Hər bir insanın yalnız özünə diqqət yetirdiyi, şəxsi maraqlarını hər şeydən üstün hesab etdiyi bir əsrdə yaşayırıq.
Belə mühitdə müsəlman qadının qarşısında çox böyük çətinliklər dayanır. Çünki insana əzəldən bəri düşmənçilik edən şeytan hər vasitə ilə onu çətinliklərlə üz-üzə qoyur.
Hər kəs bilir ki, gələcək nəslin yetişdirilməsi qadınların məsuliyyətidir. Qadın öz evində kişi böyüdüb xalqa, ümmətə qəhrəman övladlar təqdim edir.
Amma qadın bu qədər əhəmiyyətli bir işin öhdəsindən necə gələ bilər?! Cavabını axtardığımız sual da elə budur. Müsəlman qadın möhkəm bünövrəli ailə qurmaq üçün ilk növbədə həqiqi, öz dini ilə qürur duyan, Rəbbinin göndərdiyi Quarani-Kərimə və Peyğəmbərinin (s.a.v) sünnəsinə sarınan müsəlman olmalıdır.
Biz də öz növbəmizdə müsəlman qadının getdiyi yolu az da olsa, işıqlandırmağa çalışırıq.
Bu kitabda Peyğəmbərimizin (s.a.v) qadınlara söylədiyi bəzi tövsiyələrini çatdıracağıq.
Siz bu tövsiyələrə əməl etdikdə əvvəllər olmayan qeyri adi həvəs və güc hiss edəcəksiniz. Tövsiyələrin əhəmiyyətini də, o zaman dərk edəcəksiniz.
İki cür tövsiyə var:
Birincisi: Sağlam adamın digərinə tövsiyəsi. Bu bir-birinə yaxşı işləri əmr etmək, pis işdən çəkindirmək, xeyrə həvəsləndirmək və yaxud şərdən uzaqlaşdırmaq ola bilər.
İkincisi: Ölüm ayağında olan insanın mal-mülkü barədə tövsiyəsi. Bu, boynunda qalmış borc və ya çatdırılası haqq barədə ola bilər. Bu növ tövsiyələr öldükdən sonra həyata keçirilir. Biz isə birinci növ haqqında danışacağıq. Peyğəmbərimiz qadınlara lazımi tövsiyələr etmiş, onların həm dünyada, həm də axirətdə nicat tapmaları üçün yol göstərmişdir.
Bu tövsiyələri toplayarkən onların həyatın hər sahəsini əhatə etməsinə xüsusi diqqət ayırmışıq.
Həmçinin kitabda yalnız səhih hədislərdə deyilən tövsiyələri cəm etmişik.
Eyni zamanda tövsiyələrin asan və anlaşılan tərzdə tərtib edilməsinə çalışmışıq.
Tövsiyələr, Peyğəmbərimiz Muhəmmədin qadınlara etdiyi müraciətindən, yaxud xəbərdarlığından və ya əmrlərindən ibarətdir.
Əsas məqsəd odur ki, şəfqət və mərhəmət Peyğəmbəri Muhəmmədin (s.a.v) sözləri, Həvva anamızın dinində zəif olan hər bir qızına gözəl tövsiyə olsun.
Bu tövsiyələri cəm etməkdə bizə kömək edən Allaha həmd olsun!
Ey Müsəlman bacım!
Sədaqətli qəlblə Rəbbinə doğru addımla. Peyğəmbərinin tövsiyələrini dərrakəli ağılla dinlə. Hara getsən, kimi dinləsən yenə də Peyğəmbər kəlamından daha doğru və kamil söz eşidə bilməyəcəksən. Bil ki, səni dünya xoşbəxtliyinə və axirət qurtuluşuna aparacaq yol Allaha və Peyğəmbərinə itaətdir. Uca Rəbbimiz bunu bizə xatırladaraq buyurur:
Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar. (əl-Əhzab: 71).
CƏHƏNNƏM ATƏŞİNDƏN QURTULUŞA ÇAĞIRIŞ
Əbu Səid (r.a) deyir: "Peyğəmbər (s.a.v) Fitrə və ya Qurban bayramında namazgaha gələndə qadınların yanından keçdi və dedi: "Ey qadınlar! Çoxlu sədəqə verin! Mənə Cəhənnəm əhalisinin çoxunun qadınlardan ibarət olduğu göstərildi".
Başqa rəvayətdə isə belə deyilir: "Sədəqə verin və çox bağışlanma diləyin!".
Qadınlar: "Ey Allahın elçisi! Nə üçün?" – deyə soruşdular.
Peyğəmbər (s.a.v) dedi: "Siz çox lənət oxuyur və ərinizə qarşı nankorluq edirsiniz. Mən sizin kimi ağılı və dini nöqsanlı ola-ola əzmkar kişilərə qalib gələn adam görməmişəm."
Qadınlar: "Ey Allahın elçisi! Bizim din və ağıl nöqsanımız nədədir?" – deyə soruşdular.
Peyğəmbər (s.a.v) dedi: "Məgər bir qadının şahidliyi, bir kişinin şahidliyinin yarısına bərabər deyilmi?"
Qadınlar: "Bəli", – deyə cavab verdilər.
Sonra Peyğəmbər (s.a.v) dedi: "Qadının ağılının nöqsanı bundadır. Qadın aybaşı olanda namazdan və orucdan imtina etmirmi?!"
Qadınlar: "Bəli", – deyə cavab verdilər.
Peyğəmbər (s.a.v) dedi: "Qadının dininin nöqsanı da bundadır." ( Buxari: 1/83, 2/149; Muslim: 2/67. )
Müqəddəs İslam şəriəti kişi və qadını, insaniyyəti formalaşdıran iki mühüm tərəf hesab edir. İnsaniyyət baxımından onların birini digərindən üstün hesab etmir. Bu fikir Uca Allahın aşağıdakı ayəsində aşkar görünür.
13 - Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)... (əl-Hucurat surəsi). İnsan Allah yanında yaxşı əməllərinə görə dəyərləndirilir. Uca Allah həm kişilərin, həm də qadınların müəyyən əməllərə görə məsuliyyət daşıdıqlarını bildirərək deyir: 11 - Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın... (əl-Hucurat surəsi).
Uca Allah onların hər birinin öz əməlinə görə məsuliyyət daşıdığını bildirir və deyir:
Hər kəs öz əməlinin girovudur! (Tur: 21).
22 - Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Onlara heç bir haqsızlıq edilməyəcəkdir. (əl-Casiyə surəsi).
Hər bir kişi və qadın etdiyi əməlinin qarşılığında Rəbbindən cəza və ya mükafat alacaqdır. Uca Allah buyurur:
195 - Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)... (Ali-İmran surəsi).
Qadının ağıl və din naqisliyinin açıqlaması
İslam şəriəti kişi və qadınları insani dəyərləndirmə baxımından bərabər etdiyi kimi, hüquqi məsələlərdə də eyni etmişdir. Onların hər birinin canı, namusu, malı və azadlığı tam hüququ ilə qorunur. Yalnız şəriət qadağalarını aşdıqda müəyyən edilmiş cəzalarla qarşılaşırlar.
Bununla yanaşı müasir tibb elmi də sübut edir ki, qadının bədən hüceyrələri, kişinin bədən hüceyrələrindən fərqlidir. Uşaq ana bətnində inkişaf etməyə başlayanda qız və oğlan uşaqları bir-birindən fərqli inkişaf mərhələsi keçirlər. Nəticədə qadının bədənində hamilə qalmaq, uşaq dünyaya gətirmək və süd vermək üçün fərqli quruluş formalaşır.
Qadınların mənəvi quruluşuna gəlincə, onlar nəcib duyğulu, zərif ünsiyyətli, mehriban, işində davamiyyətli və güclü refleksli olurlar. Nəticə etibarı ilə qadınlarda zərif ünsiyyət xasiyyəti üstünlük təşkil edir. Qadının ana olması üçün ona yaraşan keyfiyyət də bu olmalıdır. Çünki əsasən analıq etmək üçün düşüncə deyil, zərif və mehriban ünsiyyət lazımdır.
Qadının xasiyyətində təəssübkeşlik daha çox yer aldığı üçün, İslam şəriəti iki qadının şahidliyinin bir kişinin şahidliyini əvəz etdiyini demişdir. Bəzilərinin düşündüyü kimi, qadın kişinin yarısına bərabər deyildir!
İslam şəriəti bu qanunu təyin edərkən qadını kişinin yarısına bərabər etməmişdir. Əslində burada başqa məqsəd, fərqli məna vardır. İslam şəriəti bununla şahidlik məsələsinə daha da etibarlı yanaşmağı nəzərdə tutmuşdur.
Əvvəldə dediyimiz kimi, qadınlar zərif ünsiyyətli, təəssübkeş və güclü refleksli olurlar. Şahidlik zamanı bu səbəblə səhvə yol verilməsin deyə, ikinci qadının da şahidlik etməsi tələb olunmuşdur. Uca Rəbbimiz bu sözləri ilə deyilən mənanı açıqlamışdır:
...Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın... (əl-Bəqərə: 282).
Demək burada məqsəd bir qadının digərinə şəhadəti xatırlatmasıdır. Bəzi kəmsavadların düşündüyü kimi haqsızlıq nəzərdə tutulmur. Peyğəmbər də bu mənada qadınları "ağılda nöqsanlı" kimi vəsf etmişdir. Bu, qadın üçün eyib sayılmır. Çünki qadın çox əzəmətli bir işə, hamiləlik, doğum və süd vermək kimi məsuliyyətli işlərlə – analıq etməyə təyin edilmişdir. Əgər qadın təəssübkeşliyə və zərifliyə sahib olmasaydı, bu işlərin öhdəsindən gələ bilməzdi.
Qadının güclü refleksli olduğunu deyirik, amma bu, o demək deyil ki, kişilərdə refleks hissi olmur. Kişi də refleksli davranır. Həmçinin bu, o demək deyil ki, təkcə qadınlar səhv edir, unudurlar. Xeyr, kişilər də səhv edir və unudurlar. Bəzi hallarda isə qadınlar kişilərdən daha çox düşüncəyə sahib olurlar.
Qadınların yuxarıda deyilən xasiyyəti çoxluğa aiddir. Yəni, adətən qadınlar deyilən xasiyyətdə olurlar. Ələlxüsus ağıl və təəssübkeşlik hissləri qarşı-qarşıya gəldikdə, onlar təəssübkeş davranırlar.
Bu mənada tariximizdə çox gözəl nümunələr vardır.
ZƏKA VƏ DÜŞÜNCƏ NÜMUNƏSİ
Budur Əbu Bəkrin (R.A) qızı Əsma öz parlaq düşüncəsi, qürurlu nəfsi və güclü iradəsi ilə bir çox kişilərin aciz qaldıqları bir nümunə göstərmişdir.
Müsəlman bacım fikir ver...
Peyğəmbər (S.A.V) Mədinəyə hicrət edərkən Əbu Bəkr də onunla birlikdə hicrət etmiş və mal-dövlətinin hamısını özü ilə götürmüşdü. Əsmanın gözləri tutulmuş babası Əbu Quhafə onların evinə gəlib dedi: "Mənə elə gəlir ki, o özü getməklə sizə bir zərbə, mal-dövlətinin hamısını aparmaqla iki zərbə vurmuşdur".
Əsma bu sözləri eşidən kimi müdrik davranıb: "Xeyr babacan, o, bizim üçün çox xeyir qoyub gedib", – deyərək dərhal bir neçə ədəd xırda daş götürüb Əbu Bəkrin (r.a) pul-parasını yığdığı yerə qoydu və üzərini paltar ilə örtdü. Babasının əlindən tutub dedi: "Babacan, əlini bu pul-paranın üzərinə qoy!" Babası əlini o yerə vurub dedi: "Əgər sizin üçün bu qədər mal-dövlət saxlayıbsa, yaxşı iş görüb. Bu sizin üçün kifayət edər".
Həqiqət isə budur ki, Əbu Bəkr (r.a) evində heç bir mal-dövlət saxlamamışdı. Lakin Əsma öz dərin düşüncəsi ilə babasının atasına qəzəblənməsinə mane olmuşdu. Bu qadın "İki Kəmər Sahibi" ləqəbi ilə də məşhurdur. O, öz kəmərini iki hissəyə bölüb birini özünə saxlamışdı. Digərini isə mağarada gözləyən Peyğəmbərə (s.a.v) yemək göndərmək üçün bağlamanı bağlamışdı. O, Yərmuk döyüşündə iştirak etmiş və əri ilə birlikdə imtahandan yaxşı keçmişdir. Onun qəhrəmanlığı və qüruru haqqında çox danışmaq olar.
Ey müsəlman bacım bir qədər düşün!
Bir gün oğlu Abdullah ibn əz-Zubeyr onun yanına daxil oldu. Onun gözləri tutulmuş, yaşı yüzü keçmişdi. Abdullah: "Ey ana! İnsanlar və ailəm məni rüsvay ediblər, sən nə düşünürsən?" – deyə soruşdu. Anası dedi: "Bənu Umeyyənin uşaqları səni ələ salmasınlar! Hörmətlə yaşa, hörmətlə də öl! Sən məndən öncə ölsən, yaxud mən səndən öncə ölsəm haqqında yalnız yaxşı düşünmək istəyirəm. Aqibətinin necə olacağı məni narahat edir".
Sonra o dua edib dedi: "Ey Allahım! Mən onu Sənin əmrinə təslim edib, qəza-qədərinlə razılaşmışam. Abdullaha görə məni şükür edən bəndələrindən qəbul et!"
Ağıl və düşüncə nümunəsi
Abdullahın qızı Şəfa adlı bir əshabə qadın var idi. O, dərin zəka və düzgün qərar sahibi idi.
Ömər ibn əl-Xəttab (r.a) daim onun fikirlərini dəyərləndirir və onun qərarlarını doğru hesab edirdi. Peyğəmbər (s.a.v) də ona Həfsaya yazıb-oxumağı və başqa elmləri öyrətməyi tapşırmışdı.
Ağıl və səbir nümunəsi
əl-Xənsə
Onun əsl adı Tumadir bint Amr ibn əl-Harisdir. O, çox hörmətli qadın əshabə və məşhur şairədir. O, öz qövmü ilə birlikdə İslamı qəbul etmişdi. Qadisiyyə döyüşündə dörd övladını döyüşə yollamış və onlara belə demişdi: Ey oğlanlarım, siz öz istəyinizlə İslamı qəbul edib könüllü hicrət etmisiniz. Özündən başqa haqq ilah olmayan Allaha and olsun ki, siz bir qadının övladlarısınız. Mən heç vaxt atanıza xəyanət etməmişəm, özümün və atanızın nəslinin hörmətinə ləkə salmamışam. Siz Uca Allahın kafirlərə qarşı döyüşən müsəlmanlara necə böyük savab vəd etdiyini yaxşı bilirsiniz. Bilin ki, əbədi həyat fani həyatdan daha xeyirlidir.
İnşallah səhərə salamat çıxan kimi gözüaçıq halda düşməninizlə döyüşməyə gedin. Allahın köməkliyi ilə düşməninizə qalib gəlin. Döyüşün tam qızışdığını gördükdə özünüzü oraya çatdırın. Belə olduqda siz həm əbədi, həm də fani həyata hörmət və qənimətlə getmiş olarsınız.
Onlar döyüşdə son nəfəsə qədər döyüşüb şəhid oldular. Anaları onların şəhid olmalarını eşidib dedi: Onların qətlə yetirilməsi ilə məni şərəfləndirən Allaha həmd olsun! Rəbbimdən istəyirəm ki, məni də onlarla birlikdə əbədi mərhəmətinə qovuşdursun.
Bir çox qadınların belə dərrakəli olmasına dair nümunələr mövcuddur. Amma bu çoxluq təşkil etmir.
Qadının ağıl naqisliyinin açıqlaması haqqında bu qədər. İndi isə din naqisliyi haqqında açıqlama verək.
Bəzi insanlar bunu İslam şəriətinin qadını dəyərdən salması kimi qələmə verirlər.
Biz bilirik ki, Uca Allah qadını xüsusi sifətdə yaratmışdır. Biz bu haqda yuxarıdakı abzaslarda qeyd etmişik. Qadının fərqli yaradılmasının nəticəsi olaraq onlarda aylıq xəstəlik halları baş verir. Müqəddəs şəriətimiz qadını bu xəstəliyi dövründə namazdan, orucdan və təmizlik tələb edən digər ibadətlərdən azad etmişdir. Allah qadını belə yaratmışdır və o, bu adətdən azad olmaq üçün heç bir tədbir görə bilməz. Peyğəmbər (s.a.v) də bu adəti qadının dində olan naqisliyi kimi dəyərləndirmişdir.
Bütün bunlardan sonra deyə bilərik ki, qadın hüquqlarından bəhs edərkən, "İslam şəriətində qadın kişinin yarısıdır!" – deyənlər səhv edirlər.
İslam şəriətinə görə qadın və kişi bir məqsəd üçün yaradılmışdır. Hər şeyi hikmətlə yaradan və onu öz işinə yönəldən Allah nöqsansız və eyibsizdir.
Ey Müsəlman bacım! İndi isə Peyğəmbərinin (s.a.v) tövsiyəsini dinlə ki, dünya və axirətdə qurtuluşa nail olasan.
Müsəlman bacım! İman söz, əməl və etiqaddan ibarətdir. İman itaət ilə çoxalır, asiliklə azalır.
Uca Allah iman əhlini vəsf edərək buyurur:
2. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, 3. namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. (əl-Ənfal: 2-3).
Uca Rəbbimiz zikr, təvəkkül, namaz, zəkat və digər bu kimi əməlləri iman hesab etmişdir. İnsanın imanı etdiyi əməllərə görə dəyişir. Bir müsəlman qadın üzərinə düşən vacib və müstəhəb əməlləri nə qədər yerinə yetirərsə imanı da bir o qədər artar. Hal-hazırda Peyğəmbərin (s.a.v) bir tövsiyəsini oxuyuruq. O, mömin qadınları xəbərdar edir, atəşdən qurtulmaq üçün onlara doğru yol göstərir. Müsəlman bacım, gəl birlikdə bu tövsiyəyə nəzər salaq:
"Mənə Cəhənnəm əhalisinin çoxunun qadınlardan ibarət olduğu göstərildi." İsra gecəsində uca Allah Peyğəmbərə bu səhnəni göstərmişdi. Həmçinin deyilənə görə bir dəfə Peyğəmbər (s.a.v) müsəlmanlara (günəşin tutulmasına görə) kusuf namazı qıldıranda cəhənnəm ona göstərilmiş və oranın əhalisinin çoxunun qadınlardan ibarət olduğunu görmüşdü.
Hal-hazırda sənə necə maraqlıdırsa, orada olan qadınlar da, "Ey Allahın elçisi! Nə üçün?" – deyə, səbəbini soruşdular.
Peyğəmbərin (s.a.v) cavabı məhz iki səbəbi bildirdi. "Siz çox lənət oxuyur və ərinizə qarşı nankorluq edirsiniz.
(Buxari: ? 1052.)
Çoxlu lənət oxumaq, ona-buna lənət və qarğış etmək deməkdir.
Ərinə nankorluq etmək isə, kişinin haqlarından imtina etməkdir. Hədisin ərəbcəsində işlədilən "əl-əşir" sözü həyat yoldaşı mənasını verir. Onlar öz həyatlarını birlikdə davam etdirdikləri üçün bu adla adlandırılmışlar.
Mömin bacım!
