Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeybətin yaranma səbəbləri

Aqil və müsəlman olan insan qeybəti yaradan səbəblər barəsində fikirləşdikdə bizim aşağıda qeyd etdiyimiz səbəbləri o da tapacaq:

Birinci səbəb: İnsan hər hansı bir işdə özünün qalib çıxmasına çalışdıqda qeybətə, böhtana və söz gəzdirmək kimi çirkin əmələ əl atır.
Ikinci səbəb: Başqalarına olan nifrət, kin-küdurət və düşmənçilik insanı qeybət etməyə sövq edir. Lakin, belə sifətlər möminlərdə, kamil iman sahiblərində olmaz. Allah bizi belə sifətlərdən qorusun!
Üçüncü səbəb: Özünü yüksəklərə qaldırmaq, başqalarını alçaltmaq istəyi qeybətə zəmin yaradır. Məsələn, “fılankəs cahil, zəif düşüncəli və iradəsizdir” deməklə, insan özünün hörmətli, güclü və belə qüsurlardan uzaq bir insan, başqasının isə səviyyəsiz olduğunu bildirərək özünü diqqət obyektinə çevirir. Bu, həmçinin özünə vurğunluqdur. Bu isə rəsulullahın bəyan etdiyi kimi insanı həlaka və məhvə aparan xislətdir. Allah bizi ondan və onun şərindən qorusun!
Dördüncü səbəb: Insan, Allahın qəzəbinə düçar olacağına baxmayaraq bəzən dostlarının, yoldaşlarının fikirlərinə uyğun gəlsin, onlara xoş getsin və onların razılığın qazansın deyə qeybətə əl atır. Bu da imanın zəifliyindən irəli gəlir.
Beşinci səbəb: Günah sahiblərinin günahına olan təəccübünü birüzə vermək qeybətin yaranmasına səbəb olur. Məsələn, insan “Fılankəs gördün nə elədi? Axı o, bilikli, hörmətli və aqil bir insan idi. Yaraşardımı bunu etsin?” kimi ifadələr işlətdikdə qeybətin yarandığını anlamır.
Altıncı səbəb: Başqalarını məsxərəyə qoymaq, onlara qarşı istehza ilə yanaşmaq və təhqiramiz ifadələr işlətmək qeybətin yaranma səbəblərindəndir.
Yeddinci səbəb: Bəzən müsəlman olan insan belə başqasının günaha qurşandığını görüb, Allah yolunda qəzəblənərək öz qəzəbini birüzə verir və həmin şəxsin adını çəkərək “fılankəs necə də Allahdan həya etməyib bu cür iş görür”. Daha o, bilmir ki, etdiyi belə söhbətdən artıq qeybətin içindədir. Bu da qeybətin yaranmasına səbəb olur.
Səkkizinci səbəb: Həsəd. Insanlar birini tərifləyəndə, onun barəsində xoş sözlər işlədəndə və onu sevəndə qəlbində həsəd hissi olan kəs həsəd apardığı insanın sahib olduğu nemətin ondan getməsinə çalışır. Başqa çıxış yolu qalmadıqda isə qeybət, onun şərəf və ləyaqətini alçaltmağa əl atır ki, insanların ona olan məhəbbəti azalsın. Bu cür insan ən çirkin qəlbə və nəfsə sahibdir. Allah bizi bu cür əməldən və belə insanlardan qorusun!
Abdulla bin Amr (Allah onlardan razı olsun!) rəvayət edir ki, peyğəmbərdən (s) hansı insanın daha fəzilətli olduğunu soruşdular. Rəsulullah (s) buyurdu: “Təmiz qəlbə və yalnız doğrunu danışan dilə malik olan insanlar”. Soruşdular: “Yalnız doğrunu danışan dili başa düşdük. Bəs təmiz qəlb nədir?” Rəsulullah (s) buyurdu: “Heç bir günah, azğınlıq, həsəd və nifrətin olmadığı təqvalı və təmiz qəlb”. (İbn Macə rəqəm 4216 bax; “Səhih İbn Macə” 2/411 “Səhih hədislər” rəqəm 948)
Doqquzuncu səbəb: Bəzən insan ürəyində olan mərhəməti birüzə verərək başqalarının yanında “fılankə necə də kasıb adamdır, heç nəyi yoxdur. Lap onun dərdi məni alıb” kimi ifadələr də işlədərək qeybətə yol vermiş olur.
Onuncu səbəb: Qəlbi qara və pis fikirli insanlar bəzən gülmək, əylənmək və şənlənmək üçün başqalarını araya qoyub onların qeybətini aparırlar. Belə söhbətdən guya həzz alır, şənlənirlər. Söhbət artdıqca, yalan da artır, günah da artır. Rəsulullahın (s) aşağıda qeyd olunan hədisi bu cür insanlar barəsindədir: “Vay o kimsənin halına ki, camaati güldürmək məqsədi ilə söhbət edər. Vay onun halına, vay!” (Tirmizi 4/557 bax; “Səhih Tirmizi” 2/268)
On birinci səbəb: İnsanların qınaq hədəfinə çevirmək üçün günah olan bir əməli başqasına aid edərək ona böhtan atmaq qeybətin ən zərərli əlamətlərindəndir. (Bax; Əhməd bin Mühəmməd bin Həcər əl-Heysəminin “Qeybət çirkinliyinin eyiblərindən təmizlənmə” kitabı, İbn Teymiyyənin “Fitvalar”ı 28/236-238, 28/222-238)


Tarix: 17.04.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar
loading...