İslam elminin yenidən inkişaf etdiyi bizim bu dövrdə tövhid (bir ilahlıq) elmi, haram-halal, günahlar və əxlaq barədə olan məlumatlarla yanaşı insanı gələcəkdə nə gözləyəcəyini də indidən öyrənib, buna layiqincə hazırlanmasının çox önəmli olduğu qənaətindəyik.
Artıq yaxın gələcəkdə baş verəcək qiyamət və ondan sonra davam edəcək axirət həyatı barədə oxuculara məlumat verməyi özümüzə islami bir borc bilirik və bunu edə biləcəyimiz təqdirdə Allaha həmd edirik.
Şüurlu və düşünən insan haradan gəldiyini, niyə gəldiyini, hara gedəcəyini, necə gedəcəyini daima düşünməlidir. Lakin, bunu tək ağıl gücü ilə başa düşmək mümkün deyil. Bu cür düşüncələr konkret faktlar və dəqiq məlumatlar əsasında cizgilənməlidir. Allah Təala insana həm ağıl nəsib edib, həm də bu ağılı Qurani Kərimin Ali məlumatları ilə təchizatlandırıb, dəstəkləyib və zənginləşdirib. Ümumiyyətlə, ilahi məlumatları insanlara bildirmək üçün Allah Təala Öz nümayəndələrini insanlar arasından seçib, onları Peyğəmbərlik vəzifəsi ilə vəzifələndirib, Rəsul (elçi, nümayəndə) olaraq təyin edib və onlara qeyri adi qabiliyyətlər, məlumatlar və biliklər öyrədib. Hər bir Peyğəmbərini də Allah Təala müəyyən bir dövrün inkişafının dərəcəsinə uyğun olan məlumatlarla göndərib. Hər dövrün öz təfəkkürünün səviyyəsinə görə özünə uyğun olan Kitabı göndərilib. Allah Ən Ali Varlıqdır, səmalardan (hətta tanıdığımız kosmosun xaricindən belə göndərərək) nazil etdiyi kitablar da, ən Ali məlumatlardır. Sonuncu, buna görə də, tamamlayıcı olaraq Allah Təala Qurani Kərimi nazil edib (endirib). Bu Quranı insanlara çatdırmaq (təbliğ etmək), öyrətmək, düzgün mənalandırmaq və tam təkamülə çatdırmaq üçün Allah Təala sonuncu Peyğəmbərini - Hz. Mühammədi (s.ə.s.) təyin edib və onu bütün müsəlmanlar üçün ən düzgün nümunə, ən düzgün örnək və ən düzgün istiqamətdə olan dini rəhbər təyin edib. «Sonuncu Peyğəmbər» anlayışının meydana çıxmasının özü artıq Axirətin yaxınlaşmasının ilk əsas əlamətidir. Çünki bağlılıq və ardıcıllıq şəklində qurulan silsilənin tərkibində olan bir şeyin sonu – digər şeylərin də həm başlanğıcına, həm də sonradan onların da sonuna gətirib çıxarır. Bu, məntiqi silsilənin təməl amillərindəndir. İnsanın mövcud olma silsiləsi də, onun toxum halında yaranandan ta axirətə köçənə qədər məntiqi silsilə şəklində mərhələ-mərhələ davam edir. Bəşəriyyətin də sonu – axirət aləminə, axirət (sonda olan) mərhələsinə, artıq həyatın əbədi davam edəcək mərhələsinə köçməsidir. Lakin, bu Sona dair insanın vəzifəsi, nə elmsizliyin nəticəsində «qəhramancasına» göz yummaqdır, nə də, aşırı təşvişə düşərək ümüdsizliyə qapanıb özünü həlak etməkdir. Əksinə, şüurlu insanın vəzifəsi və məqsədi sadəcə özünü gələcək olan hadisələrə mənəvi və əməl seçimi ilə hazırlaşdırmaq, özünə faydalı olacaq nəticələr əldə etmək və öz xeyrinə doğru aparan məsələləri həll etməkdir. Şüurlu insan təhlükənin yalnız özü ilə deyil, hətta ona aparan yollarla da mübarizə aparmalıdır. İnsan özünü gözüyumulu təhlükəyə atmamalıdır.
ÖLÜM VƏ AXİRƏT.
Bizi yaradan Allah, bir yaradıcı kimi Öz yaratdıqlarını çox sevir. Allahın bizə olan sevgisi, ananın öz balasına olan sevgisindən 70 dəfə daha çoxdur. Allah bizim üçün həm bu dünyanı yaradıb, həm də Axirət həyatını və, ələlxüsus, Cənnət baxçalarını yaradıb və bizi bir müddət yer üzünə göndərərək yenidən Cənnətə dəvət edir, Cənnəti qazandırmaq, Cənnətə salmaq istəyir.
İnsan daima düşünməlidir ki, haradan gəlib haraya gedəcək, necə gəlib necə gedəcək? Yaradılış ilə son nəticə arasındakı məsafə hansı mərhələlərdən keçir? İnsanın ölümündən sonra hansı proseslər baş verir? Məgər həyat o qədər mənasızdır ki, ölümdən sonra heç bir nəticə yoxdur? Axı belə olsa idi, onda həyatın heç bir mənası olmazdı, yaxşılığın əhəmiyyəti, pisliyin isə ziyanı olmazdı. Lakin insan əbəs yerə yaranmayıb və mütləq gəldiyi yerə qayıdacaqdır. Bəşəriyyətin boş və mənasız olaraq yaradılma düşüncəsi yanlış bir fikirdir.
«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızımı güman (zənn) edirsiniz?!» (Möminlər: 115)
Ölüm – ruhun bədəndən çıxması səbəbi ilə bədənin gözlə görünən yaşama əlamətlərinin sönməsidir.
Lakin, ölüm - ümumi son demək deyil. İnsanın həyatı təkcə bu dünya həyatı ilə məhdudlaşmır. İnsanın varlığı uzun müddətli bir prosesdir və bir sıra mərhələlərdən ibarət olan böyük, ümumi bir həyat silsiləsidir. Belə olduqda, insanın ümumi həyat səhnəsində ölüm də bir mərhələ, bir keçid dövrüdür. Ümumiyyətlə, müsəlmanın şüurunda, ölüm – heç də böyük bir faciə deyil. Böyük faciə – müsəlman olmayıb, Allahın əmrlərinə əhəmiyyət vermədən vəfat etməkdir. Belə olduğu təqdirdə, Qiyamət günü Allah sizi dindirəndə Allaha nə cəvab verəcəksiz?!! Allahın Peyğəmbəri ilə üz-üzə qarşılaşanda ona nə deyəcəksiz, onun üzünə necə baxacaqsız?!! Axirətə inanan şəxs ölümün həqiqi mənasını bilir və onu düzgün tərzdə qiymətləndirir. Müsəlman şəxs şəksiz-şübhəsiz axirətə inanır.
Ölüm - sadəcə insanın bir ölçülər aləmindən (sistemindən), digər ölçülər sisteminə keçid mərhələsi və köçməsidir. Ölüm – tamamilə yox olmaq, məhv olmaq demək deyil. Ölüm – hər insanın keçəcəyi bir mərhələdir. Bir uşağın doğulması onun üçün yeni həyata başlaması olduğu kimi, hər insanın vəfat etməsi də, onun üçün yeni mərhələdə olan təzə həyata başlamasıdır. Bir uşağın ana bətnini tərk edib bu dünyaya keçməsi qaçılmaz bir hadisə olduğu kimi, hər bir insanın da bu dünyanı tərk edib digər aləmə keçməsi də, insan varlığının qaçılmaz bir mərhələsidir. Beləliklə, hər bir kəs ölüm mərhələsini keçəcək və daha sonra digər mərhələyə qədəm basacaqdır.
Necə ki, Allah Təala Quranda buyurub: «Hər kəs (hər canlı) ölümü dadacaqdır. Sonra (axirətin başlanğıcı olan qiyamət günü) hüzurumuza qaytarılacaqsınız (həyatınızı davam etməniz üçün)!» (29/57)
«(Ya Rəsulum!) Səndən əvvəl də heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə sınağa çəkərik; Və siz ancaq Bizim hü¬zurumuza qaytarılacaqsınız!» (əl-Ənbiya, 34-35).
