Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZƏKAT - Zəkatın paylanması

Zəkatın paylanması
Zəkatı bu qrup insanların hamısına vermək lazımdırmı?
. 1. Yoxsullar:
. 2. Miskinlər:
. 3. Zəkatı yığıb paylayanlar:
. 4. Ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlar:
. 5. Azad ediləcək kölələr:
. 6. Borclular:
. 7. Allah yolunda olanlar:
. 8. Yolçu:

Zəkatın paylanması
Uca Allah buyurur: «Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! »[1]
İbn Kəsir bu ayənin təfsirində (2/ 364) deyir:
Uca Allah, zəkat bölgüsünə görə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) etiraz edən və ona tənə edən cahil münafiqlərin dediklərini qeyd etdikdən sonra bəyan edir ki, zəkatın bölünməsini O Özü Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə əmr etmiş, hökmünü açıqlamışdır. O bu bölgünü heç kəsə həvalə etməmiş, Özü, deyilən qrup insanlar arasında bu bölgünü etmişdir.

Zəkatı bu qrup insanların hamısına vermək lazımdırmı?
İbn Kəsir deyir: Alimlər, zəkatın bu səkkiz qrup insanlara bərabər bölünməsində, yaxud hansına mümkün olsa ona da vermək haqqında, iki müxtəlif fikirdədirlər:
Bir fikirə görə, zəkatın bu səkkiz qrup bərabər verilməsi vacibdir. Bu rəy, imam Şafii və bəzi alimlərin görüşüdür.
Digər bir fikirə görə bu səkkiz qrupun hamısına bərabər bölmək vacib deyildir. Bu səkkiz qrup insanların hamısı mövcud olsa da, zəkatı istənilən birinə vermək olar. Bu, Malikin, bir çox sələflərin və onlardan sonra gələn alimlərin rəyidir. Həmin sələflərdən, Ömər, Huzeyfə, İbn Abbas, Əbul Aliyə, Səid ibn Cubeyr və Meymun ibn Mehran. İbn Cərir deyir ki, bu rəy, əksər alimlərin rəyidir. Ayədə bu səkkiz qism insanların qeyd edilməsi, zəkatın onların arasında bərabər bölməyin vacibliyinə görə deyil, zəkat düşən insanları təyin etmək üçündür. Daha sonra İbn Kəsir deyir; İndi isə bu səkkiz qism insanlar haqqında olan hədisləri qeyd edəcəyik:
1. Yoxsullar: Abdullah ibn Amr (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini nəql edir: «Zəkat varlı və sağlam insana halal deyildir»[2].
Abdullah ibn Ədiyy ibn əl-Xiyar, iki nəfər kişinin ona belə dediyini nəql edir. Həmin iki nəfər deyirlər ki, onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib zəkatdan pay istəyiblər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara diqqətlə baxdıqda onların sağlam olduqlarını görüb və deyib: «Əgər istəyirsinizsə sizə də zəkat verim. Amma varlı və iş qabiliyyəti olan qüvvətli insana zəkatdan pay düşmür»[3].
2. Miskinlər. Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Miskin, insanların yanına gəlib dilənçilik edib, bir-iki loxma və xurma götürüb gedən kimsə deyil». Səhabələr dedilər: Ey Allahın elçisi, bəs miskin kimdir? O dedi: «Miskin, ehtiyacını ödəyə bilməyən, bununla belə, ehtiyaclı olduğunu camaata bildirməyən və insanlardan heç nə istəməyən kimsədir»[4].
3. Zəkatı yığıb paylayanlar: Bu insanlar, camaatdan zəkat toplamaq və bu sahədə xidmət göstərməklə məşğul olurlar. Onlar, etdikləri işin müqabilini zəkatdan götürürlər. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sədəqə yeməsi haram olan qohumlarının isə bu işdə işləməsi qadağandır. Bu haqda səhih hədis rəvayət olunur. Demək, imam Müslim Səhih əsərində Əbdülmüttalib ibn Rabiə ibn əl-Harisdən rəvayət edir ki, o və əl-Fadl ibn əl-Abbas Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gedib onları zəkat işinə götürməyi xahiş edirlər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə deyir: «Sədəqə, nə Məhəmmədə, nə də Məhəmmədin ailəsinə halal deyil. Sədəqə, insanların mal-dövlətini təmizləyən bir şeydir»[5].
4. Ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlar: Bu kimi insanlar bir neçə qismə bölünürlər:
- Bəzilərinə, İslamı qəbul etsinlər deyə zəkatdan pay verilir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hüneyn qənimətlərindən Səfvan ibn Umeyyəyə vermişdi. Amma o hələ müşrik idi və sonra bu haqda belə deyirdi: O, mənə sədəqə verdikcə, ən çox nifrət etdiyim insan olduqdan sonra, mənim üçün ən sevimli insan oldu»[6].
