Ehramda qadağan olunan şeylər
Həcci batil edən amillər
İki Hərama aid qadağalar
Ov heyvanını öldürməyin cəzası
Həcc zamanı cinsi yaxınlıq etməyin cəzası
Həcc zamanı müxtəlif hallarda kəsilən heyvanlar
Ehramda qadağan olunan şeylər
Ehramda olan şəxsə bunları etmək haramdır:
1. Tikişli paltar geyinmək: Demək İbn Ömərin (Allah ondan razı olsun) rəvayətində deyilir ki, bir kişi: «Ey Allahın elçisi, ehramda olan hansı paltarı geyinməlidir?» - deyərək soruşdu. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Köynək, əmmamə, şalvar, əba yaxud xüff geyinmək olmaz. Əgər kimsə geyinməyə ayaqqabı tapmazsa onda xüff geyinsin, amma onları topuqdan aşağı qədər kəssin. Eləcə də zəfəran və ya sarıkök dəymiş paltar geyinməyin»[1].
Geyinməyə xüff və şalvardan başqa heç nəyi olmayan kimsəyə bu paltarları kəsməmiş geyinməyə icazə verilir. Demək İbn Abbas (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərəfada xütbə verərkən onun belə dediyini eşitmişəm: «Ehramda olan kimsə geyinməyə ayaqqabı tapmırsa xüff geyinsin, geyinməyə izar (alt parça) tapmırsa şalvar geyinsin»[2].
2. Qadının üz və əllərini örtməsi: Demək İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ehramda olan qadın niqab tamır və əlcək geyinmir»[3].
Qadın kişilərlə üzləşdikdə üzünü örtə bilər. Demək Hişam ibn Urvə, Fatimə bint əl-Munzirin belə dediyini rəvayət edir: «Biz ehramda olarkən, Əsma bint Əbu Bəkr əs-Siddiq də bizimlə birlikdə idi və biz üzümüzü örtürdük»[4].
3. Kişinin, əmmamə və ya başqa şeylə başını örtməsi: Demək İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: «Köynək və əmmamə geyinmək olmaz...»[5].
Çadır və bu kimi şeylərin altında kölgələnmək olar. Bu haqda Cabirin (Allah ondan razı olsun) uzun hədisində qeyd olunmuşdu. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) «Nəmirə adlı yerdə onun üçün tükdən hazırlanmış çadır düzəldilməsini əmr etdi və orada qaldı...».
4. Ətirlənmək: İbn Ömərin (Allah ondan razı olsun) hədisində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: «...zəfəran və ya sarıkök dəymiş paltar geyinməyin»[6].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həcc zamanı dəvəsi tərəfindən öldürülən kişi haqqında demişdi: “Onu ətirləməyin və başını örtməyin. Çünki o qiyamət günü təlbiyə duasını deyə-deyə dirildiləcəkdir” [7].
5. 6. Dırnaqları tutmaq, saçı qırxmaq yaxud qısaltmaq və sairə:
Uca Allah buyurur: «qurbanlıq öz yerinə çatıncaya (kəsilənə) qədər başınızı qırxdırmayın...»[8].
Alimlər, ehramda olanın dırnaq tutmasının haram olmasını yekdilliklə vurğulamışlar[9].
Başında saçın qalmasından əziyyət çəkən saçını qırxa bilər. Amma buna görə fidyə (kəffarə) verməlidir. Uca Allah buyurur: «...Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir...»[10].
Kəəb ibn Ucrənin rəvayətində deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkəyə daxil olmadan öncə Hudeybiyyədə ehramda olarkən onun yanından keçirdi. O isə qazanın altına od qalayırdı. Başının bitləri onun üz-gözündə gəzirdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu görüb dedi: «Bu həşəratlar sənə əziyyət verirmi?» O: bəli – deyərək cavab verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Elə isə başını qırx və bunun əvəzində altı nəfər miskinə üç saa yemək yedizdir, yaxud üç gün oruc tut və ya bir qurban kəs»[11].
7. Cinsi yaxınlıq və ona aparan hərəkətlər:
8. Günah işlətmək:
9. Dava-dalaş etmək və söyüş söymək:
Bu üç şeyin haram edilməsinin əsası uca Allahın bu ayəsidir: «Həcc (mövsümü) məlum olan aylardır. (Həmin aylarda) həcc ziyarəti vacib olan şəxsə həccdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz...»[12].
10. 11. Nişan etmək və kəbin kəsmək: Demək Osmanın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: «Ehramda olan şəxs özünə və başqasına kəbin kəsməz və ya nişan etməz»[13].
12. İhramda olarkən quruda yaşayan heyvanları öldürmək, kəsmək, yaxud onların ölümünə işarə və ya göstərişlə səbəb olmaq:
Uca Allah buyurur: «...İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu...»[14].
Həmçinin ihramda olan bir qrup səhabə, ihramda olmayan Əbu Qatadənin ovladığı heyvan haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşduqda, o demişdir: «Sizdən kimsə ona, ova hücum etsin deyə ovu göstərib və ya işarə edibmi? Orada olanlar: xeyr – deyərək cavab verdilər. O dedi: Elə isə yeyin!»[15].
13. Kiminsə, onun üçün, yaxud onun göstərişi və ya köməyi ilə ovlanan heyvanın ətindən yeməsi:
Bu qadağa, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisinin məfhumundan anlaşılır: «Sizdən kimsə ona, ova hücum etsin deyə ovu göstərib və ya işarə edibmi? Orada olanlar: xeyr – deyərək cavab verdilər. O dedi: Elə isə yeyin!»[16].
Həcci batil edən amillər[17]
Həcc bu iki şeydən biri ilə batil olur:
Birinci; “Cəmərətul Əqəbə”yə daş atmadan öncə edilən cinsi yaxınlıq: Əgər cinsi yaxınlıq “Cəmərətul Əqəbə”yə daş atandan sonra, ifadə təvafından öncə baş verərsə bu günahdır, həcci batil etmir.
Bəzi alimlər deyirlər ki, ümumiyyətlə cinsi yaxınlıq həcci batil etmir. Çünki bu haqda açıq-aşkar sübut yoxdur.
İkinci; Həccin rükunlarından birini tərk etmək:
Əgər həcc bu iki şeydən biri ilə batil olarsa, həmin adam üçün gələn il yenidən həcc etmək vacibdir. Təbii ki, bu imkan daxilində olmalıdır. Biz artıq yuxarıda imkan məfhumunu açıqlamışıq. Hər halda imkan olan vaxt həcc etməsi vacibdir. Çünki həcc imkan olandan sonra dərhal vacib sayılır.
İki Hərama aid qadağalar[18]
İki səhih kitabda və digərlərində Abbad ibn Təmimin hədisi qeyd olunur. Onun əmisi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən İbrahim Məkkəni həram saymış və ora üçün dua etmişdi. İbrahim Məkkəni həram saydığı kimi, mən də Mədinəni həram sayıram».
Bu iki torpağın həram sayılması uca və nöqsansız Allahdan, iki kəramətli peyğəmbəri və elçisinə göndərdiyi vəhy əsasında edilmişdir. Onların hər ikisinə Allahın salavatı və salamı olsun. “əl-Hərameyn” yəni, “İki Həram” deyildikdə Məkkə və Mədinə nəzərdə tutulur. Şəriət qaydalarına görə bu iki şəhərdən başqasına həram adı vermək olmaz. Hətta şəriət qaydalarına görə nə “əl-Əqsa”, nə də “İbrahim əl-Xəlil” məscidlərinə həram adını vermək olmaz. Çünki şəriət həram adını yalnız Məkkə və Mədinə şəhərlərinə aid etmişdir. Bu bir şəriət qərarıdır və bəşər ağılı buna müdaxilə edə bilməz.
Əl-Hərameyn torpaqlarında bəzi əməlləri etmək qadağandır. Orada müvəqqəti yaşayanlar, yaxud həcc və ümrə ziyarəti, yaxud başqa iş üçün gələn bu əməlləri edə bilməz. Bunlar aşağadakılardır:
1. Heyvan və quş ovlamaq, ov üçün qovmaq və ya kömək etmək.
2. Ot və ağacları yolmaq və ya kəsmək. Yalnız zərurət yarandıqda bunu etmək olar.
3. Silah daşımaq.
4. Məkkə həramında həcilərin itən əşyaları götürməsi. Amma məkkədə yaşayanlar bunu götürə və sahibini araşdıra bilərlər. Hər halda məkkədə yaşayanla həci arasında qoyulan fərqin səbəbi aydındır[19].
Kitabın müəllifi deyir: Bu qadağaların dəlili Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkənin fəthi günündə dediyi sözləridir:
«Allah bu torpağı, göyləri və yeri yaratdığı gündən həram etmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər həram olaraq qalacaqdır. Məndən öncə heç kəsə orada savaşmağa icazə verilməmişdir. Mənə günün yalnız bir hissəsində (məkkəni fəth etmək üçün) halal edilmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər həram olaraq qalacaqdır. Oranın ağacları kəsilməz, ovu qovulmaz, yaş otları yolunmaz, itən əşyanın sahibini axtaran insandan başqa, kimsə burada itən əşyaları götürə bilməz». Bu zaman İbn Abbas (Allah ondan razı olsun) dedi: Ey Allahın elçisi, yalnız ətirli qamışdan başqa. Çünki camaat onu dəfndə və evlərin tikintisində istifadə edirlər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Yalnız ətirli qamışdan başqa»[20].
Cabir (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Sizlərdən heç kəsə Məkkədə silah gəzdirmək halal deyildir»[21].
Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (Mədinə şəhəri haqqında) belə dediyini rəvayət edir: «Buranın göy otları dərilməz, ovu qovulmaz, itən əşyanın sahibini axtaran insandan başqa, kimsə burada itən əşyaları götürə bilməz. Həmçinin burada döyüş etmək üçün silah gəzdirmək heç kəsə yaraşmaz. Buranın heç bir ağacını kəsmək düzgün deyil. Yalnız dəvəsini yedizdirən istisnadır»[22].
Şeyx İbrahim Şəqra məsələyə açıqlama verərək deyir:
Kim bu qadağalardan hər hansını edərsə günah qazanmış olar. Belə halda o, tövbə edib bağışlanma diləməlidir. Yalnız əgər ov ovlayarsa onda ihramda olan şəxs tövbə edib bağışlanma diləməkdən əlavə qurban kəsməlidir.
Ov heyvanını öldürməyin cəzası:
Uca Allah buyurur: «Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!»[23].
İbn Kəsir (Allah ona rəhmət etsin) Təfsir kitabında (2/ 98) deyir:
Bu, uca Allah tərəfindən, ihramda olan kimsənin ov heyvanını öldürməsinin haramlığı və bu işdə ona köməklik göstərməyin qadağan olması barədə verilən hökmdür.
Bu qadağa öz mənasına görə birbaşa əti yeyilən heyvanlara aiddir. Quruda yaşayıb əti yeyilməyən heyvanlara gəldikdə, İmam Şafii ihramda olan kimsənin belə heyvanları öldürməsinin icazəli olduğunu demişdir. Amma əksər alimlər (cümhur) belə heyvanların da öldürülməsinin haram olduğunu demişlər. Bu qadağadan yalnız aşaqda, Buxari və Müslimin səhih əsərlərindən nəql olunan hədisdəki heyvanlar istisna edilir. Demək Zuhri Urvədən rəvayət edir ki, möminlərin anası Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Beş heyvan vardır və onlar zərərli heyvanlardır. Bu heyvanlar ihramda olarkən və ihramda olmayarkən öldürülür. Bunlar: Qarğa, çalağan, əqrəb, siçan və quduz itdir»[24].
Əksər alimlərin rəyinə əsasən ovu qəsdən öldürənin cəzası ilə, bilmədən öldürənin cəzası eynidir.
Zuhri deyir: Ovu qəsdən öldürənin cəzasını Quran, bilməyərəkdən öldürənin cəzasını isə Sünnə isbatlamışdır. Yəni, bu o deməkdir ki, ihramda olarkən qəsdən ov heyvanı öldürən kimsənin günah qazanması ilə bərabər cəzalandırılması da vacibdir. Uca Allah buyurur: «...gördüyü işin zərərini, acısını dadsın deyə,... Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar...». Ov heyvanını bilərəkdən öldürənin cəzası Quranda necə deyilirsə, eləcə də ov heyvanını bilmədən öldürənin cəzasının vacib olması, sünnədə, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrinin qərarlarında öz əksini tapır. Həmçinin ov heyvanının öldürülməsi zərər verməkdir. Zərərin qarşılığı isə həm qəsdən, həm də bilmədən zərər vuranın boynundadır. Lakin fərq ondadır ki, qəsdən edən günah qazanır, bilmədən edən isə buna görə qınanmır.
Uca Allahın bu sözləri: «...öldürdüyünə bənzər bir heyvanı kəssin...» - öldürdüyü heyvanın əvəzinə, ona bənzər bir ev heyvanı kəsməsinin vacibliyini vurğulayan, Malik, Şafii, Əhməd və əksər alimlərin rəyinə dəlildir. Amma əgər öldürülən heyvanın ev heyvanları arasında tayı olmazsa belə halda, İbn Abbasın qərarına əsasən, onun dəyərini Məkkə miskinlərinə çatdırmalıdır. Bu rəvayəti Beyhəqi qeyd etmişdir[25].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrinin ovlanmış heyvanların misli haqqında verdikləri qərarlardan misallar:
Cabir (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kaftar haqqında soruşdum və o belə cavab verdi: «O, ov heyvanıdır. İhramda olan şəxs onu ovlayarsa əvəzində bir qoyun kəsməlidir»[26].
Cabir deyir ki, Ömər ibn əl-Xəttab kaftar öldürənin cəzasını bir qoyun, cüyür ovlayanın cəzasını bir keçi, dovşan ovlayanın cəzasını yaşı tamam olmamış bir dişi çəpiş, ərəbdovşanı ovlayanın cəzasını isə dördaylıq çəpiş təyin etmişdi[27].
İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, əl-Həram məscidinin göyərçinlərini öldürən, ihramda olan və ya olmayan kimsənin cəzasını bir qoyun təyin etmişdir[28].
İbn Kəsir (2/ 100) deyir:
Uca Allahın: «bir heyvanı Kəbəyə çatası qurban etmək» - sözlərinin mənası, Kəbəyə çatmaqdır. Kəbəyə çatmaq, kəffarə heyvanı orada kəsmək və ətini Məkkənin fağırlarına paylamaqdır. Məsələnin deyilən qaydada həlli, yekdilliklə qəbul edilmişdir.
Həmçinin uca Allahın bu sözü: «(öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır...» - o deməkdir ki, əgər ihramda olan, öldürdüyü heyvanın ev heyvanlarından olan tayını tapa bilməsə, yaxud öldürdüyü heyvanın mislində ev heyvanı əsla yoxdursa, yaxud ayədəki ardıcıllığın “yaxud” bağlayıcıları ilə birləşdirildiyinə əsaslanıb seçim müxtəlifliyi baxımından məsələdən çıxış yolu axtararsa, o zaman öldürülən heyvan, yaxud onun mislində olan heyvanın dəyəri hesablanır və həmin məbləğə yemək alınır və hər yoxsula bir ovuc miqdarında sədəqə olaraq paylanır. Əgər buna da imkanı çatmasa yaxud seçim etmək istəsə onda hər yoxsulu yedizdirmək əvəzində bir gün oruc tutmalıdır. (Məlumat İbn Kəsirin təfsirindən müxtəsər şəkildə nəql edilmişdir).
