Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HİLALIN DÜŞÜNCƏLƏRİ

Qaranlıq bir gecə idi. Birdən gözüm nur kimi saçan bir məkana yönəldi. Bu məkan mənə tanış idi. Amma bu dəfə həmin məkanda yataqda həmişə gördüyüm sahibi deyil, qeyri bir insan uzanmışdı. Mən onu da tanıyırdım. Düşündüm. Əcəba, bir şey olmayıbmı? Bu yerdəyişmənin hikməti nə? Yatağa bir də diqqətlə nəzər salanda, gördüm ki, həmin yataq sevincindən yerə-göyə sığmır. Mən o yatağın hər zaman xüsusi məmnunluqla nur saçmasını müşahidə edirdim. İndi isə yataq sanki vəcdə gələrək, sanki özünün bir mühüm missiya daşımasının fərqində idi. Yataqda uzanan şəxsə baxdım. İlahi! Nə qədər oxşar mətanət! Nə qədər oxşar nuraniyyət! Necə də yatağın öncəki sahibinin bütün öyrətdiklərini mənimsəyib!

Bir də diqqətlə baxanda, yatağın ətrafında Allahın müqərrəb mələklərini gördüm. Onlar da buradadırlar. Deməli, yanılmamışam. Nə isə xüsusi bir şey baş verməkdədir. Budur: Həzrət Cəbrayıl yataqda uzananın başı üstündə, Həzrət Mikayıl isə ayaqlarının sağ tərəfində. Dayan, dayan. Bu nə səsdir?! Allahın bu əziz mələklərindən biri olan Həzrət Mikayıl yataqda uzanana xitabən: “Allah mələklər içində səninlə fəxr etdi!”, - deyir. “Deyəsən, dəqiq nə isə xüsusi olaraq baş verməkdədir”, - deyə düşündüm. Elə bu an məxsusi nuraniyyət bütün yeri-göyü burüyür. Aman Allah, bu nədir?! Bu nədir! İlahi vəhy nazil olur:

“İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır.

Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə”, 207)

Yox, artıq dözə bilmirəm. Nə baş verməkdədir?! Yatağın əsl sahibi haradadır?! Maraq hissi məni mələklərə tərəf aparır. Nə olub? Ey müqəddəs varlıqlar! Siz söyləyiniz mənə, Allah eşqinə!

Şükür. Nəhayət ki, mənə anlatdırlar. Sən demə, mənim gəlişimin gecəsi Allahın son Elçisi (s) düşmənlərin şərindən amanda qalmaq üçün Allahın əmri ilə Məkkəni tərk edib Mədinəyə hicrət edib. Özünə getmək buyurulub, canı mislində olan insanın isə vəzifəsi yatağında uzanmaq olub. Belə ki, düşmənlər ayıq düşməsin. Hə, indi anladım. Deməli, Həzrət Əli (ə) bu səbəbdən Həzrət Mühəmmədin (s) yatağındadır.

Aman Allah! Burada həyəcan məni bürüyür. Rəsulun (s) canı olan insan, özünü fəda etməyə hazır olub. Əziz Rəbbimiz bu fədakarlığı Öz ayələrində vəsf edib. Gözümü heyrət dolu göz yaşları bürüyür. Özümü birtəhər ələ alıb, Allahın müqərrəb mələklərindən soruşuram: “Yaxşı, bəs siz burada nə edirsiniz, ey Allahın müqərrəb mələkləri?!” - “Bizə Rəbbimiz tərəfindən xitab olundu ki, bizim ikimizin (Həzrət Cəbrayıl və Həzrət Mikayıl) arasında qardaşlıq qərar verilib. Bundan əlavə, birimizin ömrü digərindən uzun qərar verilib. Bizdən soruldu ki, hansımız hazırıq digərinə ömrümüzü verək. Hər ikimiz uzun ömür istədik. Buradaca bizə bu yerə, bu yatağa tərəf baxmağı buyurdular. Orada Həzrət Əlini (ə) gördük. Gördük ki, necə qardaşı Həzrət Mühəmmədin (s) yerində uzanıb və özünü onun üçün fəda etməyə hazırdır. Yerə enib onu düşmənlərdən qorumaq əmrini aldıq. Beləcə yerə endik”, - deyə cavab verirlər.

Mələklər mənə anlatdıqca, hansı bir nurani səhnənin şahidi olduğumu anlayıram. Anlayıram ki, Allahdan hicrət buyuruşu alan Həzrət Muhəmmədin (s) yatağında, düşmənləri çaşdırmaq üçün onun yerinə uzanıb, canını fəda etməyə hazır olan Həzrət Əlinin (ə) növbəti Allaha bəndəlik səhnəsinin şahidi olmuşam. Beləcə “Leylətul-məbit”in şahidi oldum. Besətdən düz 13 il sonra baş verən bir gecənin.

Bəli, salam olsun sizlərə, ey ümmət! Hər ildə bir dəfə sizlərə baş çəkərəm. Mənim gəlişimlə əzadar əhli qaradan çıxar. Mənim gəlişimlə məhərrəm-səfər əyyamı bitər. Mənim gəlişimlə “Leylətul-məbit”(“Yatmaq gecəsi”) insanların yadına düşər. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır. Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır” (“Bəqərə”, 207) ayəsinin nazil olma şəninin səbəbkarı olan insanın, öz canını fəda etməyə hazır olan insanın hekayətini insanlar təkrar-təkrar xatırlayaraq, fədakarlıq adına ucalan bu səhnədən vücudi bir zövq alarlar.

Hə, unutdum deyəm. Mən rəbiyül-əvvəl ayının hilalıyam.

Allah amanında qalın.

Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Maraqlı melumatlar
loading...