Sual: “Kim Fəcr namazını camaat ilə əda edərsə Allahın himayəsi altında olar” hədisinin mənası nədir? Allahın himayəsini necə başa düşmək lazımdır? Əgər bir kəs öz zövcəsi ilə evdə namaz qılırsa, hədisdə qeyd olunan fəzilət buna da şamil edilirmi?
Cavab: Həmdü-sənalar Allaha məxsusdur.
Müslim (657) rəvayət edir ki, Cundub ibn Abdullah dedi: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim Fəcr namazını əda edərsə Allahın himayəsi altında olar. Elə isə Allahın haqqlarını yerinə yetirməkdən qafil davranmayın (naqislik etməyin), çünki kim bu cür edərsə, Allah onu yaxalayar və üzü üstə Cəhənnəm Oduna atar”.
Əl-Tibi (Allah ona rəhmət etsin) demişdir: “Fəcr namazının burada xüsusi ilə qeyd olunmasının səbəbi bu namazın ədası ilə bağlı çətinlikdən irəli gəlir və fəcri əda etmək həmin insanın ixlaslı olması və imanının əlamətidir. Kim sadiq, ixlaslı mömin olarsa Allahın himayəsi altında olar”. Əl-Tibi, “Şərh Mişkaat əl-Məsəəbih”, (2/184)
Hədisin açıqlaması barədə elmi əhli arasında iki rəy var:
Hədis dəlalət edir ki, fəcr namazını əda edən hər hansı bir müsəlmana zərər vermək qadağandır. Çünki fərc namazını əda edən kəs Allahın himayəsi və mühafizəsi altında olur və Allahın mühafizə etdiyi ixtiyari bir kəsə zərər vermək qadağandır. Hər kim ona zərər verərsə, o Allahın mühafizəsinə təcavüz etmiş və pozmuşdur. Ona görə də, o kəs Allahın mühafizəsinə təcavüz etdiyinə görə və Allahın himayəsi altında olana zərər verdiyinə görə cəzalandırılmağa layiqdir. Bax. Əl-Mənaavi, “Feyd əl-Qadir”, (6/164)
Şeyx İbn Üseymin (Allah ona rəhmət etsin) “Riyadus Salihin (Salehlər Bağı)”, (1/591) əsərinin şərhində bu hədis barədə demişdir:
“Bu dəlalət edir ki, fəcr namazını əda etməklə İslamını təsdiq edən müsəlmanlara hörmətlə yanaşmaq, ehtiram göstərmək vacibdir. Çünki Fəcr namazını yalnız mömin kəs qılır. Bu səbəbdən onlara qarşı həddi aşmaq heç kəsə icazə deyil”. Sitatın sonu.
Əl-Təbəraninin “Əl-Mücəm əl-Əusət” (4/5) əsərində isnadı ilə varid olan rəvayət buna dəlalət edir. Albani “Səhih ət-Tərğib”, (1/110) əsərində demişdir: “... bu rəvayət səhihdir. Çünki bu barədə biri-digərini dəstəkləyən rəvayətlər var”.
Əl-Əamaşın belə söylədiyi rəvayət olunur: “Səlim ibn Abdullah ibn Ömər, əl-Həccac ilə əyləşmişdi və əl-Həccac ona dedi: “Ayağa qalx və bu adamın boynunu vur. Səlim qılıncı götürdü və həmin adamın əlindən tutaraq sarayın darvazasına doğru hərəkət etdi. Həmin bu adamı apararkən (Səlimin) atası ona baxırdı və dedi: “Həqiqətənmi o (oğlu) bunu etməyə hazırlaşır? O bunu iki və ya üç dəfə təkrarladı və Səlim (boynunun vurulması əmr olunan) kəs bayıra çıxdıqda ondan soruşdu: “Sən Fəcr namazını əda etmisənmi? O dedi: “Bəli. Səlim dedi: “Elə isə istədiyin yerə çıx get. Daha sonra o geri döndü və qılıncı yerə atdı. Həccac ondan soruşdu: “Onun boynunu vurdunmu? O cavabında: “Xeyr”-deyə söylədi. O (Həccac) dedi: “Nə üçün?”. O (Səlim) dedi: “Mən atamın belə söylədiyini duydum: Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Kim Fəcr namazını əda edərsə axşam düşənə kimi Allahın himayəsi altında olar”.
Hədis “fəcr namazını tərk etmək və yaxud buna laqeyd yanaşmaqdan” çəkindirir, xəbərdarlıq edir. Çünki bunu tərk etmək insanın Rəbbi ilə arasında olan əhdi-peymana təcavüz etməkdir, pozmaqdır. Bu əhdi-peyman namaz və bunu müntəzəm surətdə əda etməkdir.
Əl-Beydəvi demişdir: “Ola bilsin ki, hədisdə keçən “himayə” kəliməsindən nəzərdə tutulan məna odur ki, namaz (Allahın cəzasından) “salamat edir, əmin-aman edir, qoruyur”. Ona görə də hədisin mənası: “Fəcr namazını tərk etməyin, bundan qafil olmayın ki, Rəbbinizlə aranızda olan əhdi-peymanı pozmayasınız və Allah da sizi yaxalamasın, Allah kimi yaxalasa onu üzü üstə Cəhənnəmə atar. Çünki Fəcr namazı hardasa insana çətin və ağır gəlir. Buna görə də, fəcr namazını əda etmək möminin ixlaslı, sadiqliyinin bir nişanəsidir və hər kim sadiq olarsa Allahın himayəsində olar”. “Feyd əl-Qadir”, (6/164). Sitatın sonu.
Üləmalardan bəzilərinin bu barədə rəyi budur ki, hədisdə zikr olunan “Allahın himayəsi” nə qoşulmağın fəziləti Fəcr namazını yalnız camaat ilə əda edən kəsə aiddir. Çünki, İmam Nəvəvi (Allahın rəhməti onun üzərinə olsun) “Səhih Müslim “əsərində bu hədisi “İşa və Fəcr namazlarını camaat ilə yerinə yetirməyin fəziləti” başlığı altında vermişdir.
Əl-Munziri (Allah ona rəhmət etsin) bu məsələdə onu qabaqlamışdır. Belə ki, bu hədisi özünün “əl-Tərğib vəl Tərhib” əsərində “Fəcr və İşa namazlarını xüsusilə camaatda qılmağa təşviq və bunları tərk etməyin təhlükəsi” adı altında qələmə almışdır.
Göründüyü kimi İmam Müslim də eynilə bu cür etmişdir. Bu hədisdən əvvəl təxminən iyirmi, bundan sonra isə çox sayda hədis rəvayət etmişdir. Bütün bu hədislərdə namazı camaat ilə əda etmək və əlaqədar məsələlərdən bəhs edilir.
Ona görə də, əl-Hafiz Abdulhaqq əl-İşbili özünün “Əl-Sahiheyn” əsərini tərtib edərkən bu hədisi “Camaat ilə namaz” (923) başlığı altında vermişdir.
Əl-Mübarəkfuri eyni hədisə “Şərh əl-Tirmizi”də istinad etmiş və demişdir: “Fəcr namazını camaat ilə əda edən”. Sitatın sonu.
İbn Əllan “Dəlil əl-Fəəlihin” (3/550) əsərində demişdir: “...digər rəvayətdə qeyd olunduğu kimi “camaat ilə namaz” mənasını ifadə edir”.
Əbu Bəkrənin (Allah ondan razı olsun) rəvayət etdiyi aşağıdakı hədis bu mənanı daha da gücləndirir. Hədisdə deyilir: “Hər kim fəcr namazını camaat ilə əda edərsə Allahın himayəsi altında olar...”.