- Bəzilərinə isə İslamı gözəlləşsin və qəlbi tam isinişsin deyə zəkatdan pay verilir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Hüneyn döyüşü olan gün (Məkkənin fəthində) əfv etdiyi ali rütbəli insanlara yüz dəvə vermiş və demişdir: «Ola bilər kimsə mənə daha əziz olsun, lakin mən bəzilərinə zəkatdan pay verirəm ki, (verilən mal-dövlətlə qəlbi İslama bağlansın və beləliklə) Allah onu cəhənnəm atəşinə düçar etməsin[7]»[8].
Buxari və Müslimin səhih əsərlərində deyilir. Əbu Səid (Allah ondan razı olsun) deyir ki, Əli (Allah ondan razı olsun) Yəməndən təmizlənməmiş qızıl göndərmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin qızılı dörd nəfər: Əqrə ibn əl-Habis, Uyeynə ibn Bədr, Alqəmə ibn Aləsə və Zeyd əl-Xeyr – arasında bölüb dedi:[9] «Mən onları İslama isinişdirirəm»[10].
- Bəzilərinə, onun taylarının İslamı qəbul etmək ümidləri olduğunda zəkatdan pay verilir ki, onlar da bunu görüb İslamı qəbul etsinlər.
- Bəzilərinə zəkatdan pay verilir ki, sonra onun kimilərdən zəkat götürmək mümkün olsun, yaxud zəkat verilən insan, düşmənlərin müsəlmanlara qarşı təcavüzünün qarşısını alsın. Daha doğrusunu Allah bilir.

Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra kimisə İslama isinişdirmək üçün, ona zəkatdan pay vermək olarmı?
İbn Kəsir (Allah ona rəhmət etsin) deyir ki, bu məsələdə fikir ayrılığı mövcuddur.
Ömər, Amir, əş-Şəbi və bir çoxlarından rəvayət olunur ki, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra belələrinə zəkatdan pay verilmir. Çünki artıq Allah İslamı və müsəlmanları izzətləndirmiş, onların mövqeləri digər ölkələrdə də möhkəmlənmiş, hamı onların qarşısında baş əymişdir.
Digərləri isə deyirlər ki, onlara zəkat payı verilir. Çünki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adı çəkilənlərə zəkat payını Məkkənin fəthindən, Həvazinin (məkkətrafı şəhərlərin) məğlubiyyətindən sonra vermişdi. Ola bilər ki, bu kimi vəziyyətə ehtiyac olsun və onlara zəkatdan pay verilsin.
5. Azad ediləcək kölələr: Həsən əl-Bəsri, Muqatil ibn Həyyan, Ömər ibn Əbdüləziz, Səid ibn Cubeyr, ən-Nəxai, əz-Zuhri və İbn Zeyd demişlər ki, bu, azad edilmə haqqında ağaları ilə sövdələşənlərə aiddir. Əbu Musa əl-Əşaridən də belə bir rəvayət nəql edilmişdir. Bu həmçinin Şafiinin və Leysin sözləridir (Allah onlardan razı olsun). İbn Abbas və əl-Həsən isə demişlər ki, köləni zəkat hesabına azad etmək olar. Bu həmçinin, Əhməd, Malik və İshaqın məzhəbidir. Yəni bu o deməkdir ki, “azad ediləcək kölə” sözü, yalnız sövdələşən və ya özünü alıb boşayan kölələrə deyil, bütün kölələrə aiddir. Öz köləni və ya hansısa qulu alıb azad etməyin savablı bir iş olması haqqında çoxlu hədislər rəvayət olunmuşdur. Allah, azad edilən kölənin hər əzasına görə, kölə azad edən şəxsin (günah işlədən) hər əzasını cəhənnəm odundan xilas edir. Hətta (zina etdiyi) övrətini də cəhənnəm odundan qoruyar[11]. Kölə azad edənə verilən bu mükafat etdiyi əməlinin qarşılığıdır[12]. Uca Allah buyurur: «Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız»[13].
6. Borclular: Bu kimi insanlar bir neçə qismə bölünürlər: İnsanların münasibətlərini islah etmək üçün özünü borca salan[14], yaxud kiminsə borcunu ödəməyə boyun olub sonradan ödəyə bilməyən, yaxud öz borcunu ödəməkdə aciz olan, yaxud günah işləyib borc edib sonra tövbə edən. Bu kimi insanların borclarını zəkatdan ödəmək olar.
