Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elm üstün bir dəyərdir

Allaha elmi, mərhəməti, lütfü, böyüklüyü, alicənablığı və ucalığı qədər həmd olsun. Allahın yer üzərindəki qullarına xeyiri, fəziləti, aydınlığı və həqiqəti öyrədən bütün peyğəmbərlərinə, o cümlədən son peyğəmbəri Məhəmmədə (s.ə.s), onun ailəsinə, səhabələrinə, dəvət etdiyi hidayət yoluna tabe olanlara salam olsun.

Bilinməlidir ki, bu zamana qədər bəşər övladı islam dini kimi elmə çox-çox əhəmiyyət verən, ona dəvət edib təşviq edən, ədəblərini açıqlayan, nemətlərini ortaya qoyan başqa bir din tanımamışdır. Xüsusilə, bu gün yaşayan insanlara elmi, onun dəyərlərini çatdırmaq, elmin nə qədər böyük bir nemət olduğunu bildirmək vacibdir. Müasir dövrümüzdə elmi inkişaflarindiyə qədər görünməyən səviyyəyə çatdı. Belə ki, əsrin son dövrlərində elmin insanoğluna bəxş etdiyi yeni kəşflər, ixtiralar əvvəlki dövrə aid kəşf və ixtiralardan daha çox olmuşdur.
Elm hər bir dövrdə insanlıq üçün gərəkli olmuş, elmə vaqif insanlar və cəmiyyətlər elmdən geri olanlara qarşı daima üstünlüklərini qorumuşlar. Bəşəriyyətə «Oxu!» deyə başlayan Məhəmməd peyğəmbərin (s.ə.s) təbliği Allahın əmri ilə və istəyi ilə insanlara bildirilmiş, «Heç bilənlərlə bilməyənlər bir olarmı? (Zumər surəsi, 9-cu ayə)», «Allah içinizdən inanmış olanları və özlərinə elm verilənləri dərəcələrlə yüksəlsin (əl-Mücadilə s.,11-ci ayə)» kimi bir çox ayələrlə elmin ucalığına diqqət çəkilmiş, dünyanı istəyənlərə də, axirəti istəyənlərə də, həm dünya həm də axirəti istəyənlərə də elmin qazanılması tövsiyə edilmişdir.
Uca Allah Qurani-Kərimdə dua olaraq Hz.Mçhəmməd peyğəmbərə (s.ə.s) elmdən başqa özü üçün heç bir şeyi artırmasını əmr etməmişdir, yalnız elmini artırması üçün dua etməsini əmr etmişdir. Çünki elm bitib tükənməyən bir xəzinədir. Təkcə sahibinə deyil, baqşa insanlara, o cümlədən bütün canlılara da fayda verir. Haqq-həqiqət ilə batili bir-birindən ayırmanın ən əsas vasitəsi elmdir. Elmin artması insana bir yük deyil, əksinə onu ucaldan bir fəzilətdir. İnsanın elmi və biliyi artdıqca sadəliyi, təvazökarlığı da artar. Elmli insan bəzi şübhələrdən qurtarar, həqiqəti anlayar və əlindən gəldiyi qədər yaxşı bir insan olmağa can atar. Buna görə də Uca Allah Məhəmməd peyğəmbərə belə dua etməsini əmr etmişdir: «De ki: Ey Rəbbim! Elmimi artır! (Taha, 114).
