Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey xəstə! Müjdələr olsun sənə ...

Bir gün Əbu Hureyra (radıyAllahu anhu) yanında dayanan bir kəsə deyir:
- Müsəlmanlardan bir kimsə xəstə olduğu zaman, Allah (subhənəhu və təalə) onun sağındakı mələyə deyir:
- Sağlam ikən quluma yazdığın yaxşı əməli yaz!
Solundakı mələyə isə deyir:
- Xəstə ikən qulumun günahlarını yazma!

Həmin kişi dedi:
- Yə Əbu Hureyra! Kaş ki, mən həmişə xəstə olardım.
Əbu Hureyra (radıyAllahu anhu) buyurdu:
- Qul günahları sevməz!

Hər bir möminin keçdiyi çətin zaman, çəkildiyi çətin bir sınaq vardır. Lakin mömin bu halında da, yalnız Allaha təvəkkül edər və bu hala düşdüyünə səbəb olan xəstəliyi verən Allaha (subhənəhu və təalə) həmd edər.

Müjdələr olsun sənə, ey xəstə! Axı Allah (subhənəhu və təalə) qüdsi hədisdə buyurdu:

- Qulumun, canını aldığım təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi Özümə vacib etdim!

[Əlbəni, Sahihut-Tərğib vət-Tərhib, 3431]

Başqa bir qüdsi hədisdə mələklərə xitab edərək buyurur:

- Ey mələklərim! Əgər qulumun ruhunu alsam, onu bağışlayaram, yox əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!

[Əlbəni, Sahihul-Cəmiıs-Sağir, 1673]

Müjdələr olsun sənə, ey xəstə! Məgər Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurmadımı:

- Həqiqətən gözəl bir tərzdə Allaha ibadət edən qul xəstələndikdə, Allah(subhənəhu və təalə) mələyə belə buyurar:
- Onu xəstəlikdən azad edənə qədər onun üçün sağlam ikən etdiyi əməllərə bərabər savab yaz!

[Əlbəni, Sahihut-Tərğib vət-Tərhib, 3422]

Mömin xəstəlik anında səbr etməli və halından şikayət etməməlidir.

Allahu (subhənəhu və təalə) qüdsi hədisdə buyurur:
- Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbr etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan təmizlənərək ayağa qalxar.
Bu zaman Uca Allah mələklərə xitab edərək buyurar:
- Həqiqətən Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən yazdığınız əcr qədər onun üçün mükafat yazın!

[Əlbəni, Sahihul-Cəmiıs-Sağir, 4300]

Möminin xəstə olduğunu bildikdə isə müsəlman qardaşları onun ziyarətinə tələsərlər. Onun üçün dua edərlər və mələklər onların etdikləri dualara amin deyərlər.

Bir gün Rasulullahın (sallAllahu aleyhi və səlləm) xəstələndiyini eşidən Əbubəkr əs-Siddiq (radıyAllahu anhu) dərhal onun ziyarətinə yollanır. Rasulullahı (sallAllahu aleyhi və səlləm) ziyarət etdikdən sonra evinə qayıdır və xəstələnərək yatağa düşür.
Günlər keçir və Rasulullah (sallAllahu aleyhi və səlləm) sağalır. O, Əbubəkrin xəstələndiyini eşidib onu ziyarətə gəlir. Əbubəkr Rasulullahın (sallAllahu aleyhi və səlləm) gəldiyini görüb, cəld yatağından qalxır və qapını özü açır.

Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
- Ey Əbubəkr, eşitdim xəstələnmisən.

Əbubəkr gülümsəyərək cavab verir:
- Yə Rasulullah! Dostum xəstələnmişdi, onun bu halını gördükdə, mən də xəstələndim. Onun sağaldığını gördükdə isə, mən də sağaldım.


Tarix: 10.04.2013 / 21:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar
loading...