Bu bölümün tutarlı sübutu Qəbisə ibn Muxariq əl-Hilalinin hədisidir. O deyir ki, mən insanların münasibətlərini qorumaq üçün özümü borca salmışdım. Buna görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib ondan kömək istədim. O dedi: «Gözlə zəkat gətirsələr sənə ondan verərik». Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Ey Qəbisə, zəkatdan pay istəmək yalnız üç qism insanlara halaldır. (Birinci) İnsanların münasibətlərini düzəltmək üçün borc edən insan, borcunu ödəyənə qədər zəkatdan pay istəyə bilər. Amma bundan sonra istəyə bilməz. (İkinci) Başına gələn müsibət nəticəsində malı əlindən çıxan kimsə, özünə dolanacaq tapana qədər zəkatdan pay istəyə bilər. (Üçüncü) Varlı insanın başına bir iş gəldikdə onun qəbiləsindən üç nəfər aqil və zəkalı kimsə, onun ehtiyaclı olduğuna şahidlik edərlərsə o zaman özünə dolanacaq tapana qədər, ona zəkatdan pay götürmək halal olar. Ey Qəbisə, bundan savayı kiminsə zəkatdan pay istəməsi haramdır[15], onu yeyən insan da haram yemiş sayılır»[16].
7. Allah yolunda olanlar: Onlar dövlət xəzinəsindən maaş almayan (könüllü) döyüşçülərdir. İmam Əhməd, əl-Həsən və İshaq deyirlər ki, aşağıdakı hədisə görə həcc də Allah yolunda olmaq sayılır. Həmin hədis İbn Abbasın hədisidir. Orada deyilir:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həccə getməyə hazırlaşırdı. Bir qadın öz ərindən, onu da Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə həccə aparmasını tələb edir. Kişi deyir: Mənim səni həccə aparmağım üçün miniyim yoxdur. Qadın deyir: Məni filan dəvənlə həccə apara bilərsən. Kişi deyir: O dəvə Uca Allahın yolu üçün saxlanılır. Sonra həmin kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib deyir: Mənim yoldaşım sənə Allahın salam və bərəkətini göndərir. O məndən, onu səninlə həccə aparmağımı tələb edib dedi ki, məni Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həccə apar. Mən isə ona dedim ki, mənim səni həccə aparmaq üçün miniyim yoxdur. O isə dedi ki, filan dəvənlə apara bilərsən. Mən isə dedim: O dəvə Uca Allahın yolu üçün saxlanılır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Əgər sən onu həmin dəvənin üzərində həccə aparsan, o da Allah yolunda olar»[17].
8. Yolçu: Bu, başqa ölkəyə səfər edib yolunu davam etdirməyə imkanı olmayan kimsədir. Beləsinə öz ölkəsinə çatması üçün zəkatdan lazımlı məbləğ ödənilir. Hətta onun öz ölkəsində mal-dövləti olsa da, ona kömək edilir. Həmçinin kimsə öz ölkəsindən səfərə çıxmaq istəyirsə, amma bunun üçün kifayət qədər vəsaiti yoxdursa, o zaman onun gedib-qayıtması üçün zəkatdan kifayət qədər kömək edilir. Bunun sübutu isə zəkat haqqında olan ayə və imam Əbu Davudla, İbn Macənin rəvayət etdikləri hədisdir. Demək onlar Muəmərdən, o da Yezid ibn Əsləmdən, o da Əta ibn Yəsardan, o da Əbu Səiddən (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bu beş qism varlı insanlardan başqa, digər varlı insanlara zəkat halal deyil: Zəkat işinə baxan, yaxud zəkata verilən şeyi öz malı ilə alan, hansısa işi Allah rizasına düzüb-qoşmaq üçün borc edən, Allah yolunda döyüşə çıxan, yaxud sədəqə verilmiş kasıb insanın varlıya etdiyi hədiyyə»[18].


[1] Tövbə: 60.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7251. Tirmizi: 2/ 81/ ? 647. Əbu Davud: 5/ 42/ ? 1618. Bu hədisi Əbu Hureyrədən rəvayət edənlər isə bu alimlərdir; İbn Macə: 1/ 589/ ? 1839. Nəsai: 5/ 99.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1438. Əbu Davud: 5/ 41/ ? 1617. Nəsai: 5/ 99.
[4] Buxari: 3/ 341/ ? 1479. Müslim: 2/ 719/ ? 1039. Qeyd olunan rəvayət ona məxsusdur. Nəsai: 5/ 85. Əbu Davud: 5/ 39/ ? 1615.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1664. Müslim: 2/ 752/ ? 1072. Əbu Davud: 8/ 205/ ? 2969. Nəsai: 5/ 105.
[6] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1588. Səhih Müslim: 2/ 754/ ? 1072. Əbu Davud: 8/ 205-208/ ? 2969. Nəsai: 5/ 105-106.
