Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəlalətə düşməkdən insanı qoruyan iki əsas.(2-hissə)

Allah Təala, Qurana tabe olan kimsəyə, inancının, əməllərinin, sözlərinin və hərəkətlərinin doğru və etibarlı olacağına dair zəmanət vermişdir:
Necə ki, Allah Təala bu barədə belə buyurmuşdur:
“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (Əl-İsra, 9).

Allah Təala bu barədə yenə belə buyurur:
“Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Əl-Maidə 15-16).
Allah Təala bu barədə yenə belə buyurur:
“Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik” (İbrahim, 1).

- Allah Təala, Peyğəmbər -sallallahu aleyhi və səlləmə tabe olan kimsəyə, inancının, əməllərinin, sözlərinin və hərəkətlərinin doğru və etibarlı olacağına dair zəmanət vermişdir:

Allah Təala bu barədə belə buyurur:
“De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir” (Ən-Nur, 54).
- Quran və sünnədən başqasına tabe olan kimsə üçün bir zəmanət yoxdur. Şeytana tabe olan kimsənin zəlalətə, azğınlığa düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. (Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər” (Əl-Həcc, 3-4).

- Ağılını, Quran və sünnədən başqasına tabe etdirən kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:

Allah Təala bu barədə belə buyurur:
“İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!” (Əl-Həcc 8-9).

- Həvəsinə (istəyinə, nəfsinə) tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:

Allah Təala bu barədə belə buyurur:
“Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!” (Sad 26).
Allah Təala bu barədə yenə belə buyurur:
“...Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!” (əl-Ənam 119).

-Allah və Rəsulunun sözünü tərk edib, İnsanların fikirlərinə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:

Necə ki, Allah Təala bu barədə belə buyurur:
“...Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Quran və Peyğəmbər) gəlmişdir” (Ən-Nəcm 23).
Allah Təala bu barədə yenə belə buyurur:
“Onların əksəriyyəti ancaq zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz. Allah nələr etməkdə olduğunuzu biləndir!” (Yunus, 36).
Abdullah bin Əmrdən -Allah ondan və atasından razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
“Peyğəmbər -sallallahu əleyhi və səlləmi belə deyərkən eşitdim:
“Şübhəsiz ki Allah, elmi sizə verdikdən sonra onu bir anda çəkib almaz. Lakin elmləriylə birlikdə alimlərin ruhunu alaraq onlardan elmi çəkib alar. Nəhayət geriyə bəzi cahil kəslər qalarlar. Bunlardan fətva vermələri istənilər, onlar da öz fikirlərinə görə fətva verərlər. Beləcə həm başqalarını azdırarlar, həm də özləri azarlar” (Buxari).

- Fasiq alimlərin və abidlərin söz və hərəkətlərinə tabe olan kimsə üçün zəlalətə düşməyəcəyinə dair bir zəmanət yoxdur:
Necə ki, Allah Təala bu barədə belə buyurur:
“Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” (Tövbə, 34).
Allah Təala bu barədə belə buyurur:
“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur! (Allah müşriklərin Ona şərik qoşduqları bütlərdən uzaqdır!)” (Ət-Tövbə, 31).


Tarix: 08.04.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Maraqlı melumatlar
loading...