Həqiqi elm insanı gizli və açıq şirkdən təmizləyər, insanı həqiqi mənada Allaha qul olmağa yönəldər. Əgər belə olmazsa bu insanın nöqsanlığına və ya öyrəndiyi elmin əksikliyinə işarədir. Bəzilərinin zənn etdiyi kimi cahil sadəcə oxuma-yazma bilməyən deyil, eyni zamanda küfürdə (yəni Allahın və sonra onun Rəsulunun əmrlərini bilməməkdə) sabit olandır. Allah (s.v.t) iman gətirib imanlarının əsaslarını yaşayanların dərəcələrini yüksəldər. Onların dünyadakı işlərini uğurlu edər, axirətdə də cənnətdəki məqamlarına ucaldar. Elmlə məşğul olub bildikləri ilə əməl edən alimlərin dərəcələrini yüksəldər, onları uca məqama qaldırar. «Allah içinizdən iman edənlərin və özlərinə elm verilənlərin dərəcələrini yüksəldər (Mücadilə surəsi, 11-ci ayə) ayəsini bir daha xatırlamaq yerinə düşərdi. Bu ayə həqiqətən də elmin və alimlərin fəziləti barədə açıq-aşkar dəlillərdən biridir. Xatırlamaq yerinə düşərdi ki, Qurani-Kərimdə həm birbaşa, həm də dolayısı yolla elmin və alimlərin fəziləti haqqında bir çox ayələr vardır. Elm sahibi olan kimsələr Allahı necə bilib tanımaq lazımdırsa, eləcə də bilirlər. Belə olanlar qəlblərində Allah sevgisini daima hiss edərlər. Çünki bir şey haqqında olan sevgi və hörmət onun haqqındakı elmin və məlumatın səviyyəsi ilə paralel olar. Bir möminin Allah haqqındakı elmi və məlumatı nə qədər irəli dərəcədə və mükəmməl olarsa Allaha qarşı hörməti, qorxusu, sevgisi və ümidi də o dərəcədə irəli və mükəmməl olar. Məhəmməd peyğəmbər (s.a.s) buyurmuşdur: «Mən sizin Allahdan ən çox qorxanınız və ən irəli təqva sahibi olanınızam (imam Kəvəri, Riyazus-Salihin, VI)». Allahın ən çox dəyər verdiyi kimsələr alimlərdir. Onlar sadəcə elmin nəzəri tərəfi ilə deyil, əməli tərəfi ilə də öndədirlər. Bu səbəblə elm rütbəsi bütün rütbələrin üstündədir. Çünki, bilənlər bildiklərini həyatda tətbiq etdikləri kimi, başqalarının da faydalanması, həyatlarına tətbiq edib yaşamalarına səbəb olarlar və böyük bir xeyir, savab qazanarlar.
Hər bir cəmiyyətin meydana gəlməsi, tərəqqisi, yüksək inkişafı, xoşbəxt bir həyat yaşaması üçün elmin əhəmiyyəti, qiyməti, dəyəri bu gün daha çox bilinmişdir. Qurani-Kərimin əsas mövzularından biri olan elm insanı digər canlılardan ayıran xüsusi bir fəzilətdir, dəyərdir. İnsanın yer üzündə xəlifə olmasının əsasını da məhz elm təşkil edir. Belə ki, insan elm əldə edərək yeni məlumatlar, biliklər kəşf edə bilməkdədir. İnsanın məsuliyyətli və cavabdeh bir varlıq olmasının, dünyanı idarə etməklə vəzi¬fələn¬diril¬mə¬si¬nin əsasında bax bu xüsusiyyəti dayanır.
Məhəmməd peyğəmbər (s.ə.s) səhabəsi Əbu Dərdadan rəvayət olunan bir sözündə buyurur: «Kim bir elm öyrənmək üçün bir yola yönələrsə Allah Təala onu cənnətə gedən yollardan birinə daxil edər. Mələklər elm öyrənəndən razı olaraq qanadlarını üzərlərinə qo¬yarlar. Səmada və yerdə olanlar, hətta dənizdəki balıqlar alim üçün bağışlanma is¬tə¬yərlər. Elm öyrənənin (burada şəriət elmi nəzərdə tutulur) ibadət edənə olan üstünlüyü ay¬dın gecədə Ayın digər ulduzlara olan üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varis¬lə¬ridir. Peyğəmbərlər nə dinar, nə də dirhəm miras qoyarlar. Onlar ən çox elmi miras qoyarlar. Kim də elm əldə etmişsə böyük bir nəsib əldə etmişdik. Xattabi bu hədisi şərh edərkən bildirmişdir ki, «Allah Təala balıq və digər bütün heyvanlar haqqında onların faydaları, məsləhətləri, ruziləriylə bağlı olan məlumatları alimlərin dillərinə qoydu. Beləliklə, heyvanlar haqqındakı haramlar, halallar nələrdir, alimlər izah etməkdədirlər. Nələr xeyirlərinə, nələr zərərlərinədir bütün bunları alimlər bildirməkdədirlər, onlara yaxşılıq edilməsini, zərər verməkdən qaçınılmasını və s. ancaq alimlər tövsiyə etməkdə, öyrətməkdədirlər. Buna görə də Allah alimlərin bu şəfqətli xidmətlərinə bir əvəz olaraq bağışlanma istəmələrini heyvanlara ilham etmişdir.
Alimlər bu hədisdə ifadə edilən fəzilətə fərzləri və sünnətləri yerinə yetirən elm tələbkarları və alimlərin nail olacaqlarını, dünyəvi məqsədlərlə elm öyrənənlərin nail olmayacaqlarını bildirmişlər.
Bu gün bəşəriyyət, cəmiyyətimiz və içərisində yaşadığımız vətənin çox sayda sakinləri, elmsiz, biliksiz, heç nəyə əsaslanmadan keçmişdən bəri gələn dini cəhətdən savadsız ata-babalarının yolunu, eynilə onlardan əvvəlki nəsillər kimi kor-koranə təqlid edərək həyatlarını sürdürürlər. «Onlara: Allahın nazil etdiyinə tabe olun! Deyildikdə: Xeyr, biz atalarımızı üzərində tapdığımız yola tabe oluruq deyərlər. Bəs əgər şeytan atalarını alovlu atəşin əzabına dəvət edibsə necə! (loğman surəsi, 21-ci ayə)!» «Ey insanlar! Siz özünüzə baxın. Siz doğru yolda olduqdan sonra yoldan azanın sizə bir zərəri toxunmaz. Hamınızın dönüşü Allahadır. O əməllərinizi sizə bildirəcəkdir (Maidə, 104-105-ci ayə).
Bu gün bizim yaxınlarımız, valideynlərimiz Uca Allahın bizə nemət olaraq bəxş etdiyi şəriəti öyrənməyimizə mane olur, məscidlərə getməyimizə qadağalar qoyur, məscidlər haqqında əsassız sözlər danışır, xeyir əldə etməyimizə ya bilməyərəkdən, ya da qəsdən əngəl olurlar. Uca Allah Qurani-Kərimdə bir çox ayələrdə məscidin adını çəkmiş, oranı öz evi adlandırmış, Onun evində Onu zikr etməyimiz üçün peyğəmbəri vasitəsilə bizə məlumatlar vermişdir. Məscidə elm öyrənməyə, Allaha ibadət etməyə getdiyimiz üçün bizə mane olanlara, qəlblərində vicdan duyğusu azacıq da olsa qalana, dar vaxta Allaha inandığını etiraf edənə, Allaha və onun peyğəmbərinə inanıb özünü müsəlman adlandıran, amma məscidə ibadət etmək və elm öyrənmək üçün gedənlərə mane olanlara Allah Təalanın Qurani-Kərimdə bizə bildirdiyi bu ayəni xatırladırıq: «Allahın məscidlərində Onun adını zikr etməyə mane olan və onları dağıtmağa çalışandan da zalımı varmı?! Halbuki onlar oraya ancaq qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab vardır (Bəqərə surəsi, 114-cü ayə). Ey məscidin nə olduğunu bilməyənlər, Allahın adını uca tutmaq üçün, elm öyrənmək üçün və Allahı özünün dediyi və razı olduğu kimi zikr etməyiniz üçün məscidə getməyimizə mane olmayın. Bilin ki, uca Allahın da dediyi kimi». Şübhzəsiz ki, məscidlər Allaha məxsusdur. Ona görə də Allahla yanaşı heç bir kəsə ibadət etməyin (Cin surəsi, 18).
