Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SÖZDƏ ŞİRK

Allahdan Qeyrisinə And İçmək - Kəbəyə, əmanətə, şərəfə, bir şeyin bərəkətinə (çörək haqqı, işıq haqqı), bir kimsənin həyatına (sən öl, mən ölüm), peyğəmbərə, müqəddəs hesab edilən insanlara, ataya, anaya və uşaqların canına and içmək haramdır və bunlardan birinə and içən kimsəyə Şəhadət kəliməsini söyləməsi lazımdır.

Peyğəmbər (s.a.v) buyurdu: "Kim Lat və Uzzaya and içərsə dərhal Lə İləhə İlləllah – (Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur) desin"(Fəthul-Bəri 11/ 536. )
Nə üçün Allahdan qeyrisinə and içən şirk etmişdir? Çünki andda təzim vardır. And içən içdiyi kimsəni ucaltmışdır. Onu inandırmaq üçün and içmişsə - kiçik şirkdir. Bir şey də vardır ki, əgər bu kimi sözlər dildə gəzən sözlərdirsə (dili bu sözlərə vərdiş etdiyinə görə və s.) bu da kiçik şirkdir. Əgər and içdiklərini Allah qədər təzim edərsə (qəbri, qəbir sahibini, salehləri, daşı, ağacı) bu zaman böyük şirkdir. Burada niyyət rol oynamır, sözün özü şirkdir. Çünki, and içən qarşısındakını inandırmaq üçün elə bir şeyə and içməlidir ki, o da onun andını qəbul etsin. Bir şeyi unutmayın ki, kiçik şirkin özü belə böyük günahlardan da böyükdür.

Peyğəmbər (s.a.v) buyurdu: "Allahım! Bilərəkdən edə biləcəyim şirkdən sənə sığınıram və bilmədən etdiyim şirkə görə isə Səndən bağışlanma diləyirəm".
(Əhməd 4/ 403. )

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Diqqət edin! Allah atalarınıza and içməyi qadağan edir. Kim and içərsə ya Allaha and içsin, ya da sussun".(Fəthul-Bəri 11/ 530.)

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Allahdan qeyrisinə and içən şirk və ya küfr etmişdir".(Əhməd əl-Buxari 2087, "Musnəd" 2/ 125, Əbu Davud 3251, ət-Tirmizi 1535, İbn Hibban 4357, əl-Albani "Səhihul-Cəmi" 2561, 6204, “Səhih Silsilə” 2042. )

Peyğəmbər (s.a.v) buyurdu: "Əmanətə and içən bizdən deyildir".(Əbu Davud 3253, əl-Albani "Səhih Silsilə" 94. )

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Atalarnıza and içməyin! Kim Allaha and içərsə doğru danışsın. Kimin üçün Allaha and içsələr qane (razı) olsun. (İbn Məcə 2101, əl-Albani “Səhihul-Cəmi” 7247. )

Qane olan kimsə Allahı əzəmətləşdirmiş olur, qane olmayanın isə Tövhidi naqisdir. Rəvayətlərdə gəlir ki: İsa (aleyhissələm)oğurluq edən bir nəfəri görür və ona yaxınlaşaraq: "Sən oğurluq edirsən?"- deyə soruşur. O deyir: "Ondan başqa heç bir həqiqi məbud olmayan Allaha and olsun ki, mən oğurluq etmədim". İsa (aleyhissələm) buyurur: "Özümü (gözümü) yalançı saydım və sənin andını isə qəbul etdim"(əl-Buxari, Muslim. )

İbn Məsud (r.a) deyir ki: "Allah adıyla yalandan and içmək mənim üçün Allahdan qeyrisinə doğurdan and içməkdən daha yaxşıdır.(ət-Tabərani “Mucəmul-Kəbir” 9/ 205, 8902, əl-Heysəmi “Məcməuz-Zəvaid” 4/ 180, əl-Albani “Silsilə Daif” 1/ 130. )
Bu bir misaldır. İbn Məsud (r.a) üçün hər iki and yaxşı deyildir. Hər iki əməl də günahdır. İkincinin günahı birincidən daha şiddətlidir. Çünki, həm and içirsən, həm də andına yalan olaraq Allahın adını qatırsan. Şirkin fəsadı isə yalan and içməkdən daha şiddətlidir.

İçilən Andla Nə Vaxt Razı Qalmaq Olar Və Olmaz?

Yalan danışmq qadağan edilmişdir. Əgər yalan danışan yalanını Allahın adı ilə qüvvətləndirərsə bunun günahı daha da böyükdür. Çünki, belə bir kimsə Allahı aşağı görmüşdür. Kim ki, sənə Allahın adı ilə and içirsə razı qalmalısan, bu da Allahı ucaltmaqdır.
Şeyx Useymin (Allah rəhmət etsin) içilən andla bağlı beş halı qeyd edir. Hissi tərəfdən razı olmaya bilərsən, lakin şəriət tərəfdən razı qalmalısan:
1. Yəqinliklə bilirsən ki, o yalandan and içir. Belə kimsəyə inanmaq olmaz.
2. Sən ehtimal (şübhə) edirsən ki, o yalandan and içir. Belə kimsəyə inanmaq olmaz.
3. Həm yalan, həm də doğru tərəfdən də ehtimallar eynidir. Belə halda sən onun andını təsdiq edirsən.
4. Onun doğru olduğuna ehtimal daha çoxdur. Belə andı qəbul edib inanmalısan.
5. Bilirsən ki, o doğurdan and içir. İnanmalısan.

Allahın Adından Çox And İçmək Olarmı? – Həlif - And - təsdiq etməkdir.

Öz dediyin sözlərin haqq olduğunu sübut etmək üçün əzəmətli və mühüm olan bir şeyi zikr etməklə olur. Nə üçün bu bab bu kitabda qeyd edilmişdir? Çünki, kim Allahın adı ilə tez-tez and içərsə onun qəlbində Allahın əzəməti aşağı olar və Allahı layiqli şəkildə ucaltmış olmaz. Bu da Tövhidin kamilliyinə ziddir. Çox and içmək deyildikdə məqsədyönlü şəkildə qəsd olunur. Dili vərdiş etdiyinə görə and içərsə bu çox and içmək deyildir; "Allah sizi bilmədən içdiyiniz andlara görə cəzalandırmaz, lakin (bilə-bilə) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyiniz orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu içdiyiniz andların kəffarəsidir. Bununla belə andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə şükr edəsiniz". (əl-Maidə 89). Andlarınızı Qoruyun - Andın əvvəli and içməkdir, ortası pozulmaqdır, sonu isə kəffarədir.
Şeyx Useymin deyir ki: “İnsanın öz andını qorumasının üç halı vardır:
1) İnsan (filan işi etməyə) bilə-bilə and içir.
2) Əgər yerinə yetirməsə kəffarə verməlidir. On kasıbı yedizdirib-içizdirmək və ya geyindirmək, qul azad etmək, üç gün oruc tutmaq. Əgər keçmişdə etdiyi bir əmələ görə and içsə ki: “Vallahi mən etməmişəm”. Buna görə kəffarə yox, tövbə tələb edilir. Çünki, Allahın adından yalandan and içməkdir.
3) Andınızı qoruyun - kəffarələri verin. Elə bir hallar ola bilər ki, insan andını pozması vacibdir. Məs: And içir ki, Vallahi mən filan qardaşla danışmayacağam. Andı pozub xeyirli olana yönələrək kəffarə ödəməlidir. Çünki, Peyğəmbər (s.a.v) müsəlman bir kimsə ilə üç gündən artıq danışmamağı haram saymışdır. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) dedi: “Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayandır”.(əl-Buxari "Ədəbul Mufrad" 399. əl-Albani səhih olduğunu demişdir.)

Ehtiyac Olmadan And İçmək - bəyənilmir.

