Bəzi insanlar dünyaya həddindən artıq bağlanır və arzu-istəkləri bitmir. Şan şöhrət və rahatlıq əldə etmək üçün dünyanın şəhvətlərinə, bər-bəzəyinə, var-dövlətinə və ya vəzifəsinə uyurlar ki, bunlar da insanı Allaha itaətdən uzaqlaşdırır, yaradılış qayələri olan vacibatları yerinə yetirməyə mane olur. Belə insanlar qəfldən gələn Qiyamət və onun əlamətləri haqda fikirləşmirlər. Ölüm gəldiyi və həqiqəti öz gözləri ilə gördüyü zaman isə tövbə etmək və itirdiklərini əldə etmək üçün ona yenidən fürsət tanınılmasını istəyər. lakin bu əbəs yerədir.
Allah taala bu qəbil insanları xəbərdar etmiş və onlara dünyanın gerçəkdə nə olduğunu bəyan etmişdir: “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir”. (əl-Hədid, 20) Allah taala dünyanı vəsf edir və onun sonu haqda buyurur: “Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik!” (Yunis, 24)
Axirətə nisbətdə dəyəri olmayan dünya nemətləri haqda Mustəvrad bin Şəddaddan rəvayət olunan hədisdə Allah rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Dünya axirətlə müqayisədə, sizin barmağınızı böyük bir dəryaya batırıb oradan çıxartdığınız su qədərdir”. Digər bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Az olub bəs edən çox olub həddini aşmaqdan xeyirlidir”
Dünyaya sevginə və onun həzlərinə meyl etmək Adəm övladının təbiətindədir. Allah taala buyurur ki, “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Əli İmran, 14-15) Əgər qul bu nemətləri xoş niyyətlər və sağlam məqsədlər üçün istifadə etsə, tərifəlayiq və şəriətin razı qaldığı işlərə yardımçı olar.
Tarix: 09.05.2013 / 12:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar