Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmana (r.a) irad tutulan müddəalar və iradlara cavablar

İlk olaraq Osmanın rəhbərliyinə irad tutulan müddəaların icmalını, daha sonra isə təfsilatını qeyd edəcəm:
1. Qohumlarının vəzifəyə təyini;
2. Əbu Zərin Rəbzə( Məkkə ilə Mədinə arasında yer adıdır. Mədinədən üç günlük yol məsafəsində yerləşirdi. ) adlı yerə sürgünü;
3. Afrikanın xüms-zəkatının Mərvan ibn əl-Həkəmə verilməsi;
4. Bütün Quran nüsxələrinin yandırılması və insanları yalnız bir Quran nüsxəsi üzərində cəm edilməsi;
5. Abdullah ibn Məsudun daxili orqanları zədələnincəyə qədər və Ammar ibn Yasirin qabırğaları sınana qədər döyülməsi;
6. Qoruqların çoxaldılması;
7. Səfərdə fərz namazlarının tam qılınması;
8. Uhud günü döyüşdən qaçmaq;
9. Bədr döyüşündə iştirak etməmək;
10. Ağac altında edilən "Rizvan" beyətində olmamaq;
11. Hörmüzanı ödürdüyünə görə Ubeydullah ibn Ömərdən qisas alınmaması;
12. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əbu Bəkrin və Ömərin vaxtında yalnız bir azan olduğu halda Cümə günü ikinci azanın əlavə edilməsi;
13. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mərvanın atası əl-Həkəmi sürgün etdiyi halda Osmanın onu geri qaytarması.
Bundan savayı digər iradlar da mövcuddur. Məsələn, deyirdilər ki, o, minbərdə Peyğəmbərin (s.a.v) dayandığı pillədə dayanırdı. Peyğəmbər (s.a.v) minbərin birinci pilləsində dayanardı. Əbu Bəkr xəlifə olanda ondan bir pillə aşağıda, ikincidə dayandı. Ömər də öz xilafətində Əbu Bəkrdən bir pillə aşağı, üçüncü pillədə dayandı. Osman isə xəlifə olanda birinci pilləyə çıxdı. Beləcə, o gündən bu günə qədər bu ənənə davam etməkdədir.
Həmçinin, deyirdilər ki, Ömər cəzalandırılanları çubuqla döyürdü. Osman isə xəlifə olandan sonra qamçı ilə döyməyə başladı. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən Əbu Dərdaya işgəncə vermişdi. Digər səbəblər də qeyd edilir, lakin bunların çoxu Osmana qarşı iftiradır. Uca və izzətli Allah ondan razı olsun!
Deyilən bəndlərin təfsilatı aşağıdakı kimidir:

Birinci müddəa: Qohumlarının vəzifəyə təyini:
Osmanın vəzifəyə təyin etdiyi qohumları kimlərdir?
Osmanın vəzifəyə təyin etdiyi qohumları aşağıdakılardır:
Birinci: Müaviyə;
İkinci: Abdullah ibn Səd ibn Əbussərh;
Üçüncü: əl-Valid ibn Uqbə;
Dördüncü: Səid ibn əl-As;
Beşinci: Abdullah ibn Amir.
Adı çəkilən beş nəfəri Osman vəzifəyə təyin etmişdi. Onlar onun qohumları idilər. Osmana qarşı olanların iddiasına görə, bu, onun mənfi cəhəti idi. Gəlin Osmanın (Allah ondan razı olsun) təyin etdiyi digər valilərə nəzər salaq:
Əbu Musa əl-Əşari, əl-Qa`qa ibn Amr, Cabir əl-Muzəni, Həbib ibn Məsləmə, Əbdürrahmən ibn Xalid ibn əl-Valid, Əbul Əvar əs-Süləmi, Həkim ibn Səlamə, əl-Əşəs ibn Qeys, Cərir ibn Abdullah əl-Bəcəli, Uteybə ibn ən-Nəhhas, Malik ibn Həbib, ən-Nəsir əl-İcli, əs-Saib ibn əl-Əqra, Səid ibn Qeys, Salman ibn Rabiə, Xuneys ibn Xubeyş.
Adı çəkilən şəxslər Osmanın (Allah ondan razı olsun) bölgələrdəki valiləridir. İlk baxışdan da görsənir ki, Osmanın vəzifədə olan qohumları qeyrilərindən sayca çox az idilər. Xüsusən də, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bənu Umeyyəni (əməviləri) başqalarından daha çox vəzifələrə təyin etdiyini nəzərə alsaq, Osmanın vaxtında onların çox az olduqlarını söyləyə bilərik.
Şeyxülislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "Qureyş qəbilələri arasında Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi işçilərin əksəriyyəti Bənu Umeyyə qəbiləsindən (əməvilərdən) idi. Çünki onlar həm sayca çox, həm də şərəfli və bacarıqlı idilər". (Minhacus sünnə" 6/192.)

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi əməvilərdən aşağıdakıları qeyd etmək olar: İtab ibn Useyd, Əbu Sufyan ibn Hərb, Xalid ibn Səid, Osman ibn Səid və Əban ibn Səid. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəzifəyə təyin etdiyi bu beş nəfər, Osmanın vəzifəyə təyin etdiyi əməvilərin sayı ilə eynidir.
Həmçinin bu valilər eyni vaxtda vəzifəyə təyin edilməmişdilər. Osman (Allah ondan razı olsun) Valid ibn Uqbəni vəzifəyə təyin etdikdən sonra, onu vəzifəsindən azad edərək əvəzinə Səid ibn əl-Ası təyin etmişdi. Onların beşi də eyni vaxtda vəzifəyə təyin edilməmişdi.
Həmçinin Osman vəfatından öncə Səid ibn əl-Ası da vəzifəsindən azad etmişdi. (Tarixut Təbəri" 3/445.)
