Islam dininə qarşı irəli sürülən iddialardan biri də bundan ibarətdir ki, guya bu din qadınların hüquqlarının pozulmasına haqq qazandırır. Əlbəttə, bu mövzuda irəli sürülən iddiaların bir çoxunun ya iftira olduğu, ya da Islamın qadın siyasətinin düzgün anlaşılmamasından qaynaqlandığı göz qabağındadır.
Bu məqalədə yalnız bircə məsələnin üzərində durmağı lazım bilirik: Islam kişinin qadına qulaq asmasını, yəni qadınla məsləhətləşməsini, hesablaşmasını, qadının sözünü qəbul etməsini icazəli bilirmi?
Bu suala birmənalı olaraq müsbət cavab verə bilərik. Çünki əvvəla, kişi ilə qadının iman və ağıl baxımından bir-biri üzərində üstünlüyü yoxdur. Qadın heç zaman yalnız qadın olduğuna görə kişidən əskik sayıla bilməz. Allah yanında hər kəsin dəyəri təqvasına görədir. Ikincisi, bir kəsin məsləhətinə qulaq asarkən, onun nə cinsini, nə sərvətini, nə şan-şöhrətini nəzərə almaq barədə heç bir göstəriş yoxdur. Imam Əli (ə) demişkən, söz deyənə baxma, nə dediyinə bax. Bəzən kiçik bir uşaq belə, ahıl adama doğru yolu göstərə bilər. Əgər məşvərət zamanı yaşın nəzərə alınması (yəni qocalarla məsləhət etməyin üstünlüyü) barədə bəzi göstərişlər varsa da, burada əsas meyar təcrübədir. Yaşlı adam cavana nisbətən daha təcrübəli olduğu üçün, onun göstərdiyi yolun daha düzgün olmasının ehtimalı da böyükdür. Amma hər ağsaqqalın sözünə də əməl edilməz. Bəzən işi bilən bir cavan işdən xəbərsiz bir qocadan daha faydalı söz deyir. Məsləhət edilən adamın dindar, səmimi, peşəkar, təcrübəli olması əsas şərtlərdir. Bu şərtlərə cavab verən həm qadın, həm də kişi məsləhət verməyə eyni dərəcədə layiqdirlər. Doğrudur, dini mətnlərimizdə bəzən “qadınların sözünə qulaq asmayın, onların nə dediyini dinləyin, amma tam tərsinə əməl edin” kimi tövsiyələr, eləcə də qadının sözünə qulaq asan kişilərə qarşı məzəmmətlərə də rast gəlirik. Bunların səhihliyini yoxlamağı din mütəxəssislərinin öhdəsinə buraxırıq. Bunu da qeyd etməyi lazım bilirik ki, bu cür hədislərdə qadının rəyinin pislənməsinin bir səbəbi də bundan ibarət ola bilər ki, qadın kişiyə nisbətən daha emosionaldır, daha çox irrasional düşüncəyə meyllidir. Əgər kişi sağlam məntiq, soyuqqanlılıq kimi keyfiyyətlərə malik deyilsə, üstəlik, qadının emosional fikirlərinin təsiri altına düşürsə, düşünülməmiş və tələsik addımlar ata bilər. Lakin əlbəttə ki, qadınlar heç də həmişə çılğın və irrasional qərar vermirlər. Üstəlik, heç də bütün qadınları soyuqqanlı qərar vermək keyfiyyətindən məhrum saymaq olmaz. Tarixdə istənilən qədər nümunə tapmaq olar ki, qadınlar hətta dövlət yüklü məsələləri müvəffəqiyyətlə həll etmiş, kişilərin acız qaldıqları problemləri asanlıqla çözmüşlər.
Islam tarixində də səhv yolda olan kişilərin məhz qadın məsləhəti ilə islah olmaları, düzgün mövqe tutmaları barədə çoxlu misallar vardır. Bunlardan birini aşağıda diqqətinizə təqdim edirik. Nəzərə alaq ki, bu hadisə Islamın ilk əsrində – ərəblərin cahilliyə dövründən təzəcə xilas olduqları, qadına qarşı təhqiramiz münasibətin hələ də zehnlərdən tam silinmədiyi bir zamanda baş vermişdir.
İmam Hüseyn (ə) Məkkədən Kufəyə sarı gedərkən, daha bir karvan onlarla paralel istiqamətdə yol gedirdi. Bu, məşhur cəngavər Züheyr ibn Qeyn Bəcəlinin ailə üzvləri və nökərlərindən ibarət olan karvan idi. Züheyr Kufənin sayılıb-seçilən adamlarından idi, İslam fəthlərində fəal iştirak etmiş, Azərbaycanın fəthində və Bələncər savaşında (Dərbənd yaxınlığında) xüsusi fərqlənmişdi.
Züheyr həmin il həcc ziyarətini yerinə yetirmişdi və yaşadığı şəhərə – Kufəyə qayıdırdı. O, bütün həyatı boyunca Əlini (ə) və övladlarını haqsız saymışdı. Züheyr üçüncü xəlifə Osmanın qətlində Əli (ə) və tərəfdarların günahkar bilirdi. Müaviyə ilə Imam Əlinin (ə) mübarizəsində də Züheyrin ürəyi birincinin tərəfində idi. Əhli-beytə qarşı o qədər kin-küdurəti vardı ki, hətta Məkkədən Kufəyə kimi yol boyunca Imam Hüseyni (ə) görməmək üçün Onunla eyni mənzildə köç salmırdı. Züheyr çalışırdı ki, Imam Hüseynin (ə) karvanı duran yerdə durmasın.
Təsadüf belə gətirdi ki, yol üzərindəki mənzillərin (dayanacaqların) birində hər iki karvan yanaşı köç salmağa məcbur oldu. Züheyr yenə Peyğəmbərin nəvəsinə sayğısızlıq göstərib Onun görüşünə getmədi, öz çadırına çəkildi.
İmam Hüseyn (ə) isə Züheyrin qəlbindəki gizli iman qığılcımından xəbərdar idi, bu qığılcımı alova çevirmək üçün isti bir nəfəs tələb olunurdu. Züheyr öz çadırında yemək yeyərkən, Həzrət Hüseynin (ə) qasidi onun yanına gəldi və Imamın görüş dəvətini ona çatdırdı. Züheyrin yemək tikəsi ağzında qalmışdı. Bu dəvətə nə cavab versin? Əgər İmam Hüseynlə (ə) görüşə getməsəydi, onu qorxaq adlandıracaqdılar. Əgər getsəydi, ürəyindəki kin-küdurətlə bacara bilməyəcəkdi.
Züheyr bu düşüncələrin təsiri altında ikən, yanında oturmuş ömür-gün yoldaşı Deyləm bint Əmr ona dedi: “Sübhan Allah! Peyğəmbərin nəvəsi səni yanına çağırır, sən isə getmirsən? Yaxşı olardı ki, onunla görüşüb sözünü eşidəsən”.
Züheyr bu məsləhətə əməl edib İmamın yanına yollandı. Onların təklikdə bir-biri ilə nə danışdıqlarını heç kəs bilmir. Söhbətdən sonra Züheyr gülər üzlə öz çadırına qayıtdı, nökərlərinə tapşırdı ki, çadırları İmam Hüseynin (ə) düşərgəsinə yaxınlaşdırsınlar. Sonra o, bütün nökərlərini azad etdi, təklif etdi ki, kim istəyirsə, öz arzusu ilə onun yanında qala bilər. Həyat yoldaşına isə bildirdi ki, Imam Hüseynlə (ə) birlikdə Kufəyə getmək və o həzrətlə axıra kimi qalmaq fikrindədir. Züheyr həyat yoldaşına talaq verdi, mehriyyəsini ödədi, onu öz əmisi uşaqları ilə evə göndərdi. Bu hərəkətdən görünür ki, Imam Hüseyn (ə) şəhid olacaqları barədə Züheyrə qabaqcadan xəbər veribmiş.
Deyirlər ki, Züheyrin arvadı onunla vidalaşanda göz yaşları içində demişdi: “Allah yardımçın olsun və sənə gözəl aqibət bəxş etsin. Xahişim budur ki, qiyamət günündə Hüseynin (ə) cəddinin hüzurunda məni yada salasan”.
Züheyr həmin gündən Imam Hüseynin (ə) silahdaşlarına qoşuldu. Aşura günündə Imam onu öz silahlı dəstəsinin sağ cinahına komandan təyin etdi. O, döyüşdən əvvəl düşmənə nəsihət etdi, amma bu nəsihətin faydası olmadı. Zöhr namazından sonra Züheyr meydana girdi, qarşı tərəfdən 120 nəfəri öldürdü, axırda onu da xəyanətlə vurub şəhid etdilər. İmam Hüseyn (ə) Züheyrin nəşi üstünə gəlib, ona rəhmət oxudu, qatillərinə lənət və bəla istədi.
Tarix: 03.01.2013 / 14:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 670 Bölmə: Maraqlı melumatlar