Həcc zamanı cinsi yaxınlıq etməyin cəzası
Əvvəldə də dediyimiz kimi, kim birinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə onun həcci batil olar və o bir dəvə kəsməlidir. Əgər birinci təhəllüldən sonra, ikinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə onun həcci batil olmaz, lakin buna görə bir qoyun kəsməlidir.
İbn Abbasdan (Allah ondan razı olsun) ifadə təvafını etmədən öncə, hələ minada ehramda olarkən cinsi yaxınlıq edən bir nəfər haqqında soruşurlar. O da, onun bir dəvə qurban kəsməli olduğunu deyir[29].
Amr ibn Şueyb atasından rəvayət edir və deyir: Bir kişi Abdullah ibn Amrın (Allah ondan razı olsun) yanına gəlib ihramda olarkən qadını ilə cinsi yaxınlıq edən haqqında soruşdu. Amr ona, Abdullah ibn Öməri (Allah ondan razı olsun) göstərib: get ondan soruş – dedi. Həmin kişi İbn Öməri tanımadığı üçün Şueyb də onunla getdi və o, İbn Ömərdən soruşdu. Onun cavabı: Sənin həccin batildir – sözləri oldu. Kişi dedi: Bəs indi mən nə edim? İbn Ömər dedi: Camaat ilə birlikdə yola çıx və onlar edənləri et. Əgər gələn ilə yetişsən həcc et və qurban kəs. Sonra kişi mənimlə bərabər Abdullah ibn Amrın yanına qayıtdı və bunu xəbər verdi. Abdullah ibn Amr ona dedi: İbn Abbasın (Allah ondan razı olsun) yanın get və ondan soruş. Şueyb deyir ki, mən də onunla bərabər İbn Abbasın yanına getdim və ondan soruşdu. Onun da cavabı İbn Ömərin cavabı kimi oldu. Sonra yenidən mənimlə bərabər Abdullah ibn Amrın yanına qayıtdı və İbn Abbasın dediklərini ona çatdırdı və dedi: Bəs sən nə deyirsən? Abdullah ibn Amr dedi: Mənim dediyim də onların dediyi ilə eynidir[30].
Səid ibn Cubeyr deyir ki, bir nəfər kişi öz qadını ilə birlikdə ümrəyə niyyət etmişdi. Qadın ziyarətini yerinə yetirib saçını qısaltmadan öncə yoldaşı ona cinsi yaxınlıq etdi. Sonra bu haqda İbn Abbasdan (Allah ondan razı olsun) soruşdu. İbn Abbas dedi: O yaman cəlbedicidir. Ona dedilər ki, bəs qadın sənin danışığını eşidir. İbn Abbas bundan çox utanıb dedi: Nə üçün mənə xəbər verməmisiniz! Sonra qadına dedi ki, sən nəsə kəsməlisən.
Qadın: Nə kəsməliyəm?
İbn Abbas: Dəvə, inək yaxud qoyun kəsməlisən.
Qadın: Bunların hansı daha yaxşıdır?
İbn Abbas: Dəvə kəsmək daha yaxşıdır.[31]
Kim kəsməyə dəvə və ya qoyub tapa bilməsə onda üç gün həccdə, yeddi gün isə qayıdandan sonra oruc tutmalıdır.
Uca Allah buyurur: «...ümrə edib həcci yerinə yetirən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar...»[32].
Üç günün orucunu Ərəfa günündən öncə tutmaq daha yaxşıdır. Belə etməyən kimsə isə bu orucu təşriq (zülhiccənin 11, 12 və 13-cü) günlərində tuta bilər. Belə ki, İbn Ömər və Aişə (Allah ondan razı olsun) deyərdilər: «Təşriq günləri, kəsməyə qurban tapmayan kimsələrdən başqa, heç kəsə oruc tutmağa icazə verilmirdi»[33].
