Namazı batil edən amillər:
1. Bədəndən ifrazatın çıxdığına əmin olmaq:
Abbad ibn Təmim əmisindən rəvayət edir ki, o namazda bədənindən nəyinsə ifraz olunduğunu düşünən insan haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşmuş, o isə demişdir: «Səs eşitməyincə və ya iy duymayınca namazdan çıxmasın»[1].
2. Namazın rükunlarından və ya şərtlərindən birini bilərəkdən və üzürsüz tərk etmək:
Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını səhv qılan kişiyə demişdir ki, «qayıt namazını yenidən qıl. Sən (düzgün) namaz qılmamısan»[2]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), ayağının bir hissəsinə su dəyməyən kişiyə yenidən dəstəmaz almağı və namaz qılmağı əmr etmişdir[3].
3. Qəsdən yemək və içmək:
İbn əl-Munzir deyir: Elm adamları yekdil olaraq deyirlər ki, kim fərz namazda bilərəkdən yeyər və ya içərsə namazı yenidən qılmalıdır[4]. Əksər alimlərin fikrinə əsasən bu nafilə namazlara da aiddir. Çünki fərz namazı batil edən amil, nafilə namazı da batil edir.
4. Namaza aid olmayan bir işə görə qəsdən danışmaq:
Zeyd ibn Ərqəm deyir ki, biz namazda danışardıq. İstəyən, namaz vaxtı yanında olanı danışdırırdı. Deyilən hal, bu ayə nazil olana qədər davam etdi: «Allaha itaət üçün müti şəkildə (namaza) durun»[5]. Bundan sonra bizə namazda sakit durmaq əmr olundu, danışmaq qadağan edildi[6].
5. Gülmək:
İbn əl-Munzir adlı alim namazın gülməklə batil olması haqqında alimlərin yekdil fikirdə olduqlarını qeyd etmişdir[7].
6. Həddi-buluğa çatan qadının, yaxud eşşəyin və ya qara itin namazqılanla səcdə yeri arasından keçməsi:
Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Biriniz namaza başlayarkən qarşısına yəhərin arxası böyüklükdə maneə qoyarsa namaz yerini qorumuş olar. Əgər qarşısında yəhərin arxası böyüklüyündə maneə olmazsa onun namazını eşşək, qadın və qara it batil edər»[8].
__________________________________________________________________
[1] Buxari: 1/ 237/ ? 137. Müslim: 1/ 276/ ? 361. Əbu Davud: 1/ 299/ ? 174. İbn Macə: 1/ 171/ ? 513. Nəsai: 1/ 99.
[2] Buxari: 2/ 276-277, ? 793. Müslim: 1/ 298/ ? 397. Əbu Davud: 3/ 96/ ? 841. Tirmizi: 1/ 185-186/ ? 301. Nəsai: 2/ 125.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 161. Əbu Davud: 1/ 296/ ? 173.
[4] əl-İcma: səh. 40.
[5] əl-Bəqərə: 238.
[6] Müslim: 1/ 383/ ? 539. Tirmizi: 1/ 252/ ? 4003. Əbu Davud: 3/ 227/ ? 936. Buxari: 3/ 72/ ? 1200. Nəsai: 3/ 18. Bu iki alimin rəvayətində «...danışmaq qadağan edildi» - sözləri yoxdur.
[7] əl-İcma: səh. 40.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 719. Müslim: 1/ 365/ ? 510. Nəsai: 2/ 63. Tirmizi: 1/ 212/ ? 337. Əbu Davud: 2/ 394/ ? 688.
Tarix: 01.05.2013 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar