Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük savablar vəd olunan söz və əməllər

Fəzilətli söz və ya əməllər.
"Kim gün ərzində yüz dəfə "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və O təkdir, heç bir şəriki yoxdur. Mülk və həmd-səna Ona məxsusdur və O hər şeyə qadirdir." – deyərsə, on nəfər qul azad etmiş kimi savab qazanar. Əməl dəftərinə yüz savab yazılar, yüz günahı isə silinər. Həmin günü axşama qədər şeytandan qorunar. Daha çox çalışanlardan başqa, heç kəs bundan daha əfzəlini etmiş olmaz".

Fəzilətli söz və ya əməl
Sünnədə deyilən savabı

Peyğəmbər (s.a.v) demişdir:

1."Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir.
"Kim gün ərzində yüz dəfə "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və O təkdir, heç bir şəriki yoxdur. Mülk və həmd-səna Ona məxsusdur və O hər şeyə qadirdir." – deyərsə, on nəfər qul azad etmiş kimi savab qazanar. Əməl dəftərinə yüz savab yazılar, yüz günahı isə silinər. Həmin günü axşama qədər şeytandan qorunar. Daha çox çalışanlardan başqa, heç kəs bundan daha əfzəlini etmiş olmaz".

2."Sübhənəllah, vəlhəmdulilləh, və lə iləhə illəllah vəllahu əkbər.
"İsra gecəsi İbrahim Peyğəmbərlə ؛ qarşılaşdıqda dedi: Ey Muhəmməd, ümmətinə məndən salam de. Onlada de ki, cənnətin torpağı gözəl, suyu safdır. Orada boş düzənliklər də var. Oranın ağacları bu sözlərdir: Allah nöqsanlardan və eyiblərdən pakdır, Allaha həmd olsun, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, Allah böyükdür, Allahdan başqa kömək və qüvvət dayağı yoxdur. (yəni, kim bu sözlərlə zikr edərsə, orada onun üçün ağaclar əkilər.)

3."Sübhanəllahi və bihəmdihi.", yaxud "sübhənəllahi və bihəmdihi, sübhənə-l-lahil azim"
"Kim səhər və axşam yüz dəfə "Allah nöqsanlardan pakdır. Onun həmdi ilə həmd-səna edirəm." - deyərsə, günahları bağışlanar, hətta dənizdəki köpüklər qədər olsa da bağışlanar. Qiyamət günü heç kəs bundan daha yaxşı əməl ilə gələ bilməz. Yalnız onun dediyini deyib əlavə edəndən başqa.". "Dildə yüngül, tərəzidə ağır, ər-Rəhmana sevimli olan iki ifadə vardır: "Allah nöqsanlardan pakdır. Onun həmdi ilə həmd-səna edirəm. Əzəmətli Allah nöqsanlardan pakdır."

4."Sübhənə-l-lahil azim və bihəmdihi"
Kim "Əzəmətli Allah nöqsanlardan pakdır. Onun həmdi ilə Ona həmd-səna edirəm." – deyərsə, cənnətdə bir xurma ağacı əkilər.

5."Lə hovlə valə quvvətə illə billəh."
Sənə cənnətin xəzinəsinin yerini bildirimmi? Əlbəttə bildir! Peyğəmbər r dedi: "Allahdan başqa kömək və qüvvət dayağı yoxdur." – sözləri xəzinədir.

6.Məclisin kəffarəsi olan dua
Kim bir məclisdə oturar və çox danışarsa, məclisdən durmadan öncə "Subhanəkə Allaahummə və bihəmdikə. Əşhədu əllə iləhə illə əntə, əstəğfirukə və ətubu iləykə." "Nöqsansız və həmd sahibi Allahım! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm" – deyərsə, məclisdə etdiyi günahları bağışlanar.

7.Peyğəmbərə (s.a.v) salavat duası
"Kim mənə bir dəfə salavat oxuyarsa, Allah ona on dəfə salavat oxuyar, on günahını bağışlayar, dərəcəsini on dərəcə qaldırar". Başqa rəvayətdə deyilir: "Onun üçün on savab yazılar."

8.Qurani kərimdən bir neçə ayə oxumağın savabı
Kim gün ərzində əlli ayə oxuyarsa, adı qafillər siyahısına yazılmaz. Kim yüz ayə oxuyarsa, itaətkarlardan yazılar. Kim iki yüz ayə oxuyarsa, qiyamət günü Quran onun üzünə durmaz. Kim beş yüz ayə oxyarsa, ona bir qintar (çox böyük) savab verilər.


9.İxlas surəsini oxumağın fəziləti
Kim "Qul huvəllahu əhəd" surəsini on dəfə oxuyarsa, Allah onun üçün cənnətdə ev tikər." ""Qul huvəllahu əhəd" Quranın üçdə birinə bərabərdir."

10.Kəhf surəsindən bəzi ayələri əzbərləmək
"Kim Kəhf surəsinin əvvəlindən on ayə əzbərləyərsə, Dəccaldan qorunar."

11.Müəzzinlərin savabı
"Müəzzinin səsini eşidən insan, cin və hər şey qiyamət günü ona şahidlik edəcəklər." "Qiyamət günü müəzzinlər insanlar arasında ən uzun boğazlı olacaqlar."

12.Müəzzinlə bərabər azanı təkrarlamaq və sonra dua etmək
"Kim azanı eşidərkən bu duanı deyərsə, qiyamət günü şəfaətimə layiq olar. «Allahummə rabbə həzihi-d-dəvəti-t-təmmə, va-s-saləti-l-qaimə əti Muhəmmədən əl-vasılətə va-l-fadılətə, vab`ashu məqamən məhmudan əlləzi vaadtəhu» "Ey bu kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vəsilə dərəcəsini və fəziləti bəxş et və onu vəd etdiyin tərifəlayiq məqama yüksəlt."

13.Dəstəmazı tam şəkildə almaq
"Kim gözəl şəkildə dəstəmaz alarsa, günahları bədənindən, hətta dırnaqlarının altından çıxar."

14.Dəstəmazdan sonra dua oxumaq
"Kim kamil şəkildə dəstəmaz alar və sonra: "Əşhədu əllə iləhə illəllah və ənnə Muhəmmədən abdullahi və rəsuluhu" – deyərsə, cənnətin səkkiz qapısı onun üzünə açılar və istədiyi qapıdan daxil olar."

15.Dəstəmazdan sonra iki rükət namaz qılmaq
"Bir müsəlman dəstəmaz alar və bunu gözəl şəkildə yerinə yetirər, sonra isə qalxıb səmimi qəlbdən, fikirini cəmləşdirərək iki rükət namaz qılarsa cənnət ona vacib olar."

16.Məscidə gedərkən addımları çoxaltmaq
"Kim camaat namazı qılmaq üçün məscidə gedərsə, gedib qayıdarkən attığı bir addıma görə günahı silinər, digərinə görə isə savab yazılar."

17.Məscidə getmək
"Kim məscidə gedib-gələrsə, Allah onun üçün cənnətdə ziyafət hazırlayar."

18.Cümə namazına hazırlaşmaq və namaza erkən getmək
"Kim cümə günü çimər, erkən çıxıb məscidə piyada gedər, sonra imama yaxın yerdə əyləşər, xütbədə danışmayıb imamı dinləyərsə, attığı hər addımla oruclu və namazlı bir ilin savabını qazanar." "Kim cümə günü çimər, bacardığı qədər təmizlənər, yağlanar, yaxud ətirlənər, sonra məscidə gedər, oturan iki nəfərin başı üstündən keçməz, sonra istədiyi qədər namaz qılar, imam danışanda sakit durarsa, bu cümədən digər cüməyə qədər olan günahları bağışlanar."

19.Təkbirətul ehrama yetişmək
"Kim Allah üçün qırx gün birinci təkbirə çatıb camaatla namaz qılarsa, iki şeydən: Cəhənnəmdən və münafiqlikdən – bəraət qazanar."

20.Fərz namazları camaatla qılmaq
"Camaat namazı təklikdə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür."

21.İşa və sübh namazlarını camaatla qılmaq
"İşa namazını camaatla qılan gecənin yarısını, sübh namazını camaatla qılan isə bütün gecəni namaz qılmış sayılır."

22.Birinci səfdə namaz qılmaq
"Əgər insanlar camaat namazının və birinci səfdə dayanmağın nə qədər çox savab olduğunu bilsəydilər, buna nail olmaq üçün püşk atmaqdan başqa çarələri qalmasaydı, püşk atardılar."

23.Ratibə sünnələri daim qılan
"Kim gün ərzində on iki rükət: zöhrdən öncə dörd, sonra iki, məğribdən və işadan sonra iki, sübhdən öncə isə iki rükət namaz qılarsa, onun üçün cənnətdə ev tikilər."

24.Qadının evdə namaz qılması
"Bir nəfər qadın Peyğəmbərin (s.a.v) yanına gəlib dedi: Ey Allahın elçisi, mən səninlə birlikdə namaz qılmağı çox istəyirəm. Peyğəmbər (s.a.v) dedi: "Mən bilirəm ki, sən mənimlə namaz qılmağı çox istəyirsən. Amma sənin otağında qıldığın namaz evində qıldığın namazdan daha xeyirlidir. Evində namaz qılmağın isə həyətində namaz qılmağından daha xeyirlidir. Həyətində namaz qılmağın məhəllə məscidində namaz qılmağından daha xeyirlidir. Məhəllə məscidində namaz qılmağın mənim məscidimdə namaz qılmağından daha xeyirlidir."

25.Nafilə namazları çoxaltmaq
"Allaha çoxlu səcdə et. Çünki sənin Allaha etdiyin hər bir səcdə ilə Allah sənin dərəcəni bir pillə yüksəldər, onunla bir günahını silər."

26.Sübh namazından öncə rütibə sünnəni və sübhün fərzini qılmaq
"Sübhün iki rükəti dünya və onun içindəkilərdən daha xeyirlidir." "Kim sübh namazını qılarsa, Allahın öhdəliyində olar."

27.Duha namazı
«Hər bir oynağınıza gündəlik sədəqə düşür. Hər bir “Təsbih” (sübhənəllah), “Təhmid” (əlhəmdulilləh), “Təhlil” (Lə iləhə illəllah), “Təkbir“ (Allahu əkbər) demək sədəqədir. Yaxşı işləri əmr etmək, pis işlərdən çəkindirmək sədəqədir. Amma duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir»

28.Namaz qıldığı yerdə oturub Allahı zikr edən
"Bir insan namaz qıldığı yerdə oturub Allahı zikr etdikcə, mələklər onun üçün dua edər, "Allahım onu bağışla, ona rəhm et!" - deyərlər. Dəstəmazı pozulana qədər bu hal davam edər."

29.Camaat ilə sübh namazını qıldıqdan sonra gün çıxana qədər Allahı zikr etmək sonra isə iki rükət namaz qılmaq
"Kim sübh namazını camaat ilə qılar sonra günəş çıxana qədər oturub Allahı zikr edər, sonra isə iki rükət namaz qılarsa, bu onun üçün kamil həcc və ümrə savabına bərabər olar."

30.Gecə qalxıb özü namaz qılan və arvadını da namaza oyadan
"Kim gecə qalxıb arvadını da oyadar və birlikdə iki rükət namaz qılarlarsa onlar Allahı çox zikr edən kişi və qadınlar siyahısına düşərlər."

31.Gecə namazı qılmağa niyət edib, yuxuya gedən
"Gecə qalxıb namaz qılacağına niyət edib, amma yuxudan oyana bilməyən kimsəyə Allah təalə həmin namazın savabını yazar və yatıb qaldığı yuxusunu sədəqə edər."

32.Gecə yuxudan oyandıqda dua edən
"Kim gecə oyandıqda: "Lə iləhə illəllah vahdəhu lə şərikə ləhu ləhul mulku va ləhul həmdu va huvə alə kulli şeyin qadir. Əlhəmdulilləh və subhanəllah və lə iləhə illəllahu vallahu əkbər valə haulə valə quvvətə illə billəh." – sözlərini deyər, sonra: "Allahumməğfirli" – deyər yaxud istədiyi duanı edərsə, duası qəbul olunar. Əgər dəstəmaz alıb namaz qılarsa, namazı qəbul olunar."

33.Fərz namazlardan sonra 33 dəfə sübhənəllah, 33 dəfə əlhəmdulilləh, 33 dəfə Allahu əkbər demək və Lə iləhə illəllah... kəlməsi ilə tamamlamaq
"Kim hər namazdan sonra otuz üç dəfə təsbih edər (Sübhənəllah), otuz üç dəfə Allaha həmd edər (Əlhəmdulilləh) və otuz üç dəfə təkbir (Allahu əkbər) - deyərsə, bu, doxsan doqquz edər. Yüzü tamamlamaq üçün isə “Lə iləhə illəllah vəhdəhu lə şərikə ləhu ləhul mulku və ləhul həmdu vəhuvə alə kulli şeyin qadir”, (Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O, hər şeyə qadirdir) – deyərsə onun günahları hətta dənizin köpükləri kimi olsa belə, yenə də bağışlanar."

34.Fərz namazdan sonra kürsü ayəsini oxumaq
"Kim hər fərz namazdan sonra Kürsü ayəsini oxuyarsa, onun cənnətə girməsinə ölümdən başqa maneə olmaz."

35.Xəstəni ziyarət etmək
"Bir müsəlman digər xəstə müsəlmanı günorta vaxtı ziyarət edərsə, yetmiş min mələk onun üçün axşama qədər dua edər. Əgər işa vaxtı ziyarət edərsə, yetmiş min mələk onun üçün səhərə qədər dua edər. Bundan əlavə onun üçün cənnətdə bir bağça hazırlanar."

36.Tövhid kəlməsini deyib onunla ölən
"Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsini deyib, bu etiqadla ölən bəndə mütləq cənnətə daxil olar."

37.Başına müsibət gəlmiş adama başsağlığı vermək
"Başına müsibət gəlmiş adama başsağlığı verən kimsə qarşı tərəf kimi savab qazanar." "Müsibətə görə, qardaşına başsağlığı verən mömini Allah təalə lütfkarlıq libasına bürüyər."

38.Meyiti yuyub, onun eyiblərini gizlədən
"Kim bir meyiti yuyar və onun eyiblərini gizli saxlayarsa, Allah təalə onu qırx dəfə bağışlayar."

39.Cənazəyə namaz qılıb dəfn olunana qədər onu müşayiət etmək
"Kim cənazə üçün namaz qılıb onu müşayiət etməzsə, bir qirat, müşayiət edərsə, iki qirat savab qazanar. Orada olanlar: İki qirat nə qədərdir? – deyə soruşdular. Peyğəmbər (s.a.v) dedi: "Ən kiçiyi Uhud dağı böyüklükdədir." İbn Ömər (r.a) dedi: "Biz çox qiratları əldən buraxmışıq."

40.Allah üçün məscid tikən və ya bu işdə kömək edən
"Kim quş yuvası qədər də olsa, Allah üçün məscid tikərsə, Allah da onun üçün cənnətdə ev tikər."

41.Malını Allah yolunda xərcləmək
"Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver."

42.Sədəqə
"Sədəqə malı azaltmaz və Allah, bağışlayan bəndəni yalnız izzətləndirər. Allaha görə təvazökarlıq edəni Allah ucaldar." "Bir dirhəm yüz mini keçdi. Orada olanlar dedilər: Ey Allahın elçisi bu necə olur? O dedi: bir adamın iki dirhəmi olur və o birini sədəqə edir. Digərinin isə çoxlu var-dövləti var. O da malının az bir hissəsindən yüz min sədəqə edir."

43.Mənfəət güdmədən verilən borc
"Əgər bir müsəlman digər müsəlmana mənfəət güdmədən iki dəfə borc verərsə, sanki onu bir dəfə sədəqə etmiş kimidir."

44.Borcu qaytarmağa çətinlik çəkəni bağışlamaq
"İnsanlara borc verən bir kişi var idi. O öz qulluqçusuna deyərdi: Borcunu qaytarmaqda çətinlik çəkən bir insan gördükdə onu bağışla, bəlkə Allah da bizi bağışlayar!" O Allahın hüzuruna gəldikdə Allah da onu bağışladı."

45.Allah yolunda bir gün oruc tutmaq
"Kim Allah yolunda bir gün oruc tutarsa, Allah da onun üzünü yetmiş il cəhənnəmdən uzaqlaşdırar."

46.Hər ayın üç gününü, ərəfa və aşura günlərini oruc tutmaq
"Hər ayın üç gününü və Ramazan ayını oruc tutmaq bir il oruc tutmaq kimidir." "Peyğəmbərdən (s.a.v) ərəfa orucu haqqında soruşduqda demişdi: "bu günü oruc tutmaq keçən ili və bu ilin qalanını bağışlayır." "Peyğəmbərdən (s.a.v) aşura orucu haqqında soruşduqda demişdi: "Keçən ilin günahlarını bağışlayır."

47.Şəvvalın altı gününü oruc tutmaq
"Kim Ramazan ayını oruc tutar, ardınca şəvvalın altı gününü də oruc tutarsa, bir ili oruc tutmuş kimi olar."

48.İmamla təravih namazını axıra qədər qılmaq
"Əgər bir insan imam namazı bitirənə qədər onunla bərabər namaz qılarsa, bu onun üçün gecə namazı kimi hesab olunar."

49.Məqbul həcc
"Kim nalayiq danışmadan və bəlli vaxtlarda qadınla yaxınlıq etmədən uca Allahın rizasını qazanmaq üçün həcc edərsə, həccdən sonra anadan doğulduğu kimi (günahsız) olar." "Həqiqətən günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur."

50.Ramazan ayında ümrə etmək
"Ramazan ayında edilən ümrə həccə bərabərdir, yaxud mənimlə edilən həccə bərabərdir."

51.Zülhiccə ayının ilk on günündə saleh əməllər görmək
"Bu günlərdə edilən saleh əməllər digər günlərə nisbətən Allaha daha əzizdir." Yəni zülhiccənin ilk on günündə edilən əməllər. Səhabələr dedilər: Ey Allahın rəsulu, hətta cihad etmək? Peyğəmbər (s.a.v) dedi: "Hətta Allah yolunda cihad etmək. Yalnız nəfsi və malı ilə cihada gedib heç biri ilə geri qayıtmayandan başqa."

52.Qurbanlıq
Peyğəmbərin (s.a.v) səhabələri dedilər: Ey Allahın rəsulu, bu qurbanlar nə üçündür? Peyğəmbər (s.a.v) dedi: "Bu babanız İbrahimin (aleyhissalamın) sünnəsidir." Səhabələr dedilər: Ey Allahın rəsulu, bu işdə bizim savabımız nədir? Peyğəmbər (s.a.v) dedi: "Hər tükə görə on savab qazanırsınız." Səhabələr dedilər: Ey Allahın rəsulu, bəs yuna görə? Peyğəmbər (s.a.v) dedi: "Hər bir yuna görə, on savab vardır".

53.İmkan daxilində edilən saleh əməllərlə yanaşı, gözəl niyət mömini cənnətin yüksək dərəcələrinə qaldırar
"Bu ümməd dörd nəfərin timsalındadır: Allah bir nəfərə elm və mal-dövlət verir. Bu adam da elminə əməl edib malını lazımi yerlərə xərcləyir. Başqa birinə isə elm verib amma mal-dövlət verməyib. Bu da deyir ki, əgər mənim də filankəs kimi mal-dövlətim olsaydı, onun kimi yaxşı işlər görərdim. Peyğəmbər (s.a.v) dedi: Bunların savabı eynidir. Digər bir nəfərə isə mal-dövlət verib, amma elm verməyib. Bu da malını lazımsız yerlərə xərcləyir. Bir nəfərə isə nə mal-dövlət, nə də elm verib. Bu da deyir ki, əgər buna verilən mənə verilsəydi, mən də onun kimi edərdim. Peyğəmbər (s.a.v) dedi: Bunların günahı eynidir".

54.Alimin savabı və fəziləti
"Alimin abiddən üstünlüyü mənim sizin ən sadənizdən olan fərqim kimidir." Sonra Peyğəmbər (s.a.v) dedi: "Allah, mələkləri, göylərin və yerlərin əhalisi, hətta yuvasında olan qarışqa, suda olan balina da insanlara xeyiri öyrədən müəllimə dua edirlər."

55.Allah yolunda şəhid olanın savabı
"Şəhidin Allah yanında altı mükafatı vardır: İlk anda günahı bağışlanır, cənnətdəki məqamını görür, qəbir əzabından qurtulur, məhşər çətinliyindən aman olur, başına vüqar tacı qoyular – bu tacın üzərindəki bir yaqit dənəsi dünya və onun içərisində olanlardan daha xeyirlidir. Həmçinin yetmiş iki huri ilə evləndirilər və yetmiş nəfər qohumuna şəfaət edər."

56.Allah yolunda xəsarət almaq
"Nəfsim əlində olana and olsun, kim Allah yolunda yaralanarsa, – Allah Onun yolunda yaralananları yaxşı tanıyar – qiyamət günü yarası qanlı, qoxusu isə müşk-ənbər olar."

57.Allah yolunda keşik çəkmək
"Allah yolunda bir gün keşik çəkmək dünya və onun üzərindəkilərdən daha xeyirlidir. Cənnətdə qamçınızı qoyduğunuz yer dünya və onun üzərindəkilərdən daha xeyirlidir."

