Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fələstin, Finikiya və Suriya mədəniyyəti

Qədim Finikiya təxminən müasir Livan dövlətinə uyğun bir ölkə idi. Şərqi Aralıq dənizi sahilindən şərqə doğru uzanan ərazini Suriya, Finikiya və Fələstin tuturdu. Finikiyalılar semit dilli tayfalardandır idi, onların dili yəhudilərin dilinə çox bənzəyirdi. Ölkə Aralıq dənizinin sahillərində yerləşdiyi üçün buranın əhalisi dənizçilik sahəsində böyük nailiyyətlər əldə edərək qədim dünyanın ilk ticarətçi xalqına çevrişmişdi. Çox da böyük olmayan bu xalq sonralar Avropa mədəniyyətinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Bu prosesə ticarət əlaqələri, həmçinin geniş şəkildə yayılmış müstəmləkələr kömək edirdi. Digər Asiya ölkələrindən fərqli olaraq, Finikiya şəhər-dövlətlərin (Tir, Sidon, Palmira və s.) federasiyasını təşkil edirdi. Bu şəhərlərin başında şah dururdu. Onların hakimiyyəti kahinlər, adlı-sanlı və zəngin tayfalar şurası xalq yığıncağı (veçe) tərəfindən məhdudlaşdırılırdı. Buna görə də, həmin şəhər-dövlətlərə aristokratiya və ya plutokratik (dövlət hakimiyyətinin varlı adamların əlində olan siyasi quruluş) respublika xarakterikdir. Şəhərlərdə köhnə və yeni vətəndaşlar, həmçinin şəhər və kəndlər arasında ziddiyyətlər mövcud idi: kəndlilər böyük mükəlləfiyyət daşıyır, qulların vəziyəti daha ağır idi. Ümumilikdə götürdükdə isə, finikiyalılar çox ciddi, zirək, tədbirli, inadkar və çox ideal olmasa da, praktik bir xalq idi.
Qədim finikiyalıların mədəniyyəti haqqında danışarkən onların dini təsəvvürlərini qeyd etmək vacibdir. Bütün Suriya xalqlarında olduğu kimi, finikiyalıların da dini xalis hissi xarakter daşıyır, təbiəti ilahiləşdirirdi. Onun mahiyyətini yaradıcı və artım gətirən təbiət qüvvələrinə sitayiş və etiqad təşkil edirdi.
Baş allah Günəşin təmsilçisi olan Vaar, digər şəhərlərin allahları Vaal-Peor, Vaalsev və başqaları hesab olunurdu. Bununla yanaşı, məhəbbət ilahəsi Vaaltis (Əşşəra) da mövcud idi. Dağıntı allahı Molox öküzbaşlı görkəmə malik idi, qadın allahı Astarta da dini obrazlardan birini təmsil edirdi. Tir şəhərinin yerli himayəedici allahı Melkartda – (yəni səyyar günəşdə təmsil olunan), həm yaradar, həm də dağıdardı. Adonis, qürub edən Günəş, Daqon isə dəniz allahı idi. Finikiyalıların sitayişi, həm sərt (belə ki, Molox və Astartanın şərəfinə insanlar qurban verilərdi), həm də hisslərlə (ilahə Vaaltisin şərəfinə məbədlərdə qızlar insan ehtiraslarını coşdururdular) müşayiət olunan idi. Bu xalqda sünnət də dini səciyyə kəsb edirdi. Ulduz allahlarına ithaf olunan mərasimlər də çox geniş vüsət tapmışdır.
Qədim finikiyalılar balıqçılıqla, sənaye və ticarətlə məşğul idilər. Bu ölkədə dağ-mədən sənayesi də inkişaf etdirilirdi. Ölkənin dənizin kənarında yerləşməsi Finikiyada dənizçiliyin inkişafına səbəb olmuşdur. Finikiyalılar gözəl sənətkar idi. Onların çox nəhəng gəmiləri mövcud idi. Bu sahədə finikiyalılar dünyanın digər xalqlarına güclü təsir göstərirdi.
Dənizçilik ticarəti inkişaf edirdi. Onun marşrutları Şərqdə Hindistan, Qərbdə isə Yunanıstan, İtaliya, İspaniya və hətta Britaniya adalarınadək, Şimal dənizinin sahillərinədək uzanırdı. İskəndəriyyənin şöhrəti yüksələndən sonra (b.e.ə. 330-cu illərdən) Finikiya özünün əvvəlki kommersiya əhəmiyyətini tamamilə itirdi.
Bu xalq dünyada şüşə istehsalı sahəsində də çox məşhurlaşmış və böyük təcrübə əldə etmişdi. Parçanın qırmızı rəngə boyanması da ilk dəfə Finikiyada kəşf olunmuşdur. Dünyada ilk dəfə burada gümüş pul zərb edildi. Metal emalı, toxuculuq istehsalı və oymaçılıq sənəti sahəsində böyük nailiyyətlər əldə edildi.
Qədim finikiyalıların ədəbiyyatı haqqında məlumatların mədəniyyət tarixində azlıq təşkil etməsinə baxmayaraq bu xalqın ədəbi fəaliyyəti haqqında da fikir yürütmək olar. Finikiyalıların özlərinin kəşf etdikləri və ya onların daha qədim yazıdan iqtibas etdikləri yazı sistemi (b.e.ə. XI-X əsr) Yunan əlifbasının və eyni zamanda müasir əlifbanın sələfidir.
Finikiya əlifbası yəhudi və aramilər tərəfindən qəbul edildi. Aramilər onu Hindistan və Mərkəzi Asiyaya kimi yaydılar. Yunanlar bu əlifbaya müəyyən dəyişikliklər edərək mənimsədilər. Onlar bu əlifbanı soldan sağa yazarıq bir neçə sait səs əlavə etdilər.
Qədim Finikiya incəsənəti haqqında biliklər yeganə yunan tərcüməsindən bəllidir. Bu tərcümədə e.ə. 500cü ildə Afrikanın cənub sahillərinədək gedib çıxmış Hənnanın səyahəti haqqında təsəvvürlərin mövcud olması qeyd edilir. Finikiyalıların incəsənəti o qədər də orijinal deyil. Bu incəsənətdə Babil-Misir təsiri də duyulmaqdadır. Lakin finikiyalılar gözəl memarlıq nümunələri yaratmışlar. Bu memarlar Suriya ərazisində olan bütün semit dövlətlərinin işlərində yaxından iştirak etmişlər. Tir şəhərinin yetirməsi olan memar Kiram, Yerusəlim məbədini inşa etmişdir.
İndiyədək Vaalbəy və Palmira şəhərinin dağıntı və xarabalıqları qalmaqdadır ki, bunlar da bir daha finikiyalıların təmtəraqlı tikintilərə olan maraq və sevgisinin şahididir.
Ticarətin əlverişli inkişafı xalqın həyat və məişətinin zəngin formada bəzənməsinə genişşərait yaradırdı.
Finikiyalı sənətkarlar öz məharətləri ilə, nəinki Ön Asiya ölkələrində, ümumiyyətlə, dünyada tanınmışlar. Bunlar – zərgər və heykəltəraşlar müxtəlif incəsənət ənənələrini ustalıqla birləşdirərək fil sümüyündən, qızıl, gümüş və qiymətli metallardan, rəngli şüşələrdən heyrətamiz əsərlər yaradırdılar. Uqarit, Tir, Sidon və digər Finikiya şəhərlərində zəngin çoxmərtəbəli möhtəşəm və bəzəkli binaların tikintisində kedr və bürüncün tətbiqi xüsusi yer tuturdu.
Ümumiyyətlə, Finikiya mədəniyyəti nümunələrinin dünya mədəniyyət tarixində qismən azlıq təşkil etməsinə baxmayaraq sənətkarlıq aspektindən o, öz unikal üslub tərzinə görə bəşər sivilizasiyasında özünəməxsus yer tutan mədəniyyətlərdən biri ola bilmişdir.