Osman vəfat edəndə Bənu Umeyyəli valilərdən yalnız üç nəfər – Müaviyə, Abdullah ibn Səd ibn Əbussərh və Abdullah ibn Amir ibn Kureyz vəzifədə qalmışdılar. Abdullah ibn Amir də Osmanın vəfatından əvvəl öz vəzifəsindən imtina etmişdi.
("Tarixut Təbəri" 3/445.)
Burada diqqət ediləsi çox əhəmiyyətli məqam var. Osman (Allah ondan razı olsun) Valid ibn Uqbə və Səd ibn əl-Ası Kufə şəhərinin valiliyindən azad etmişdi. O Kufə ki, Ömər Səd ibn Əbu Vaqqası oranın valiliyindən azad etmişdi. Bu şəhər heç vaxt valilərdən razı qalmayıb.
Demək Osmanın o valiləri vəzifədən azad etməsi heç də valilərin təqsirinə görə deyildi. Əksinə bu adamların işdən çıxarılması həmin vilayətə ləkədir. Sonra gəlin görək, bu valilər öz işlərini layiqincə icra edirdilər, yoxsa yox?
Qarşıda elm adamlarının həmin valilər haqda söylədikləri müsbət rəylər qeyd olunacaq.
Həmçinin bu yanaşma ilə onu da demək olar ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz qohumlarını vəzifəyə təyin etmişdi. (Abbasın Abdullah, Ubeydullah, Qəsəm və Təmam adlı övladlarını, o cümlədən atalıq etdiyi Məhəmməd ibn Əbu Bəkri vəzifəyə təyin etmişdir. "Tarix Xəlifə ibn əl-Xəyyat" səh 200, 201.)
Lakin heç kəs ona bu iradı tutmadı. Əlbəttə ki, biz də bunu nə Osmana, nə də Əliyə irad tutmuruq.
Bir müsəlmanın digər müsəlman haqqında mütləq yaxşı zənn etməli olduğunu əsas götürərək Osman (Allah ondan razı olsun) kimi insanlar haqqında yaxşı fikirdə olmaq lazımdır.
İndi isə Osmanın təyin etdiyi valilərin tarixçəsinə baxaq görək, onlar necə insanlar olublar və alimlər bu valilər haqda nə deyiblər:
Birinci: Muaviyə ibn Əbu Sufyan;
Müaviyənin ən yaxşı valilərdən olması haqda heç bir müsəlmanda şübhə yoxdur. Hətta Şam əhalisi də onu çox sevirdi. Allah ondan razı olsun! Bu vəzifəyə onu Ömər ibn əl-Xəttab təyin etmişdi. Osman da onu olduğu vəzifədə saxlamış və bir neçə bölgəni onun səlahiyyətinə vermişdi.
Müaviyə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəhy yazan səhabələrindən idi. O, ən yaxşı valilərdən sayılırdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Ən yaxşı rəhbərləriniz sizi sevən və siz tərəfdən sevilən, sizin üçün dua edən və sizdən xeyir-dua alan rəhbərlərdir".
(Əbu Davud: kitab əl-hudud, Bab əl-Hukm fimən irtəddə, ? 4359.)
Müaviyə də belə rəhbərlərdən biri idi. Allah ondan razı olsun!

İkinci: Abdullah ibn Səd ibn Əbussərh;
O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən idi. Sonralar İslam dinindən üz çevirib Müseyləmətul Kəzzaba qoşulmuşdu. Çox keçmədən öz səhvini başa düşüb Allaha tövbə edərək yenidən Müsəlman oldu və Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət etmək üçün onun yanına gəldi. Osman dedi: "Ey Allahın Elçisi, onun beyətini qəbul et! Axı o, tövbə edərək qayıtmışdır". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun beyətini qəbul etmədi. O bunu iki-üç dəfə təkrar etdikdən sonra, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əlini uzadıb beyətini qəbul etdi. ( Əbu Davud: kitab əl-hudud, Bab əl-Hukm fimən irtəddə, ? 4359.)
O, həqiqi tövbə edib əməllərindən əl çəkdi. Hətta ən layiqli valilərdən oldu. Məhz Afrikanın fəthini həyata keçirən Abdullah ibn Səd ibn Əbussərh olmuşdur.
Zəhəbi onun haqqında belə demişdir: "O, işində həddini aşmamış, ittiham ediləcək bir iş tutmamışdır. Əksinə, o, ən ağıllı və cəsarətli insanlardan idi."
("Siyər ələm ən-Nubələ" 3/34.)

Afrikada baş tutan çoxsaylı fəthlər onun əli ilə həyata keçmişdi. Allah ondan razı olsun!

Üçüncü: Səid ibn əl-As;
O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ən sadiq səhabələrindən idi. Zəhəbi onun haqqında bunları demişdir: "O, şərəfli, qoçaq, sevilən, mülayim, təmkinli, əzmkar, aqil və xəlifəliyə layiqli insan idi."
( "Siyər ələm ən-Nubələ" 3/21.)

Dördüncü: Abdullah ibn Amir ibn Kureyz;
O, Sasani əyalətlərini və Xorasanı fəth edən validir. Farsların hökmranlığı Osmanın vaxtında bu valinin əli ilə süquta uğradı. O, Sicistan, Kirman və digər əraziləri fəth etmişdir. Zəhəbi onun haqqında deyir: "O, ərəblərin əzəmətli, şücaətli və lütfkar hökmdarlarından biri idi."
(Siyər ələm ən-Nubələ" 3/445.)

Beşinci: Valid ibn Uqbə;
Şəbi adlı alimin yanında Həbib ibn Sələmə və onun cihadda göstərdiyi igidliyi, fəthləri haqda danışıldıqda dedi: "Kaş ki, siz Validi, onun döyüşünü və rəhbərliyini görəydiniz!"
Valid ibn Uqbə Kufəyə beş il rəhbərlik etdi. Bu illər ərzində onun evinin qapısı olmadı. Kim istəyirdisə, maneə olmadan onun yanına gələrək istədiyini deyirdi. Camaat da onu sevirdi. Lakin necə deyərlər, "Bu camaat Kufə camaatıdır!" (Onlar daim narazılıq edərlər.).
Valib ibn Uqbəyə iki məsələdə etiraz edilmişdir:
Birinci: Deyirdilər ki, Quranın bu ayəsi onun haqqında nazil olmuşdur: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!"
(əl-Hucurat, 6.)
Təfsir kitablarında deyilən mötəbər rəyə əsasən, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Valid ibn Uqbəni Bənulmüstəliq qəbiləsinin sədəqələrini yığmaq üçün göndərmişdi. Deyilən yerə çatdıqda qəbilə adamlarının onun qarşısına çıxdıqlarını gördü və qorxub geri qayıtdı. Valid gəlib Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "onlar məni öldürmək istəyirdilər" – dedi. Bunu eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəzəbləndi və Xalid ibn əl-Validi ora göndərdi. Lakin bu ayə nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara məsələni dəqiqləşdirməyi əmr etdi. Məsələni dəqiqləşdirdikdə qəbilə adamları dedilər: "Biz onu öldürməyə gəlməmişdik. Biz sadəcə olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sədəqə xəbərinin gecikdiyini gördükdə, öz sədəqələrimizlə onun göndərdiyi adamın qarşısına gəldik."
İkinci: Deyirdilər ki, o sübh namazını sərxoş halda qılırdı. Bir dəfə sübh namazını camaata dörd rükət qıldırdı. Namazını bitirdikdən sonra üzünü camaata çevirib dedi: "İstəyirsiniz yenə də artırım". Camaat dedi: "Bu gündən sonra sən özün artıqsan." Sonra Osmanın yanına gedib şikayətləndikdə Osman onu sərxoşluq cəzası ilə şallaqlatmışdı. Hətta "Səhih Muslimdə" Osmanın sərxoşluq cəzası ilə onu şallaqlaması haqda səhih rəvayət mövcuddur.
(Müslim: Kitab əl-Hudud: ? 38.)
Valid ibn Uqbəyə etiraz edilən əsas işlər bu ikisidir. Birinci etiraza gəldikdə, bu məsələ təfsir kitablarında xatırlanan məşhur hadisədir. İmam Əhmədin Müsnəd kitabında həsən isnadla rəvayət olunur ki, bu ayə Valid ibn Uqbə haqda nazil olmuşdur. (Əhməd: 4/279.)
Lakin bu onun fasiq olduğu anlamına gəlməz. Çünki Allah təala hər bir xəbər gətirən haqda ümumi hökm vermişdir. Allah təala onu ayədə fasiq adlandırıbsa, bu o deməkdir ki, o, ömrü böyu fasiq qalmalıdır?
Allah təala Qurani Kərimdə buyurur: "İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin! Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!"
(Ən-Nur, 4-5.)
Elə fərz edək ki, bu ayə Valid ibn Uqbə haqda nazil olmuşdur. Məgər o, tövbə edə bilməz?!
Onun sərxoşluq etməsinə gəldikdə, ilk olaraq doğrusunu Allah bilir. Bu sözümlə "Səhihi Muslim" kitabını təkzib etmirəm. Bəli, onu içki içdiyinə görə çubuqlamışdılar. Lakin həqiqətən o içki içmişdi, yoxsa yox?! Bu başqa məsələdir.
Valid ibn Uqbə Kufəyə valilik etdiyi vaxtlarda iki nəfər kufəli Mədinə şəhərinə Osmanın yanına gedib dedilər: "Valid ibn Uqbəni bizə sərxoş halda Sübh namazı qıldırdığını görmüşük". Onlardan biri Validi sərxoş gördüyünü, digəri isə onun qusduğunu söyləmişdi.
Osman (Allah ondan razı olsun) dedi: "O, elə içdikdən sonra qusub."
Bu söhbətdə Əli (Allah ondan razı olsun), Əli ibn Həsən və Abdullah ibn Cəfər də var idi. Allah onlardan razı olsun! Beləcə, Osman, Valid ibn Uqbəni çubuqlamağı əmr edərək onu Kufə rəhbərliyindən azad etdi. Lakin bir çox elm adamları çubuqlama hadisəsinin doğruluğunda deyil, bu iki şahidin şahidliyində şübhə etmişlər. Bəli, doğrudur "Səhih Muslim"də də deyildiyi kimi onu çubuqlamışlar. Lakin qalır o iki şahid doğru şahidlik etmişlər, yoxsa yox?
Kim bu haqda daha geniş məlumata yiyələnmək istəyirsə, Muhibbiddin əl-Xətibin tədqiq etdiyi "əl-Əvasim Minəl Qəvasim" adlı kitaba müraciət etsin. Bu kitabda müəllif hadisədə deyilən iki şahidin şahidliyi haqda mənfi fikir söyləmiş və onların həqiqətən də etibarsız olduqlarını qeyd etmişdir. ("Əl-əvasim minəl qəvasim" səh 107-108.)
Tutaq ki, həmin hadisə öz təsdiqini tapır. Məgər bu, Osmanamı ləkə gətirir? Osman onun içki içdiyini eşidəndə, onu çubuqlayıb vəzifəsindən azad etdi. Məgər Osman səhv etmişdi?! Həqiqətdə o səhv etməmişdi. Əksinə, bu onun müsbət cəhətidir. Allah ondan razı olsun! O, öz yaxın qohumunu vəzifəsindən azad etmiş və çubuqlatmışdı. Həmçinin məgər Valid ibn Uqbə ömrü boyu xəta edə bilməz?! Biz artıq yazımızın əvvəlində qeyd etmişdik ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin günahsız (məsum) olmalarına əsla iddia etmirik. Ömər ibn Xəttabın vaxtında buna bənzər hadisə baş vermişdi. İbn Məz`un Allahın aşağıdakı ayəsini yozub, içki içdikdə Ömər ona həqiqəti başa salmış, sonra da onu vəzifəsindən azad etmişdi. İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə, (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər! (əl-Maidə, 93.)
Osmanın Valid ibn Uqbəni vəzifəsindən azad etməsi onun üçün müsbət amildir. Çünki Osman onun səhv etdiyini gördükdə vəzifəsindən azad edib cəzalandırmışdı.
Osmanın valiləri bu adamlardır. Osmana qarşı yeganə bəhanə yeri Valid ibn Uqbə ola bilər. Lakin bu heç də Osmana ləkə gətirən amil deyil. Burada yalnız Valid ibn Uqbənin özünə ləkə ola bilər.
İkinci müddəa: Osmanın Əbu Zəri Rəbzə adlı yerə sürgün etməsi.
Təbərinin və başqa alimlərin qeyd etdikləri rəvayətlər Seyf ibn Ömər adlı rəvayətçidən nəql edilmişdir. Rəvayətdə deyilir: "Müaviyə ilə Əbu Zər arasında söz-söhbət yarandı. Müaviyə Əbu Zərin camaatda onlara qarşı mənfi rəy oyatması haqda Osmana məktub yazdı. Osman məktubun cavabında Müaviyəyə Əbu Zəri onun yanına göndərməsini tələb etdi. Müaviyə də Əbu Zəri Osmanın yanına göndərdi. Osman onu danladıqdan sonra Rəbzə adlı yerə göndərdi.
(Tarixut Təbəri" 3/335.)
Bu, Seyf ibn Ömərin rəvayətidir. Biz artıq əvvəldə qeyd etmişdik ki, bizim tarixi hadisələr haqda səhih rəvayətlərimiz mövcuddur. Biz həmin rəvayətləri qəbul edirik. Bu hadisə haqda Buxari "Səhih" əsərində rəvayət etmişdir. Rəvayətdə belə deyilir:
Zeyd ibn Vahb deyir ki, Mən Rəbzənin yanından keçərkən Əbu Zərlə rastlaşdım və ona dedim: "Səni bura gətirən nədir?"
O dedi: "Mən Şamda idim. Orada Müaviyə ilə qızıl-gümüş yığıb saxlayanlar haqda sözümüz üst-üstə düşmədi. Müaviyə deyirdi ki, bu ayə Kitab Əhlinə aiddir. Mən isə deyirdim ki, bu ayə həm bizə, həm də onlara aiddir. ( Əbu Zərin (Allah ondan razı olsun) fikrinə görə, İnsan ehtiyacından artıq qızıl və gümüş saxlaya bilməz. Bütün səhabələr onun bu fikrinə qarşı çıxdılar. Qızıl və gümüş saxlamağın icazəli olması müsəlmanların yekdil fikridir. Əsas odur ki, saxladığı malın zəkatını versin. Ona görə də Buxari öz kitabında belə bir fəsl ayırmışdır: "Zəkatı çıxarılan mal xəzinə (məzəmmət olunan xəzinədən söhbət gedir) sayılmır. Buxari həmin hədisi adı xatırlanan fəsildə rəvayət etmişdir. Bu görüş Abdullah ibn Ömər və digər səhabələrdən nəql edilmişdir. Xülasə, Əbu Zərin (Allah ondan razı olsun) fikrinə görə, insan ehtiyacından artıq qızıl və gümüş saxlaya bilməz. Hətta zəkatını versə belə, yenə də ehtiyacından artıq qızıl və ya gümüş saxlaması caiz deyil. Ehtiyacından artıq nə varsa onu sədəqə etməlidir. Müaviyə (Allah ondan razı olsun) isə onun bu fikrinə qarşı çıxdı.)

Bizim aramızda baş verən yalnız bu olmuşdur. Müaviyə bu haqda Osmana şikayət məktubu yazıb mənim bu haqda danışdığımı və insanlar arasında çaşqınlıq yaratdığımı bildirdi. Osman mənə məktub yazıb Mədinəyə gəlməyimi tələb etdi. Mən Mədinəyə gəldikdə hamı ətrafıma toplaşmışdı. Sanki məni heç vaxt görməmişdilər. Mən baş verənləri Osmana danışdıqda o dedi: "İstəyirsən bir kənara çəkil və bizə yaxın yerdə qərar tut". Bax mənim bura qəlməyimin səbəbi də budur. Əgər mənim üzərimdə bir həbəşini əmir təyin etsələr, onun sözünü eşidib itaət edərəm". ( Səhih əl-Buxari: Kitab əz-Zəkat, Bab mə əddə zəkatəhu fəleysə bikənz, ? 1406.)
Osman Əbu Zəri Rəbzəyə sürgün etməyib. Həmçinin Müaviyə də onu alçaldaraq Şamdan Mədinəyə göndərməyib. Bütün bunlar onlara atılan böhtanlardır. Allah səhabələrdən razı olsun! Bu, Əbu Zərin Buxaridə olan rəvayətidir. İbn Sədin yaxşı isnadla qeyd etdiyi rəvayətdə deyilir: "Əbu Zər Rəbzəyə gedəndə dedi: Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişəm: "Evə çat düşdüsə, oradan çıx!" Tabaqat İbn Səd: 4, 226. )
Bu, Peyğəmbərin (s.a.v) əmridir. Peyğəmbərdən (s.a.v) rəvayət olunan hədislərin birində deyilir: "Allah Əbu Zərə rəhm etsin! O, təkbaşına gəzir, təkbaşına da öləcək. Qiyamət günü də təkbaşına həşr olunacaq". (Əxrəcəhu əl-Hakim: 3, 50. Hakim rəvayət edib hədisin səhih olduğunu demişdir. Zəhəbi demişdir ki, hədis mürsəldir. Sənədində Bərid ibn Sufyan adlı etibarsız rəvayətçi var.)Allah ondan razı olsun!

Üçüncü müddəa: Afrikanın xüms-zəkatının Mərvan ibn əl-Həkəmə verilməsi.
Bu ağ yalandır. Osmanın (r.a) belə bir iş tutması isbat olunmayıb. İsbat olunsa belə, onun beşdə birin beşdəbirini verməsi mümkündür. Çünki qənimət beş yerə bölünür, dördü mücahidlərin payıdır. Beşincisi isə beş hissəyə bölünür. Bu haqda uca Allah buyurur: ...ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! (əl-Ənfal: 41).
Allahın və rəsulunun payı rəhbərə aiddir. O, bu payı istədiyi yöndə sərf edə bilər. Onlar Afrikanın fəthində Osmanın  öz payına düşən xümsü Mərvana verdiyini irad tuturlar. Amma tarix sübut edir ki, Osman (r.a) bunu Abdullah ibn Əbussərhə Afrikanı fəth etməyin müqabilində vəd vermişdi.
Dördüncü müddəa: Bütün Quran nüsxələrinin yandırılması.
Huzeyfə ibn əl-Yəman Osmana (r.a) məktub yazıb insanların Quran oxunuşu barəsində ixtilaf etdiklərini və qruplara bölündüklərini, hətta insanların Quran barəsində küfrə düşmək təhlükəsində olduqlarını onun nəzərinə çatdırdı. Huzeyfə məktubunda Osmandan insanları bir qiraət ətrafında birləşdirməyi və ikinci dəfə Quranı toplamağı tələb etdi.
(Səhih əl-Buxari: Kitab Fədailul Quran, Bab Cəmul Quran, ? 4987.)
Osman Quranın yenidən toplanılmasına göstəriş verdi. Osmanın yandırdığı Quranlar bəzi səhabələrin nəsx edilmiş ayələri digər ayələrdən ayırmadıqları səhifələr idi. Həmin Quranlarda surələrin sonuncu dəfə Cəbrail tərəfindən Peyğəmbərə (s.a.v) ərz edilmiş ardıcıllığı yox idi. Quran yazılmış bəzi səhifələrdə səhabələrin özləri üçün qeyd etdikləri izahlar da var idi. Ona görə Osman (r.a) o səhifələri yandırmağı əmr etdi. Əvəzində vahid Quran yazıb bütün oxunuşları orada topladı. Peyğəmbərdən (s.a.v) səhih isnadlarla rəvayət olunan oxunuşları ləğv etmədi. İbn əl-Arabi Quranı toplamaq və səhifələri yandırmaq haqqında belə demişdir: "Bu, Osmanın (r.a) böyük yaxşılığı, müsbət xüsusiyyətidir. O, böyük ixtilafa son qoymuş, onun əli ilə Allah Quranı qorumuşdur".
("əl-Əvasim minəl qəvasim" səh 80.)
Bu, Osmanın müsbət xüsusiyyətidir. Amma bəzi insanlar onun bu yaxşılığını mənfi xüsusiyyət kimi qələmə vermişlər. Allah ondan razı olsun!
Necə deyərlər: "Nöqsanlara razı gözlə baxmaq, onları gecə kimi örtər, narazı baxmaq isə aşkar edər".
Beşinci müddəa: Abdullah ibn Məsudun bağırsaqları dağılana qədər, Ammar ibn Yasirin isə qabırğaları sınana qədər döyülməsi.
Bu da ağ yalandır. Əgər İbn Məsudun bağırsaqları dağılsaydı, ondan sonra yaşamazdı. Nə İbn Məsudun bağırsaqları dağılmayıb, nə də Ammarın qabırğaları sınmayıb.
Altıncı müddəa: Qoruqların genişləndirilməsi.
Qoruq dedikdə qapalı otlaq sahəsi nəzərdə tutulur. Peyğəm¬bərin  də qoruqları vardı. O, belə deyərdi: "Qoruqlar Allahın və rəsulunundur".
(Buxari: Kitab əl-Musaqat, Bab lə himə illə lilləh və li rəsulihi, ? 2370.)
Ömər (r.a) zəkatdan yığılan dəvələr üçün qoruq yaratmışdı. Xüsusi bir ərazi seçərək orada yalnız sədəqə verilən dəvələrin otlamasını qərara almışdı. Məqsəd, insanlara xeyir olsun deyə dəvələrin bu otlaqlarda otlaması və kökəlməsi idi. Osman  hakimiyyətə gəldikdən sonra zəkatdan toplanan mal-dövlət artdı və buna görə də o, qoruqları genişləndirməyə məcbur oldu. Lakin Osmanın (r.a) bu hərəkətini də pisləyərək dedilər: "Sən heç olmasa təyin etdiyin qoruqları görmüsən? Bunu sənə Allahmı icazə verib, yoxsa Allahın adından yalan danışırsan? Osman  onlara belə cavab verirdi: "Məndən əvvəl Ömər (r.a) zəkatdan yığılan dəvələr üçün qoruq təyin etmişdi. Mənim vaxtımda zəkatdan gələn dəvələr çoxaldı, mən də qoruqları çoxaltdım".
(Rəvayəti Əhməd səhih sənədlə "Fədailus Səhabə" (1/470, ? 765) adlı fəsildə rəvayət etmişdir.)
Yeddinci müddəa: Səfərdə fərz namazlarını tam qılması.
Peyğəmbər (s.a.v) , Əbu Bəkr (r.a) və Ömər (r.a) səfərdə dördrükətli namazları iki qılırdılar. Osman  da xəlifəliyinin ilk vaxtlarında səfərdə iki rükət qılırdı. Sonra namazları olduğu kimi, tam qıldı.
Məsələnin cavabı belədir: Əvvala, bu məsələ fiqhi məsələdir. Belə məsələlərdə ictihada yer olduğu üçün Osman (r.a) da ictihad etdi. Lakin ictihadında yanıldı. Əgər Osman (r.a) həqiqətən də səhv edibsə, nə olsun? Bu məsələnin birinci tərəfidir.
Məgər bu məsələ Osmanın (r.a) qanını halalmı edir?! Məgər Peyğəmbərdən  sonra günahsız adam varmı?!
Bu məsələ haqda elm adamlarının müxtəlif görüşləri var. Əksər alimlərin fikrinə əsasən, səfərdə olarkən fərz namazlarını qısaltmaq vacib olmayan sünnədir. ( Malik, Şafii, Ovzai və Əhməd də bu fikirdədir. "Əl-Muğni" 2/54.)
Osman  sadəcə olaraq sünnə olan (qeyri vacib) əməli tərk etmiş, icazə verilən əməli etmişdir. Yaxud Allahın asanlaşdırdığı işdən imtina edib, çətinindən yapışmışdır.
Bəs Osman  nə üçün namazı tam qılmışdı?
Bunun üçün iki səbəb deyilir:
1. O, Məkkədə evləndiyi üçün özünü öz şəhərində hesab edir və buna görə də namazları tam qılırdı.
2. O, bədəvi ərəblərin Osmanın  namazı qısaltdığını görüb öz ölkələrinə qayıtdıqdan sonra səhvən namazları qısa qılacaqlarından ehtiyatlanaraq namazları tam qılmışdı. O, namazı tam qıldı ki, onlara namazların əslində dördrükətli olduğunu anlatsın. Ən doğrusunu Allah bilir.
Aişə (r.anha) səfərdə namazları tam qıldıqda Urva ibn Zubeyrdən soruşdular: "Aişə (r.anha) niyə belə etdi?" Urva dedi: "Osman (r.a) kimi yozumlu düşündüyündən belə etdi". Allah onlardan razı olsun! Bu rəvayəti qeyd etməkdə məqsəd, Osmanın məsələni yozumlu düşünməsidir.
( Kuleyninin "əl-Kafi" kitabında 4/524-də deyilir ki, Əbu Abdullah Cəfər əs-Sadiqə görə, İki Haram (əl-Hərameyn – Məkkə və Mədinə) məscidində namazları (səfərdəki kimi deyil) tam qılmaq daha yaxşıdır.)
Səkkizinci, doqquzuncu və onuncu müddəalar: Uhud və Bədr döyüşlərindən qaçması, ağac altında beyət etməməsi.
Bunun cavabı Buxarinin "Səhih" kitabındadır. Osman ibn Vahbın  belə dediyi rəvayət olunur: "Bir nəfər misirli kişi gəlib dedi: "Siz kimlərdənsiniz?"
Biz dedik: "Qureyş qəbiləsindən".
Kişi dedi: "Sizin ağsaqqalınız kimdir?"
Biz dedik: "Abdullah ibn Ömər".
Kişi Abdullah ibn Ömərin (r.a) yanına gəlib dedi: "Ey İbn Ömər, mən səndən bir neçə məsələ haqda soruşmaq istəyirəm. Mənə bu haqda məlumat ver!"
Osmanın Uhud günü qaçması doğrudur?
İbn Ömər (r.a) dedi: "Bəli".
Onun Bədr döyüşündə iştirak etməməsi düzdür?
İbn Ömər (r.a) dedi: "Bəli".
Onun ağac altında beyətdə iştirak etməməsi düzdür?
İbn Ömər (r.a) dedi: "Bəli".
Bundan sonra misirli kişi, "Allahu əkbər" deyərək səsləndi. O, öz düşüncəsinə görə, bununla haqqın üzə çıxdığını ifadə edirdi.
Abdullah ibn Ömər (r.anhuma) ona dedi: "Gəl mən səni başa salım. Uhud günü qaçmasına gəldikdə mən şəhadət verirəm ki, artıq Allah onun bu əməlini bağışlamışdır. Necə ki, Uca və Pak Allah buyurur: "(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!" (Ali İmran, 155.)
Bədr döyüşündə iştirak etməməsinə səbəb isə budur: "O, Peyğəmbərin  qızı ilə evli idi. Həmin gün yoldaşı xəstələndiyi üçün Peyğəmbər (s.a.v) Osmana (r.a) döyüşə getməmək üçün icazə vermiş və demişdi: "Sənə Bədr döyüşündə iştirak edənin savabı və qəniməti düşür".
Demək, Osman (r.a) bu döyüşdən Peyğəmbərin (s.a.v) əmri ilə qalmışdı. Peyğəmbər (s.a.v) ona bu döyüşdə yığılan qənimətdən pay da vermişdi.
Onun ağac altında beyətdə iştirak etməməsinə səbəb isə Peyğəmbərin (s.a.v) onu Məkkəyə göndərməsidir. Əgər Məkkə şəhərində Osmandan  daha izzətli kimsə olsaydı Peyğəmbər (s.a.v) onun əvəzinə başqasını göndərərdi". (Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Osmanı Məkkəyə göndərməsində məqsəd müsəlmanların Ümrə ziyarəti üçün gəldiyini Məkkə camaatına çatdırmaq idi. Beyət Osman Məkkəyə getdikdən sonra olduğu üçün (təbii ki) orada iştirak etmirdi. O, Məkkəyə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmri ilə getmişdi. Osmanın qətl xəbəri gəldikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrini yığıb qətl xəbərinin doğru olduğu təqdirdə, Osmanın intiqamını almaq üçün beyət aldı. Demək, ağac adltında edilən beyət Osmanın intiqamını almaq üçün edilmişdi.)