58.Allah yolunda döyüşçü yetişdirmək
"Kim döyüşçü hazırlayarsa, özü də döyüşmüş kimidir. Kim ailəsində döyüşçü qoyub gedərsə, o da döyüşmüş kimidir."

59.Sidq ürəkdən şəhidlik arzulamaq
"Kim sidq ürəkdən şəhidlik arzulayarsa, yatağında ölsə də, Allah təalə onu şəhidlər məqamına yüksəldər."

60.Allah qorxusundan ağlamaq və Onun yolunda keşik çəkmək
"İki gözə: Allah qorxusundan ağlayan və gecəni oyaq qalıb, Allah yolunda keşik çəkən gözə - cəhənnəm odu toxunmaz."

61.Bəlaya və müsibətə düçar olmaq
"Müsəlmanın yaralanması, şikəst olması, kədərlənməsi, qəmə batması, əziyyət çəkməsi, qüssələnməsi, hətta ayağına tikanın batması ilə Allah təalə onun günahlarını bağışlayar."

62.Çıldaqdan, ovsun oxutdurmaqdan və bədbinlikdən uzaq olmaq
"Peyğəmbərə (s.a.v) , yuxuda ikən əvvəlki ümmətlər göstərildi. Onların arasında öz ümmətini də gördü. Onların yetmiş min nəfəri haqq-hesab olunmadan və əzab çəkmədən cənnətə daxil olanlardır. Onlar, çıldaq etdirməyən, ovsun oxutdurmayan və bədbinlikdən uzaq olub, Allaha təvəkkül edənlərdir."

63.Övladları kiçik ikən dünyasını dəyişənlər
"Üç nəfər həddi buluğa çatmamış uşağı olan müsəlman ölərsə, Allah təalə onu cənnətə daxil edər."

64.Gözü kor olub səbr edən
"Allah təalə buyurur: Bəndəmi qoşa əzizlərlə, yəni gözləri ilə imtahana çəksəm, səbr edərsə əvəzində ona cənnət verərəm."

65.Bir şeydən Allah rizası üçün imtina edən
"Sən Allah qorxusuna görə nədənsə imtina etsən, Allah təalə onun əvəzində sənə daha xeyirlisini verər."

66.Ayıb yerini və dilini qorumaq
"Kim çənə sümüklərinin və ayaqlarının arasındakılara zamin durarsa, mən də cənnətə girəcəyinə dair ona zamin duraram." Yəni dilini və ayıb yerini qoruyarsa.

67.Evə daxil olarkən və yeməyə başlayarkən
"Bismilləh" demək "Bir insan evinə daxil olarkən və yeməyə başlayarkən "Bismilləh" deyərsə, şeytan öz köməkçilərinə deyər: Burada sizin üçün nə gecələməyə yer, nə də yemək var. Evə daxil olub "Bismilləh" deməsə, şeytan deyər: Siz burada gecələyə bilərsiniz. Yeməyə başlayanda da "Bismilləh" deməsə şeytan belə deyər: "Sizin gecələməyə yeriniz və yeməyə yeməyiniz var."

68.Yeməkdən, içməkdən və təzə paltar geyindikdən sonra Allaha həmd etmək
Kim yemək yedikdən sonra bu duanı deyərsə, keçmiş günahları bağışlanar. "Əl-həmdu lilləhi-l-ləzi ətaməni həzə va razəqanihi min ğeyri haulin minni va lə quvvatin." "Özüm heç bir qüdrət və güc sərf etmədən mənə bu təamı qismət edən və ruzini verən Allaha həmd edirəm." İçdikdən sonra əvvəlki duanı bu sözlərlə əvəz edir: "Əl-həmdu lilləhi-l-ləzi səqani..." (...mənə bu içəcəyi qismət edən...). Təzə paltar geyindikdən sonra əvvəlki duanı bu sözlərlə əvəz edir: təzə paltar geyindikdən sonra isə "Əl-həmdu lilləhi-l-ləzi kəsəni..." (...mənə bu geyimi qismət edən...).

69.Məşəqqətinin azalmasını istəyənin duası
Fatimə (r.a) Peyğəmbərdən (s.a.v) xadim istədikdə Peyğəmbər (s.a.v) ona və Əliyə (r.a) dedi: "Sizə bu istədiyinizdən daha xeyirlisini söyləyimmi? Yatağınıza daxil olduqda otuz dörd dəfə təkbir edin (Allahu əkbər deyin), otuz üç dəfə təsbih edin (sübhənəllah deyin) və otuz üç dəfə Allaha həmd edin (əlhəmdulilləh deyin)." Bu sizin üçün xidmətçidən daha xeyirlidir.