Şərqi Aralıq dənizi sahilindən Şərqə doğru uzanan ərazilərdən birini də Fələstin tutur. Fələstin regionun cənubunda yerləşərək Misirdən səhra ilə təcrid edilir. Ön Asiyanı Misir və Egey dənizi ilə birləşdirən ticarət yollarının qovuşuğunda olan Fələstin torpağı həmişə qonşu dövlətlərin əsarəti altında olmuşdur. B.e.ə. III minillikdə bu torpağı Misir, Şumer və Babil şəhər-dövlətləri ilə həm iqtisadi, həm də mədəni ünsiyyətdə olan hənnaneylər istila etdilər (onlar da semit dilli tayfalar idi) və öz zəngin mədəniyyətlərini yaratdılar. E.ə. II minillikdə bu torpağın cənubunu Egey dənizinin Koftor adasından gələn dəniz tayfaları, yəhudilərin təbirincə desək, peləşetlər tutdular (torpağın adı da bununla əlaqədar «Fələstin» oldu). B.e.ə. XIII əsrdə həmin əraziləri qədim yəhudi tayfaları ağır vuruşlardan sonra hənnaneyləri məğlub edərək onların həm torpağına, həm də zəngin mədəni irsinə sahib oldular.
İudeylər (yəhudilər, israillilər) həm dil, həm də xarici görkəm və əlamətlərinə görə semit irqinə mənsubdurlar. Bütöv bir yəhudi xalqının formalaşmasında və bu millətin əsas nailiyyəti olan dinin-induizmin təşəkkülündə bir ərazi kimi Fələstin qapalılığı böyük rol oynamışdı. Son dərəcə inadlı iradə və güclü praktik meyllərlə yanaşı, yəhudi vətəndaşında rassionalist idrak inkişaf etmişdir. Lakin o, həmçinin intensiv və dərin hisslərdən də məhrum deyildi: yəhudilərdə plastik fantaziya, ətraf təbiətə qarşı sadə estetik münasibət az inkişaf etmişdir. Təkcə elə öz dinləri vasitəsilə yəhudilər dünya mədəniyyətinə, onun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilmişlər. Belə ki, b.e.ə. II minilliyin sonu (e.ə. XIII əsrlər) sami (semit) tayfaları Tövrat dini rəvayətlərini Fələstinə gətirmişlər. Tövrat iki bölmədən ibarətdir: Əhdi-ətiq («Vetxiy-zavet») və əhdi-cədiq («novıy zavet»). Tövrat dini kitab olmaqla müxtəlif dövrləri əks edən hadisələri və müxtəlif məzmunlu ədəbiyyatı özündə birləşdirir.
Əhdi-ətiqin I hissəsi Tora (tövrat) özündə beş kitabı əks etdirir. Tövratın, yəni beşliyin yaradılmasını peyğəmbər Musanın (Moisey) adı ilə bağlayırlar. Beşlik (Tora) aşağıdakı kitablardan ibarətdir: varlıq, çıxış (yəhudilərin Misirə gəlməsi və oradan xilas olması), levit (ibadətə aid öyüd-nəsihət), hesab (yəhudilərin 40 illik sərkərdanlığı) və ikinci qanunçuluq (yəhudi dini qanunçuluğunun sistemləşdirilməsi cəhdləri).
Tövratın beşlik hissəsi dini məsələlərə həsr olunub. Buradakı bəzi dini ehkamlara Quranda da təsadüf edilir. «Varlıq» bəndi sami tayfalarının ənənəvi soy tarixini, mənşəyini («geneologiyası»nı) saxlayıb. Bu soy tarixi islam dinində də olduğu kimi qalıb. Belə ki, soy tarixi Adəm və Həvvadan başlayır. Onlardan törəyən soylar isə, Fələstində məskunlaşır. Nuh bu nəslin törəməsidir. Nuh («Noy») «ümumdünya daşqınından» sonra yeni soyların başlanğıcını qoyur. Bunlar Sim, Cam, Yafət (türkcə Yəfəs)dir. Sim nəslindən olan İbrahim (Avraam) ibri tayfalarının başında Fələstində məskunlaşıb. Onun tarixi şəxsiyyət olması da istisna edilməyir. Tövratın II hissəsi «peyğəmbərlər», III hissəsi isə, «yazılar» adlanır. Bu hissələrə müxtəlif ədəbi əsərlər, o cümlədən məhəbbət lirikasını əks etdirən «Mahnılar mahnısı», hökmdar Süleymanın («Solomon») adına çıxılan ibrətamiz hekayətlər, hökmdar Davuda (David) şamil edilən dini himlər (zəbur surəsi) və s. daxil edilib.
Tövratın, ən qədim hissəsi e.ə. IX əsrə aid edilir. Burada allahın adı «elohim» kimi yazılıb. Bu «allahlar» mənasını verdiyi üçün ehtimal olunur ki, o zamanlar Aralıq dənizi sahilində çoxallahlılıq mövcud idi. Bunu təsdiqləməyə imkan verən əsas sübutlardan birini də Fələstin ərazisində XIX əsrdə aparılan arxeoloji qazıntılar oldu. Bu qazıntılar zamanı məlum oldu ki, bu ərazinin bir çox evlərində ev, ocaq himayəçisi olan allah-bütlər («damdabacalar») mövcud imiş. İlkin politeizm (çoxallahlılıq) öncə özünəməxsus geoteizmə (tayfanın himayədarı olan bütlər, allahlara sitayiş) çevrildi. İudeylərin allahı sanki ideallaşdırılan patriarxdır, bu patriarx ata kimi öz övladlarının qayğısına qalır və onlara kömək edərək hər cür şərait yaradır, lakin «ittifaq-müqaviləni» pozduqları təqdirdə onlara qarşı ciddi cəza tətbiq edirdi. Belə bir Allah özünə qarşı qorxu duydurur və minnətdarlıq təlqin etdirirdi.Allaha qarşı məhəbbət iudeylər üçün çox mühüm bir prinsipdir. Bu xalqın dini inkişafında baş verən məlum mərhələləri də fərqləndirmək lazımdır – bu hələ insan qurbanı verilən ilkin naturalizmdən ta bütün kobud hissi elementlərdən təmizlənmiş peyğəmbərlərə inamadək gedən bir yoldur.
Qədim Yəhudi tayfaları fələstin tayfaları ilə uzun müddət müharibə apararaq nəticədə İsrail dövlətini yaradırlar. Rəvayətə görə, e.ə. XI əsrdə Saul İsrail dövlətinin əsasını qoyur. O bir sıra torpaqları İsrail dövlətinə birləşdirir. Saulun ölümündən sonra hərbi fəaliyyəti yeznəsi Davud davam etdirir. Tövrat əfsanələrində Davud xalq qəhramını kimi qələmə verilir. Belə ki, o, Fələstinin cənubunda Yəhuda padşahlığının əsasını qoyur. Davud İsrail padşahlığını özünə tabe etdirərək birləşmişİsrail-Yəhuda dövlətini yaradır. Yerusəlim bu dövlətin paytaxtı olur.
Davuddan sonra hakimiyyətə oğlu Solomon gəlir. Onun dövründə ölkə çiçəklənir. Sənətkarlıq və ticarət inkişaf edir. Yerusəlim şəhərində dəbdəbəli saraylar tikilir.
Yəhudilər əvvəllər kiçik komalarda yaşayır, daha sonralar birmərtəbəli, alçaq və yastıdamlı evlər tikdirirdilər ki, bunların da daxili həyətləri olardı.
Yəhudilərdə ailəyə qayğı hissi güclü idi. Qadın ərinin tam tabeçiliyində olsa da, ana kimi hörmətli bir valideyn idi. Uzun dövrlər, dövlətlilər də çoxarvadlılıq mövcud olmuşdur.
Hüquq, adət və mənəviyyat yəhudilərdə vəhdətdə olan, bölünməyən bir tamı xatırladırda. Hər şey dini başlancığa tabe etdirilmişdir. Dini zəmində cinayətlərə görə, xüsusilə, bütpərəstliyə görə ən ağır cəzalar tətbiq edilirdi. Valideynlərə qarşı hiddət, hətta ölüm cəzası ilə də nəticələnə bilərdi.
Yəhudi mədəniyyəti tarixində ədəbiyyat özünəməxsus rol oynayırdı və onun formalaşmasında qonşu xalqların, İkiçayarası və Misir ədəbiyyatı güclü təsirə malik idi. Dünyanın yaranması, ümumdünya daşqını əfsanələri bilavasitə Şumer və Babil təsiri ilə yarandı. Tövrat mövzuları həm xristian, həm də İslam dininin formalaşmasında mühüm təsiredici mənbə oldu. Tövrat yəhudilər üçün öyüd-nəsihətdir. Buradakı şerlər içərisində Solomonun nəğmələri müasir şəriətə daha yaxın olub, məhəbbət lirikasının ən gözəl nümunəsidir.


Tarix: 09.12.2014 / 13:02 Müəllif: Aziza Baxılıb: 223 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...