Tərifi: ərəb dilində "vəsiyyət" sözü çatdırmaq mənasını verir. Belə ki, vəsiyyət edən insan bununla öldükdən sonra öz mülkünü istədiyinə çatdırır.
Bu sözün şəriətdəki mənası, bir insanın digərinə hansısa əşyanı, borc pulu və ya istənilən mənfəətli bir şeyi, onun ölümündən sonra vəsiyyət olunana hədiyyə etməsidir.
Hökmü:
Vəsiyyət olunası mal-dövlət sahibinin, vəsiyyət etməsi vacibdir.
Uca Allah buyurur: «Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir»[1].
Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Nə isə vəsiyyət etmək istəyən müsəlmanın, iki gün keçməmiş vəsiyyətinin yazılıb hazır olmaması ona yaraşmaz»[2].
Malın hansı miqdarını vəsiyyət etmək müstəhəbdir?
Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) deyir ki, mən Məkkədəydim və (bərk xəstələndiyim üçün) Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə baş çəkməyə gəlmişdi. O, haradan hicrət etmişdisə orada ölməyi xoşlamırdı deyə mənim üçün dua edib dedi: «Allah, İbn Əfraya rəhm etsin». Mən dedim: Ey Allahın elçisi, mən bütün malımı vəsiyyət edim? O dedi: Xeyr. Mən dedim: Bəs yarısını? O dedi: Xeyr. Mən dedim: Bəs üçdə birini? O dedi: Bəli, üçdə birini vəsiyyət edə bilərsən. Amma üçdə bir də çoxdur. Sənin varislərini varlı qoyub getmən, onları onun-bunun əlinə baxan kasıb qoyub getməyindən daha xeyirlidir. Sən nə qədər mal xərcləyirsənsə onun hamısı sədəqədəndir. Hətta arvadının ağzına qoyduğun bir tikə də sədəqədir. Allahdan istərdim ki, səni ayağa qaldırsın, (müsəlman) insanlara xeyir, (düşmənlərə) isə ziyan vurasan. Həmin vaxt Səd ibn Əbu Vaqqasın yalnız bir qızı var idi.[3]
Varislər üçün vəsiyyət etmək olmaz[4]:
Əbu Umamə əl-Bahili (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vida həccinin xütbəsində belə dediyini eşitmişəm: «Həqiqətən Allah hər bir haqq sahibinin haqqını təyin etmişdir. Varis üçün vəsiyyət etmək olmaz»[5].
Vəsiyyətin başlığında nə yazılmalıdır?
Ənəs (Allah ondan razı olsun) deyir ki, onlar vəsiyyətlərinin başlığında bu sözləri yazardılar:
«Mərhəmətli və Rəhmli Allahın adı ilə. Bu, Allahdan başqa ibadətə layiq məbudun olmadığına, Onun tək olduğuna və heç bir şəriki olmadığına şahidlik edən, həmçinin Muhəmmədin Allahın qulu və elçisi olduğuna şahidlik edən, qiyamətin də haqq olduğuna iman gətirən və Allahın qəbirlərdə olanları dirildəcəyinə inanan, filankəs filankəs oğlunun etdiyi vəsiyyətdir.
Həmçinin onlar, sağ qalan ailə üzvlərinə vəsiyyət edərdilər ki, Allahdan qorxsunlar, qohumluq əlaqələrini saxlasınlar. Mömin olduqları təqdirdə Allaha və rəsuluna itaət etsinlər. Onlara İbrahimin və Yaqubun öz övladlarına etdiyi tövsiyəni də edərdilər: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz![6]”»[7].
Vəsiyyətin icrası nə zaman başlayır:
Vəsiyyət yalnız vəsiyyət edən insanın ölümündən sonra, onun borcları ödəndikdən sonra icra edilə bilər. Əgər vəsiyyət sahibinin qoyub getdiyi mal-dövlət onun borclarına xərclənərsə vəsiyyət edilən insana heç bir pay düşmür.
Əli (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəsiyyətin icrasından əvvəl, vəsiyyət sahibinin börcunun ödənilməsini tələb edərdi. Siz bu hökmü Quranın bu ayəsində oxuyursunuz: «...Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır...[8]»[9].
Diqqət!
Bu gün əksər insanlar özündən sonra çox borc qoyub gedirlər, ələlxüsus cənazə ilə əlaqədar hallarda. Belə olduğu təqdirdə müsəlman bəndə özünün sünnəyə uyğun basdırılmasını vəsiyyət etməlidir. Örnəki isə bu ayə olmalıdır: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)»[10].
Ona görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri belə vəsiyyət edərdilər. Bu haqda onlardan çox rəvayət gəlmişdir. Məsələn, Amir ibn Səd ibn Əbu Vaqqas deyir ki, atası sonuncu xəstəliyində belə demişdi: «Mənim qəbrimi ləhd formasında qazıyın, daşları da qarşısına dik şəkildə düzün. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün necə edilmişdisə, elə»[11].
Diqqət olunası ikinci məsələ:
Əgər bir insanın o sağ ikən ölmüş övladı varsa o zaman övladının uşaqlarına onun payına düşən miqdarda, yaxud malının üçdə biri qədər mal-dövlət vəsiyyət etsin. Amma üçdə bir çoxdur. Əgər o ölərkən övladının uşaqlarına heç nə vəsiyyət etməzsə, o zaman mal sahibinin onlara vəsiyyət edə biləcəyi qədər mal-dövlət verilir. Çünki bu, onun üzərində qalan borc sayılır. Əgər o ölərkən bu borcu yazmayıbsa, borcu üzərindən düşmür. Bu gün (İslam şəriəti tətbiq olunan) məhkəmələrdə bu qaydaya riayət olunur.
* * *
[1] əl-Bəqərə: 180.
[2] Buxari: 5/ 355/ ? 2738. Müslim: 3/ 1249/ ? 1627. Əbu Davud: 8/ 63/ ? 2845. Tirmizi: 2/ 224/ ? 981. İbn Macə: 2/ 901/ ? 2699. Nəsai: 6/ 238.
[3] Buxari: 5/ 363/ ? 2742. Rəvayətin mətni onundur. Müslim: 3/ 250/ ? 1628. Əbu Davud: 8/ 64/ ? 2847. Nəsai: 6/ 242.
[4] Yəni, ata öz malının bir hissəsini əvvəlcədən varislərinə vəsiyyət edə bilməz. Çünki onun varisləri özlərinin təyin olunmuş haqqlarını alacaqlar. (tərc.)
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2194. İbn Macə: 2/ 905/ ? 2713. Əbu Davud: 8/ 72/ ? 2853. Tirmizi: 3/ 293/ ? 2203.
[6] əl-Bəqərə: 132.
[7] Hədis səhihdir. əl-İrva: ? 1647. Darəqutni: 4/ 154/ ? 16. Beyhəqi: 6/ 287.
[8] Nisa: 11.
[9] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2195. əl-İrva: ? 1667. İbn Macə: 2/ 906/ ? 2715. Tirmizi: 3/ 294/ ? 2205.
[10] ət-Təhrim: 6.
[11] Bax: Albaninin "Əhkamul Cənaiz" kitabı: səh. 8.
Tarix: 01.05.2013 / 17:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 314 Bölmə: Maraqlı melumatlar