Bismillahir–rəhmanir-rəhim!
1.(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
2.O, insanı laxtalanmış qandan yaratdı.
3.(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
4.O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
5.(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
6.Xeyr, insan azğınlıq edər,
7.Özünün dövlətli olduğunu gördüyü üçün!
8.Axı sənin axır dönüşün Rəbbinədir!
9.Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
10.Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
11.Bir de görək, əgər o doğru yoldadırsa,
12.Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
13.(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır və (imandan) üz döndərirsə,
14.Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15.Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
16.Özü də yalançı, günahkar kəkilindən!
17.Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
18.Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
19.Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
Tarix: 08.06.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqlı melumatlar