Ağac altındakı beyət Peyğəmbərin (s.a.v) Osmanı (r.a) Məkkəyə göndərməsindən sonra həyata keçmişdi. Peyğəmbər (s.a.v) beyət zamanı sağ əlini Osmanın  əvəzinə sıxaraq dedi: "Bu isə Osmanın əlidir". İbn Ömər (r.a) həmin misirliyə sonda belə dedi: "İndi isə bu deyilənləri özünlə apar". ( Səhih əl-Buxari" Kitab Fədailus Səhabə, Bab mənaqib Osman, ? 3698.)
On birinci müddəa: Hürmüzanı ödürdüyünə görə Ubeydullah ibn Ömərdən qisas alınmaması.
Tarix kitablarında deyilən mötəbər məlumatlara əsasən, Əbu Luluə əl-Məcusi Öməri (r.a) qətlə yetirdikdən sonra, müsəlmanlar onun üzərinə əba atıb tutmaq istəyərkən özünü öldürdü. "( Səhih əl-Buxari" Kitab Fədailus Səhabə, Bab qissətul beyət, ? 3700. )
Səhər açılanda Ubeydullah ibn Ömər qalxıb Hürmüzan adlı bir nəfəri öldürdü. Hürmüzan İslamı qəbul edən atəşpərəst idi. Ubeydullahdan qətlin səbəbini soruşduqda belə demişdi: "Bu adam Ömərin qətlindən üç gün öncə (Əbdürrəhman ibn Əbu Bəkr onları birlikdə görmüş və bunu Ubeydullaha xəbər vermişdi. Təbərinin (3 303) Tarix kitabında bu hadisə Seyf ibn Ömər adlı yalançının vasitəsi ilə rəvayət edilmişdir.) Əbu Luluə əl-Məcusi ilə birlikdə idi və qətldə istifadə edilən xəncər də onlara aiddir". Ubeydullah Hürmuzanın bu qətldə əl-Məcusi ilə əlbir olduğunu zənn edib Hürmüzanı qətlə yetirdi.
Ubeydullah Səd ibn Əbu Vaqqasın evində həbsdə saxlanıldı. Osman (r.a) Peyğəmbərin (s.a.v) səhabələrini toplayıb məşvərət etdi və dedi: "Nə etmək istəyirsiniz?"
Bəziləri dedilər: "Onu qisas prinsipinə uyğun olaraq öldürmək lazımdır. Çünki o, müsəlman bir şəxsi qətlə yetirib".
Digərləri isə dedilər: "İki gün əvvəl Ömər (r.a) qətlə yetirilib. İndi də onun övladını öldürsək, Xəttab ailəsinin vəziyyəti necə olar?"
Bəziləri isə dedilər: "Ubeydullah məsələyə yozumlu baxdığı üçün üzürlü sayılmalıdır".
Ubeydullahın Hürmüzanın qətlinə görə öldürməməsinə üç əsas var:
Birinci: Hürmüzan Əbu Luluə ilə Ömərin (r.a) qətlində əlbir olmuşdur. Əbdürrəhman ibn Əbu Bəkr də onların ikisini bir yerdə görmüşdü. Buna əsasən Hürmüzanın qətli haqlı sayılır. Çünki Ömərin (r.a) özü də əvvəllər belə demişdi: "Əgər Səna camaatı yığışıb bir nəfəri öldürsələr, onlardan həmin adamın qisasını alaram". ("Səhih əl-Buxari" Kitab əd-Diyat, Bab İzə Əsabə Qovmun Min Raculin, ? 6896.)
Bu əsasla Ömərin (r.a) qətlində əlbir olan Hürmüzanın qanı halal sayılırdı.
İkinci: Döyüşlərin birində Usamə ibn Zeyd bir müşrikin çoxlu müsəlman öldürdüyünü gördükdə ona tərəf getdi. Bunu görən müşrik Usamədən qaçaraq ağac arxasında gizləndi və "Əşhədu ən lə iləhə illəllah" kəlməsini dedi. Buna baxmayaraq Usamə onu öldürdü. Bu xəbər Peyğəmbərə (s.a.v) çatdıqda Usaməni çağırtdırdı və dedi: "O, Lə İləhə İlləllah" dedikdən sonra sən onu öldürdün¬!"."
Usamə dedi: "O bu kəlməni qılıncdan qorunmaq üçün dedi".
Peyğəmbər (s.a.v) dedi: "Məgər sən onun qəlbini yarmışdın ki, onun bu kəlməni qorxudan dediyini biləsən!" Peyğəmbər (s.a.v) bu sözləri bir neçə dəfə təkrarən dedi: "O, Lə İləhə İlləllah" dedikdən sonra sən onu öldürdün?!"."
Mən bu sözləri eşidəndə təmanna etdim ki, kaş bundan əvvəl müsəlman olmayaydım".
("Səhih əl-Buxari" Kitab əl-Məğazi, Bab Bəs ən-Nəbiyy Usamə İlə əl-Hərəqat, ? 4269. Müslim: Kitabul İman, ? 159.)

Usamənin bu hərəkətinə görə Peyğəmbər (s.a.v) ona qisas hökmünü tətbiq etmədi. Eyni vəziyyəti Osmana  da aid etmək olar. O da Ubeydullah ibn Ömərə qisas hökmünü tətbiq etmədi, çünki Ubeydullah ibn Ömər düşünülmüş şəkildə hərəkət etmişdi.
