Rizasına gedən yolu müttəqi qullarına asanlaşdıran, onlara hidayət yolunu göstərən və Peyğəmbərə (sav) tabe olmağı o yolun dəlili edən ALLAH`a həmd olsun!
Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Halal, Onun halal etdiyi; haram, Onun haram etdiyi və din, Onun müəyyən etdiyidir. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (sav) Onun seçilmiş qulu və razı olduğu Rəsuludur. ALLAH`ım!. Ona, əhli-beytinə, təmiz və pak səhabələrinə, tabiinlərə və din gününə qədər onlara yaxşılıqla tabe olanlara göylər və yer var olduğu müddətdə xeyir-dua və salam et!..
Ey insanlar!.. Nəfsimə və sizə ALLAH`dan layiqincə qorxmağı tövsiyə edirəm. Ondan layiqincə qorxan nə xoşbəxtdir! Gizli və aşkar hallarında Ondan qorxanın qazancı nə gözəl qazanc, daima Onun itaətində olan və Ona asilik etməyənin qurtuluşu nə gözəl qurtuluşdur!
İslam qardaşları!.. İslamın müəyyən edilmiş əsaslarından biri də, idarə edən və idarə edilən arasında yardımlaşmanın vacibliyi və ümmətin bütününə xeyir verəcək şeylərlə əlagəli məsuliyyətin fərz olmasıdır. Bu, cəmiyyətin xeyirlərini qoruyur, əmin-amanlıq və rahatlığı zəmanət altına alır. Doğruluq, səmimiyyət və fədakarlıq ilə UCA ALLAH`ın haqlarını və hökmlərini qoruyaraq, hər kəs məsuliyyətini yerinə yetirmədikcə və vəzifəsinə bağlı qalmadıqca, ümmətin heç bir işi doğru olmaz.
Buna görə İslam şəriəti, məsuliyyətin məqsədlərini qoruyan, azmağın və pisliyin səbəblərini ondan uzaqlaşdıran bütün əsas ünsürləri gətirmişdir.
Bu ünsürlərdən biri də, rüşvət alma, rüşvət vermə və rüşvətə vasitəçilik etmə günahlarının qətiyyətlə yasaqlanması və şiddətlə qınanmasıdır.
ALLAH`ın qulları!.. Rüşvət, RƏBB`in qəzəbinə yol açar və əzaba səbəb olur. Abdullah ibn Amrdan (r.a) belə dediyi rəvayət edilir:
“Rəsulullah (sav), rüşvət verənə və rüşvət alana lənət etdi.”
(ət-Tirmizi. ət-Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirir)
Sevbandan (r.a) belə dediyi rəvayət edilir:
“Rəsulullah (sav) rüşvət verənə, rüşvət alana və rüşvətə vasitəçilik edənə lənət etdi.”
(Əhməd ibn Hənbəl)
Bu açıq dəlillərə və ət-Təbəraninin yaxşı bir isnadla Rəsulullahdan (sav) rəvayət etdiyi
“Rüşvət verən də, rüşvət alan da atəşdədir” hədisinə əsaslanaraq İmam əz-Zəhəbi və digər elm əhli, “Rüşvət, böyük günahlardan biridir” demişdirlər.
Ey müsəlmanlar!.. Rüşvət, malları batil yolla və haram olaraq yeməkdir. UCA ALLAH belə buyurur:
“Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”
(əl-Bəqərə surəsi, 2/188)
UCA ALLAH yəhudilər haqqında belə buyurur:
“Onlar yalana qulaq asanlar və haram yeyənlərdir.”
(əl-Maidə surəsi, 5/42)
Ömərdən (r.a) belə dediyi rəvayət edilir:
“İnsanların yediyi iki pis qazanc qapısı vardır: Rüşvət və zinakar qadının zinadan qazandığı.”
İman qardaşları!.. Rüşvət, zərərli və təhlükəli bir xəstəlikdir. Fərdlər üçün təhlükəsi və cəmiyyət üçün pisliyi böyükdür. Rüşvətə bulaşan şəxsin mütləq sağlamlığından, vaxtından, ruzisindən, ailəsindən və ömründən bərəkət qaldırılır. Rüşvətə bulaşan şəxsin mütləq duası qəbul olunmaz, insanlığı yox olar, əxlaqı pozular, utanma duyğusu itər və qazanc mənbəyi çirkin olar.
Hədisi şərifdə, Rəsulullah (sav) belə buyurur:
“Haqsız qazancla bitən hər ət, atəşə daha layiqdir.” Deyilir ki: “Haqsız qazanc nədir?” O belə buyurur: “Hökm vermədə rüşvət almaqdır.”
(İbn Cərir)
Rüşvət, cəmiyyətlərin yox olmasına və zərərə düçar olmasına səbəb olar, vəziyyətlərini pozar. Cəmiyyətlərdə, zülmün yayılmasına yol açar. Bundan başqa, rüşvətin yayıldığı bir cəmiyyətdə şərəf, izzət və fəzilət yox olur və onların yerinə, alçaqlıq, kin və nifrət hakim olur.
Rüşvət bir ümmətdə olarsa, mütləq o ümmətdə nəsihətin yerini saxtakarlıq, əmanətin yerini xainlik, ədalətin yerini zülm və əmin-amanlığın yerini qorxu alar. Cəmiyyətdə rüşvət; alçaqlığa və pozğunluğa, nəfslərin şəhvətlərinin sərbəst qalmasına, oğurluğun və saxtakarlığın yayılmasına, vəzifədən sui-istifadəyə və dələduzluğa çağırmaqdır. O zaman, cəmiyyətin maraqları zərərə düçar olar. Cəmiyyətdə pislik və zülm hakim olar. Aralarında səfillik, kasıbçılıq və bədbəxtçilik yayılar.
Rəsulullah (sav) belə buyurur:
“İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir.”
(Əhməd ibn Hənbəl)
Buna bənzər başqa rəvayətlər də vardır.
Ey müsəlmanlar!.. Rüşvət həqiqətdə; insanın, ona halal olmayan bir şeyi əldə etmək üçün vəzifəli bir şəxsə ödədiyi hər şeydir. Rüşvət, bir çox şəkildə olur. Ən böyüyü, bir haqqın pozulması, bir batilin haqlı edilməsi və ya bir şəxsə zülm etmək üçün veriləndir. Vəzifəli şəxsin əslində qarşılıqsız etməli olduğu bir işi etməsi üçün pul və ya digər şey alması da rüşvət şəkillərindən biridir.
Rüşvət verənin, ona aid olmayan bir şeyin ona verilməsi üçün və ya yerinə yetirməli olduğu bir haqqı yerinə yetirməmək üçün rüşvət verməsi və yaxud özü kimi haqq edənlərin bitərəf etmək üçün rüşvət verməsi də rüşvətin müxtəlif şəkillərindəndir.
Ey müsəlmanlar!.. İslamda rüşvət, hansı şəkildə olsa da və nə adla adlandırılsa da haramdır. İstər hədiyə, istər mükafat və istərsə də hörmət deyilsin, hall eynidir. İsimlər həqiqətləri dəyişdirməz. Sözlərə deyil, həqiqətlərə baxılır.
Şəriət tərəfindən müəyyən edilən qanunlardan biri də, vəzifəli şəxslərin hədiyə almasının əmanətə xəyanət qəbul edilməsidir. Burada nəzərdə tutulan, idarəçilikdə yer alan hər bir vəzifəli şəxsdir. Rəhbərləri, yardımçılarını və vəzifələri nə olursa olsun, dərəcələri və maaşları nə qədər fərqlı olursa olsun, bütün məmurlarını da içinə alar.
Əbu Humeyd əs-Sa`idi (r.a) bunu rəvayət edir:
Rəsulullah (sav), Əsd qəbiləsindən bir şəxsi vəzifəyə təyin edir. O, geri gəldikdə belə deyir: “Bu sizin, bu isə mənə hədiyə edildi.” Rəsulullah (sav) minbərə çıxaraq ALLAH`a həmdu-səna edir və belə deyir:
“Göndərdiyim bir məmura nə olur ki, “Bu sizin, bu da mənə hədiyə edildi” deyir? Atasının və ya anasının evində otursaydı görərdi ona hədiyə edilərdi yoxsa yox? Nəfsim əlində olan (ALLAH)`a and olsun ki, sizdən biriniz ondan bir şeyi alarsa Qiyamət günü onu boynunda daşıyaraq gələr.”
(əl-Buxari, Muslim)
əl-Xattabi belə deyir: “Bununla, məmurların aldıqları hədiyyələrin haqsız qazanc olduğu, onların digər mübah hədiyyələr kimi olmadığı açıqlanmaqdadır. Ona ancaq güzəşt etməsi, hədiyyə edənin üzərinə düşəni yüngülləşdirməsi və etməli olduğu bəzi şeyləri etməməsinə göz yumması üçün hədiyə edilmişdir.” İmam Şevkani isə belə deyir: “Hakimlərə və məmurlara verilən hədiyyələr rüşvətin bir növüdür. Çünki hədiyyəni verən, o şəxs hakim olmadan öncə ona hədiyə vermə vərdişi yoxdursa, bunu ona ancaq müəyyən bir məqsəd üçün verir. Bu məqsəd, ya onunla haqsızlığını gücləndirmək ya da hədiyyəsi ilə haqqına çatmaqdır ki, hamısı haramdır.”