70.Cinsi yaxınlıqdan öncə dua oxumaq
"Bismi-l-ləh, Allahummə cənnibnə-ş-şeytanə va cənnibi-ş-şeytanə mə razəqtənə." "Allahın adı ilə! Allahım, şeytanı bizdən və bizə verdiyin ruzidən uzaq et." – Əgər bu yaxınlıqda onlara uşaq bəxş edilərsə, şeytan o uşağa heş bir zərər toxundura bilməz.

71.Qız övladlarla xoş rəftar etmək
"Kiminsə qız övladı olar və o onlarla xoş rəftar edərsə, o qızlar onu cəhənnəm odundan qoruyarlar."

72.Arvadın ərini razı salması
"Bir qadın beş vaxt namazını qılar, Ramazan ayını oruc tutar, iffətini qoruyar və ərinə itaət edərsə, ona: cənnətin hansı qapısından istəyirsənsə, oradan da cənnətə daxil ol! – deyilər." "Əri ondan razı olan bir qadın ölərsə, cənnətə daxil olar."

73.Qohumluq əlaqələrini saxlamaq
"Kim ruzisinin çoxalmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini bərkitsin."

74.Yetimə himayədarlıq etmək
"Yetimə himayədarlıq edən, mənimlə cənnətdə belə olacaqdır" – deyərək, şəhadət və orta barmağını bir yerdə göstərdi."

75.Dul qadınlara və kasıb-kusuba əl tutmaq
"Dul qadınlara və kasıb-kusuba əl tutan Allah yolunda cihad edən, yaxud gecələri namaz qılıb günüzləri oruc tutan kimidir."

76.Gözəl əxlaq
"Mömin öz gözəl əxlaqı ilə davamlı namaz qılıb oruc tutanların dərəcəsinə yüksələr." "Əxlaqı gözəl olana cənnətin ən yüksək mərtəbəsində ev vəd edirəm."

77.Məxluqata qarşı mərhəmətli və şəfqətli olmaq
"Allah mərhəmətli bəndələrini bağışlayar. Siz yer üzərində olanlara mərhəmət edin ki, səmada olan da sizə rəhm etsin."

78.Müsəlmanlar üçün xeyir istəmək
"Heç kəs özünə istədiyini qardaşı üçün istəməyincə iman gətirməz."

79.Həya
"Həya yalnız xeyir gətirər." "Həya imandandır." "Dörd şey peyğəmbərlərin sünnəsidir: Həya etmək, ətirlənmək, misvaklanmaq və evlənmək."

80.Birinci salam vermək
"Bir kişi Peyğəmbərin (s.a.v) yanına gəlib "əssəlamu elykum" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu on savab qazandı. Sonra başqa biri gəldi və "əssələmu aleykum və rəhmətullah" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu isə iyirmi savab qazandı. Daha sonra isə başqası gəldi və "əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu" – dedi. Peyğəmbər (s.a.v) dedi: bu isə otuz savab qazandı."

81.Görüşərkən əl ilə görüşmək
"İki müsəlman qarşılaşdıqda əl ilə görüşsələr, bir-birindən ayrılmadan günahları da bağışlanar."

82.Müsəlman qardaşının namusunu müdafiə etmək
"Kim müsəlman qardaşının namusunu qoruyarsa, Allah təalə də qiyamət günü onu oddan qoruyar."

83.Əməlisaleh insanları sevmək və onlarla durub-oturmaq
"Sən sevdiyin adamla birsən." Ənəs (r.a) deyir: "Səhabələr bu hədisə görə sevindikləri kimi, heç bir hədisə belə sevinməmişdilər."

84.Bir-birini Allah üçün sevənlərİzzət və cəlal sahibi Allah deyir:
"Mənim cəlalıma görə bir-birini sevənlər üçün nurdan minbərlər vardır. Peyğəmbərlər və şəhidlər onların bu məqamına qibtə edərlər."

85.Müsəlman qardaşı üçün dua edən
"Kim qardaşının arxasınca onun üçün dua edərsə, ona həvalə olunmuş mələk "Amin! Sənin üçün də eynisi olsun!" – deyə dua edər."

