Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AXİRƏTİN MƏRHƏLƏLƏRİ

•Axirət həyatı bir neçə mərhələlərdən keçir:
- a) ölüm – qeyd etdiyimiz kimi, hər insanın (və cinin) fərdi və kiçik axirət həyatı onun ölümü ilə başlayır, çünki, ölüm hər fərdin artıq axirətə keçid dövrüdür və vəfat edən şəxs, artıq, axirət həyatına bir pillə daha da yaxınlaşır;

- b) qəbir həyatı – Qəbir həyatı insanı dəfn etdikdən sonra müəyyən sual-cavab ilə başlayır. Onun sürəcək qəbir həyatının vəziyyəti bu sual-cavabın nəticələrindən asılıdır. Ona ilk növbədə dinə dair münasibətini araşdırmaq üçün İnkir və Münkir adlı mələklər tərəfindən Allahın əmri ilə suallar verilir: «1- Rəbbin kimdir, 2- dinin nədir, 3– Mühamməd adındakı şəxs kimdir?» Bu suala düzgün cavab verənə Allahdan nida gəlir ki,: «Qulum düz söylədi, ona Cənnətdə yerləşdiriləcəyi yeri göstərin» və bu insan bunu görüb artıq rahatlaşır, ona, qəbir aləminə uyğun olan nemətlər verilir. Lakin bu qəbir sualına cavab verə bilməyən isə çaş-baş qalaraq belə deyəcək: «M, m … mən bilmirəm, lakin bunlar haqqında bəzi şeylər eşitmişəm». Belə olduqda, ilk növbədə həmin mələklər onu böyük polad sütunlarla başından vururlar və bunun təsirindən o elə bağırır ki, bütün canlılar, yalnız insan və cinlərdən başqa, bu dəhşətli bağırtını eşidib oradan sürətlə qaçırlar. Biz isə texniki baxımdan bunu eşitməkdən məhrumuq, çünki biz şüurlu məxluqlar olduğumuz halda onu eşitsək, onun dəhşətindən ya bağrımız partlayar, ya huşumuz itər. Lakin, bunu bütün məxluqlar eşidir (ona görə həmin an orada nə bir heyvan, nə də bir quş görmərik), yalnız insanlardan və cinlərdən başqa. (Çünki, yalnız insan və cinlər din anlayışına görə məsuldurlar və şüurlu şəkildə, oxuyub-öyrənmə üsulu ilə dini məlumatlarını öyrənib dərk etməlidirlər. Yoxsa, bircə dəfə o bağırtını eşitsək əlbəttə ki (sağ qala bilsək) artıq mütləq iman gətirərdik. Lakin Allah bizə qorxuducu və təzyiq edici hadisələr deyil, məhz Qurani Kərim, kitab və elm göndərib. Axı biz şüurlu məxluqlarıq!!) Daha sonra həmin dinsizə onun Cəhənnəmdəki yeri göstərilir və ona cəza olaraq artıq əzab – qəbir əzabı – verilməyə başlanır. Qəbir aləminin özunə məxsus olan tələbatsız həyat tərzi, sistemli halda planlaşdırılmış hadisələri, müxtəlif mərhələləri və hər kəsin öz əməllərinə uyğun olan müvafiq əvəzi var – ya müxtəlif növ cəzalar, ya da mükafat olaraq özünəməxsus müəyyən rahatlıqlar var. Digər tərəfdən, qəbir aləmində, bəzi günahkar müsəlmanlar da dünyada işlətdikləri müxtəlif günahlardan təmizlənib, gələcəkdə Cənnətə daxil olmaları üçün müəyyən cəza növləri çəkəcəklər (məs: Qeybət edib arada söz daşıyan və ya ayaq yoluna çıxaraq özünü /paltarını/ sidik sıçramasından kifayət qədər qorumayan, və ya öz valideyninə qarşı nəzakətsiz, kobud və asi olan müsəlmanlar şiddətli qəbir əzabına tutulurlar, lakin, nəticədə bu və ya digər günah onlardan yuyulur);

-c)Hər kəsin büzdüm sümüyündə yerləşən özünün ilk toxumunun cütü olan ikinci toxumu var. Hər kəs öldükdən sonra onun bu ikinci toxumu (bir yer qurdu kimi) yerin dərinliyinə çökməsi və yeni bir bədənlə bitmək üçün qiyamətə qədər öz növbəsini gözləməsi; digər tərəfdən də, vəfat edənin ruhu «Bərzah aləmi»-nin (bizim göz ölçülərimizlə görə bilmədiyimiz olan aləmin) bir hissəsi olan və «Qəbir aləmi» adlanan, dirilərlə də heç bir əlaqəsi olmayan ruhlar məqamında öz həyatını davam edir. (Lakin, istisna olaraq yalnız Peyğəmbərlərə salam göndəriləndə, bu «salam» onlara Allah tərəfindən çatdırılır və onlar salamı qaytarmaq ixtiyarındadırlar, bundan başqa isə onlara heç bir müraciət edilməz, digər vəfat edənlərə isə, heç bir müraciət edilməz, yalnız onlar üçün Allahdan rəhmət arzulamaq olar).

- d) surun çalınması – Mələk İsrafil (a) tərəfindən tükürpədici (məs: çox aşağı tezliklərdə ola biləcək) səslə surun (borunun) ilk çalınması, onun təsirindən də yer üzündə qalan bütün məxluqatın vəfatı, ümumi həyatın sona çatması və bu sükutun bir müddət sürməsi. «Riyadus – Salihin» adlı hədis məcmuəsinda 1836?-li hədisdə bildirilir: Əbu Hüreyra (r) belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «iki surun səslənilməsi arasında (müddəti olan) qırx …(aymı, ilmi bilinmir) vardır»;

-e) xüsusi yağış – ilk surun çalınmasından və yer üzündəki həyatın sona çatıb sükut etməsindən bir müddət sonra qatı bir maye halında xüsusi bir yağışın uzun bir müddət yağması; bu yağış səbəbi ilə, yer üzünün müəyyən bir maye ilə bürünməsi

- f) ikinci dəfə surun çalınması ilə (refleks olaraq) hər bir kəsin büzdüm sümüyündəki o ikinci toxumun bu mayeyə üz tutması;

- g) həşr - həmin mayenin içərisində, sanki ümumi ana bətnindəki kimi olaraq bütün məxluqatın təzə bədənlə yetişib inkişaf edərək dirilməsi (həşr olunması). Bu, yetişib dirilmə mərhələsi müəyyən bir müddət davam edir. Əbu Hüreyra (r) belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: - «İnsanın büzdüm sümüyündən başqa, bütün hissələri çürüyür. Yaradılış ondan təşəkkül edər. Sonra Allah səmadan (digər bir rəvayətdə də «nütfəyə bənzər olan» sözü əlavə edilərək) yağış yağdırır. Beləliklə, insanlar, yaşıl bitkilərin bitməsi kimi, dirilirlər»(İm. Nəvavi, «Riyadus-Salihin», 1836?-li hədis. Buxari, Müslim.)
Hər bir kəsin yeni bədəni yetişib (inkişaf edib) formalaşmasından sonra ona məhz öz ruhu qaytarılıb yerləşdirilir və o, artıq tam sağlam şəkildə – ruhu bədənində, ağlı başında, yaddaşı (dünya həyatının bütün xatirələri) yerində olaraq tam sağlam-salamat halda olacaqlar. Hətta bir rəvayətə görə bütün insanlar artıq daima 33 (otuz üç) yaşında olacaqlar. Bu vəziyyətdə olduqları halda, artıq dünyada nə etdiklərinə görə mühakiməyə, sorğu-suala tutulurlar və nəticəsində də müvafiq aqibət qazanırlar. Necə ki, Peyğəmbərimiz Hz. Mühamməd (s. s.) buyurmuşdu: «Bu dünya axirətin tarlasıdır».

- h) «Kövsər» hovuzu – Cənnət hovuzlarından bir hovuzdur. Cənnətdən gətirilmiş və baldan şirin, süddən ağ olan bir içki növü ilə dolmuş hovuzdur. Qiyamət günü bu hovuzun yanında Peyğəmbərimiz Hz. Mühamməd (s) öz ümmətini qarşılayacaq və hər möminə bunun suyundan içirdəcək. Bu, yalnız müsəlmanların içəcəyi şərbətdir və bir daha əbədiyyən susuzluq hiss etməyəcəkləri olan bir mükafatdır. Hətta, günahkar olan müsəlmanlar həmin an bunu içtikdən sonra öz günahlarının cəzasını çəkib onlardan təmizlənmək üçün bir müddət Cəhənnəmə düşsələr də, inşaallah susuzluq hiss etməyəcəklər. Digər tərəfdən də, ümumiyyətlə bunu içənlər üçün gələcəkdə Cənnətə daxil olacaqlarına dair ilahi lütfdən gələn bir işarədir.

- i) Qiyam (qalxıb durmaq) – yerdən qalxıb ALLAH qarşısında mühakimə olunmaq üçün bütün bəşəriyyətin yenidən dirilib qalxaraq, cərgə-cərgə durması; bütün bəşəriyyətin üç böyük dəstəyə – iman edərək ibadət edənlər, inamı və ibadəti inkar edərək küfr edənlər və nəhayət dinin mövcud olmasından bixəbər olanlar (dəlilər, əldən düşmüş qocalar, kar olanlar və son sivilizasiyalardan xəbərsiz halda digər insanlardan ayrı qapalı yaşayan vəhşi tayfalar kimi) – bölünməsi; Adəmdən (a) bəri iman edənlər ümmət-ümmət hər biri (öz dövründə qüvvədə olan) öz Peyğəmbəri ilə «məhşər» yerindən (həşr olub dirilən yerdən) gəlib mühakimə meydanından keçməsi və s., bütün bunlar artıq Qiyamət Gününün başlanmasıdır və bu, müddəti 50 000 il olan mühakimə günüdür, həmin gün Yer kürəsi durdurulacaq və Günəş «batmayacaq». Bu gün barədə Allah Təala belə buyurub: «Mələklər və Ruh (Cəbrail) Allahın dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar!»
(«Məaric»: 4.)

- j) əməl dəftərlərin verilməsi – insan həddi buluğ yaşına çatdıqda, artıq ömrünün sonuna qədər onun bütün söz və əməlləri gündəlik halında, mütləq olaraq, qeydə alınır və Allah qarşısında durduğu bu anda, həmin dəftərlərin (cildlərlə də olsa) hamısı gətirilir, və hər kəs özünün bütün etdikləri əməllərini aydın görəcək. «Xatırla ki, sağında və solunda (onun bütün əməllərini) yazan iki mələk mövcuddur!» (Qaf, 50: 17);

-k) mizan (tərəzi) – çox dəqiq olan haqq tərəzisi qurularaq, insanların bütün yaxşı və pis, düzgün və batil əməlləri, insanlar hələ dünyada yaşadıqları vaxt nəzarətçi mələklər tərəfindən yazılmış olan dəftərlər (gündəliklər) halında həmin tərəzi ilə haqq-hesaba çəkiləcəklər. Yəni, tərəzinin bir gözünə yaxşı əməllərlə bağlı olan dəftərlər, digər gözünə isə pis əməllərlə yazılıb dolmuş dəftərlər yığılır və artıq hansının ağır gəlməsi göz qabağında olur. Artıq, əməllər bu üsulla çəkilib qiymətləndirildikdən sonra insan və cinlərin ya CƏNNƏTƏ, ya CƏHƏNNƏMƏ Hakimlər Hakimi olan Allah Təala tərəfindən ədalətcəsinə təyin olunması; Kiminsə, yaxşı və düzgün əməli pis əməlindən ağır gəlir, kimin isə, əksinə, pis əməlləri yaxşı əməllərindən ağır gəlir. Odur ki, yaxşı və xeyirxah əməlləri çoxaldın.

- l) sırat (yol, keçid) - «qıl körpüsü» adlanan, Cənnətin yolunda bir mərhələ olan və cəhənnəm oduyla dolu dərənin üzərində tük nazikliyində çəkilmiş olan körpü; Hər kəs də öz imanı sayəsində bu körpüdən keçmək məcburiyyətindədir. Kimisi bu körpüdən çox sürətlə (şimşək kimi) keçir, kimisi qaçaraq keçir, kimisi yeriyərək və ya hətta iməkləyərək keçir, kimisi heç keçə bilməyib körpünün ətrafındakı «günah» qırmaqlarına ilişərək körpüdən aşıb, bu odlu dərəyə düşəcək. Bu körpüdən keçmə qabiliyyəti hər kəsin dünyada ikən qəlbində olan imanın dərəcəsindən və işlətdiyi yaxşı və ya pis əməllərinin təsirindən asılı olur. İman bir nurdur, nur isə həm işıq, həm də dayaqdır. Sırf dinsizlər, inkarçı və kafirlərlə yanaşı bəzi günahkar müsəlmanların da bir neçəsi burada ilişərək oda yıxılacaq, lakin etdiyi günahlara görə bir müddət (ya qısa, ya çox uzun) cəza olaraq yandıqdan sonra, səcdə etdikləri bədən üzvlərindən tanınaraq (yeddi səcdə üzvü bir nur vasitəsi ilə atəşin yandırmasından qorunur) oradan çıxarılaraq Cənnətə aparılma mərhələsi və beləliklə onların da (yəni, Cənnətə girəcək son dəstənin də) əbədi Cənnət həyatının başlaması;

-m) CƏNNƏTƏ və ya CƏHƏNNƏMƏ yerləşdirilmə anı.
«(24).(Allah o iki mələyə buyuracaqdır): «Atın Cəhənnəmə hər bir inadcıl kafiri; (25). Xeyrə mane olanı, həddi aşanı, (Allahın vəd etdiklərinə) şəkk edəni». «(30). O gün Biz Cəhənnəmə: «Doldunmu?» - deyəcək, o isə: «Yenə varmı? – deyə cavab verəcəkdir.» (Qaf, 50: 24, 25, 30).
«(31). Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (32). (Onlara deyiləcəkdir): «Bu, vəd olunduğunuz Cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (özünü haramdan, günahdan) qoruyan. (33). Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! (34). Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür!» (Qaf, 50: 31-34).

Cənnətə daxil olanlar iki qrupa ayrılır:

1-ci qrup – bunlar vəfat etdikdən sonra heç bir əziyyət görməyən, ilk növbədə, Peyğəmbərlər, daha sonra sıddıqlar (sadiqlər), şəhidlər, saleh əməlli möminlər və müxtəlif xırda xətaları olan, lakin, həmin ana qədər keçdikləri o müxtəlif mərhələlərin əzab-əziyyəti ilə artıq yuyulmuş (əvəzi çıxılmış) olan müsəlmanlar;

2-ci qrup – bunlar böyük günah sahibi olan, lakin, etiqadları (iman əsaslarına dair inamı) pozulmamış (küfr etməyən, Allaha şərik qoşmayan və islam dinindən çıxmayan) müsəlmanlardır ki, həmin ana (Cənnətə və Cəhənnəmə yerləşdirilməyə başlanılan ana) qədər günahları yuyulmadıqda (lazımi miqdarda cəzalarını görməyənlər) və bu günahlarına görə bir müddət (istər ya uzun, ya qısa müddət) Cəhənnəmin üst təbəqələrinə atılıb orada bir müddət məhkum edilərək, cəzalarını çəkdikdən sonra yerdə qalan ibadət və yaxşı əməlləri müqabilində, ilahi Ədalət və mükafat olaraq, Cəhənnəmdən çıxarılıb azad edilərək nəhayət, Cənnətə daxil ediləcəklər. Cənnətdən isə, artıq heç kim geri çıxarılmır; müsəlmanların ən axırıncısına qədər hamı günahlarını yuyub mükafatlarını alacaqlar və artıq Cənnətdə əbədi qalacaqlar. Cəhənnəmdən ən sonuncu çıxan müsəlman, bədəni tam yanmış olduğu halda cənnət sularıyla (sanki müalicəvi emulsiyə kimi) dolu bir neçə çərhovuzlardan keçirdirilərək, bədəni gözəl şəkildə bərpa olunduqdan sonra, Allah onu Cənnətə dəvət edəcək. O isə, Cənnəti sanki artıq dolu olduğunu görüb deyir ki: «Ya Rəbbim! Mən Cənnəti dolu görürəm!». Və Allah Təala onun, Cənnətdə yerin olub-olmadığı tərəddüdü müqabilində belə buyuracaq: «Cənnətə daxil ol. Sənə yer kürəsi qədər və onun 10 misli qədər də ərazi verildi»(«Kutubi Sittə»; Buxari; Müslim 186. İm. Nəvavi «Riadus Salihin», 1884.)

Bu sonuncu müsəlman yerləşdirildiyi andan etibarən də, həm Cəhənnəm əhli, həm də Cənnət əhli yerləşdirilmiş olduqları bu sistemlərdəki məkanlarda artıq əbədiyyən qalacaqlar – Cəhənnəm əhli hər an oradan çıxmaq istəyərlər, Cənnət əhli isə heç bir an belə Cənnətdən çıxmaq istəməyəcəklər və ən yüksək mükafatı gözləyəcəklər – öz Rəbbini, Yaradanını, İlahını, Ən Ali Varlığı görmək. Bu mükafat digər mükafatlar kimi təkcə nəfsi təmin (rahatlaşdıran) edən, maddi zövqlər verən mükafatlardan deyil. Bu mükafat yüksək ağıl səviyyəsində olan, ağlı sevindirən, təfəkkürü işıqlandıran, elmi artıran, baxan üzləri nurlandıran mükafatdır. Bəli, ən yüksək mükafat – ALLAH TƏALANI görməkdir. «O gün neçə-neçə üzlər sevinib güləcək.»; «Öz Rəbbinə baxacaqdır! (Rəbinin cəmalına tamaşa edəcəkdir!)» (Əl-Qiyamə, 75: 22, 23). Bunu Allah özü vəd edib. «(Bu kafirlər) Qurana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!» (Əl-Mürsəlat, 77: 50).

Beləliklə də, Cənnətə daxil olanlar iki qrupa ayrıldığı kimi, Cəhənnəmə daxil olanlar da iki qrupa ayrılır. Yəni, Cəhənnəmə daxil olanların bir qrupu - azğın kafir olanlar ora düşərək əbədiyyən əzab içində qalacaqlar, ikinci qrup isə bir sıra günahı olan müsəlmanlardır ki, bu günahlarının cəzasını çəkib onları yumaq üçün ora daxil olanlardır, lakin günahlarının miqdarları qədər çəza çəkdikdən sonra oradan çıxarılıb Cənnətə yönəldiləcəklər. Bu proses, ən sonuncu müsəlman Cəhənnəmdən çıxıb Cənnətə daxil olana qədər davam edəcək. Nəhayət, Cəhənnəmdə bir müsəlman da qalmadıqda, artıq oranın qapıları bağlanacaq və orada qalanlar əbədiyyən çıxmayacaq. Bu çox dəhşətli bir haldır.
Cənnətdən məhrum olan kəslər, yəni Cəhənnəmə əbədiyyən girənlər, bunlar iman etməyib küfr və şirk əhli olduqları üçün, Allaha deyil, şeytana və öz nəfslərinə, istəklərinə qulluq və ibadət etdikləri üçün həm qəbir əzabı çəkəcək, həm də, Cəhənnəmin dibinə, ən qızmar, ən alt təbəqələrinə atılaraq, əbədiyyən dəhşətli əzablara məhkum ediləcəklər və onlara belə deyiləcək: «Dadın inkar etdiyinizi». Bu onların İslama qarşı olan münasibətlərinə görə verilən əzabdır. Yoxsa, Allah heç kimə haqsızlıq etməz. «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik.» (Əl-Müddəssir, 74: 41, 42.)
Görün Rəbbimiz olan Allah bu nankorlar barədə nə buyurur:
«Onlara nə olub ki, iman gətirmirlər?», «Özlərinə Quran oxunduqda səcdə etmirlər?!» (Əl-İnşıqaq, 84: 20, 21).
«O gün vay halına (qiyaməti) yalan sayanların!», «Onlara: «Namaz qılın! – deyildiyi zaman namaz qılmazlar!», «O gün vay halına (qiyaməti) yalan sayanların!», «(Bu kafirlər) Qurana da inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!» (Əl-Mürsəlat, 77: 47-50).
Bütün bu məsuliyyət, sorumluluq, cəza və mükafat ancaq, tam ağlı başında olana, həddi buluğa çatmış, eşitməyə qadir olan (kar olmayan, azanın çağırışını eşidib cavab verə bilən, yəni, eşidərək namaza, məscidə gələ bilən), din (hal-hazırdakı dövrdə İslam) barədə dəvət-təbliğ məlumatları gəlib çatan ərazidə yaşayan və özünü idarə etmək iqtidarında olan şəxslərə aiddir. Yalnız, bu xüsusiyyətlərə malik insanlar dini məsuliyyətə cəlb edilirlər. Bu xüsusiyyətlərə malik olmayan insanlar isə, din və ibadət məsuliyyətindən azaddırlar. Yəni, uşaq, kar, dəli, səmavi dinin (hal-hazırda yalnız İslamın) sorağı heç çatmayan bixəbər və nəhayət, lap qocalmış (qarımış) yaşlı insan dini vəzifədən azaddırlar. Onlar üzürlüdürlər. Bəs Siz özünüzü bunların hansına şamil edirsiniz?!!
Lakin, normal xüsusiyyətlərə malik olmayan bu qrup insanlar barədə sual yaranır. «Yaxşı, sağlam adamın məsələsi aydındır! Bəs həddi-buluğa çatmadan vəfat edən uşaq, din dəvəti gəlib çatsa da, ya qulağı eşitməyən, ya ağlı başında olmayan (ruhi xəstə), ya əldən düşmüş (çox qocalıb qarımış) yaşlı və ya İslam dəvəti (məlumatı) hələ də gəlib çatmayan bir ərazidə yaşayıb dinini fitrət üzrə tutan insanın (fitrət əhlinin) qiyamət günü halı necə olacaq?»
Əvvəla, uşaq ikən vəfat etmiş insan barədə söhbət edək.
Peyğəmbərimiz (s.ə.s.) buyurub ki:
«Hər doğulan uşaq fitrətdən (fitri olaraq qəlbində) müsəlman olaraq doğulur. Sonradan, ana-atası onu ya yəhudi, ya xaçpərəst və ya məcusi (odpərəst, zərdüştçü və ya dinsiz ateist) edirlər» .(Müslim, 2628; 22.)
Beləliklə də, uşağın dini onun böyüdüyü ailəsi ilə bəlli olur. Və şəriətə görə vəfat etmiş uşaq, yaşadığı ailəsinin dini durumuna şamil edilir. Əgər, ailəsi müsəlmandırsa, onu mütləq müsəlman kimi müsəlman şəriətinə görə dəfn etmək digər müsəlmanlara fərzdir: yəni onu qüsl etmək, kəfənə bürümək, cənazə namazını qılmaq və torpaqa tapşırmaq, cənazənin də üstündə «şüvən qoparmamaq» lazımdır. Çünki Peyğəmbər s.ə.s. buyurub:
«Cahilliyə (dini savadsızlıq olan) dövründəki kimi yanaqlarına döyən, paltarını cıran və şüvən qoparanlar bizdən deyillər»
(İm. Buxari: 3/163,166; 6/546.)

Yəni, bu xüsusiyyətdə onlar artıq, müsəlmançılıqdan uzaqlaşırlar,böyük günah sahibi olurlar. Bu cür hərəkətlər, sanki Allaha qarşı üsyan etməkdir və verilən sınağa etiraz etməkdir. Müsəlman – Allaha təslim olmuş deməkdir. Allahdan gələn xeyrə də, şərə də müsəlman şəxs bəndə olaraq etiraz etməməlidir və bunu səbrlə və imanla qəbul etməlidir. Heç bəndə də öz Rəbbinə etiraz edər?! Bu, sağlam düşüncəyə ziddir. Müsəlman olmaq çox şərəflidir. Lakin, eyni zamanda, müsəlman olmaq çox məsuliyyətli və sorumlu bir vəzifədir. Dünyada hər bir iş Allahla bağlıdı, çünki O, Aləmlərin Rəbbidir (nəzarət edib, idarə edəndir). Müsəlman isə, bunu dərk edib qəbul edəndir. Əsl müsəlman, eyni zamanda mömindir. Mömin o kəsdir ki, Allah ona xeyir bir iş nəsib edəndə o, Allaha şükr edir, həmd gətirir və Allah ona şər bir iş (məs. bir müsibət) nəsib edəndə o, səbr (dözüm, şəriət çərçivəsində hərəkət) göstərir və yenə də Allaha həmd gətirir. Bu keyfiyyət yalnız möminə aiddir. Ölüm hadisəsi də buna aiddir.
Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.s.) belə buyurub: «..o kəslər ki, yüksək səslə ağlayırlar və saçlarını yolurlar və paltarını yırtırlar… bizdən deyillər».
(Buxari: 3/165.)

