin qayə və hədəfləri bu dünyada bəndələr üçün gözəl həyat şəraiti yaratmaqdır. Amma diqqətlə fikir verdikdə görürük ki, həqiqətdə həmin bu qayə və hədəflər əzəmətli hədəfə və böyük məqsədə xidmət edir. Bu, Allahın razılığına və Onunla möhkəm bağlılığa nail olmaqdır. Hədəflərin hədəfi və qayələrin qayəsi elə budur.
İnsanın bu Rəbbani şəriətə əməl etməsi onun mənəvi, ruhi xoşbəxtliyinin mənbəyidir. Çünki o, göylərin və yerin Rəbbinin yolu ilə gedir və Onun razılığını qazanmağa can atır, bu dində olan hər bir şeyin Allahdan və hər şeyin Allah üçün olmasına iman gətirir.


Tarix: 08.05.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar
loading...