Biz müsəlmanlar toplumu, təkfir, terror, ifratçılıq və radikallıq fitnəsinin tüğyan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna almışdır. Terrorizmi araşdırmaq, köklərini öyrənmək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçirilmişdir. Amma bu konfranslar terrorizmin mahiyyəti və onun qarşısının necə alınması məsələsi barədə müxtəlif rəylərlə qarşı-qarşıya qalmışlar.
Terrorizm barədə söylənilən təriflər müxtəlif olsa da, ümumilikdə demək olar ki, bütün fikirlər bir neçə bənddə vahidlik təşkil edir. Ən təhlükəli bəndlər, təhdid, təhlükə, nahaq qan axıtmaq, günahsız insanları qətlə yetirmək, yaşayış komplekslərini və ictimai yerləri partlatmaq, abad yerləri və binaları xaraba qoymaq və bu kimi fəsadlardır. Halbuki bütün müsəlmanlar bu kimi əməllərin haram, belə əməl sahibinin cihayətkar və yer üzündə fitnə-fəsad törədənlərdən olması qənaətindədirlər.
Heç kəsə gizli deyil ki, terrorizm təkfir fikrinin törəməsidir. Belə ki, bunu terror faktları və belə işlərlə məşğul olanlar isbat edirlər. Bir çox ölkələrdə şahidi olduğumuz terror hadisələri, illər boyu yayılan təkfir fikirlərinin nəticəsidir. Halbuki biz, daim, gecə-gündüz yorulmadan kitablarda, məqalələrdə, mühazirələrdə və səsli materiallarda bu fikirdən çəkindirmişik.
Alimlərin yekdil rəyinə görə, əslində müsəlmanın dinindən çıxması barədə şəriət dəlillərinə əsasən yəqinlik olmayınca ona müsəlman kimi baxmaq lazımdır. Belə olan halda təkfirçilər müsəlmanlara kafir demək məsələsinə laqeyd yanaşmalıydılar. Halbuki bu işdə iki böyük təhlükə vardır:
Birincisi, vəd olunan şiddətli əzaba düçar olmaq. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər kimsə öz (müsəlman) qardaşına: Ey Kafir! – deyərsə, bu söz onlardan birinə aiddir. Əgər deyilən kimidirsə heç, əks halda isə söz, deyənin özünə qayıdır». Buxari və Müslim rəvayət etmişdir. Digər hədisdə isə belə deyilir: «Kim başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə, ittiham olunan adam deyildiyi kimi deyilsə, söz sahibinə qayıdar» Buxari rəvayət etmişdir.
İkincisi, Allaha yalan iftira atmaq. Çünki təkfir bir şəriət hökmüdür. Yalnız, Allah və rəsulunun təkfir etdiyinə kafir deyilməlidir. Başqa sözlə desək, yalnız Quran və səhih hədislərdə deyilən və ziddiyatı olmayan dəlil əsasında kiməsə kafir demək olar.
Bu azmış kimi, ifratçılar müsəlmanları ümumi şəkildə təkfir etməklə kifayətlənməyib, palçığın suyunu bir az da çoxaldaraq, özlərinin kor düşüncələri ilə rəhbərləri, dövlətləri və cəmiyyətləri təkfir etdilər. Belə halda ümmət təkfir fitnəsinin oduna, bundan nəticələnən təhlükələrə və dağıdıcı aqibətlərə düçar oldu.
Heç kəsin ağlına belə gəlməzdi ki, əksər müsəlmanların həyatı bu fitnənin «gözəl xidməti» nəticəsində, əcaib kabusa və çıxış yeri olmayan bir cəhənnəmə çevriləcəkdir.
Doğrudan da bu fitnəkarlar ümmət üçün bir bəla olaraq qalmaqdadırlar. Çünki onlar, Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözləri ilə: «Heç kəs, hətta yahudi və xaçpərəstlər də onlar kimi müsəlmanlara qarşı belə şərr qüvvə olmamışdır. Çünki onlar özlərinə uyğun gəlməyən hər bir müsəlmanı qətlə yetirməkdə, müsəlmanların qanlarını, mallarını halal görməkdə, onların övladlarını qətlə yetirməkdə və onlara kafir deməkdə çox fəal idilər. Onlar kəskin elmsizlikləri və azğın bidətləri ilə bunu özlərinə din hesab edirdilər» – vəsf etdiyi öz qardaşlarına bənzəyirlər.
Sələf və xələf alimləri, kiməsə kafir və ya mürtəd hökmü verərkən tələsməkdən çəkindirməklə, hakim və məhkum müsəlmanların namuslarının tapdalanmamasını, onların qanlarının nahaq yerə axıdılmamasını nəzərə alırdılar.
İbn Əbul İzz əl-Hənəfi (Allah ona rəhmət etsin) demişdir: «Həqiqətən ən böyük zülm, müəyyən bir insan barəsində: Allah onu bağışlamayacaq, rəhm etməyəcək, onu əbədi cəhənnəmə vasil edəcək – sözlərini deməkdir. Çünki bu, kafirin ölümündən sonrakı hökmüdür».
İmam Əbu Abdullah Muhəmməd ibn Əli əl-Maziri əl-Maliki demişdir: «Kim qiblə əhlindən bir nəfəri təkfir edər və təkfir etməyini halal görərsə, özü kafir olar. Əks halda (əgər halal görmürsə) fasiqdir. Belə insan barəsində şikayət təqdim olunan hakim mütləq onu tərbiyələndirməli, onun kimilərə dərs olsun deyə cəza verməlidir. Əgər hakimin imkanı olduğu halda, onu cəzalandırmamış buraxarsa günah qazanar».
Əbu Hamid əl-Qazali əş-Şafii demişdir: «Hər kəsin bacardığı qədər uzaq durması gərəkən məsələ, "təkfir"dir. Həqiqətən qibləyə tərəf namaz qılanların, açıq-aşkar "Lə iləhə illəllah, Muhəmmədən Rəsuləllah" kəlməsini deyənlərin qanlarını və mallarını halal görmək xətadır. Min nəfər kafiri həyatda saxlamaq işində səhv etmək, səhvən bir nəfər müsəlmanın qanını axıtmaqdan daha yüngül işdir».
Təkfir fitnəsinin boğulması dində vacib sayılan bir əməl və ictimai zərurətdir. Bu isə yalnız yolunu azmış təkfirçilərin şübhələrinin dəf edilməsi, onların düşüncələrində və qəlblərində Quran, hədislər və alimlərin ifadələrini səhv başa düşməyə səbəb olanları silmək lazımdır.
Amma İslam şəriəti terrorun qarşısının alınması üçün, terrorun əsasını təşkil edən təkfir məsələlərində ifrata varmaqdan çəkindirməklə kifayətlənməmişdir. Terrora aparan bütün səbəbləri, yolları haram etmişdir. Əgər şəriət, kimisə zarafatla qorxutmağı, üzərinə silah çəkməyi və təsadüfən bədənə cızıq xəsarəti yetirməyi haram edibsə, bəs haqsız yerə öldürməyi necə?!
Bir dəfə səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yol gedirdilər. Onlardan biri yatmışdı. Bəziləri gedib onun yayını götürdülər. Yatan kimsə oyandıqda təlaşa düşdü. Bu zaman kənardakılar ona baxıb güldülər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Siz nəyə gülürsünüz?» Onlar dedilər: "Biz sadəcə olaraq bu adamın yayını götürmüşdük. O isə oyananda təlaşa düşdü". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bir müsəlmanın digərini qorxutması ona halal deyil!» Əhməd və Əbu Davud rəvayət etmişdir.
İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: "Hədisə əsasən, hətta zahirən zarafat kimi görsənsə də, bunula müsəlmanı qorxutmaq olmaz".
Buxari və Müslimin rəvayət etdikləri hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini xatırladır: «Biriniz digər qardaşına silahla işarə etməsin. Heç kəs bilmir, bəlkə də şeytan onun əlindən xəta çıxarar və bununla da cəhənnəmin bir quyusuna düçar olar».
İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: Təhlükənin baş verməsi mütləq olmasa da, hədisdə təhlükəyə zarafatla və ya ciddi şəkildə səbəb ola biləcək hal qadağan olunur.
Müslimin "Səhih" əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətində deyilir ki, Əbul Qasim (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Kim (din) qardaşının, hətta ata və anadan bir olan qardaşının üzərinə bir dəmir parçası ilə gələrsə, onu əlindən salana qədər mələklər ona lənət oxuyarlar».
Buxari və Müslimin (Allah onlara rəhmət etsin) rəvayətində Cabirdən rəvayət olunur ki, «bir kişi oxların ucu görsənən halda məscidə gəlmişdi. Başqa müsəlmanın bədənini cızmasın deyə, ona oxların ucundan tutmaq əmr olundu».
Əgər zarafat məqsədi ilə qorxutmaq, yaxud başqasının bədənini səhvən cızmaq olmazsa, bəs günahsız insanların qanını haqsız yerə axıtmaq necə, olar...?! İslam şəriətinin terrorçulara qarşı sərt mövqe tutması heç də qəribə deyildir. Ələlxüsus onlar rəhbərlərə qarşı üsyan qaldırmaqla, əhdi və beyəti pozmaqla, xəyanət etməklə, müsəlmanları, əhd bağlayan və əminamanlıq verilmiş kafirləri öldürməklə, İslamın simasını pis şəkildə qələmə vermək və insanları bu dindən yayındırmaqla bu kimi digər böyük səhvlərə, cinayətlərə yol veriblər. Belə olan halda şəriətin bu işlər barədə mövqeyinə, İslamımızın bu terrorçulara vəd etdiyi ilahi cəzalara nəzər salmaq heç də pis olmazdı. Bəlkə bununla da onlar öz çirkin əməllərindən əl çəkər, səhvlərini başa düşərlər. Qoy onlardan həlak olacaq kimsə həqiqət ona çatandan sonra həlak olsun. Qoy dinimizi terrorçuluqda və vəhşilikdə ittiham edən xəstə qəlbli insanlar ağızlarını yumsunlar.
TERRORÇU, MÜSƏLMANLARDAN SAYILMIR
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim bizə qarşı silah qaldırarsa bizdən deyildir» Buxari və Müslim rəvayət etmişdir.
İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür» Buxari və Müslim rəvayət etmişdir.
Haris əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim camaatdan bir qarışlıq üz döndərərsə, geri qayıdana qədər boynundan İslam bağını açmış sayılır». Tirmizi rəvayət etmişdir.
Xəttabi (Allah ona rəhmət etsin) adlı alim demişdir: "Hədisdə deyilən bağ, heyvan qaçmasın deyə onun boynuna bağlanan çatı və ya kəndir mənasındadır. Yəni, kim camaat üzərində başçılıq edən rəhbərin itaətindən çıxar, yaxud hamının məqbul saydığı bir işdə onlardan üz çevirərsə artıq zəlalətə düşmüş və həlaka düçar olmuşdur. Belə halda onun timsalı, boynunda çatısı olmayan heyvan kimidir. Çünki belə heyvan itmə, yaxud həlak olma təhlükəsindədir.
TERRORÇU, BÖYÜK GÜNAHLARDAN BİRİNƏ SAHİBDİR
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yeddi həlakedici böyük günahlardan qorunun!»
Orada olanlar dedilər: Ey Allahın elçisi, həmin günahlar hansılardır?
O dedi: «Allaha şərik qoşmaq, sehr etmək, Allahın qətlini haram etdiyi kimsəni haqsız yerə öldürmək, yetimin malını mənimsəmək, sələm yemək, döyüş günü meydandan qaçmaq, zinadan bixəbər, namuslu və mömin qadınları zinada ittiham etmək» Buxari və Müslim rəvayət etmişdir.
TERRORÇU, ÇIXIŞI OLMAYAN BİR TƏLƏYƏ DÜŞMÜŞDÜR
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mömin kimsə haram qan axıdana qədər öz dinini rahat yaşa bilər». Daha sonra İbn Ömər deyir: «İnsanın özünü dolaşdırdığı çıxışsız tələ, icazə olmadan haram qan axıtmaqdır» Buxari rəvayət etmişdir.
Hədisin ərəbcəsində deyilən "Fi Fushətin" sözləri, rahatlıqda və köksü açıq halda olmaq mənasındadır. Əgər o haqsız yerə kimisə qətlə yetirərsə, bundan sonra qəlbi sıxılar, yeri daralar. Çünki uca Allah belə əməl sahibinə başqasına vəd etmədiyini vəd etmişdir. Yəni, haqsız yerə günahsız adamı qəsdən öldürməyə görə vəd olunan əzab səbəbi ilə dinində sıxıntı yaşayacaqdır. İbn Ömərin sözündə işlədilən "tələ" sözü, həlak olmaq, qurtulması çətin olan iş mənasındadır.
ALLAH QATINDA, TERRORÇUNUN ETDİYİNDƏNSƏ, DÜNYANIN MƏHV OLMASI DAHA YÜNGÜLDÜR
Nəsai adlı alim, Bureydədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yetirilməsindən daha yüngüldür».
TERRORÇUNUN ETDİYİ, KƏBƏNİN HAQQININ TAPDALANMASINDAN PİSDİR
İbn Macə, Abdullah ibn Amrın (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: «Mən gördüm ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəni təvaf edir və deyir: Sən və sənin ətirin necə də gözəldir. Sən və sənin toxunulmamazlığın necə də əzəmətlidir. Muhəmmədin nəfsi əlində olana and olsun ki, Allah qatında möminin toxunulmamazlığı, səninkindən çoxdur. Möminin malı, qanı toxunulmazdır və onun barəsində yalnız yaxşı zəndə olmaq lazımdır».
TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Müsəlmanların əhd-amanları birdir. Hətta aşağı səviyyəli müsəlmanın əhd-amanı qorunur. Kim bir müsəlmanın əhd-amanını pozarsa ona Allahın, mələklərin və bütün insanların lənəti olsun. Belə insanın nə vacib, nə də könüllü əməlləri qəbul olunmaz» Buraxi və Müslim rəvayət etmişdir.
