Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hettlərin mədəniyyəti

Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər.
XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir.
Kiçik Asiyada hetlərin hökmranlığı haqqında fərziyyələri alman şərqşünası Q.Vinklerin 1906-1912-ci illərdəki arxeoloji qazıntıları sübut etdi. Arxeoloqlar burada bir çox mixi yazılı lövhəciklər tapmışlar. Bu qazıntıların ən uğurluları Türkiyə kəndlərindən biri olan Boğazgey (Ankaranın 50 km şərqinə doğru) hissəsində tapılmışdır. Hetlərin Anadoluda mövcud olma ideyaları, da məhz bu dəlillərdən irəli gəlir.
Anadolunun zəngin təbii ehtiyatları dünya tacirlərinin (xüsusilə Yaxın Şərq) buraya üz tutmasının başlıca səbəbi oldu. E.ə. III minilliyin II yarısında Akkad hökmdarları Sarqon və Naram-Suyen bu əraziyə hərbi yürüşlər təşkil etmişlər. Bu ərazidə məskən salmış akkad tacirləri metal ticarətinin əsasını qoymuşlar. Kaneş şəhəri tanınmış ticarət mərkəzlərindən biri idi.
Anadolunun şərq hissəsində e.ə. III minillikdə bir sıra siyasi birliklər meydana gəlmişdi. Bunlar şəhər dövləti şəklində mövcud idi. Anadolunun Burusxanda, Nesa (Kaniş), Kussar və Hattuşa şəhər-dövlətləri Aşşur tacirlərinin gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər. E.ə. XVIII əsrin I yarısında şəhər dövlətlər arasında siyasi hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizədə Kussara şəhər-dövləti üstünlüyü öz əlində saxladı. Bu dövlətin hökmdarı Pitxana Nesa şəhərini tutdu. Bu işğalçılıq müharibələri onun oğlu Anitta tərəfindən davam etdirildi. O, atasının zəbt etdiyi Nesa şəhərini dövlətin paytaxtına çevirdi, Het dövlətinin gələcək paytaxtı Hattuşa şəhərini tutdu. Kussara padşahlığı Anadolunun mərkəzində ən güclü dövlət oldu.
Formalaşmağa başladığı dövrlərdən Het dövləti mədəniyyətin və incəsənətin inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Het mədəniyyətinin formalaşmasına hurri və luvi mədəni elementləri güclü təsir göstərmişdi. Şimali Suriya vəşumer-akkad mədəni amillərini də inkar etmək olmaz.
Boğazgey arxivi rəsmi səciyyə daşıyaraq, həmçinin mif, əfsanələr və mətnləri özündə cəmləşdirmişdi. Bu arxivdə tapılan «III Hattusulinin tərcümeyi-halı» əsəri dünya ədəbiyyatında xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq xalq və bir çox ədəbi nümunələri («Gilqameş haqqında əfsanə») het dilinə tərcümə olunmuşdur. Kumarbi allahı haqqındakı epik poema «Ullikummi haqqında mahnı» adlandırılır.
Het mənşəli zəngin mifoloji ədəbiyyat mövcuddur. «İlluyanka haqqında mif» əsəri belələrindəndir. Burada ilahi qəhrəmanlarla onun düşməni olan əcdaha İlluyanka arasındakı mübarizə şərh olunur.
Het incəsənət abidələrində rəngarənglik və orijinallıq üstünlük təşkil edir. Gümüş və bürüncdən olan hey-van fiqurları, maral təsvirləri, fincanlar, dolçalar, qızıl ornamentli əşyalar unikal təsir bağışlayır.
Mərkəzi Kiçik Asiyada Yeni het şahlığı dövründə incəsənətin bir çox sahələrində (daş üzərində relyeflər, canlıların təsviri – sfinks, şirlər), o cümlədən memarlıqda monumental üslub təzahür olunmağa başlayır. Hattidə daş üzərində işləmə yüksək səviyyəyə çatır. Bunun ən gözəl nümunəsi Yazılı qayadakı qalereyada qaya yonulması hesab olunur.
Het dini təsəvvürləri cəmiyyətin ideoloji və təsərrüfat həyatında güclü təsirə malik idi. Özlərinin qeyd etdikləri kimi «Hattininin min allahı» mövcud idi. Bunlar het, hindavropa (nesit, luvi, palay), hurri, assur-babil, ari və digər mənşəli allahlar idi. Baş allah fırtına allahı olub «səmanın şahı, Hattinin hakimi» hesab edilirdi. Bu allahın arvadı Arinna şəhərindən olan Günəş allahı sayılırdı.
Het mifləri (əsatir) ilə bağlı digər folklor nümunəsi «ölən və dirilən allah» Telepinin adı ilə bağlıdır. Bu ədəbi abidədə həyat, təbiət, insan amilləri böyük məntiq və hikmətlə izah edilir, bədii obrazlarla ifadə olunur. Əldə olunan məlumatlara görə həmin əfsanə qış və yaz mövsümlərinin dəyişilməsi ilə əlaqələndirilirdi. Bu əfsanə bahar şənlikləri zamanı söylənilirdi.
Het padşahlığının süqutundan sonra bu mədəniyyətin ənənələri ölüb getmədi. Bunların bir çoxu Şimali Suriya və Anadolunun şərq əyalətində davam etməkdə idi. Hetlərin bu mədəniyyəti, xüsusilə bənzəri olamyan incəsənəti Assur və Urartu incəsənətinə də güclü təsir göstərmişdir.


Tarix: 09.12.2014 / 13:10 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...