Ərinə itaət etmək boynuna düşən vacib əməllərdəndir. İtaətkarlıq dedikdə bunlar nəzərdə tutulur: Yaxşı işlərdə əlbir olmaq, istəklərini icra etmək, onu qəzəbləndirməmək, haqqını tapdaladıqda üzrxahlıq etmək, onun qarşısına xoş və gülər üzlə çıxmaq.
Uca Allah qadınların bu iki nöqsanı edəcəklərini əzəli elmi ilə bildiyi üçün Peyğəmbərin (s.a.v) dili ilə onlara çıxış yolu göstərmişdir. Bu çıxış yolu sədəqə vermək və çoxlu bağışlanma diləməkdir.
Ey qadınlar Peyğəmbərinizin (s.a.v) tövsiyəsi ilə səxavətli olun. Artıq qalmış qidaları və ya geyimləri kasıblara verməkdə paxıllıq etməyin. Yaxşılıq etməklə və sədəqə verməklə özünüzü cəhənnəm odundan xilas edin.
Müsəlman bacım!
Sədəqənin miqdarı üçün məhdudiyyət yoxdur. İstər böyük, istərsə kiçik olsun. Əsas odur ki, insan xəsislikdən qurtulub səxavətlilik əldə etsin. İbrət üçün Peyğəmbərin bu sözlərini oxu: "Yüngül xasiyyətli bir qadın, qızmar günlərin birində susuzluqdan dilini sallayıb su quyusunun başında hərlənən bir it gördü. Qadın ayaqqabısının içərisinə su doldurub itə verdi. Allah onu bu əməlinə görə bağışladı"
(Muslim: ? 2245.)
Bax gör az miqdarda olan sədəqə uca Allahın rəhmətini və mərhəmətini o qadına necə qazandırdı.
Peyğəmbər (s.a.v) işin daha da asanını bizə bildirərək buyurub:
"Özünüzü bir parça xurma dənəsi ilə də olsa cəhənnəmdən qurtarın." (Əhməd: 1/ 388.)
Hətta ərinə və ya övladına dediyin hər bir gözəl bir söz Allah yanında sədəqə kimi qeydə alınır. Bu mənada Peyğəmbər (s.a.v) demişdir: "Özünüzü bir parça xurma dənəsi ilə də olsa cəhənnəmdən qurtarın. Əgər sədəqə etməyə xurma tapmasan xoş söz danışmaqla sədəqə et."(Buxari: ? 6023. Muslim: ? 1016.)
Eləcə də digər müsəlman bacılarını gülər üzlə qarşılamağın sənin üçün sədəqə hesablanır. Peyğəmbər (s.a.v) deyir: "Heç bir yaxşı işə səhlənkar yanaşma. Hətta qardaşını xoş üzlə qarşılamaqda səhlənkarlıq etmə!"
(Muslim: ? 2626.)
Əgər sən qonşuluğunda yaşayan müsəlman bacına yaxşı işlərdə dəstək olur, gördüyü pis işlərdən onu agah edirsənsə, artıq sənin üçün Allah dərgahında savab qeydə alınmış olar.
Müsəlman bacım!
Bax gör Peyğəmbərin (s.a.v) nə deyir?!
"Hər bir müsəlman sədəqə etməlidir."
Orada olanlar dedilər: "Ey Allahın elçisi, əgər sədəqə etməyə imkanı olmazsa?!"
Peyğəmbər (s.a.v) dedi: "Qoy əlinin zəhməti ilə qazansın, həm özünə fayda versin, həm də sədəqə etsin."
Orada olanlar dedilər: "Əgər bunu etməyi bacarmazsa?!"
Peyğəmbər (s.a.v) dedi: "Elə isə ehtiyacı olan bir adama köməklik etsin."
Orada olanlar dedilər: "Əgər bunu da etməzsə?!"
Peyğəmbər dedi: "O zaman yaxşı, yaxud xeyirli işləri görməyi tövsiyə etsin!"
Orada olanlar dedilər: "Əgər bunu da bacarmazsa?!"
Peyğəmbər (s.a.v) dedi: "Bu təqdirdə pislik etməsin. Onun pislik etməməyi də bir sədəqədir."