[7] Bu və əvvəlki hədislərdə, Peyğəmbərimizin (s.a.v.) yenicə İslamı qəbul edən ümmətinə və hətta müsəlman olmayanlara qarşı necə mərhəmətli olması açıq-aşkar göz qabağındadır. Baxın, Hüneyn döyüşündən sonra Peyğəmbər (s.a.v.) özünün, Əbu Bəkr, Ömər, Osman, Əli və onlar kimi başqa ən fəzilətli, ən sevimli səhabələrinə zəkatdan pay ayırmır, amma hələ müsəlman olmayanlara və müsəlman olub dində zəif olanlara zəkatdan pay verir ki, qoy onlar heç olmasa bu yolla cəhənnəm odundan qurtulsunlar. Bu nə gözəl əxlaq, nə ali alicənablıqdır. Bu əxlaqdan, başda narazı olanlar və cəmiyyətə nifrət edib onlara sərt davrananlar ibrət almalıdırlar. Bizim ən gözəl örnəyimiz doğrudan da Peyğəmbərimizdir (s.a.v.). (tərc.)
[8] Buxari: 1/ 79/ ? 27. Müslim: 1/ 132/ ? 150. Əbu Davud: 12/ 440/ ? 4659. Nəsai: 8/ 103.
[9] Peyğəmbər s.a.v. bu bölgünü etdikdə bəzi müsəlmanlar bundan xoşlanmayaraq dedilər ki, bizi qoyub, Nəcd vilayətinin varlılarına paylayır. Peyğəmbər s.a.v. öz növbəsində bunun səbəbini onlara açıqlayaraq bildirdi ki, burada məqsəd onları İslama isinişdirməkdir. Və hamı da bu fikirlə razılaşdı. Lakin bir nəfər çuxur gözlü, yanaq sümükləri uzun, alnı qabarıq, keçəl kişi Peyğəmbərin s.a.v. yanına gəlib, ona Allahdan qorxmağı əmr etdi. Peyğəmbər s.a.v. dedi: «Məgər mən yer üzü insanlarının Allahdan qorxmağa ən layiqli olanı deyiləmmi?!» Daha sonra Peyğəmbər s.a.v. dedi: «Bu insanın nəslindən olan bir dəstə insan olacaqdır. Onlar quran oxuyacaq, amma oxuduqları boğazlarından içəri keçməyəcəkdir. Onlar islamdan oxun şikardan çıxdığı kimi çıxacaqlar. Onlar bütlərə ibadət edənləri qoyub, İslam əhlinə qarşı döyüşəcəklər. Mən onları görsəm onlara qarşı amansızcasına mübarizə aparacam». Hədisdə deyilən həmin kişi, Zül-Xuveysira adlı bir nəfər idi. Onun belindən çıxan tayfa isə «Xəvaric» təriqətidir. (tərc.)
[10] Buxari: 8/ 67/ ? 4351. Müslim: 2/ 741/ ? 1064. Əbu Davud: 13/ 109/ ? 4738.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6051. Tirmizi (3/ 49/ ? 1581) bu hədisi Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etmişdir. O deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Kim mömin bir qul azad edərsə, Allah da həmin kölənin hər bir əzasına görə kölə azad edənin (günah işlədən) əzalarını cəhənnəmdən xilas edər. Hətta (zina etdiyi) övrət yerini də cəhənnəmdən azad edər».
[12] Kölə azad edən şəxs köləni təmamilə azadlığa çıxardığı kimi, Allah da onu cəhənnəmdən azadlığa, cənnətə çıxaracaqdır. (tərc.)
[13] əs-Saffat: 39.
[14] Peyğəmbərin s.a.v. vaxtında iki tərəf arasında qanlı mübahisə baş verdikdə onun qarşısını almaq üçün kimsə onların arasında olan maddi problemi öz boynuna götürür və beləliklə qanlı münahisənin qarşısı alınırdı. Peyğəmbər s.a.v. belələrinə zəkatdan pay ayırar və onlara kömək edərdi. (tərc.)
[15] Hədisdə deyilən bu haramlıq yalnız üç qismdən başqa borc edənlərə aiddir. Peyğəmbərin s.a.v. bu hədisdə həmin səhabənin istədiyinə uyğun olaraq bu üç qism insanları sadalamışdır. Amma digər yeddi qism insanın zəkatdan kömək istəməsi haram deyil. (tərc.)
[16] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 568. Müslim: 2/ 722/ ? 1044. Əbu Davud: 5/ 49/ ? 1624. Nəsai: 5/ 96.
[17] Hədis, həsən səhihdir. Səhih Sünən Əbu Davud: ? 1753. Əbu Davud: 5/ 465/ ? 1974. Hakim: 1/ 183. Beyhəqi: 6/ 164.
[18] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7250. Əbu Davud: 5/ 44/ ? 1619. İbn Macə: 1/ 590/ ? 1841.


Tarix: 01.05.2013 / 18:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Maraqlı melumatlar
loading...