Hamımız bilməliyik ki, elm öyrənmək zəruri bir tələbatdır. Bu tələbat lap körpəlikdən öz bünövrəsini qoyur. Belə ki, körpəlik yaşlarından başlayaraq bir insana gözəl vərdişlər, davranış formaları öyrədilir. Həmin insan artıq müəyyən biliklər sistemi, dünya görüşü, yüksək əxlaq və davranışlar əldə edir. Bütün bunların məsuliyyətini valideynlər daşıyır. Buna görə də hər bir valideyn uğurun və xeyirin məhz Allahın əlində olduğunu qəbul edib övladı üçün Allaha dua etməlidir. Əgər valideyn islam dinini və onun əsaslarını vaxtında öyrənməyibsə, islamın ən böyük əxlaqından xəbərsiz olubsa islamı bilən və əməl edən birini tapıb öz övladına islamın əsaslarını öyrətməlidir.
Çox əfsuslar olsun ki, biz bu gün bunun əksini görürük. Nəinki islamı prinsipləri öyrətmək istəmirlər, bəzi valideynlər hətta yeniyetmə yaşına çatmış, namaz qılmaq istəyən, Quran öyrənmək istəyən, məscidə gedən övladlarına bu Allah Təalanın böyük nemətlərindən yararlanmağa mane olurlar. Uca Allah belələrini doğru yola müvəffəq etsin. Məhəmməd peyğəmbər (s.ə.s) demişdir: «Adəm oğlu öldükdən sonra onun bütün əməlləri, kəsilər, əməl dəftəri bağlanar, yalnız bu üç şeydən başqa sədəqə (körpü, bulaq, xəstəxana, məktəb, məscid tikdirmək, ağac əkmək və s.), özü ilə fayda götürülən bir elm, özünə dua edən saleh övlad (imam Qazali, İhayi-Ulumiddin, Əbu Hüreyrədən rəvayət olunmuşdur). Hər bir valideyn çalışmalıdır ki, övladına Allahın razılığını əldə etməsi üçün, Allahın saleh bəndəsi olması üçün dini elmləri öyrətsin. Allahın razı qaldığı ən gözəl elm də dini elmdir. Allahın Rəsulu buyurmuşdur: «Allah Təala hər kimin xeyirini istəyərsə onu dində bilikli, fəqih edər: İbn Məsuddan gələn hədisdə Məhəmməd peyğəmbər belə buyurur: «Bu iki xüsusiyyət kimdə olarsa, yalnız ona qibtə edilə bilər. Bunlar Allahın özünə bəxş etdiyi malı Allah yolunda sərf edən adam, bir də Allahın özünə vermiş olduğu elm və hikmətlə hökm edən və onu xalqa öyrədən adamdır». Səhl b.Səd peyğəmbərin Əliyə (ə) belə dediyini rəvayət edir: «Allaha and olsun ki, Allahın sənin vasitənlə bir adama hidayət bəxş etməsi, sənin üçün dünyaya malik olmaqdan daha xeyirlidir». Bütün bu və bundan sonrakı hədislərin qaynaqlarını yazmasaq da hamısı etibarlı mənbələrdən alınmışdır.