Sədəqə ilk növbədə möhtac qohumlara verilməlidir. Övladlarının xərcini çəkmək isə qohumlardan da öncədir.
Abdullah ibn Məsudun (r.a) arvadı Zeynəb ل deyir ki, bir gün məsciddə olarkən Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: "Sədəqə edin. Hətta (heç nəyiniz olmasa da) zinət əşyalarınızdan sədəqə edin."
Zeynəb ل malını həm həyat yoldaşı Abdullah ibn Məsuda, həm də evindəki yetimlərə sərf edirdi. O, Abdullaha dedi: Peyğəmbərdən soruş görək mənim sənə və evimdəki yetimlərə sərf etdiyim mal-dövlət məni sədəqə məsuliyyətindən azad edirmi?
Abdullah dedi: Bu haqda özün Peyğəmbərdən (s.a.v) soruş.
Mən Peyğəmbərin yanına getdim. Qapısının önündə Ənsarlı bir nəfər qadın gördüm. O da eyni məsələ ilə maraqlanırdı. Qarşımıza Bilal çıxdı və biz ona dedik: Peyğəmbərdən soruş görək əgər mən malımı ərimə və evimdəki yetimlərə sərf edirəmsə bu məni sədəqə məsuliyyətindən azad edirmi?
Həmçinin ona kimliyimiz haqqında Peyğəmbərə (s.a.v) məlumat verməməyi də tapşırdıq. O içəri daxil olub sualı soruşdu. Peyğəmbər sualı soruşanlar kimdir? – deyə Bilaldan soruşdu.
Bilal: Zeynəbdir.
Peyğəmbər (s.a.v) : Hansı Zeynəb?
Bilal: Abdullahın yoldaşı Zeynəb.
Peyğəmbər (s.a.v) dedi: "Bəli, onun savabı ikiqatdır. Həm qohumluq əlaqəsini qorumaq, həm də sədəqə vermək savabı."
Müsəlman qadın bilməlidir ki, malını sərf etməyə ilk növbədə əri və uşaqları, onlardan sonra isə başqa qohumları layiqdirlər.
Sizin verdiyiniz sədəqə, yaxud gördüyünüz yaxşı iş sizi acınacaqlı həyat sonluğundan xilas edər.
Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Yaxşı işlər görmək insanı acınacaqlı həyat tərzindən qoruyar.
(Buxari: ? 1393. Muslim: ? 1000.)
Yaxşı iş dedikdə, başqasına etdiyin hər bir yaxşılıq və faydalı əməl nəzərdə tutulur.
Hədislərin birində Peyğəmbər (s.a.v) yaxşılıqların növlərini açıqlayaraq deyir: "İnsan hər gün hər bir oynağına görə sədəqə verməlidir. İki nəfərin münasibətini düzəltmək sədəqədir. Miniyinə minə bilməyənə kömək etmək sədəqədir. Miniyinə yük yükləməyə kömək etmək sədəqədir. Yaxşı söz danışmaq sədəqədir. Namaza gedərkən atdığın hər bir addım və insanları narahat edən maneəni yoldan götürmək sədəqədir."(Buxari: ? 2560. Muslim: ? 1009.)
Peyğəmbərin (s.a.v) , "və çox bağışlanma diləyin!" – tövsiyəsi çoxlu bağışlanma diləməyi, yəni Allahdan bağışlanma diləməyi, günah və eyiblərinin ifşa olunmamasını istəməyi təbliğ edir. Bu tövbə anlamına gəlir. Qurana diqqətlə nəzər saldıqda bizi bağışlanma diləməyə çağıran, yaxud bağışlanma diləməyin əhəmiyyətini vurğulayan ayələrin nə qədər çox olduğunu görərik. Məsələyə hədislərdə də eyni dəyər verilməkdədir.
Uca Rəbbimiz məsum Peyğəmbərinə (s.a.v) bağışlanma diləməyi əmr edib demişdir:
106 - Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir! (ən-Nisa: 106).
Başqa ayədə isə belə buyurur: 3 - Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (ən-Nəsr: 3).
Uca Rəbbimiz bildirir ki, kim pis iş görərsə, yaxud qəzəbə səbəb olan əməl ilə özünə zülm edərsə, Rəbbindən bağışlanma diləsin, səmimi tövbə etsin.
Uca Allah buyurur: 110 - Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (ən-Nisa: 110).
Digər ayədə isə belə buyurur: 135 - O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Ali-İmran: 135).
Müsəlman bacım!
Sən daim bağışlanma diləsən uca Allah sənə hər bir sıxıntıdan, qəm-kədərdən çıxış yolu göstərəcəkdir.
Bunlar bağışlanma diləməyin dünyadakı mükafatıdır. Axirətdə isə günahlarının bağışlanması, cənnətə daxil olmaqdır. Gör bağışlanma diləməyin savabı necə də böyükdür.
Bu savabı əldə etmək üçün mütləq gecə və gündüz vaxtaşırı, gizlidə və aşkarda Allahdan bağışlanma diləməlisən.
Hikmətli Loğman öz oğluna tövsiyə edib deyirdi:
"Ey oğlum! Dilini "Allahım məni əfv et, tövbəmi qəbul et!" sözünə alışdır. Həqiqətən gün ərzində dua rədd olunmayan vaxtlar vardır."
Həsən əl-Bəsri demişdir: "Evinizdə, məclisdə, bazarda və yolda çoxlu bağışlanma diləyin. Çünki siz rəhmət qapılarının nə zaman açıldığını bilmirsiniz".
Allahdan bağışlanma diləmək üçün deyiləcək ən gözəl ifadə Peyğəmbərimiz Muhəmmədin (s.a.v) bizə öyrətdiyi duadır. Bu dua "bağışlanma diləməyin ağası" (Seyyidul İstiğfar) adlandırılmışdır. Şəddad ibn Ovs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir:
«Allahummə əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, va ənə alə ahdikə va vadikə məstətatu, əuzu bikə min şərri mə sənatu, əbuu ləkə binimətikə aleyyə, va əbuu bizənbi fa-ğfirli fəinnəhu lə yəğfiru-z-zunubə illə ənt»
"Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Sənə verdiyim vədi və əhdi bacar¬dıqca yerinə yetirəcəyəm. Sənin yaratdıqlarının şərindən Sənə sığınıram. Mənə verilən neməti Sənə qaytarıram və öz günahlarımı etiraf edirəm. Məni bağışla. Səndən başqa günahları bağışlayan yoxdur."
Daha sonra Peyğəmbər (s.a.v) dedi: "Kim bunu gündüz vaxtı iman gətirərək deyər və həmin gün ölərsə cənnət əhlindən olar. Kim iman gətirərək axşam vaxtı bunu deyər və həmin gecə ölərsə cənnət əhlindən olar"
(Buxari: ? 5947.)
Alimlər deyirlər ki, bu dua tövbənin bütün mənalarını özündə əks etdirdiyi üçün ona "bağışlanma diləməyin ağası" (Seyyidul İstiğfar) adı verilmişdir. Ağa başqalarının ehtiyaclarını qarşılayan, yardım edən deməkdir.
Ey Müsəlman bacım! Sən də dara düşəndə, işin çətinləşəndə bu duaya üz tut ki, onda olan xeyir və savabı əldə edəsən.
Müdrik alim ət-Tiybi bu dua haqqında belə demişdir:
"Peyğəmbər (s.a.v) duada ilk olaraq Allahın nemət bəxş etdiyini təsdiq edir. Məna daha geniş olsun deyə, burada nemətin nədən ibarət olduğunu demir. Sonra özünün naqis olduğunu, tam şükür etmədiyini vurğulayır. Təvazökar davranaraq və ümmətinə təlim keçərək "öz günahlarımı etiraf edirəm" cümləsində mübaliğə edib özünü günahkar kimi təqdim edir."
Peyğəmbərin (s.a.v) birinci tövsiyəsi haqqında bu qədər. Həqiqətən həmd olunmağa layiq olan tək Allahdır.
Tarix: 05.05.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Maraqlı melumatlar