Ümumiyyətlə, insan yaradılışın məqsədi bu dünyada əbədiyyən qalmaq deyil. İnsanın yaradılışından məqsəd – bir müddət bu dünyada sakin olduqdan sonra başqa aləmə, başqa mərhələyə köçməsidir. İnsanlar yaradılaraq bu dünyada, yəni yer üzündə, sıra ilə doğulub yaşayaraq vəfat edib, yerlərini digərlərinə verirlər. Dünya həyatının da onlar üçün maraqsız olmaması üçün Allah yer üzünü müxtəlif şeylərlə bəzədib və insanların qəlblərinə tələbat yerləşdirib, sadəcə olaraq bu təlabatı necə həll edəcəkləri, hansı yolla həyata kecirəcəkləri barədə onları sorğu suala tutacaqdır. Çünki Allah Təala bu tələbatların həm halal həllini göstərib, həm də ziyan olan yolları da qadağan edərək haram elan edib.
Beləliklə, bu dünya – insanların bir-birinin ardınca sıra ilə yaşadıqları bir mərhələdir.
Bir hədisdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurub:
“Allah Adəmi və zürriyyətini (toxum halında zərrələrdən ibarət olan gələcək bütün nəslini) yaraddığı zaman mələklər (bu toxumların sayını görərək) dedilər:
Yer üzü, bunları öz üzərində (hamını bir yerdə) yerləşdirə bilməz.
Allah cavab olaraq
Mən onların arasına ölüm salacam (yəni, biri ölüb, digəri doğulacaq) – buyurdu. Yenə mələklər:
Elə isə həyat onlara xoş gəlməz, - dedilər.
Allah da cəvabında buyurdu:
“Mən onların qəlblərinə əməl (təlabat) yerləşdirəcəyəm
(İbni Əbu Şeybə və Əhməd b. Hənməbəl, Hz. Həsəndən (r) rəvayət etmişlər.)
Yəni, bu təlabat onları hərəkətə gətirəcək, onu həll etməyə və beləliklə də yaşamağa sövq edəcək, həyatları da daima məşğuliyyətli olacaq, hətta, bəzən çox maraqlı görsənəcək, bəzən də onları müxtəlif yollara sövq edə biləcək. Lakin şüurlu insan və ələlxüsus, müsəlman – halalı seçib, haramdan uzaqlaşmalıdır. İnsan məhz buna görə sorğu-suala tutulacaqdır. Bu sorğu-suala dair Allahın Rəsulu (s.ə.s.) belə məlumat verib:
“Qiyamət günü, Adəm övladı bu beş şeydən sorulmadıqca Rəbbinin hüzurundan ayrıla bilməyəcək: ömrünü nəyə sərf etdiyini; gəncliyini harada keçirdiyini; malını haradan qazandığını və haraya xərclədiyini; elmilə (bildiklərilə) əməl edib-etmədiyi barədə”.
(Tirmizi, c. 4, sh. 35. İbni Məsuddan (r)
Beləliklə, bu dünya həyatı bir mərhələ olduğu kimi, ölüm də – dünya həyatından ayrılıb ümumi həyatın başqa mərhələsinə keçmə pilləsidir.
Axirətə gəldikdə isə, Axirət – lüğəti mənasına görə, nəyinsə axırı və ya ümumiyyətlə «axırıncı», «sonuncu» deməkdir.
İslam elminin «istilasına» (şəriət terminolojisinə) görə isə, axirət - «insan varlığının və həyatının sonuncu və daimi olan mərhələsi» deməkdir. Bu – axirət həyatıdır. Əsil Axirət həyatı – ölümdən, sonra qəbir aləmindən, daha sonra Qiyam (təzədən dirilib qalxma) və mühakimə (haqq-hesaba çəkilmə) günündən sonra başlayacaqdır. Kainatın Rəbbi də, bu həqiqəti bizə xəbər verərək, bunun qaçınılmaz bir hal olduqunu bildirir: «De ki: Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!» (Cumə, 8).
Bir mərhələ olaraq, axirət - yenidən öz Rəbbinə qayıdış, dünya mərhələsində nələr etdiyinə görə sual-cavab edilmə və həmin andan etibarən, çox uzun müddətli bir həyat sürməsinin başlanmasıdır. Bu həyatı nə səviyyədə yaşayacağı, həmin sual-cavabın nəticələrindən asılıdır. Beləliklə də, diqqət mərkəzində olan əsas amil – sorğu-sual edilən an və onun nəticələridır.
Tarix: 12.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Maraqlı melumatlar