Allah Təala biz qullarını tam və mükəmməl bir şəkildə yaratmışdır. Bizə xüsusi bir nemət olan ağıl vermişdir. İnsanın səhv yola getməməsi üçün bu ağıl məhz insana verilmişdir. Əgər ağlımız bizi səhvi, yanlışı və batili işləməkdən çəkindirmirsə, ona təbiətiylə ağıl demək olmaz. Onda iki cür ağıl meydana gəlir. Birincisi, insanın bu dünyada öz işlərini görə bilməsi üçün lazım olan ağıl, ikincisi isə axirətə aid olan ağıldır. İslam dini təkcə dünyada aid elmləri deyil, eyni zamanda axirətə aid elmləri də öyrədir ki, əsl elmdə budur. Çünki bu dünyada olan bütün nemətlər köhnələn, tez sıradan çıxan və məhv olandır. Bu dünya necə fanidirsə, dünyaya aid olan bütün əməl və elmlər də fanidir. Bəzi kommunist ideyası və ateizm fikirli müasir orta yaşlı həmvətənlərimiz məhz islamın bu axirətə aid xəbərlərini öz ağıllarına uyğun olaraq xurafat, mövhumat, nağıl adlandırır, qarşıdan gələn axirət həyatlarına laqeyd yanaşır, eyni zamanda islam dini sahəsində yeni-yeni elmi nailiyyətlər əldə etmək istəyən gənclərimizə köhnə və batil fikirləri, sözləri ilə mane olmağa çalışırlar. Onlar yerin və göyün yaradılışını görmürlərmi? Fikirləşmirlərmi? Yoxsa fikirləşmək istəmirlər? Bu dünyaya aid olan elmlər və əməllər belədir ki, bir dəfə gözünü yumdunmu, hər şey bitər, sona çatar. Amma axirət elmi belə deyildir. İnsanın ruhu bu aləmdən ayrılır, amma bütün qazancları onunla bərabərdir. Üstəlik axirəti üçün etdiyi əməllərin mükafatları qiyamətə qədər işləyib durar. Ona görə deyilmişdir: «Elm möminin ən xeyirli dostu, ağıl dəlili, əməl də onu ayaqda tutan, möhkəmlədən gücüdür. Səbr isə möminin vəziridir. Mömin elmə tabe olmağa səbrlə başlar. Əgər inanan insanın – möminin səbri olmarsa elmdə müvəffəq ola bilməz».
Səbri əsgərin komandirinə bənzədiblər. Komandirsiz əsgər olmayacağı kimi, səbrsiz də elmi əldə etmək olmaz. Mülayimlik isə inanan, elmli insanın valideyni kimidir. Gülərüzlülüyü və mülayimliyi olmayan kimsələr yetimlərə bənzər, daima zərər görərlər.
Allah Təala elmli insanları sevir və bilməliyik ki, onlara xüsusi dəyər verir. Qurani-Kərimin Fatir surəsinin 28-ci ayəsində uca Allah buyurur: «Allahdan qullar içində ancaq elm sahibi olanlar qorxar». Elm sahibi olanlar Allahı cəlal və cəmalıyla, kamal, sifətləri ilə tanıyarlar. Allahın razı olduğu elmləri öyrənməyimiz üçün dini məsələlərdə bilməyə məcbur olduğumuz əsaslar bunlardır: Quranı oxumaq, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həcc etmək, ticarətği, alış-satışı öyrənmək; nələr satılar, nələr satılmaz, nələr alınar, nələr alınmaz və s. Faiz, kredit almaq və vermək kimi xüsusiyyətləri həm öyrənmək, həm də öyrətməyə çalışmaq vəzifəmiz olmalıdır. Bəzi müsəlmanlar: «nə edim bizə vaxtında bunu öyrədən olmadı: və ya «indiki dövrdə bunları tətbiq etmək mümkün deyil» deməklə məsuliyyətdən qurtardıqlarını zənn edirlər. Halbuki, Məhəmməd peyğəmbər (s.a.s) Ənəsin (r.a) rəvayət etdiyi bir hədisdə bizə bunu deyir: «Elm möminin itmiş malıdır. Onu harada taparsa götürər». Bu hədisi bütün elmlərə aid etmək mümkün olsa da əsas məqsəd olan elm, iman və islam, əxlaq insanı kamilləşdirən və imanını atrıran elmdir ki, bununla mömin haqq ilə batili, doğru ilə səhvi ayıra bilər. Bizim dildə işlənən «elm beşikdən məzara qədərdir» sözü çox məşhurdur. Bundan məqsəd yaş həddi yox deməkdir. Məsələn bir insan 90 yaşında müsəlman olsa və bütün bu elmləri öyrənmək üçün dünyanı gəzsə layiqdir. Uca Allah bizi elm öyrənməklə ucalan qullarından etsin. Amin.


Tarix: 18.04.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 434 Bölmə: Maraqlı melumatlar
loading...