Lakin hərdən olar. Çünki, Peyğəmbər (s.a.v) ondan tələb edilmədiyi halda and içmişdir. Bu da bu əməlin nə qədər təhlükəli olduğuna diqqəti çəkmək üçün edilmişdir. Aişə (r.a) rəvayət edir ki, Mahzum oğullarından oğurluq etmiş bir qadının durumu Qureyşliləri xeyli üzmüşdü. Qureyşlilər: "Bu qadın haqqında Peyğəmbər (s.a.v)ilə kim danışa bilər? Peyğəmbərin çox sevdiyi Usamə ibn Zeyddən (r.a) başqasının buna cəsarəti çatmaz"- deyə qərar verdilər. Usamə (r.a) bu halı Peyğəmbər (s.a.v) danışdıqda, o: "Allahın qoyduğu cəzalardan birinin qaldırılmasınımı istəyirsən?"- deyə buyurdu və qalxaraq bir xütbə verdi: "Sizdən əvvəlkiləri həlak edən bu idi: Özlərindən adlı-sanlı biri oğurluq edincə onu buraxardılar. Zəif və yoxsul kimsə oğurluq etdiyi zaman isə ona cəza verərdilər. Allaha and olsun ki, Muhəmmədin qızı Fatimə də oğurluq etsəydi onun belə əlini kəsərdim (Qəzəbdən onun rəngi dəyişmişdi. Usamə (r.a) deyir: "Ya Rəsulullah! Mənim üçün Allahdan bağışlanma dilə"- dedim. (əl-Buxari 6788, Muslim 1688. )
Peyğəmbərdən (s.a.v) and içmək tələb edilmədiyi halda and içmişdir.

İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Mənim ümmətimin ən yaxşıları mənim əsrimdəkilər, sonra onların ardınca gələnlər, daha sonra yenə də onların ardınca gələnlərdir. (İmran deyir ki: “Yadımda deyil ki, o özündən sonra iki yoxsa üç nəsil zikr etdi”). Onlardan sonra elə insanlar ortaya çıxacaq ki, istənilmədiyi halda şahidlik (yalandan) edən, xəyanət etdikləri üçün onlara etibar edilməyəcək, vəd verəcək, ancaq yerinə yetirməyəcəklər. Onlar ancaq yoğunlaşıb piylənəcəklər".
("Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin". (əl-Ənfal 27). "Yusif dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin". (Yusuf 52). Useymin deyir ki: "Xəyanət etmək haramdır. Lakin Hiylə döyüş zamanı icazə verilir". Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Müharibə yalandır (hiylədir)". əl-Buxari 3029.
(əl-Buxari 3650, Muslim 2535, Əbu Davud 4657, ət-Tirmizi 2221.)

İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Mənim ümmətimin ən xeyirliləri mənim əsrimdəkilər, sonra onların ardınca gələnlər, daha sonra yenə də onların ardınca gələnlərdir. Bundan sonra elə insanlar gələcəklər ki, şahidlik etməmiş and içəcəklər və and içməmiş şahidlik edəcəklər".(əl-Buxari 2652, Muslim 2533. )
"Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin edib and içdikdən sonra onu pozmayın. Həiqətən Allah nə etdiyinizi bilir". (ən-Nəhl 91). "Ey iman gətirənlər! Əhdlərə sadiq olun". (əl-Maidə 1). "Əhdə vəfa edin. Çünki, (insan) əhd barəsində (Qiyamət günü) cavabdehdir". (əl-İsra 34).

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Yalan yerə içilən and malın (satışını) artırsa belə, bərəkəti yox edər”.(əl-Buxari 2087, Muslim 1606. )

Yalandan öz malını satmaq üçün Allahın adından and içmək qadağandır. Malın satılmasına kömək etsə də bərəkəti yox edər və ya malı tələf olar. Belə bir kimsə Allahın adı ilə and içməsə satmaz və almaz. O, Allahı öz ticarətində mülk etmişdir. Allahın adı ilə and içməklə varlanır. Əgər bu andı yalandırsa bu daha qorxulu və təhlükəlidir.