Əl-Heysəmi (2/92) (Allah ona rəhmət etsin) demişdir: Təbərani “Əl-Kəbir” əsərində bunu rəvayət etmişdir və hədisin ricalları (hədisi rəvayət edənlər silsiləsi) səhihdirlər.
Əl-Munziri “əl-Tərğib” əsərində demişdir: “bu hədisin isnadında ricallar səhihdir.
Albani (Allah ona rəhmət etsin) demişdir: “Bu hədis səhihdir. Çünki bu barədə biri-digərini dəstəkləyən, gücləndirən sübut-dəlillər var”. Bax. Səhih əl-Tərğib, ?,461
Qeyd: Bu əlavə məlumatları həmçinin əl-Mənavi sitat gətirmişdir və o bunu Müslimə nisbət etmişdir. Lakin o xəta etmişdir. “Camaatla əda edərsə” əlavəsi Müslimdə və yaxud altı kitabların heç birində yoxdur.
Deyilmişdir ki, hədisdə bildirilən fəzilətə Fəcr namazını vaxtlı-vaxtında əda edən hər bir kəs nail olur. Hətta namazı camaat ilə əda etməsə belə. Çünki Müslimin və yaxud altı kitab müəlliflərindən heç birinin rəvayətlərində belə bir məhdudiyyət qeyd olunmamışdır.
Görünür ki, İbn Macənin (Allah ondan razı olsun) başa düşdüyü məna doğrudur. Belə
ki, o bu hədisi özünün “Sünən” əsərində “Fitnələr” adlı Kitabında “Müsəlmanlar Allahın himayəsi altındadırlar” fəslinə daxil etmişdir.
Bu rəyi həmçinin İbn Hibban özünün “Səhih” (6/36) əsərində irəli sürmüşdür: “Fəcr namazını əda edənin Allahın himayəsi altında olmasının təsdiqi” fəsli. Bu namazı əda edən hər kəsə şamil edilir.
Əmr olunan və savab gətirən məşru camaat namazı məsciddə camaat ilə əda edilən namazdır, digər camaat namazı bura aid deyil.
Fəcr namazını camaat ilə əda etməyin fəzilətindən bəhs edən bir sıra rəvayətlər var:
Təbərinin Təfsirində (3/270), “onlar səbr edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.” (Ali İmran 3:17) ayəsinin şərhində, rəvayət olunur ki, Zeyd ibn Əsləm demişdir: “Onlar o kəslərdir ki, Fəcr namazını camaat ilə əda edərlər”.
“Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər.” (əl-Səcdə 32/16) ayəsinin şərhində Əbul Dərda və Əl-Dəhhaq demişdirlər: “Camaat ilə İşa və Fəcr namazını əda etmək”. Bax. Zəad əl-Məsir (6/339)
Səhih Müslim (656) əsərində rəvayət edilir ki, Osman (Allah ondan razı olsun) Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə söylədiyini rəvayət edir: “Kim İşanı camaat ilə əda edərsə, sanki gecənin yarısını namazda keçirmişdir və kim Fəcr namazını camaat ilə əda edərsə, sanki bütün gecəni namazda keçirmişdir”,
Buxari (615) və Müslim (437) Əbu Hüreyradan (Allah ondan razı olsun) onun Allah Rəsulundan sallallahu aleyhi və səlləm belə söylədiyini rəvayət edirlər: “Əgər onlar İşa və Fəcr namazında olanı (savab, əcri) bilmiş olsaydılar, hətta sürünmək ilə belə olsaydı (İşa və Fərc namazını camaat ilə əda etməyə) gələrdilər.
Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Fəcr namazını camaat ilə əda etmək mənim üçün gecəni namaz qılmaq ilə keçirməkdən daha əziz, daha sevimlidir”. Əl-İstizkər (2/147)
Daha doğrusunu Allah bilir.
Tarix: 03.04.2013 / 22:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: Maraqlı melumatlar