86.Mömin kişi və qadınlar üçün bağışlanma diləmək
"Kim mömin kişi və qadınlar üçün bağışlanma diləyərsə, Allah təalə hər mömin kişi və qadına görə ona bir savab verər."

87.Xeyirə yönəltmək
"Kim bir insanı xeyirə yönəldərsə, o da işi görən kimi savab qazanar."

88.Əziyyət verən maneəni yoldan götürmək
"Mən bir nəfərin cənnətdə gəzindiyini gördüm. Həmin adam yolda insanlara əziyyət verən ağacı kəsib yoldan kənarlaşdırmışdı."

89.Xeyirli işi davamlı etmək
"Siz usansanız da, Allah heç vaxt usanmaz. Allaha ən sevimli əməl az olub dəvamiyyətli olandır."

90.Mübahisə və yalançılıqdan çəkinmək
"Haqlı olduğu halda mübahisəni tərk edənə cənnətin ortasında ev vəd edirəm. Zarafat etdikdə və ya qeyri halda yalanı tərk edənə cənnətin ortasında ev vəd edirəm."

91.Əsəbinə hakim olan
"Kim əməldə edə biləcəyi əsəbinə hakim olarsa, qiyamət günü Allah təalə onu məxluqatın önündə çağırar və istədiyi hurini seçməyə ixtiyar verər."

92.Xeyirlə yad edilən kimsə
"Siz kimi xeyirlə yad edərsinizsə, cənnət də ona vacib olar. Kimi ki, pis işlərlə yad edərsiniz, ona da cəhənnəm vacib olar. Siz, Allahın yer üzündəki şahidlərisiniz..."

93.Müsəlmanın sıxıntısını unutduran, işini asanlaşdıran, eyibini örtən və ona kömək olan
"Kim bir möminin dünya sıxıntılarından birini azaldarsa, Allah taala qiyamət günü onun sıxıntılarından birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah taala də onun işini dünyada və axirətdə asanlaşdırar. Kim müsəlmanın eybini örtərsə, Allah taala həm dünyada, həm də axirətdə onun eybini örtər. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar."

94.Yaxşı və ya pis iş görmək qərarına gələn
"Kim yaxşı bir iş görmək qərarına gəlib, amma onu etməsə, Allah təalə bunu onun üçün tam savab yazar. Əgər qərara gəlib yaxşı işini görərsə, Allah təalə onun üçün on savabdan yeddi yüz və daha artıq qədərdə savab yazar. Kim bir pis iş etmək qərarına gələr, amma onu etməzsə, Allah təalə bunu onun üçün tam bir savab yazar. Əgər o, qərara gəlib pis işi görərsə, Allah təalə buna görə ona bir günah yazar."

95.Allaha təvəkkül etmək
"Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O da sizə, səhər tezdən yuvasından ac çıxıb günorta qarnı tox qayıdan quşa verdiyi ruzi kimi, ruzi verər."

96.Axirəti düşünən
"Kimin fikri-zikri axirət olarsa, Allah təalə onun qənaətini qəlbində edər, işlərini bir edər, dünya da zəlil şəkildə onun ayağına gələr."

97.Rəhbərin ədalətli, cavanın əməlisaleh olması, məscidlərə bağlanmaq və Allah üçün sevmək
"Qiyamət günü heç bir kölgənin olmadığı halda, yeddi qisim insanlar Allah taalanın kölgəsi altında kölgələnəcəklər. Ədalətli rəhbər, Rəbbinə ibadət edə-edə böyüyən gənc, qəlbi məscidlərə bağlı olan, bir-birini Allah üçün sevib birləşən və bunun üçün də ayrılan iki nəfər, gözəl və nəsil-nəcabətli qadının zina çağırışına qarşı: mən Allahdan qorxuram – cavabını verən, sol əlinin sağ əlinin nə verdiyindən bixəbər olduğu halda sədəqə verən və tənhalıqda Allahı zikr edib, gözləri yaş ilə dolan."

98.Hər işdə ədalətli olanlar
"Ədalətli olanlar Allah qatında ər-Rəhmanın sağ tərəfində nurdan olan minbərlərin üzərindədirlər. Onun hər iki əli sağdır. Bu kimsələr, hökm qərarı verdikdə, ailəsində və öhdəliklərinə götürdükləri işlərdə ədalətli olanlardır."


Tarix: 11.04.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1457 Bölmə: Maraqlı melumatlar
loading...