Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Imtahandayıq

Bu həyat tez qurtaran, ləzzətləri ani olan, imtahan üçün yaşadığımız bir həyatdır. Bu həyatı yaradan və bu həyatda bizi yaşadan Allah təala bu həqiqəti bizə belə bildirir:

“Mərhəmətli, rəhmli Allahın adı ilə! İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı). Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq” (əl-İnsan və ya əd-Dəhr surəsi, 1-2). “Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq” (əl-Ənbiya (Peyğəmbərlər) surəsi, 16), “- Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!” (əl-Ənbiya (Peyğəmbərlər) surəsi, 35), “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!” (əl-Bəqərə (İnək) surəsi, 155-157). “(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!” (əl-Bəqərə (İnək) surəsi, 214), “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!). Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar! Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar necə də pis mühakimə yürüdürlər! Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!” (əl-Ənkəbut (Hörümçək) surəsi, 2-5), “Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Fani dünyaya, onun cah-cəlalına etibar yoxdur. Yer üzündə olan heç bir şey əbədi deyildir. Müəyyən dövrdən sonra orada mövcud olan hər şey məhv olacaqdır)” (əl-Kəhf (Mağara) surəsi, 7-8).

Həqiqətən də bu sətirləri oxuyan, ibrətlə həyata baxan, təcrübəsi olan hər bir insan dərk edir ki, onun aldığı dad, ləzzət, şəhvət, hətta qəzəb belə ötəri bir şeydir. Allah təala bizləri bu dünya həyatında sınaqdan keçirmək, hansımızın yaxşı əməllər işlədiyimizi özümüzün də şahidliyi ilə göstərmək üçün, ən əhəmiyyətlisi isə Allaha ibadət etmək üçün yaratmışdır: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır” (əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi, 2) Hər bir insan Allah təala tərəfindən ona verilən qayda-qanunlarla yaşasa o xoşbəxt olar. Adicə bu dünya həyatında insanlar üçün qoyulmuş bütün qaydalar onların xeyiri və xoşbəxtçiliyi üçündür. İnsanlar bu qaydalara riayət etmədikləri üçün mütləq peşmançılıq çəkirlər. Təəssüf ki, peşmançılıq artıq insana heç nəyi qaytara bilmir. Peşmançılıq onun üçün daha da ağır olur. Halbuki insan istəsə ehtiyatla hərəkət edib sonradan peşmançılıq çəkməz. Buna isə inanmıram ki, kimsə mütləq olaraq tam nail olsun. Çünki insanın hər tərəfdən onu əhatə edən böyük düşmənləri var. İnsan elə bilir ki, əgər o heç kimlə mübahisə etmirsə, heç kimlə mübarizə etmirsə, heç kimlə dava-dalaş etmirsə, heç kimə əziyyət vermirsə demək həyatda onun düşməni yoxdur. Məhz belə düşünmək onu məhvə aparır. Bəlkə də onun bu düşüncəsi ona düşmənindən gəlir. Çünki Allah təala bizə qəflətdə olmamaq üçün həm özümüzdən, həm də düşmənimizdən xəbər vermişdir. Allah təala buyurur: “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (Yusuf (Yusif) surəsi, 53). Insanın ən gizlin düşməni onun özüdür. Yəni, nəfsidir. İnsan çox hallarda özünün özünə düşmən ola biləcəyini qəbul etmək istəmir, qəbul etsə də görmür, görsə də əhəmiyyət verib fərqinə varmır. Ona görə də insanların çox hissəsi qəflətdə, özlərindən xəbərsiz vəziyyətdədirlər. Bunların bir çox səbəbləri, səbəblərin isə ortaya çıxan müxtəlif yolları var. İnsan həqiqətən də özü üçün nə hazırlandığını bilmir. Allah təala insana göz verib, qulaq verib, qəlb verib, insan gözü ilə görmür, qulağı ilə eşitmir və qəlbi ilə duymur. Çünki, insan tam olaraq özünü, qəlbini Allaha və Onun Kitabına vermir. Bu barədə Allahın izni ilə yazımızı davam etdirəcəyik.


Tarix: 12.04.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Maraqlı melumatlar
loading...