Hədisin mənasına görə müsəlmanların kafirə aman vermələri məqbuldur. Əgər hər-hansı müsəlman onlara aman versə, onun amanında olduğu müddətdə başqa birinin bu amana xəyanət etməsi haramdır. Qeyri müsəlmana aman vermək, onların əminamanlıqda olmaları və rahat yaşamalarını təmin etməkdir. Belə olan halda onların qətlə yetirilməsi, namuslarına toxunulması və mallarının alınması haramdır.
TERRORÇU, QİYAMƏT GÜNÜ XƏYANƏT BAYRAĞINI DAŞIYACAQ
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qiyamət günü xəyanətkar üçün bir bayraq sancılacaq və deyiləcəkdir: bu filankəs oğlu filankəsin xəyanətinin nişanəsidir» Buxari və Müslim rəvayət etmişdir.
Hədisdə deyilən bayraq, əlamət və nişanə mənasını verir. Yəni, qiyamət günü xəyanətkar müəyyən əlamətlə seçiləcəkdir.
Amr ibn əl-Hamiq (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitdim: «Kim bir nəfərin öldürülməməsi üçün ona aman verər və sonra onu öldürərsə, həmin adam qiyamət günü xəyanət bayrağını daşıyacaqdır» Əhməd və İbn Macə rəvayət etmişdir. Tərtibat İbn Macəyə məxsusdur.
İbn Teymiyyə (Allah ona rəhmət etsin) "Əs-Sarim əl-Məslul" adlı kitabında (1/ 91) deyir: "Məlum olduğu kimi, kim bir kafirə aman verdiyini bildirərsə həmin kafiri kafir olduğuna görə öldürmək olmaz. Hətta, əgər düşmən kəsilmiş kafir aparılan danışıqdan müsəlmanın ona aman verməsini düşünərsə, ona əminamanlıq verilməlidir".
"Minhacus Sünnə" adlı kitabında (6/ 425) qeyri müsəlmanların arasında yaşayan müsəlmanın onlarla əlaqəsinin hansı formada olması məsələsinə aydınlıq gətirmiş və demişdir: "Müsəlmanın qəlbində olan iman, kafirlərin dini ilə razı olmadan onlarla doğru, əmanətə sadiq, nəsihətçi və xeyirxah insan kimi yaşamasını tələb edir. Allahın sədaqətli peyğəmbəri Yusif (Ona Allahın salamı olsun) kafir olan Misir əhalisi ilə belə davranırdı".
TERRORÇU BAĞIŞLANACAQMI?
Müaviyə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah hər bir günahı bağışlayar. Yalnız müşrik kimi öləndən, yaxud başqa mömini qəsdən qətlə yetirən mömindən başqa» Əbu Davud və Hakim rəvayət etmişdir.
Sindi adlı alim demişdir: "Hədisdə sanki deyilir ki, hər bir günahın ilkin andan bağışlanmasına ümid vardır. Yalnız möminin qətlə yetirilməsindən qazanılan günahın bağışlanmasına belə ümid yoxdur. Belə günah, əzab görülməmiş bağışlanan deyil. (Dindən çıxaran böyük) Küfr isə əsla bağışlanan deyildir... Həmçinin bu halı tövbə etmədən ölənlərə aid etmək lazımdır. Çünki günahdan tövbə edən kimsə, sanki günahsız kimidir. Elə olacaqdır ki, hətta qatil ilə qətlə yetirilən birlikdə cənnətə daxil olacaqlar. Buna, kafir olarkən başqasını qətlə yetirib, sonradan özü də İslamı qəbul edən kimsəni misal çəkmək olar".
TERRORÇUNUN TÖVBƏSİ MƏQBULDURMU?
Bir nəfər İbn Abbasa (Allah ondan razı olsun) sual verdi və dedi: Ey İbn Abbas, qatilin tövbəsi qəbul olunarmı? İbn Abbas onun sualından təəccüblənərək dedi: Nə deyirsən? O, sualı yenidən təkrarladı. İbn Abbas isə yenə: Nə deyirsən? – deyə soruşdu. Bu iki və ya üç dəfə təkrarlandı. Sonra İbn Abbas dedi: Qatilin tövbəsi necə qəbul olsun? Mən Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Qətlə yetirilən kimsə bir əli ilə başını, digər əli ilə qatilini tutaraq, damarlarından qan axa-axa gələcək və ön sıraya qədər irəliləyəcək. Sonra qətlə yetirilən kimsə Allaha deyəcəkdir: Ey Rəbbim, bu məni öldürüb. İzzət və Cəlal sahibi Allah, qatilə deyəcəkdir: Sən xəsarət çəkənlərdənsən. Sonra isə onu atəşə atacaqlar» Tirmizi və Təbərani rəvayət etmişdir.
Tarix: 13.04.2013 / 16:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 689 Bölmə: Maraqlı melumatlar