Elm əhlindən başqaları da belə deyir: “Hakim və məmurlar, o vəzifəyə gəlmədən öncə ona hədiyyə vermə vərdişi olmayan insandan hədiyyə qəbul etməməlidir. Çünki o hədiyyə, bu halda bir rüşvətdir.”
Ey müsəlmanlar!.. Fəzilətli əməllərdən biri də yaxşılıqla vasitəçilik etməkdir. ALLAH Q rizasını istəyərək, bir şəxsə fayda vermək və ya bir zərəri dəf etmək kimi xeyirli işlərdə vasitəçi olmaqdır.
Rəsulullah (sav) belə buyurur:
“Vasitəçilik edin ki, savab qazanasınız. ALLAH, Peyğəmbərinin dili ilə dilədiyinə hökm edər.”
(əl-Buxari)
Fəqət, yaxşı bir işdə vasitəçilik edənin bunun qarşılığında hədiyyə alması haramdır. Rəsulullah (sav) belə buyurur:
“Kim bir qardaşı üçün vasitəçilik edər və ona bunun üçün bir hədiyyə verilir və onu qəbul edərsə, faiz qapılarından böyük bir qapıya daxil olar.”
(Əbu Davud. “Həsən” hədisdir)
İbn Məsud (r.a) belə deyir:
“Haqsız qazanc; bir qardaşının ehtiyacının təmin edilməsinə yardım etməyin və onu təmin etdikdən sonra sənə bir hədiyyə verməsi və onu qəbul etməyindir.”
Ömər ibn Abdu`l-AZİZ`in bir gün alma istədiyi, evində alma tapmadığı və onu almaq üçün pulunun olmadığı rəvayət edilir. Ömər ibn Abdu`l-AZİZ bayıra çıxır və əlində bir tabaq alma olan bir uşaqla qarşılaşır. Ondan bir alma alır və iyləyir. Sonra tabağı geri verir. Niyə belə etdiyi soruşulduqda belə deyir: “Ona ehtiyacım yoxdur!” Deyirlər ki: “Rəsulullah (sav), Əbu Bəkr və Ömər hədiyəni qəbul etmirdilər?” O belə deyir: “O, onlar üçün hədiyyədir, sonraki məmurlar üçün isə rüşvətdir.”
Ey müsəlmanlar!.. ALLAH`dan layiqincə qorxun və RƏBB`inizin çağrışına qatılın! Onun əmrinə itaət edin və yasaqladığından uzaq durun! Qəzəbinə yol açacaq şeylərdən çəkinin ki, dünya və axirətdə xoşbəxt olun!
Bu eşitdiklərinizi söyləyir; ALLAH`dan Q özüm və sizlər üçün bağışlanma diləyi¬rəm! Siz də Ondan bağışlanma diləyin! Şübhəsiz O , çox Bağışlayan və Mərhəmət edən¬dir.
Salehlərin dostu olan ALLAH`a həmd olsun! Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (sav) Onun qulu və aləmlərə rəhmət, yolunda olanlara bir nümunə və bütün insanlara bir dəlil olaraq göndərdiyi Rəsuludur. ALLAH`ım!. Qulun və Rəsulun Muhəmmədə, əhli-beytinə və əshabına, din gününə qədər onların yolunda gedənlərə xeyir-dua və salam elə; onları bərəkətli et!..
Bundan sonra. Gizli və aşkar hallarınızda, sevincli və kədərli anlarınızda ALLAH`dan layiqincə qorxun! Kim ALLAH`dan layiqincə qorxarsa ALLAH da onu qoruyar. Kim ALLAH`a təvəkkül edərsə ALLAH ona yetər. Kim ALLAH`a sığınarsa ALLAH onu qoruyar və xoşbəxt edər.
İman qardaşları!.. Rüşvət nəticəsində haqlar hədər olur və işlər görülməz hala gəlir. Sona qalmalı olan əvvələ alınır və başda olmalı sona tərk edilir. Əhəmiyyətsiz və dəyərsiz şəxs rüşvət nəticəsində önə çıxarılır. Çalışqan və bacarıqlı şəxs arxaya atılır. Rüşvət nəticəsində nə qədər çox haqq pozulmuşdur! Nə qədər alçaq insan yüksəldilmiş və dəyərli insan alçaldılmışdır!
ALLAH`ın qulları!.. Rüşvət əhlinə qarşı mübarizə edin və aranızda yaxşılığı yayın! Yaxşılıq, ehsan və fəzilət əhlindən olun!
ALLAH`ın qulları!.. İnsanların ən xeyirlisinə xeyir-dua və salam edin! Çünki bunu sizə UCA ALLAH əmr etmişdir. O , belə buyurur:
(“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56)
Tarix: 14.04.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 591 Bölmə: Maraqlı melumatlar