Diqqət: Bu məsələdə qadınla kişi arasında fərq yoxdur. Sadəcə olaraq əgər qadın cinsi yaxınlığa məcbur edilərsə, ona yaxınlıq edən ərindən fərqli olaraq, onun boynuna qurban kəsmək düşmür və həcci də səhihdir[34].
Səid ibn Cubeyr deyir ki, bir nəfər kişi İbn Abbasın (Allah ondan razı olsun) yanına gəldi və dedi: mən ziyarəti bitirmədən öncə yoldaşımla cinsi yaxınlıq etmişəm. Nə edim?
İbn Abbas dedi: Əgər yoldaşın sənin bu işinə kömək olubsa hərəniz bir gözəl dəvə kəsməlisiniz. Əgər yoldaşın səni bu işə təhrik etməyibsə onda sən, bir gözəl dəvə kəsməlisən[35].
Həcc zamanı müxtəlif hallarda kəsilən heyvanlar:[36]
1. Təməttu və Qiran həccində kəsilən heyvan: Demək bu, ümrə edib sonra həcc (təməttu həcci) edəcəyinə, yaxud həcc və ümrəyə (qiran həccinə) niyyət edən şəxsin kəsəcəyi heyvandır. Uca Allah buyurur: «...ümrə edib həcci yerinə yetirən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar...»[37].
2. Fidyə (bağışlanma) üçün kəsilən heyvan: Bu, hansısa çətinliyə və ya zərurətə görə saçını qırxması halında kəsilən heyvandır. Uca Allah buyurur: «...Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir...»[38].
3. Cəza üçün kəsilən heyvan: Bu, ihramda olarkən quru heyvanı ovlayan şəxsin kəsdiyi heyvandır. İhramda olarkən dəniz heyvanları ovlayana heç bir cəza yoxdur (bu haqda az öncə danışmışdıq).
4. İhsar üçün kəsilən heyvan: Bu, xəstəlik, düşmənçilik və ya hansısa üzürlü səbəbdən dolayı həccini tamamlaya bilməyən və ihrama girərkən şərt kəsməyən şəxsin boynuna düşən heyvandır. Uca Allah buyurur: «...əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurban kəsin...»[39].
5. Cinsi yaxınlığa görə kəsilən heyvan: Bu, həcinin həcc vaxtı yoldaşı ilə cinsi yaxınlıq etdiyinə görə kəsdiyi heyvandır (bu haqda da az öncə danışmışdıq).
[1] Buxari: 3/ 401/ ? 1542. Müslim: 2/ 834/ ? 1177. Əbu Davud: 5/ 269/ ? 1806. Nəsai: 5/ 129.
[2] Buxari: 4/ 57/ ? 1841. Nəsai: 5/ 132. Müslim: 2/ 835/ ? 1178. Tirmizi: 2/ 165/ ? 835. Əbu Davud: 5/ 275/ ? 1812.
[3] Hədis səhihdir. əl-İrva: ? 1022. Buxari: 4/ 52/ ? 1838. Əbu Davud: 5/ 271/ ? 1808. Nəsai: 5/ 133. Tirmizi: 2/ 164/ ? 834.
[4] Hədis səhihdir. əl-İrva: ? 1023. Malik: 224/ 724. Hakim: 1/ 454.
[5] Hədis səhihdir. əl-İrva: 1012.
[6] Buxari: 3/ 401/ ? 1542. Müslim: 2/ 834/ ? 1177. Əbu Davud: 5/ 269/ ? 1806. Nəsai: 5/ 129.
[7] Buxari: 3/ 135/ ? 1265. Müslim: 2/ 865/ ? 1206. Əbu Davud: 9/ 63/ ? 3222. Tirmizi: 2/ 214/ ? 958. Nəsai: 5/ 195.
[8] əl-Bəqərə: 196.
[9] İbn Əl-Munzirin “əl-İcma” kitabı: səh. 57.
[10] əl-Bəqərə: 196.
[11] Müslim: 2/ 861/ ? 1201. Rəvayətin mətni onundur. Buxari: 4/ 12/ ? 1814. Əbu Davud: 5/ 309/ ? 1739. Nəsai: 5/ 194. Tirmizi: 2/ 214/ ? 960. İbn Macə: 2/ 1028/ ? 3079.
[12] əl-Bəqərə: 197.
[13] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 814. Müslim: 2/ 1030/ ? 1409. Əbu Davud: 5/ 295/ ? 1825. Tirmizi: 2/ 167/ ? 842. Nəsai: 5/ 192.
[14] əl-Maidə: 96.
[15] Buxari: 5/ 28/ ? 1824. Müslim: 2/ 853/ ? 1196. Nəsai: 5/ 186. Oxşar rəvayətlə.
[16] Buxari: 5/ 28/ ? 1824. Müslim: 2/ 853/ ? 1196. Nəsai: 5/ 186. Oxşar rəvayətlə.
[17] Bu məlumat, şeyx Mhəmməd İbrahim Şəqranın “İrşadus Səri” əsərindəndir.
[18] Bu məlumat, şeyx Mhəmməd İbrahim Şəqranın “İrşadus Səri” əsərindəndir.
[19] Çünki həcinin Məkkədə qalması müvəqqəti xarakter daşıyır. Ona görə də onun itən əşyanın sahibini tapması mümkün deyil. (tərc.)
[20] Buxari: 4/ 46/ ? 1834. Müslim: 2/ 986/ ? 1353. Nəsai: 5/ 203.
[21] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7645. Müslim: 2/ 989/ ? 1356.
[22] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1790. Əbu Davud: 6/ 20/ ? 2018.
[23] əl-Maidə: 95.
[24] Buxari: 4/ 34/ ? 1829. Müslim: 2/ 856/ ? 1198. Tirmizi: 2/ 166/ ? 839.
[25] İbn Kəsir, “Təfsirul Quran əl-Azim”: 2/ 99. İkrimə deyir ki, «biz əl-Əzrəq vadisində olarkən Mərvan, İbn Abbasdan soruşdu:Əgər ev heyvanları arasında, ovladığımız heyvanın tayını tapa bilməsək necə edək? İbn Abbas dedi: Onun dəyərinə baxır və o miqdarda da Məkkə fağırlarına sədəqə paylayırsan».
[26] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 3226. Əbu Davud: 10/ 274/ ? 3783.
[27] Rəvayət səhihdir. əl-İrva: ? 1051. Malik: 285/ 941. Beyhəqi: 5/ 183.
[28] Rəvayətin sənədi səhihdir.əl-İrva: ? 1056. Beyhəqi: 5/ 205.
[29] Rəvayət səhih mövqufdur. əl-İrva: ? 1044. Beyhəqi: 5/ 171.
[30] Rəvayət səhihdir. əl-İrva: 4/ ? 234. Beyhəqi: 5/ 167.
[31] Rəvayət səhihdir. əl-İrva: 4/ ? 233.Beyhəqi: 5/ 172.
[32] əl-Bəqərə: 196.
[33] Rəvayət səhihdir. əl-İrva: ? 1042. Buxari: 4/ 242/ ? 1997.
[34] İrşadus Səri.
[35] Rəvayət səhihdir. əl-İrva: ? 1044. Beyhəqi: 5/ 168.
[36] Məlumat “İrşadus Səri” əsərindən nəql edilmiş və yalnız ayə əlavə edilmişdir.
[37] əl-Bəqərə: 196.
[38] Ötən ayə.
[39] Ötən ayə.
Tarix: 01.05.2013 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 427 Bölmə: Maraqlı melumatlar