1.Neçə qadınla nikah bağlamaq olar?
2.Məhrəm qadınlar
3.Evlənməyi haram edən südəmmənin miqdarı
4.Evlənməsi müvəqqəti haram olanlar
Neçə qadınla nikah bağlamaq olar?
Dörddən artıq arvad almaq halal deyildir. Uca Allah buyurur: «...o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..»[1].
Demək, Ğeylan ibn Sələmə İslamı qəbul edərkən on arvadı var idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dördünü saxlayıb digərlərini boşamağı əmr etdi.[2]
Həmçinin Qeys ibn Haris deyir ki, mən İslamı qəbul edərkən səkkiz arvadım var idi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib bu haqda ona dedim. O isə belə cavab verdi: «Onlardan dördünü seç»[3].
Məhrəm qadınlar
«Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi»[4].
Uca Allah bu ayələrdə evlənməsi haram olan (məhrəm) qadınları qeyd etmişdir. Biz bu ayələrə diqqətlə fikir versək görərik ki, burada haramlıq iki qismdir:
1.Əbədi haramlıq: Bu o deməkdir ki, qadın heç vaxt həmin kişiyə ərə gedə bilməz.
2.Müvəqqəti haramlıq: Bu isə o deməkdir ki, qadın hazırda mövcud olan müəyyən səbəblərə görə həmin kişiyə ərə gedə bilməz. Əgər mövcud səbəblər olmazsa onların evlənmələri halaldır.
Əbədi haramlığın səbəbləri bunlardır: Nəsəb, kürəkənlik və süd əlaqəsi.
Birinci; Nəsəb səbəbi ilə evlənməsi haram olanlar:
Analar, qızlar, bacılar, bibilər, xalalar, qardaş və bacı qızları.
İkinci; Kürəkənlik səbəbi ilə evlənməsi haram olanlar:
1. Arvadın anası (qayınana): Burada evləndiyi qadınla yaxınlıq edib-etməmək şərt deyil. Sadəcə olaraq həmin qadının qızı ilə nikah bağlayarsa artıq onun ansı ilə evlənmək haram olur.
2. Cinsi əlaqədə olduğu qadının qızı: Əgər qadınla nikah bağlayıb ona cinsi yaxınlıq etməzsə, qızı ilə evlənmək ona halal olar. «...Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir...».
3. Oğulun arvadı (gəlin): Belə halda sadəcə nikah bağlamaqla haram sayılır.
4. Atanın arvadı: Atanın nikah bağladığı qadınla oğulun evlənməsi haramdır.
Üçüncü; Süd əlaqəsi ilə evlənməsi haram olanlar:
Uca Allah buyurur: «...süd analarınız, süd bacılarınız... ilə evlənmək haram edildi».
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Övladlıqla haram olunan, süd əlaqəsi ilə də haramdır»[5].
Bu əsasla süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:
1. Süd anası.
2. Süd anasının anası.
3. Süd anasının qayınanası.
4. Süd anasının bacısı.
5. Süd anasının ərinin bacısı (baldız).
6. Süd anasının oğul və qız nəvələri.
7. Süd bacısı.
Evlənməyi haram edən südəmmənin miqdarı
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Südü bir iki dəfə sormaq haram etmir»[6].
Ummul Fədl (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bir iki dəfə süd vermək və ya süd sormaq haram etmir»[7].
Aişə (Allah ondan razı olsun) deyir ki, «Quranda, on dəfə süd əmməyin haram etməsi nazil olmuşdu. Sonra bu say ləğv edilib beşə endirildi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndə bəzi insanlar hələ də bu ayələri Qurandan hesab edirdilər»[8].
Südvermə iki yaş ərzində olmalıdır. Belə ki, uca Allah buyurur: «Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər...»[9].
Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Süd əmizdirmə müddətində və süddən kəsilmədən öncə, mədəni dolduran südvermə haram (məhrəm) edir»[10].
Evlənməsi müvəqqəti haram olanlar
1. Eyni zamanda iki bacı ilə evli olmaq: Uca Allah buyurur: «...və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır...»
2. Qadın ilə bərabər bibisi və ya xalası ilə evli olmaq: Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Qadın ilə bərabər onun bibisi və ya xalası ilə evlənmək olmaz»[11].
3. Başqasının arvadı və ya boşanıb müddət (iddə) gözləyən qadın: «...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)...». Yəni, ərdə olan qadınlarla evlənmək haramdır. Cariyələr isə bu haldan istisnadır. Cariyə qadının sahibi, onun hamilə qalmadığına əmin olduqdan (istibra-dan) sonra, evli olsa da ona halaldır. Demək Əbu Səid deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əl-Əvtas adlı yerə qoşun göndərdi. Düşmən onların qarşısına çıxdı və döyüş baş verdi. Müsəlmanlar onlara qalib gəldilər və cariyə götürdülər. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələri həmin qadınların müşrik ərlərinə görə onlarla yaxınlıq etməkdən çəkinirdilər. Sonra uca Allah bu ayəni nazil etdi: «...(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)...». Yəni, bu cariyələr, gözləmə müddətindən sonra sizə halaldırlar[12].
4. Üçüncü dəfə boşanmış qadın: Bu halda qadın, başqa kişiyə ərə gedib doğru nikah bağlamayınca, birinci ərinə halal sayılmır. Uca Allah buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının birinci əri ilə) təkrar evlənməsində günah yoxdur...»[13].
5. Zinakar qadınla evlənmək: Kişinin zinakar qadınla evlənməsi, qadının isə zinakar kişiyə ərə getməsi halal deyil. Yalnız əgər onlar sadiq bir tövbə etsələr bundan sonra onlara evlənmək və ya ərə getmək halal olar. Uca Allah buyurur: «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir»[14].
Amr ibn Şueyb ataasından o da babasından rəvayət edir ki, «Mirsəd ibn Əbu Mirsəd əl-Ğənəvi digər yerlərə Məkkədən əsir daşıyırdı. Məkkədə Ənaq adlı bir nəfər zinakar qadın var idi. Həmin qadın onun məşuqəsi idi. Bir gün o Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: Ey Allahın elçisi, Ənaqla evlənə bilərəmmi? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) susdu və cavab vermədi. Sonra bu ayə: «...Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər...» – nazil oldu. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məni çağırıb mənim üçün bu ayəni oxudu və dedi: Onunla evlənmə»[15].
Tarix: 02.05.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 280 Bölmə: Maraqlı melumatlar