Ey Qardaşım! Son ziyarətçinin kim olduğunu bilirsənmi? Son ziyarətçinin səni ziyarət etməsindən və səninlə görüşməsindən nə istədiyini bilirsənmi?
Heç şübhəsiz ki, son ziyarətçi sənin malından bir şeyə sahib olmaq hərisliyindən, yeyəcək və içəcəyində sənə ortaq olmaq istəyindən və ya borcunu ödəməkdə sənə kömək etməyə və ya birisinin yanında sənin şəfaətçin olmağa və ya hər hansı bir həyata keçirmədiyin işindən dolayı gəlməmişdir. And olsun ki, bu son ziyarətçi bir məqsəd və bəlli bir iş üçün sənin yanına gəlmişdir. Nə sən, nə sənin ailən, nə də sənin qəbilən, hətta yer üzündə heç kimsə bu vəzifəni yerinə yetirməkdən və bu vəzifəni həyata keçirməkdən onu saxlaya bilməz (əngəl) olmaz. Hətta sən yüksək saraylarda yaşasan, aşılmaz sədlər və möhkəm qalalarla qorunsan, təhlükəsizlik və mühafizəkarlardan faydalansan da belə son ziyarətçinin sənin yanına daxil olmasına, səninlə bir yerdə olmasına və vəzifəsini yerinə yetirməsinə heç kimsə mane olmaz.
Heç şübhəsiz ki, son ziyarətçinin sənin yanına girməsi üçün qapıya döyməsi, səndən izin almağa və ya görüşməzdən əvvəl görüş təyin etməsinə ehtiyacı yoxdur. Belə ki, o işində, boş vaxtında, sağlığında və ya xəstəliyində, zəngin və ya kasıb ikən, səfərdə və ya qeyri səfər vaxtı sənin yanına gələ bilər.
Ey Qardaşım!
Bu ziyarətçinin sənin sözlərindən, ağlamağından, (qışqırmağından), bağırmağından təsirlənəcək yumşaq bir qəlbi yoxdur. Son ziyarətçinin, hesablarını, (əməllərini) gözdən keçirmək üçün sənə möhlət vermək imkanı da yoxdur. Eyni şəkildə son ziyarətçi nə bir hədiyyə, nə də bir rüşvət alar. Çünki dünya malı onun yanında heç nədir. Heç bir şey onu gəldiyi qayədən (məqsəddən) saxlaya bilməz. Heç şübhəsiz ki, son ziyarətçi səni istəməkdədir. Son ziyarətçi səndən başqa heç bir şeyi istəmir. Son ziyarətçi sənin bir qismini deyil, hər şeyini istəməkdədir. Son ziyarətçi sənin yox olmağını və səni aparmağı istəyir. Son ziyarətçi sənin ölməyini, ruhunu almağı, nəfsini həlak etməyi və bədənini öldürməyi istəyir. Heç şübhəsiz ki, son ziyarətçi Ölüm mələyidir. “(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaq-sınız!”. (əs-Səcdə 11). “(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”. (əl-Ənam 61).
Ey Qardaşım!
Ömrün istər uzun olsun, istərəsə də qısa olsun, ölüm mələyinin ziyarətinin dəyişməz və qəti olduğunu, yazılmış bir qədər olduğunu bilməlisən. Bu dünyada hər birimizin bir müsafir olduğunu və müsafirin də çatacağı bir yeri, yükünü endirməsinin yaxın olduğunu bilməlidir.
Ey Qardaşım!
Sən yaradıldıqdan bəri səfərdəsən, Sən də bir gün bitəcəksən, səfər də bitəcək, Sən ölüm sancısı çəkərkən nə deyəcəksən? Sən ruhunu təslim edərkən nə deyəcəksən? Sən qəbirsanlığa aparılarkən və qəbirə qoyulmuş halda ikən nə deyəcəksən? Sən qəbirdə ikən nə deyəcəksən? Sən üzərinə torpaq atılarkən nə deyəcəksən? Sən üzərinə külək əsdiyi zaman, yağış yağdığı zaman torpağa qatışdığın zaman nə deyəcəksən? Heç düşündünmü? “Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?”. (Muhəmməd 27). “Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: “Biz heç bir pislik etmirdik!” – deyəcək (mələklər də onlara belə cavab verəcəklər): “Xeyr, (elə deyildir) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir! Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə). Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!”. (ən-Nəhl 28-29).