Üçüncü: Deyilir ki, Hürmüzanın vəlisi (yaxın qohumları) yox idi. Vəlisi olmayan zərərçəkənə rəhbər vəlilik edir. Osman (r.a) da bir rəhbər kimi onun qisasını bağışlamışdır. Həmçinin digər rəvayətlərdə deyilir ki, onun Qamuzban adlı oğlu var idi. O da Ubeydullah ibn Ömərin qanını bağışlamışdı.
(Qamizbanın Ubeydullahın qətlini əfv etməsi hadisəsi. Bax; "Tarix ət-Təbəri" 3/305. Lakin bu rəvayət də Seyf ibn Ömər adlı nəql olunur.)
Bu hadisənin səhih isnadı yoxdur. Lakin tarix kitablarında məşhur rəvayətlərdən biridir. Biz də tarix kitablarında məşhurlaşan bir hadisəni cavab kimi qeyd etdik.
On ikinci müddəa: Cümə günü ikinci azanın əlavə edilməsi.
Peyğəmbər  demişdir: "Mənim və məndən sonra gələcək Raşidi Xəlifələrimin sünnəsindən tutunun!"
("Sünəni Əbu Davud" Kitab əs-Sünnə, Bab Fi Luzumis Sünnə, ? 4607. Sünən ət-Tirmizi: Kitabul İlm, Bab Mə Caə Fil əxzi Bis-Sünnə, ? 2676.)

Heç şübhəsiz Osman (r.a) Raşidi Xəlifələrdən biridir və onun bu əlavəsi də Raşidi Xəlifələrin sünnəsindəndir. Osman (r.a) şəhərin genişlənməsini nəzərə alıb camaata cümə namazının yaxınlaşmasını çatdırmaq üçün ikinci azanı əlavə etmişdir. Onun bu ictihadı ilə bütün səhabələr razılaşmışdılar. Bu qayda ondan sonra da davam etdi və heç kəs buna etiraz etmədi. Hətta Əlinin, Müaviyənin (Allah onlardan razı olsun), Əməvilərin və Abbasilərin vaxtında da buna riayət edilirdi. Bu günə qədər heç bir müsəlman buna etiraz etməmişdir. Bu, müsəlmanların ittifaqına əsasən sünnədən sayılır. Habelə, bu məsələnin şəriətdə əsası mövcuddur. Sübh namazında iki azan var. Ola bilsin ki, Osman (r.a) cümə namazına əlavə etdiyi azanı sübh namazının birinci azanı ilə müqayisə edərək həmin qənaətə gəlmişdi.
On üçüncü müddəa: Peyğəmbər (s.a.v) əl-Həkəmi sürgün etdiyi halda, Osmanın onu geri qaytarması.
Bu iftiraya isə üç yöndən cavab vermək olar:
Birinci: Bu hadisə öz təsdiqini tapmayıb və bu haqda tutarlı sənəd yoxdur.
İkinci: Həkəm Məkkənin fəthində İslamı qəbul edənlərdəndir. O, Tuləqadan (Məkkənin fəthində Peyğəmbər (s.a.v) tərəfindən əfv edilənlərdən) idi. Bu adamlar yalnız Məkkədə yaşayırdılar. Onlar əsla Mədinədə yaşamayıblar. Belə olduğu halda Peyğəmbər (s.a.v) onu Mədinədən necə qova bilər?! O ki, Mədinə sakini deyildi.
Üçüncü: Şəriətimizdə məlum olduğu kimi, sürgünün maksimum müddəti bir ildir. Allahın şəriətində ömürlük sürgün yoxdur. Görəsən o hansı günahdır ki, ona görə insan ömürlük sürgün edilsin?!
Sürgün, rəhbərin cinayətkarı tərbiyələndirmək üçün təyin etdiyi cəzadır. Fərz edək ki, həqiqətən Peyğəmbər (s.a.v) onu sürgün etmiş və bu sürgün həm rəsulullahın sağlığında, həm də Əbu Bəkr (r.a) və Ömərin (r.a) xilafəti dövründə davam etmişdir, bəs Osman (r.a) onu sürgündən nə vaxt azad etmişdir? Əgər Həkəm on beş ildən sonra sürgündən geri qayıtmışdısa, problem nədir?
Bütün bu fərziyələr hadisənin mötəbər olduğu halda müzakirə edilər. Əlbəttə belə hadisə öz təsdiqini tapmamışdır. Həmçinin onu da qeyd edək ki, Peyğəmbər (r.a) Osmanın (r.a) Abdullah ibn Səd ibn Əbussərh üçün etdiyi üzrxahlığını qəbul etmişdi. Halbuki, Abdullah ibn Əbussərh mürtəd olmuşdu. Amma Həkəm belə bir cinayət etməmişdi. Necə olur ki, Peyğəmbər (s.a.v) İbn Əbussərh kimi cinayətkarı bağışlayır, amma Həkəmi bağışlamır?!
Osmana (r.a) qarşı irad tutulan məqamlar bunlar idi. Deyilən iradların bəziləri uydurma, bəziləri isə Osman (r.a) üçün müsbət cəhət olduğu halda, pis qələmə verilən məqamlardır. Bəziləri isə ictihad edilən işlərdir ki, orada həm doğru, həm də yalnış qərar çıxarmaq mümkündür.
Bəzi iradlar həqiqətən Osmanın (r.a) səhv etdiyini göstərir. Lakin buna baxmayaraq, deyilənlər Osmanın (r.a) xeyirxahlıq dənizində itib-batan, bağışlanılası əməllərdir. Uca Allah ondan razı olsun! Amin!


Tarix: 04.05.2013 / 12:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Maraqlı melumatlar
loading...