Bu şərt bütün yaş hədlərinə aiddir. Yəni, vəfat edən istər yaşlı olsun, istərsə də uşaq olsun, şəriətin hökmü birdir – vəfat etmiş müsəlmanı səbrlə və təmkinlə dəfn etmək lazımdır. Hətta bu cür ağır bir hadisəni Allahdan razılıqla qəbul etmək lazımdır. Çünki müsəlman kimi vəfat etmək - çox böyük xoşbəxtlik və ali şüurlu insanın ən böyük arzusudur. Müsəlman şəriətlə yaşadığı kimi, şəriətlə də vəfat etməlidir.
Yox, əgər vəfat edən uşağın ailəsi qeyri müsəlmandısa, onda islam şəriətinin icrasına ehtiyac yoxdur.
Lakin, valideynlərindən heç olmasa biri müsəlman olsa, artıq uşaq müsəlman sayılır və müsəlman şəriəti üzrə dəfn edilir. Çünki, İslam onun fitrətinə daha yaxındır və haqq din olaraq daha üstündür.
Digər qrup insanlar haqında isə, şəriətin hökmü odur ki, fitrət əhli qiyamət günü qısa bir şəkildə xüsusi bir imtahanla imtahana çəkiləcəklər.
Şəriətin banisi Rəsulullah (s.ə.s.) belə buyurub:
- «Qiyamət günü üzürlü olduqlarını irəli sürərək dəlil göstərən dörd sinif insan vardır: qulağı eşitməyən sağır (kar), axmaq (yəni tibbi cəhətdən «ruhi xəstə»), çox yaşlı adam və fitrət zamanı (təbliğ çatmayan dövrdə) ölən kəs. Sağır deyəcək ki, «Ey Rəbbim! İslam gəldi amma mən heç bir şey eşitmədim». Axmaq da belə deyəcək, «Ey Allahım, İslam gəldi, amma hətta kiçik uşaqlar belə mənimlə oynayıb başıma dəvə peyini atırdılar». Yaşlı isə belə deyir, «İslam gəldi, amma mən heç bir şeyi dərk edə bilmirdim». Fitrət zamanı ölən şəxs də deyəcək, «Ey Rəbbim, sənin elçilərin, rəsulların bizə gəlmədi». Bunun üzərinə Allah onlara müəyyən şeyləri başa salır (digər tərəfdən də onlar artıq hər şeyi öz gözləri ilə də görmüş olurlar). Allah Təala insanların Ona (yəni Allaha) itaət etmə xüsusunda onlardan vəd alır və (onların iman edib-etmədklərini, vəd verib Onun əmrinə itaət edib-etmədiklərini imtahan etmək üçün) «Atəşə girin» hökmünü onlara çatdırmaq üçün onlara bir Rəsul (elçi) göndərir». Bunun davamıyla Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu: «Nəfsim (və ya canım) əlində olan Allaha and verirəm ki, əgər (əmrə uyğun) atəşə girmiş olsalar o, onlar üçün sərin və salamat olardı»
(Bu hədisi im. Tabarani (841), İbni Hibban (1827), im. Əhməd b. Hənbəl (4/24) rəvayət etmişdilər. Şeyx Albani bu hədisi «Əs-Sahiha» (1434) adlı əsərində qeyd etmiş və səhihliyini bildirmişdir.)

Unutmayaq ki, artıq Allahın lənətinə düşmüş İblis də Allahı tanıdığı halda, ona müəyyən ibadət formaları etdiyi halda məhz Adəmin peyğəmbərliyini qəbul etməyib və səcdə əmrini aldıqda bunu qürurundan dolayı etmədiyi üçün Allah tərəfindən lənətləndi, «şeytan» (həddini aşmış, cızığından və itaətdən çıxmış) adı ilə adlandırıldı, Allahın rəhmətindən uzaqlaşdırıldı və gələcəkdə əbədiyyən Cəhənnəmin sakini təyin edildi.
Bu ən böyük səfehlik və ən böyük faciədir.


Tarix: 12.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 877 Bölmə: Maraqlı melumatlar
loading...