Allahın Adından And İçmək - üç qismə bölünür:

1. Allah və Rəsulunun (s.a.v) xəbər verdiyi şeylərə and içmək. İstər təsdiq, istərsə də inkar formasında. Məs: Allaha and olsun ki, Peyğəmbər (s.a.v) Qiyamət günü şəfaətçilik edəcəkdir və s. "(Ya Peyğəmbərim!) Səndən: "O (bizi qorxutduğun əzab və ya Qiyamət günü) doğrudurmu?”– deyə xəbər alacaqlar. Onlara belə cavab ver: "Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz!" (Yunus 53). "Ayələrimizi inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir”– dedilər. (Ya Peyğəmbər! Sən onlara) de ki: “Qeybi bilən Rəbbimə and olsun ki, Qiyamət sizə gələcəkdir…". (əs-Səba 3)

2. Allaha ümüd bəsləyərək və Allah barəsində gözəl zənn edərək and içirsən. Əgər bu iki şərt gözlənilərsə, bu cür and da caizdir. Ümid – Gözəl Zənn.
Rabiyə bint Nadr (r.a) Ənsarlardan bir qadının dişini vuraraq sındırır. Onlardan bunun əvəzi olaraq qisas tələb edirlər. Ənəs Rabiyə bint Nadrın bibisi idi. Peyğəmbər (s.a.v) də qisas əmrini verdikdə Ənəs : "Ya Rəsulullah! Sən Rabiyənin dişini sındıracaqsan! Vallahi, Allah buna imakan verməyəcəkdir"- deyə and içir. Peyğəmbər (s.a.v) : "Allahın Kitabında qisasdır"- deyə buyurdu. Lakin sonra Ənsarlar bu qisaslarından vaz keçərək bağışlayırlar və Peyğəmbər deyir: "Allahın elə bəndələri vardır ki, bir iş üçün Allaha and içərlərsə Allah onların andını boşa çıxarmaz. Dilədiklərini yerinə yetirər". Allah barəsində zənni gözəldir.

Muvahhid kimsə öz əməllərinin, sözlərinin ardınca baxar. Onları daima Quran və Sünnə ilə ölçər. Ehtiyat edər, qorxar. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Bir kimsə heç bir əhəmiyyət vermədən Allahın rizasına uyğun bir söz söyləyər və onun səbəbi ilə Allah da onun dərəcələrini yüksəldər. Yenə də bir kimsə heç bir əhəmiyyət vermədən Allahı qəzəbləndirəcək bir söz söyləyər və onun səbəbi ilə Cəhənnəmə yuvarlanar".(əl-Buxari, əl-Albani "Mişkətul Məsabih" 4813.)

3. Allahın adından özündən razı olaraq and içir. Bu andda təkəbbürlük vardır. Özünü elə yerə qaldırır ki, Allahı borclu çıxardır. Bu Tövhidin kamilliyinə ziddir, hətta Tövhidin əslinə də zidd ola bilər. Belə and içən istəyir ki, Allah onun etdiyi, istədiyi kimi etsin. Özünü yüksəldir, digərlərini isə alçaldır. Allahın rəhmətinin qarşısını alan kimsədir, insanlara qarşı təkəbbürlüdür, özünü digərlərindən üstün tutandır və s. Tövhid əhlindən belə bir şey çıxmaz. O, elə zənn edirdi ki, ibadəti ilə elə bir səviyyəyə çatıb ki, Allahdan nə istəsə ona veriləcəkdir. Allah isə onu bu sözünə görə cəzalandırdı. Bu da qadağan olunan and içməkdir ki, Allah haqqında pis zəndə olmaqdır. Belə and içənin andını Allah puç edər. Cundəb (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: “Bir adam dedi: “Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!” Uca Allah belə buyurdu: “Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən, Mən onu bağışladım və sənin əməlini də boşa çıxartdım!”(Muslim 2621, 4753, 6847.)


Tarix: 10.04.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Maraqlı melumatlar
loading...