Ey Qardaşım!
Ölüm mələyinin səni ziyarət etməsiylə ömrünün sona çatdığını, əməlinin kəsiləcəyini və əməl dəftərinin bağlanılacağını bilmirsənmi? Ölüm mələyinin səni ziyarət etməsindən sonra bir tək savab qazanmağa, bir rükət namaz qılmağa, Allahın kitabı Qurani Kərimdən bir tək ayə belə oxumağa, bir dəfə də olsun belə Subhənəllah, Əlhəmdulilləh, Allahu Əkbər, Lə İləhə İlləllah, Əstəğfirullah deməyə, bir gün oruc tutmağa və ya bəsit bir şey olsa da belə sədəqə verməyə, Beytullahı həcc etməyə, Ümrə etməyə, qonşu və əqrabaya yaxşılıq etməyə gücünün çatmayacağını bilirsənmi? Şübhəsiz ki, əməl zamanı keçmiş, hesab, yaxşılıq ilə xətaların qarşılığı verilməsi qalmışdır. “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (Qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır”. (əl-Muminun 99-100).
Ey Qardaşım!
Ölüm mələyi ilə qarşılaşmaq üçün hanı sənin hazırlığın? Ölümdən sonra qəbirdə... Münkər və Nəkir adlı iki mələk tərəfindən sorğuya çəkilərkən... Məhşər günündə... Yenidən dirilərkən... Hesab verərkən... Əməllərin çəkildiyi zaman... Sırat körpüsündən keçərkən... Cabbar olan Allahın hüzurunda durarkən... Bu tükürpədici hallar üçün hazırlığın hanı, haradadır? Əli b. Hüseyn b. Əli b. Əbu Talib – rahmətullahi aleyhi - nun “Qəbir və Kəfən qəribliyi qəsidəsi” – “Safvatu əl-Safva” kitabında qeyd olunur cild 1-2, səh 66.
Qərib olan Şamdan və yaYəməndən didərgin düşən deyil. Əsl qəriblik məzarda və kəfəndə tənhalıqdır.Səfərim uzaq, azuqəm isə bəs etmir. Taqətim tükənib, ölüm də yetişib. Allah möhlət verməklə mənə, necə də rəhmli davranmışdı.
Mən günah dalınca günah işlədərkən o, mənim günahlarımı örtürdü. • Günlərimdən saatlar ötür. Nə peşmançılıq var, nə ağlamaq, nə qorxu, nə də kədər. • Mən bütün qapıları asiliklər edə-edə öz üzümə bağladım. Allah isə etdiklərimin hamısını görür. • Qoy mən ağlayım, sızlayım, fəryad edim. Günümü zikrlə, hüznlə keçirim. • Qoy mən göz yaşları axıdım. Günümü belə keçirdim. Ancaq görən tək bir göz yaşı məni xilas edə biləcəkmi? • Elə bil ki, mən və mənim ətrafımda ağlayan, sızlayan və mənim ölüm xəbərimi eşidib fəryad edən kimsələr, • Həkim gətiriblər ki, məni müalicə etsin. Lakin bu gün mənə fayda verən həkimi görmürəm. • Ruh bədənimdən çıxdı. Həmin an isə ağzım acı daddı. • Son nəfəs içindəyəm. Ölüm məni özünə çəkdi. Bədənimdən tər axdı. Nə rahatlıq var, nə də zəriflik. • Mənə dünyada ən əziz kəslərdən biri bir an içində yuyulan yerə yaxınlaşdı. Və məni yumağa hazırlaşdı. • Onlardan biri isə mənim paltarımı çıxartdı. Və məni tək, tənha və üryan etdi. • Taxtın üstünə sərdilər məni. Üzərimdə eşidilən su fışqırtısı ilə təmizlənirdim. • Üzərimdən su tökülürdü. Üç dəfə yudu məni həmin şəxs. Sonra isə digərlərinə kəfən gətirməsini müraciət etdi. • Məni qolları belə olmayan bir paltarla geyindirdilər. Bu dünyadan götürdüyüm tək şey isə ətirləndiyim ətrin qoxusu idi. • Məni dünyadan çıxartdılar. Vay halıma! Elə bir səfərdəyəm ki, azuqəm çatmır. • Sonra məni dörd nəfər çiyinləri üzərində daşıdı. Arxalarınca isə məni və onları müşayət edən insanlar. • Mehrab önünə qoydular məni və imamın arxasında dayandılar. Imam isə namazı qıldı və mənimlə vidalaşdı. • Mənim üçün namaz qıldılar. Elə bir namaz ki, nə rukusu var, nə də səcdəsi. Görəsən Allah mənə rəhm edəcəkmi? • Sonra məni ehmalca qəbrimə endirdilər. Onlardan biri isə məni basdırmaq üçün qarşıya çıxdı. • Parçanı sifətimdən açdı ki, görsün məni. Ancaq gözlərindən o qədər yaş axdı ki, az qala batacaqdım. • Ehtiramla hər şeyi öz üzərinə götürdü. Üzərimə daşları bir-bir düzdü və ayrıldı. • Sonra isə dedi: torpaqla örtün onun üstünü və bəxşişi bol olan ər- Rəhmandan savabların ən gözəlini qazanın. • Qəbir qaranlığında nə ana var, nə şəfqət göstərən ata, nə də ki, halıma acıyan qardaş. • Gözlərim məni sarsıtdı qorxunc görkəmə baxarkən. Həmin görkəm dəhşətə gətirdi məni. • Münkir və Nəkir idi onlar. Nə deyəcəm onlara?! Onların işi məni yaman qorxutdu və təlaşa saldı. • Onlar otuzdurdular məni və ciddi suallar verməyə başladılar. Allahım, səndən başqa mənim xilaskarım yoxdur! • Mənə əfvini əta et, ey yeganə ümüdüm mənim! Əli-qolu günahla qandallanan bir məhbusam mən! • Ailəm məni tərk etdikdən sonra, malımı mülkümü öz aralarında paylaşdırdılar. Burada isə bütün yük mənim çiyinlərim üzərinə düşdü və çox ağır oldu. • Zövcəm məni başqa bir ərlə əvəzlədi. Malımda, mülkümdə və mənzilimdə onu hökm sahibi etdi. • Övladımı ona xidmət göstərən qula çevirdi. Malım isə onlara heç nədən halal bilindi. • Dünya və onun bər-bəzəyi səni aldatmasın! Ailəndə və vətənində dünyanın etdiklərinə bir bax! Gör heç dünyadan kafurdan və kəfəndən başqa bir şeylə gedən oldunmu? • Dünyadan ehtiyacın olduğu şeyi al və onunla razılaş! Məgər bu dünyada sənə lazım olan bədəninin rahatlığı deyilmi? • Ey xeyir əkən! Əkindən sonra səmərəni biç! Ey şər əkən! • Ey nəfs, bəsdir bu qədər asiliklər. Gözəl əməl sahibi ol, bəlkə Allah rəhm edə! • Ey nəfs, vay sənin halına! Tövbə et, saleh əməl sahibi ol! Bəlkə ölümdən sonra yaxşılıq əldə edəsən! • Şamda və Yəməndə şimşəklər çaxanadək seçilmiş Peyğəmbərimizə salam olsun! • Və xeyirlə, iffətlə, yaxşılıq və bəxşişlə bizi axşama çatdıran və səhərimizi açan Allaha həmd olsun! «Ey Rəbbilmiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə yer vermə! Ey Rəbbimiz! Sən həqiqətən, şəfqətlisən, mərhəmətlisən!» (əl-Həşr 10).
Tarix: 11.04.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 568 Bölmə: Maraqlı melumatlar