Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbtidai dövrün mədəniyyəti

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir.

Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri,dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir.

Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir.

Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə əl ilə kitablar yazılmışdı.

İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər.

Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu. Ən qədim Şərq dövlətləri Misir, İkiçayarası (Mesopotamiya), Aralıq dənizinin şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi. Qədim ölkələrin siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə təsəvvür yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim Şərq ölkələri vahid orqanizm idi, biri digəri ilə siyasi, iqtisadi, mədəni və etnik təmasda inkişaf tapırdı.

Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər. İlkin mərhələni sinifli cəmiyyət və dövlətin meydana gəlməsi dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III minilliyin xronoloji çərçivəsində müəyyənləşdirmək olar. Bu zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri həmin dövrdə də tənəzzülə uğramışlar. Bununla yanaşı, quldarlıq ictimai-iqtisadi münasibətlərin ilk ünsürləri özünü büruzə vermiş, işğalçılıq siyasətinin əsası qoyulmuş, xarici və daxili ticarət inkişaf etmişdi.


Tarix: 08.12.2014 / 16:44 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...