Səbrin adları arasındakı fərq insanın öz vəziyyətinə və başqalarına nisbətən vəziyyətinə görədir. Bir kimsə özünü və nəfsini yaxşı və xoş olmayanlardan asanlıqla çəkindirərsə, buna “səbir” deyilir. Əgər özünü çətinliklə və acıları udaraq çəkindirirsə, buna “tasabbur” məcburi səbir deyilir.
Çünki belə sözlər bir şeyi çətinliklə əldə edərkən istifadə olunur. Məsələn, “tahallum” məcburi yumşalmaq, “təcəssü” məcburi qəhrəman, “təkərrüm” məcburi comərdlik, “tahammul” məcburi yüklənmə kimi. Kim özünü səbir etməyə məcbur edər və bunda israrlı olarsa, səbir onun üçün bir xüsusiyyət olar. Belə ki, peyğəmbər (sav) hədislərin birində: “Hər kim səbir etmək istərsə, Allah ona səbri bəxş edər”- buyurmuşdur.(Əbu Səid əl-Xudrinin rəvayət etdiyi hədisin bir hissəsidir. Bax: 14-cü səhifə, 19-cu qeyd)
Kim ismətli olmağa çalışarsa, ismət onun üçün bir xüsusiyyət olur. Digər əxlaqlarda da belədir.
“Əxlaq çalışmaqla qazanılır, yoxsa çalışmağa ehtiyac yoxdur”- sualına görə alimlər ixtilaf etmişlər. Bəziləri dedilər ki, əxlaq çalışmaqla əsla qazanılmaz. Necə ki, bir şair demişdir: “Qəlbdən sizi unutmağı istənildi, lakin qəlblər dəyişikliyi qəbul etməz”. Digər şair isə demişdir: “Ey öz xüsusiyyətində olmayan şeylə süslənmək istəyən kimsə, qazanılması istənilən əxlaqın önünə yaradılışdakı əxlaq çıxar”. Yəni sonradan əxlaq qazanılmaz. Çünki Allah-taala məxluqatı, əxlaqı, əcəl və ruzini əzəldən təqdir etmişdir.
Bəziləri də dedilər ki, ağlın, yumşaqlığın, comərdliyin, şəhvətin və qəhrəmanlığın qazanıldığı kimi əxlaqın da qazanılması mümkündür. Belə ki, bunlar hərəkət və əməllərdə görünür.
Onlar deyir ki, çalışmaq və məşğul olmaq məharətlə nəticələnir. Yəni kimsə bir şeylə məşğul olursa, o işində davam edərək buna adət edərsə, o şey onun üçün məharət, xasiyyət və xüsusiyyət olar. İnsan əvvəlcə çətinliklə səbir etməyə çalışır, amma sonda səbir onun üçün bir xasiyyət olur. Belə ki, hər kəs həlim, təmkinli, vüqarlı, intizamlı və mətin olmaq üçün cəhd göstərirsə, nəticədə bunlar onun üçün yaradılışındakı təbii əxlaqi keyfiyyətləri kimi olur.
Onlar deyir ki, Allah-taala insanda qəbul etmə və öyrənmə bacarığı və istedadı yaratmışdır. O halda xasiyyətləri dəyişmək mümkündür. Ola bilər ki, bəzən bu dəyişiklik zəif olduqda kiçik bir təsirlə insan öz təbii halına qayıdır, bəzən də qayıtmır, amma təsir güclü olduqda qayıdır. Bu dəyişiklik bəzən o qədər sağlam olur ki, insan köhnə xasiyyətinə dönmür.
“İstibar” kəlməsi “təsabbur” kəlməsindən daha mübaliğəlidir. “Təsabbur” “istibar”ın başlanğıcıdır. “Təsabbur” səbir etməyə başlayıb davam etməkdir. “İstibar” isə səbrin xasiyyət halına çevrilməsidir. “Musabərə” kəlməsi “müfaalə” növündəndir. Bu növ fellərin əksəriyyəti iki nəfər arasında cərəyan edir. (“Müşatimə” – söyüşmə, “mudarəbə” – döyüşmə kimi). Belə ki, Allah-taala: «Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəh¬mətinə, düçar olduğunuz bəlalara) səbir edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!» (Ali-İmran, 200) buyuraraq öncə səbri əmr etmişdir. Çünki bu səbir insanın öz nəfsinə qarşı olan səbridir. Sonra düşmənlərə qarşı olan səbri- “musabərə”ni, axırda isə “murabata”nı, - yəni səbir və “musabərə”də səbat etməyi, davam etməyi və bunlardan ayrılmamağı əmr etmişdir.
İnsan bəzən öz nəfsinə qarşı səbir edir, lakin düşmənə qarşı səbir etmir. Bəzən də düşmənə qarşı da səbir edir, fəqət bu səbri davam etdirmir. Bəzən də bu səbri düşmənə qarşı davam da etdirir, lakin təqva sahibi ola bilmir. Halbuki, Allah-taala bunların hamısına təqvalı olanın malik və sahib olduğunu, qurtuluşun da təqvaya bağlı olduğunu xəbər verərək ayənin axırında: «…Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!» buyurmuşdur.
“Murabata” vətən sərhədlərini görünən düşmənlərin hücumlarından daim qorumaq olduğu kimi, qəlbin sərhədlərini də görünməyən heyvanın və şeytanın girməsindən daim qorumaqdır. Əks təqdirdə şeytan sərhəddən girib qəlbi məmləkətindən çıxarar.
İbn əl-Qeyyim əl-Cauziyyənin "“Səbir edənlərin azuqəsi, şükür edənlərin tədarükü” kitabından
Tarix: 17.04.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar